Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Tacikistan iqtisadi əlaqələri yeni mərhələdə

Azərbaycan-Tacikistan iqtisadi əlaqələri yeni mərhələdə

23.05.2026 [10:59]

Hökumətlərarası Komissiyanın səkkizinci iclasında mühüm sənədlər imzalanıb

Mayın 21-də Bakıda keçirilən Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın səkkizinci iclasında ikitərəfli münasibətlərin cari vəziyyəti əhatəli müzakirə edilib, əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və praktiki addımların razılaşdırılması üçün anlaşma əldə olunub. Azərbaycan tərəfdən Komissiyanın sədri, Baş nazirin müavini Samir Şərifov bildirib ki, iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verir. Münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının siyasi iradəsi mühüm rol oynamaqdadır. Son illərdə isə Prezident İlham Əliyevin  Mərkəzi Asiya ölkələrinin liderləri, o cümlədən Tacikistanın dövlət başçısı  ilə görüşləri və aparılan səmərəli müzakirələr siyasi münasibətləri daha da gücləndirib. 2024-cü ildə Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə isə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Mərkəzi Asiya dövlətləri, o cümlədən Tacikistan ilə əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması regionlararası əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tacikistan Baş nazirinin müavini Usmonali Usmonzodanın fikrincə, iki ölkə arasında ticarət əlaqələri son illərdə artım templəri ilə irəliləyir. 2025-ci ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin 84 faiz, strateji əhəmiyyətli tranzit daşımalarının isə 50 faiz artması iqtisadi əməkdaşlığın müsbət dinamikasını əks etdirir. Tərəflər arasında sərmayə anlaşması da mühüm əhəmiyyət daşıyır, Tacikistan azərbaycanlı iş adamlarının ölkə iqtisadiyyatına sərmayə yatırması üçün hər cür şəraiti yaratdığını bildirir. İclasın yekununda Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanıb. Qeyd olunub ki, bu sənədlər ikitərəfli ticarət-iqtisadi əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinə və praktiki əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Biznes-Forum əməkdaşlığın möhkəmlənməsində istiqamətverici rol oynayır

Azərbaycan-Tacikistan Biznes-Forumunda isə iqtisadi-ticari-investisiya əməkdaşlığının artırılması istiqamətində faydalı müzakirələr aparılıb. Dövlət və özəl sektorun nümayəndələrinin iştirak etdiyi forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bu cür müştərək görüşlər ikitərəfli gündəmin daha da genişləndirilməsi və əsas istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi üçün istiqamətverici rol oynayır. Bildirib ki, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi üçün güclü potensiallar mövcuddur, cari ilin yanvar-aprel aylarında qarşılıqlı mal mübadiləsinin həcmi iki dəfə artaraq 8,5 milyon dollardan çox olub. Dövriyyənin əsas payı Azərbaycandan Tacikistana ixracın üzərinə düşür. Ancaq buna baxmayaraq, tərəflər rəqəmləri qanedici hesab etmir, mövcud əmtəə mübadiləsi həmin iqtisadi imkanları əks etdirmədiyindən, qarşılıqlı faydalı ticarət mübadiləsinin artırılmasına ehtiyac var. Bir sıra perspektiv istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı ilkin şərtlər mövcuddur ki, bunlar iqtisadi-ticari böyüməyədə xüsusi təkan verə bilər. Məsələn, tikinti materiallarının istehsalı, alüminium sahəsi daxil olmaqla sənaye kooperasiyası, sənaye parkları və azad iqtisadi zonalar çərçivəsində, həmçinin energetika və yeni texnologiyaların ayrı-ayrı istiqamətləri üzrə əməkdaşlıq mümkündür.

Tərəflər hazırda yeni gündəliyin prioritetlərinə əsasən, sənaye, kənd təsərrüfatı, ticarət, xidmətlər, nəqliyyat-logistika infrastrukturu, rəqəmsal həllər və kiçik və orta sahibkarlığın inkişafı kimi istiqamətlərdə əlaqələri inkişaf etdirməyi hədəfləyir. Hər iki ölkənin iqtisadi baxışları isə bu sahələr üzrə qarşılıqlı bağlantıları tamamlayır.

İşgüzar Şura birbaşa əlaqələri genişləndirəcək

Azərbaycan və Tacikistan arasında İşgüzar Şuranın yaradılması isə qeyd edilən hədəflərə çatmaqda yeni platforma olacaq. Şura biznes icmaları arasında bağlantıları da təşviq etmək üçün faydalı təşəbbüslər planı üzrəində işləmək niyyətindədir. Bu isə azərbaycanlı və tacik sahibkarlar arasında daha sıx əməkdaşlıq, birbaşa əlaqələrin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi üçün yeni institusional çərçivə formalaşdıracaq. Həmçinin, ötən ilin sonunda Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistan üzrə ilk ticarət nümayəndəsinin təyin edilməsi ticarət-iqtisadi əlaqələrin genişlənməsinə əlavə impuls verəcək.

Ticarət-investisiya kooperasiyasına əlavə təkan verə biləcək əsas amillərdən biri ölkələrimiz arasında nəqliyyat-logistika əlaqəliliyinin inkişafıdır. Azərbaycanın Avropa ilə Asiya arasındakı marşrutların kəsişməsində yerləşməsi, həmçinin Orta Dəhlizin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ticarətin genişləndirilməsi, çatdırılma müddətlərinin qısaldılması və daşımaların rəqabət qabiliyyətliliyinin artırılması üçün yeni imkanlar açır. İnfrastrukturun modernizasiyası, nəqliyyat prosedurlarının sinxronlaşdırılması və gömrük qarşılıqlı əlaqəsinin sadələşdirilməsi investisiyaların cəlb edilməsi və regionun tranzit potensialından daha fəal istifadə üçün əlavə şərait yaradır. Bu dəhliz birgə əməkdaşlığı böyük bir coğrafiyada - Şərq-Qərb və Şimal- Cənub istiqamətlərində böyük həcmdə yüklərin hərəkətini şaxələndirəcək və hər iki ölkəyə bir çox üstünlüklər qazandıracaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31