Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

20.06.2026 [12:20]

Deputatlar 14 qanun layihəsini qəbul ediblər

İyunun 19-da Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə 14 məsələnin müzakirəsi daxil edilib.

İclasda ilk olaraq “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2 faiz üstələyərək 39 milyard 184,6 milyon manata çatıb. Dövlət büdcəsinin xərcləri isə 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8 faiz azdır. Nəticədə 2025-ci ildə dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.

Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Sonra Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul olunub. Qanun layihəsi gömrük qanunvericiliyinin tətbiqi praktikasında ortaya çıxan məsələlərin tənzimlənməsi, gömrük fəaliyyətinin müasir dövrün tələbləri və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, bu sahədə rəqəmsal həllərin tətbiqi, xarici ticarətin asanlaşdırılması, xarici ticarət fəaliyyəti iştirakçılarının hüquqlarının və maraqlarının qorunması məqsədilə, eləcə də Məcəllənin qəbulundan keçən müddət ərzində dünya iqtisadiyyatında baş verən dəyişikliklərin və inkişafın milli qanunvericilikdə əks etdirilməsi zərurəti nəzərə alınmaqla hazırlanıb.

Qanun layihəsi üzrə dəyişiklik və əlavələr gömrük qanunvericiliyinin əksər norma və müddəalarını əhatə edir. Layihənin qəbulu idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasında, Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılmasında, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsində, yükdaşımaların keyfiyyətinin yüksəldilməsində, yüklərin çatdırılma müddətinin azaldılmasında, gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin daha da təkmilləşdirilməsində, gömrük nəzarətinin risk əsasında həyata keçirilməsində, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsində, xarici ticarətin asanlaşdırılmasına şəraitin yaradılmasında, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsində mühüm rol oynayacaq.

Sənəd, həmçinin məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsinə, gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxt itkisinin aradan qaldırılmasına, ölkənin iqtisadi və milli təhlükəsizliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına, gömrük tənzimləmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimləmə vasitələrinə uyğunlaşdırılmasına və gömrük işi üzrə digər istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcək.

Deputatlar “Dövlət qulluğu haqqında” Qanuna dəyişiklikləri də üçüncü oxunuşda qəbul ediblər. Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır. Nümayəndəliyə rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir. Bu dəyişiklikdən sonra “Dövlət qulluğu haqqında” qanun Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi “Dövlət qulluğu haqqında” qanunun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq olunub. Sazişə əsasən, Azərbaycan ilə Ekvador qarşılıqlı olaraq diplomatik, rəsmi və xidməti pasport sahiblərini viza tələblərindən azad edir. Sənəd 2026-cı il mayın 4-də Kito şəhərində imzalanıb.

“Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə  isə Azərbaycanda Media və Yayım Şurasının yaradılması nəzərdə tutulub. Qeyd edilib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.

Bu baxımdan, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.

“Media haqqında” Qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq. Bu xüsusda, media və yayım sahəsində səlahiyyətli Şuranın yaradılması “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddələrində də dəyişikliklər edilməsini nəzərdə tutur.

Bütövlükdə, təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İclasda, həmçinin  İnzibati Xətalar Məcəlləsində,  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Layihə hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə təhlil edilib. Bu xüsusda, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Layihədə 16-18 yaş qrupunun platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və kontent paylaşması yalnız qanuni nümayəndəsinin razılığı və nəzarəti altında mümkün olacağı nəzərdə tutulur. Həmçinin platforma provayderlərinin uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məlumatların operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı vəzifələri müəyyən edilir. Qanun layihəsi ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə edilməsi nəzərdə tutulur.

Layihənin keçid müddəalarına əsasən, qanun qüvvəyə mindiyi gündən etibarən sosial şəbəkə platformalarına yeni tələblərə uyğunlaşmaq üçün müəyyən müddət verilir. Sənədin qəbul edilməsi uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsinə, təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlət nəzarəti imkanlarının artırılmasına xidmət edəcək.

Millət vəkilləri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30