Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Etibarlı tərəfdaş

Etibarlı tərəfdaş

28.04.2026 [16:47]

Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkəmizdə işgüzar səfərdə oldu. Səfəri çərçivəsində keçirilən görüşlər iki dövlət arasında münasibətlərin gələcək inkişaf perspektivlərini nümayiş etdirdi. Azərbaycan Respublikası  və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər digər sahələrində inkişafa təkan verir və münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Əlaqələrin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev  2022-ci ilin yanvarında Ukraynaya  işgüzar,  Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ilin dekabrında Azərbaycana rəsmi səfər edib. Parlamentlərarası əlaqələr də iki ölkənin münasibətlərində öz sözünü deyir. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995-ci ildən fəaliyyət göstərir.

Prezidentlərin mətbuata bəyanatları iki ölkənin əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Siyasi münasibətlər qarşılıqlı etimad və davamlı strateji dialoq üzərində qurulub. Dövlətimizin başçısı bildirdi ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir: “Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır”.

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.

İqtisadi əməkdaşlıqda isə enerji sektoru xüsusi yer tutur. SOCAR-ın Ukrayna bazarında uzunmüddətli fəaliyyəti bu sahədə etibarlı tərəfdaşlığın formalaşmasına zəmin yaradır. Cənab İlham Əliyev  energetika sahəsində əməkdaşlığı xüsusi qeyd edərək bildirdi ki, burada həm əldə edilmiş nailiyyətlər var,  SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Növbəti illərdə bu rəqəm daha da artacaq.  Çünki buna da böyük imkanlar var.

Müdafiə və sənaye sahəsində əməkdaşlıq da  müzakirə edilən məsələlər sırasında oldu. Hər iki ölkədə hərbi sənaye kompleksinin inkişafı birgə istehsal, texnoloji mübadilə və innovativ yanaşmalar üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev qeyd etdi ki, burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.

Mətbuata bəyanatında bir daha son dörd il ərzində Prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsini önə çəkən cənab İlham Əliyev vurğuladı ki, bu, mühüm  göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq: “Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır”.

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş ölkəmizdə  rəsmi səfərdə oldu. Ukrayna Prezidentinin və Çexiya Baş nazirinin Qəbələdə qarşılanması xüsusilə diqqət çəkir. Bu, yeni protokol yanaşmasının göstəricisi olmaqla yanaşı, regionların diplomatik xəritədə rolunun artırılması siyasətinin tərkib hissəsidir. Daha əvvəl Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün də Qəbələdə keçirilməsi bu şəhərin strateji əhəmiyyətini artırıb. Bu isə o deməkdir ki, Qəbələ artıq Bakı və Şuşa ilə yanaşı, yeni diplomatik mərkəz kimi formalaşır. Aprelin 27-də Qəbələdə  Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babiş ilə təkbətək və geniş tərkibdə görüş keçirdi, mətbuata bəyanatla çıxış etdilər, eyni zamanda, Azərbaycan-Çexiya biznes-forumu keçirildi. Mətbuata bəyanatında cənab İlham Əliyev vurğuladı ki,  çox şadam ki, cənab Baş nazir bu gün bizim qonağımızdır. Biz üç ay bundan əvvəl Davosda görüşmüşük. Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq: “Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”.

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. “Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq” söyləyən cənab İlham  Əliyev bildirdi ki,  halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq: “Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir”.

Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir.

Azərbaycan-Çexiya biznes-forumu iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da  dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir.

Göründüyü kimi, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi yerini və mövqeyini möhkəmləndirir.

Fəxrəddin Vəliyev,

YAP Şəmkir rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30