Avropada sürətli sənaye transformasiyası - “müharibə iqtisadiyyatı”na keçid
20.05.2026 [10:39]
“Mercedes”, “Volkswagen”, “BMW” tarixə qovuşur?
Hazırda dünyada sürətli sənaye transformasiyası izlənilir. Bu, dördüncü sənaye inqilabının çağırışları fonunda təbii proses kimi görünə bilər. İnnovasiyaların, yeni mühəndislik ideyalarının istehsalatda öz əksini tapması tam başadüşüləndir.
Ancaq məsələ burasındadır ki, qlobal sənaye transformasiyaları yalnız texnoloji inkişafdan qaynaqlanmır. Prosesdə geosiyasi və geoiqtisadi amillərin daha böyük rol oynadığı aydın görünür. Bəli, indiki neoimperializmin yeni konturları ortadadır. Belə ki, qlobal güc mərkəzləri hegemoniyalarını qorumaq, təsir imkanlarını genişləndirmək naminə yalnız klassik müharibələrdən istifadə etmirlər, həm də iqtisadi rıçaqlardan bəhrələnirlər. Hazırda bundan ən çox təsirlənən isə Avropanın, xüsusilə də Almaniyanın avtomobil sənayesidir.
Avtomobil zavodları bağlanır, işçilər ixtisara salınırlar
Gələn xəbərlər məyusedicidir. “Mercedes”, “Volkswagen”, “BMW”, “Opel”, “SAAB” kimi avtomobil nəhəngləri qeyri-adekvat rəqabətdə uduzurlar. Artıq “Mercedes”in mənfətinin 70 faizini itirdiyi bildirilir. “Volkswagen” avtomobillərinin istehsalı ilə bağlı vəziyyət də yaxşı deyil - istehsalçı şirkət 87 ildən sonra ilk dəfə Almaniyadakı zavodları dayandırır. Məyusedici cəhət ondan ibarətdir ki, əksər şirkətlərin itkilərinin dinamikası ildən-ilə artır. “Mercedes-Benz” 2025-ci ilin ilk yarısında xalis mənfəətinin 56 faiz itkisi ilə barışmaq məcburiyyətində qalıb. İkinci rübdə isə azalma tendensiyası 69 faizə çatıb. Üçüncü rübdə isə əməliyyat mənfəətində itkilər 70 faiz təşkil edib. “BMW”də də oxşar vəziyyət izlənilir. Belə ki, qurumun xalis mənfəəti 2,7 milyard avrodan 1,8 milyard avroyadək azalıb.
Ötən il həmçinin “Volkswagen” üçün də uğursuz keçib. Şirkət ilə ilk rübə mənfəətinin 40 faiz həcmində itkiləri ilə start verib və bu tendensiya sonrakı rüblərdə də davam edib. Ümumilikdə, məşhur Almaniya üçlüyünün mənfəəti 33-40,5 faiz aralığında azalıb. Digər avtomobil istehsalçısı olan “Stellantis” də yaxşı günlərini yaşamır. 2024-cü ildə şirkətin mənfəəti 70 faiz azalmaqla 5,5 milyard avroya düşüb. Konsern 2025-ci ilin ilk yarısını 2,3 milyard avro zərərlə yekunlaşdırıb.
Sifarişlər də getdikcə azalır. Müəssisələrin yüklənməsi parametri üzrə müəyyənləşdirilən norma 75 faiz olsa da, bu göstərici 45 faizədək aşağı enib. Belə kədərli mənzərə fonunda “Volkswagen” 35 min işçini ixtisar etməyi planlaşdırır. “Audi2” elektrikli “Q8 e-tron”un istehsal edildiyi Brüssel zavodunu dayandırıb, 7,5 min iş yeri ixtisar edilib. Finlandiyanın “Mercedes-Benz”, “SAAB” və “Opel” yığan “Valmet Automotive” şirkəti isə yarım əsrdən sonra 2024-cü ilin dekabrında istehsalı tam dayandırıb. “AlixPartners” konsaltinq şirkəti Avropada daha 8 avtomobil zavodunun bağlanacağını proqnozlaşdırır.
Çin avtomobilləri Avropa bazarını fəth edir
Qeyd olunan avtomobil markaları yaxın keçmişədək dünyada Avropanın ən məşhur brendləri sayılırdı. Bəs istehsalda və satışda geriləmə nə ilə bağlıdır? Burada ən mühüm amillərdən biri qismində Çin avtomobillərinin Avropa bazarlarını çox sürətlə fəth etməsini göstərmək mümkündür. Xüsusilə də Çin avtomobillərinin müasir dizaynı və qiymətlərinin aşağı olması Avropada onların cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb.
Beləliklə, Çin avtomobil istehsalçıları Avropa avtomobil bazarında mövqelərini sürətlə gücləndirirlər. Cari ilin mart ayında Çindən idxal olunan qoşulan hibrid avtomobillərin satışları illik müqayisədə 300 faizdən çox artaraq rekord həddə çatıb. Nəticədə, bu avtomobillər Avropada hibrid avtomobil bazarının təxminən 20 faizini təşkil edib. İllər üzrə müqayisələr artım dinamikasının kifayət qədər yüksək olduğunu təsdiqləyir. 2024-cü ilin əvvəlində Çin istehsalı olan hibrid avtomobillərin Avropa İttifaqı bazarındakı payı cəmi 2 faiz səviyyəsində olub. Son iki ildə isə bu göstərici üç dəfə artımla 9,4 faizə yüksəlib. Cari ilin mart ayında Avropada Çin avtomobillərinin ümumi satışı illik müqayisədə təxminən 100 faiz artaraq 140 min 094 ədədə çatıb ki, bu da rekord göstəricidir. Mütəxəssislərin qənaətinə görə. Çin istehsalçıları texnologiya və təchizat baxımından çox sürətlə Avropa avtomobil brendlərinə yaxınlaşır, daha ucuz qiymətlər isə rəqabətdə onlara böyük üstünlüklər qazandırır. Çin avtomobillərinin cəlbediciliyi həm də onların yanacaq sərfiyyatındakı fərqlə bağlıdır. Qlobal enerji bazarında yaşanan gərginlik, dizel və benzinin qiymətlərinin daha da artması fonunda Çin avtomobillərinin hibrid mexanizmlərlə çalışması eyni məsafə qət olunmasına sərf edilən yanacaq xərclərini minimuma endirir ki, bu da onların böyük üstünlüyüdür.
Bu arada Təmiz Nəqliyyat üzrə Beynəlxalq Şura (ICCT) “Qlobal Avtomobil İstehsalçılarının Reytinq 2024-2025” hesabatını açıqlayıb.
Hesabatda Çin avtomobil istehsalçılarının ötən il sıfır emissiyalı avtomobil (ZEV) bazarında ciddi üstünlük əldə etdikləri vurğulanıb. 2024-cü il isə Avropanın elektrikli avtomobil istehsalçıları üçün “itirilmiş il” kimi dəyərləndirilib. Bildirilib ki, Çin hər il 11 milyondan çox elektrikli avtomobil satır və bu göstərici qlobal satışların yarısından çoxunu təşkil edir.
Daha bir zərbə ABŞ-ın tarif siyasətindən gəlib
Bu gün Avropanın avtomobil sənayesinin güc mərkəzlərinin hibrid müharibələrindən təsirləndiyi də ortadadır. Daha konkret desək, “Mercedes”, “Volsvagen”, “BMW” kimi klassik avtomobil istehsalçılarına daha bir ağır zərbə Amerika Birləşmiş Ştatlarının (ABŞ) tarif siyasətindən gəlib. “Financial Times” qəzetinin yaydığı məlumata əsasən ABŞ-ın Avropa İttifaqından avtomobil idxalına artırılmış rüsumlar tətbiq etməsindən sonra Avropa avtomobil sənayesinin zərəri 8 milyard avronu ötüb. Bu səbəbdən ötən ilin və cari ilin ilk 3 ayının yekunlarına görə ən böyük itkilərə məruz qalan şirkətlər arasında “liderlik” 3,6 milyard avro zərərlə “Volkswagen” konserninə məxsusdur. Tarif siyasəti “BMW”-yə təxminən 2,1 milyard avro, “Mercedes-Benz”ə 1,3 milyard avro ziyan vurub. “Stellantis”in izafi xərcləri isə təqribən 1,2 milyard avro təşkil edib.
Eyni zamanda, analitiklər bədbin proqnozlar verirlər. Onlar hesab edirlər ki, rüsumların yenidən 25 faizə qədər artırılması nəticəsində Almaniyanın “Volkswagen”, “BMW” və “Mercedes-Benz” avtokonsernləri artıq 2026-cı ildə əlavə olaraq təxminən 2,6 milyard avro itirə bilərlər. Hazırda Avropa avtomobil sənayesi Vaşinqton və Brüssel arasında ticarət qarşıdurmasının ehtimal olunan yeni mərhələsinə hazırlaşır.
Xatırladaq ki, ABŞ 2025-ci ilin aprelində Avropa avtomobillərinə rüsumları 2,5 faizdən 27,5 faizə qaldırıb. Həmin ilin avqustunda ABŞ və Aİ arasında ticarət sazişi bağlandıqdan sonra dərəcə 15 faizə endirilib. Lakin 2026-cı il mayın 1-də ABŞ Prezidenti Donald Tramp yeni qərarını avropalı tərəfdaşların öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi ilə izah edərək Aİ-dən idxal olunan minik və yük avtomobilləri üçün rüsumların 25 faizə qədər artırıldığını elan edib.
Almaniya Kansleri Fridrix Merts rüsumların artırılmasının Avropa iqtisadiyyatı və avtomobil sənayesi üçün ciddi zərbə olacağını bildirib. O qeyd edib ki, ABŞ Aİ ilə yeni ticarət sazişinə hazırdır, ancaq Avropa ölkələri hələ ki, vahid mövqe formalaşdıra bilməyib. Merts bildirib 2026-cı ilin yayında G7 və NATO sammitlərində bu məsələnin Trampla müzakirə ediləcəyi gözlənilir.
Tarix təkrarlanırmı?
İzlənilən geosiyasi reallıqlar fonunda Avropa özünün yeni müdafiə konsepsiyasına keçid edir. Əvvəllər Avropa İttifaqı ölkələri böyük dərəcədə ABŞ-ın müdafiə çətiri altında idilər. Ağ Evdə son administrasiya dəyişikliyindən sonra ənənəvi mexanizm pozulub. İndi o reallıq yaranıb ki, bundan sonra Avropa öz təhlükəsizliyini özü təmin etməli, bu məqsədlə daha çox vəsait xərcləməlidir və digər zəruri tədbirlər görməlidir.
Artıq ölkələr səviyyəsində bu istiqamətdə işlərə start verilib. Məsələn, Fransa müdafiə gücünü əsaslı şəkildə artırmaq iddialarından çıxış edir. Bu ölkə 2030-cu ilə qədər pilotsuz uçuş aparatları, aviasiya bombaları və raketlərin istehsalını ciddi şəkildə artırmağı planlaşdırır. Hətta Fransa kamikadze dronlarının ehtiyatını 400 faiz artırmağın zəruriliyini bəyan edib. Həmçinin Fransa NATO məqsədlərinə yaxınlaşmaq və Avropadakı hərbi üstünlüyünü qorumaq strategiyasının tərkib hissəsi kimi, 2030-cu ilədək müdafiə büdcəsini artırmağı hədəfləyir.
Son vaxtlarda isə Almaniya müdafiə sənayesini genişləndirməyə davamlı təşəbbüslər göstərir. Almaniyanın dünyaca məşhur avtomobil istehsalı şirkətləri isə hökumətin müdafiə iqtisadiyyatına keçid planını özləri üçün fürsət kimi dəyərləndirirlər. “Mercedes”, “BMW”, “MAN”, “Volkswagen” kimi avtomobillərə tələbatın azalmasının yaratdığı böhran vəziyyətini silah istehsalı sifarişləri ilə aradan qaldırmaq mümkün olacaq. İndiki şəraitdə silahlara tələbatın artması və onların kifayət qədər baha satılması istehsalçılar üçün təyinat dəyişikliyini cəlbedici edir. Həm də onlar müəssisələrdə istehsal təyinatının dəyişməsi üçün zəruri olan vəsaitlərin müəyyən hissəsinin hökumət tərəfindən qarşılanacağına əmindirlər.
Detallara gəldikdə isə, Almaniya hökuməti ölkə iqtisadiyyatını müharibə vəziyyətinə keçirməyə, “Mercedes-Benz”, “BMW”, “MAN” və “Volkswagen” zavodlarını xüsusən də Ukrayna üçün silah istehsalına yönəltməyə hazırlaşır. “The Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, Almaniya ixrac modelindəki böhran fonunda avtomobil istehsalından silah sənayesinə keçidi sürətləndirir. Bununla da Almaniya şirkətləri həm iqtisadi tənəzzülü kompensasiya etməyi, həm də yeni gəlir mənbələri yaratmağı hədəfləyirlər. Məsələn, “Volkswagen” “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi üçün komponentlər istehsal etməyi planlaşdırır, avtomobil hissələri istehsalçısı “Schaeffler” isə dronlar üçün mühərriklər, zirehli maşınlar üçün bort sistemləri və hərbi təyyarələr üçün komponentlər istehsalına başlayıb. Bir sıra şirkətlər də Ukraynanı silah və sursat istehsalı üçün üçüncü növbə əlavə ediblər. Patriot tutucularının da tezliklə Almaniyanın avtomobil müəssisələrində istehsal olunacağı bildirilir.
Xatırladaq ki, İkinci Dünya müharibəsi ərəfəsində də Almaniyada “müharibə iqtisadiyyatı”na keçid edilmişdi. Belə çıxır ki, tarix yenidən təkrarlanır. Allah dünyanı yeni dünya müharibəsindən qorusun!
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09

