Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şərtlər sərtləşir

Şərtlər sərtləşir

02.06.2026 [09:42]

ABŞ İrana yeni təkliflər təqdim edib?

ABŞ-la İran arasında atəşkəs əldə edildikdən sonra tərəflər yekun sülhlə bağlı hələ də razılığa gələ bilmir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib. ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Sülh üçün sazişin yeni detalları açıqlanmır

Xatırladaq ki, mayın 19-da İran müharibəyə son qoymaq üçün ABŞ-a təqdim etdiyi yeni sülh təklifinin təfərrüatlarını açıqlamışdı. Təklifin detalları İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi tərəfindən parlamentin milli təhlükəsizlik və xarici siyasət Komitəsinin üzvləri ilə görüşdə açıqlanıb. Orada İranla ABŞ arasında diplomatiyadakı son inkişaflar barədə ətraflı hesabat təqdim edilib. Qəribabadi bildirib ki, Tehranın təklifi “uranın zənginləşdirilməsi və dinc nüvə fəaliyyəti hüququnu” vurğulayır. Təklif, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə münaqişələrə son qoyulmasını, ABŞ-ın dəniz blokadasını qaldırmasını, İran aktivlərinin azad edilməsini, Vaşinqton tərəfindən son müharibə zamanı yenidənqurma səylərini dəstəkləmək üçün dəymiş ziyana görə kompensasiya ödənilməsini” əhatə edir. Onun sözlərinə görə, təklifdə bütün birtərəfli sanksiyaların və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi və ABŞ qüvvələrinin İslam Respublikasını əhatə edən ərazilərdən çıxarılması tələb olunur.

İran ABŞ-ın müharibəyə son qoymaq təklifinə cavabını Pakistan vasitəsilə çatdırmışdı, lakin Prezident Donald Tramp İranın təklifini “tamamilə qəbuledilməz” adlandırmışdı. Ötən müddət ərzində isə ABŞ İran bazalarına lokal zərbələr endirdi.

Bu arada tərəflər arasında vasitəçilik edən Pakistan müharibənin yenidən alovlanmamasına çalışır. “Al Arabiya” telekanalının məlumatına görə, ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı danışıqların növbəti mərhələsi iyunun əvvəlində baş tuta bilər. Qeyd olunub ki, görüş Həcc ziyarəti başa çatdıqdan sonra İslamabadda keçirilə bilər. Mənbələr, həmçinin iddia ediblər ki, hazırda Vaşinqton və Tehran arasında razılaşmanın son versiyası üzərində iş gedir. Mayın 20-də Pakistanın daxili işlər naziri Möhsin Nəqvin, ondan bir gün sonra isə Pakistan ordusunun komandanı Asim Munir Tehrana səfər etmişdi. Bütün bunlar İslamabadın ABŞ-İran münaqişəsinin həlli üzrə səylərini gücləndirdiyini göstərir.

Tramp: Saziş layihəsi əsasən nüvə proqramını əhatə edir

Bu səfərin nəticələri açıqlanmasa da, ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həlli üçün saziş layihəsinin şərtlərini sərtləşdirib. Məlumatı “The New York Times” nəşri mənbələrə istinadən yayıb. Bildirilir ki, yenilənmiş saziş baxılması üçün Tehrana təqdim edilib. Potensial sazişin mətnində edilən dəqiq dəyişikliklər məlum deyil, lakin qəzetin mənbələri Trampın İran aktivlərinin dondurulmasının mümkün ləğvi ilə bağlı müddəalardan narahat olduğunu bildirib. Bundan əlavə, Amerika lideri hesab edir ki, İran ABŞ təkliflərinə kifayət qədər tez cavab vermir.

Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, Tramp danışıqlar prosesini sürətləndirmək və İrana təzyiq göstərməklə, onu əvvəllər təsdiq üçün İranın ali lideri Ayətullah Müctəba Xameneiyə göndərilmiş ilkin memorandum layihəsini qəbul etməyə inandırmaq üçün şərtləri sərtləşdirib. Qəzet xatırladır ki, Tramp 29 mayda Ağ Evin “Vəziyyət Otağı”nda İranla münaqişə ilə bağlı müşavirlərlə iki saatlıq görüş keçirib, lakin görüşdən sonra sazişlə bağlı heç bir qərar açıqlamayıb.

Bununla belə, Donald Tramp öz sosial şəbəkə platformasında İranla mümkün razılaşmanın, əsasən nüvə proqramı ilə bağlı məsələləri əhatə etdiyini bildirib və bu mövzunun sənəddə ətraflı şəkildə əks olunduğunu vurğulayıb. O, CNN-in İranla bağlı razılaşmanın mahiyyəti barədə məlumatlarını tənqid edərək qeyd edib ki, sənəddə İranın nüvə silahına malik olmayacağı açıq şəkildə göstərilir. Trampın sözlərinə görə, razılaşmanın böyük hissəsi məhz nüvə məsələlərinə həsr olunub.

ABŞ Prezidenti bazar günü “Fox News” telekanalına müsahibəsində də Vaşinqtonun irəli sürdüyü şərtlər əsasında İranla razılaşmaya yaxınlaşdıqlarını bildirib: “İnanıram ki, yavaş-yavaş, amma əmin addımlarla istədiyimiz nəticəni əldə edə biləcəyimiz bir mərhələyə yaxınlaşırıq”. Tramp, eyni zamanda xəbərdarlıq edib ki, İran razılaşmanı qəbul etməsə, ABŞ hərbi variantı da nəzərdən keçirməyə hazırdır. “Axios” portalının məlumatına görə, Tramp ötən cümə günü Vaşinqtonda keçirilən görüşdə sazişlə bağlı yeni təkliflər irəli sürüb və xüsusilə İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı daha sərt tələblər səsləndirib.

CNN: İran 18 iri yeraltı raket bazasına çıxışı bərpa edib

İranın “Tasnim” xəbər agentliyi isə mənbələrinə istinadla məlumat verib ki, Prezident Donald Tramp razılaşmanın mətninə dəyişiklik etməyə çalışarsa, Tehran da ABŞ ilə bağlanacaq müqavilənin mətninə öz düzəlişlərini edəcək. Mənbənin sözlərinə görə, Trampın müqavilə mətninə etdiyi düzəlişlər Tehranın onları avtomatik qəbul edəcəyi anlamına gəlmir. İran tərəfi belə dəyişikliklərə mütləq reaksiya verəcək. Mənbə əlavə edib ki, İslam Respublikası müqavilənin imzalanmaması ehtimalına da tam hazırdır.

Bütün bunların fonunda CNN telekanalı peyk görüntülərinə istinadla İranın ABŞ zərbələri nəticəsində girişləri bağlanmış 18 iri yeraltı raket bazasına çıxışı bərpa etməsi barədə məlumat yayıb. Məlumata görə, İran bu obyektlərə aparan 69 tunel girişindən 50-ni yenidən istifadəyə yararlı vəziyyətə gətirib. Ekspertlər hesab edirlər ki, bu, Tehrana yeraltı anbarlarda saxlanılan raket və sursatları daha operativ şəkildə istifadə etmək imkanı yarada bilər. CNN-in qeyd etdiyinə görə, ekspertlər İranın yeraltı bazalarda təxminən 1000 raket saxladığını ehtimal edirlər. Peyk görüntüləri göstərir ki, girişlərin bərpası əsasən buldozerlər və özüboşaldan yük maşınları kimi sadə texnikanın köməyi ilə həyata keçirilib. Bazalara aparan yollar da təmir olunub. Ekspertlərin fikrincə, 20 ildən artıq müddətdə formalaşdırılan İranın yeraltı raket bazaları şəbəkəsi raketlər və buraxılış qurğuları üçün yüksək səviyyədə mühafizə təmin edir. Onların bir hissəsinin yüzlərlə metr dərinlikdə yerləşməsi ABŞ və İsrailin bu obyektlərə zərbə imkanlarını məhdudlaşdırır.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30