Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistan müstəqil olmağa qadir deyil

Ermənistan müstəqil olmağa qadir deyil

14.05.2026 [10:52]

İrəvan Fransanın oyunlarının qurbanına çevriləcək

Azərbayanın formalaşdırdığı yeni reallıqlar Cənubi Qafqaz üçün yeni bir mərhələ, yeni bir gələcək vəd edir. Bu gələcək isə olduqca mühüm dividentlərlə müşayiət olunacaq. Reallıq göz önündədir - cəmisi 10 aydır hökm sürən sülh şəraiti bölgədə mühüm dəyişikliklərə yol açıb. Azərbaycan öz ərazisindən keçməklə Ermənistana malların daşınmasına icazə verib, iki ölkə arasında ixrac-idxal münasibətləri yaranıb. Davamlı sülh isə bu imkanları daha da genişləndirəcək. Qafqaz regionunda davamlı sülh və sabitliyin formalaşması üçün isə dövlətlərin həqiqi müstəqil siyasət yürütməsi əsas şərtlərdən biridir. Tarix göstərir ki, Ermənistan uzun illər boyu öz siyasi qərarlarını xarici güclərin təsiri altında formalaşdırıb və bu səbəbdən regionda etibarlı tərəfdaş obrazı yarada bilməyib. Vaxtilə Rusiyanın hərbi-siyasi təsir dairəsində fəaliyyət göstərən Ermənistan bu gün də başqa mərkəzlərin, xüsusilə Fransanın siyasi dəstəyinə arxalanaraq mövcudluğunu qorumağa çalışır. Bu isə ölkənin öz milli maraqlarına söykənən müstəqil strateji xətt formalaşdıra bilmədiyini göstərir.

Ermənistan yenə də maraqların mübarizə meydanına çevrilir...

Son bir ildə baş verən proseslərə xronoloji ardıcıllıqla nəzər saldıqda, Azərbaycanın bölgəni yeni bir statusa qaldırmaq səyləri aşkar şəkildə ortaya çıxır. Bakı Cənubi Qafqazı qlobal dünyanın aparıcı aktoruna çevirmək uğrunda mübarizə aparır. İmzalanacaq sülh Ermənistan üçün iqtisadi dividentlərlə yanaşı, həm də siyasi müstəqillik vəd edir. Təəssüfləndirici haldır ki, Ermənistan indiki halda yenidən “qoltuq” altını seçir - İrəvan  Qərblə Rusiya arasında dərinləşən rəqabətin ucuz predmeti kimi çıxış edir. Ermənistan tarix boyu böyük güclərin təsiri altında yaşayıb - uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas forpostu kimi çıxış edib. Onun təhlükəsizlik sistemi, iqtisadi infrastrukturu və siyasi qərarlarının mühüm hissəsi Moskvanın nəzarəti altında olub. Ermənistan hakimiyyətləri isə bu asılılığı “təhlükəsizlik zəmanəti” kimi təqdim etməyə çalışıblar. Lakin nəticədə ölkə həm iqtisadi inkişaf baxımından geri qalıb, həm də regionun əsas layihələrindən kənarda qalıb.

Parisin kolonialist mövqeyi dəyişmir...

İndiki halda isə yenə də mənzərə dəyişmir - bu dəfə Fransa Ermənistan üçün yeni siyasi himayədar rolunda çıxış edir. İrəvan yenə də hansısa böyük gücün geosiyasi alətinə çevrilir. Sadəcə, əvvəlki forpostun adı Rusiya idisə, indi bu rolu Qərb və Fransa oynamağa çalışır. Fransa isə heç bir zaman səmimi şəkildə dəstək verən bir dövlət kimi çıxış etməyib - tarix sübut edir ki, Paris özünün neokolonialist siyasətini daim ön planda saxlayır. Özünü inkişaf etmiş “demokratik ölkə” sayan Fransada insan hüquq və azadlıqlarına münasibət, “müttəfiq” saydığı balaca dövlətlərlə əlaqələr fərqli standartlara əsaslanır. Bunun ən real təsdiqi bir neçə gün öncə BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Kanakidə (Yeni Kaledoniya) Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və seçici korpusunun dəyişdirilməsi cəhdləri ilə bağlı Fransaya ünvanladığı xəbərdarlıqdır. Yeri gəlmişkən, Fransa neokolonializminin ifşasında mühüm yerə malik olan Bakı Təşəbbüs Qrupu bu xəbərdarlığı alqışlayıb və Fransadan komitənin çağırışlarına dərhal əməl etməyi tələb edib. Bu faktın özü də rəsmi Parisin nekolonialist siyasətə üstünlük verməklə bəşəri dəyərləri deqradasiyaya uğratdığının göstəricisidir.

Özünü saxta qəhrəman kimi göstərənlər...

Fransa adını ötən dövrün tarixinə ancaq qanlı və qara hərflərlə yazdırıb - həyata keçirdiyi soyqırımları, insanların vəhşicəsinə qətlə yetirilməsi faktları, milyonlarla insanın kölələşdirilməsi kimi saysız-hesabsız məqamlar, müttəfiqlik adı altında sömürücüklə məşğul olmaq rəsmi Parisin tarixdən silə bilməyəcəyi üz qarasıdır. Bu siyasət yenə də davam edir - planlar və görüntü dəyişsə də, əsl məqsəd dəyişmir. Paris Ermənistanı da öz orbitinə daxil etməklə bu ölkədən də öz məqsədləri üçün istifadə etməyə çalışır. Paris Ermənistanı dəstəkləmək adı altında Cənubi Qafqazda sülhə mane olmağa cəhd göstərir. Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə də bildirib ki, nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər: “Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur”.

Ermənistan hansı yolu seçəcək?

Azərbaycan isə regionda yeni əməkdaşlıq və inkişaf modelini təklif edən tərəf kimi çıxış edir. Rəsmi Bakı hesab edir ki, uzunmüddətli sülh yalnız qarşılıqlı suverenliyin tanınması, sərhədlərin toxunulmazlığı və regional əməkdaşlıq əsasında mümkündür. Azərbaycanın irəli sürdüyü təşəbbüslər Ermənistan üçün də müstəqil və təhlükəsiz gələcək qurmaq imkanı yaradır. Lakin Ermənistan rəhbərliyi bu tarixi fürsəti qiymətləndirmək əvəzinə, yenidən xarici qüvvələrin siyasi himayəsinə sığınmağa üstünlük verir. Nəticədə, ölkə regionun inkişaf edən layihələrinin bir hissəsinə çevrilmək əvəzinə, böyük güclərin geosiyasi maraqları arasında forpost rolunda qalır.

Məhz bu səbəbdən Ermənistanın gələcək taleyi ilə bağlı əsas sual ortaya çıxır: ölkə nəhayət öz iradəsinə əsaslanan müstəqil siyasət seçəcək, yoxsa yenə də xarici təsir dairələrinin kölgəsində qalmağa davam edəcək?

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31