Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Liderin gücü - xalq, xalqın gücü - Lider!

Liderin gücü - xalq, xalqın gücü - Lider!

04.07.2026 [08:13]

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə keçirilən ictimai rəy sorğusunun nəticələri açıqlanıb. MEDİA-dan verilən məlumata görə, sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir. Rspondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.

Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti - 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.

İlham Əliyevin uğur formulunun 4 qızıl qaydası

MEDİA-nın apardığı sorğu nəticələrinin təhlili Prezidentə olan yüksək inam və etimadın dövlət başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir.  Bu mənada, Prezident ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir - respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.

Prezident İlham Əliyev artıq 22 ildir ki, müstəqil Azərbaycanın dövlət idarəçiliyi sükanının arxasındadır. Təqdim olunan ictimai rəy sorğusunun nəticələrindən də göründüyü kimi, İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildən bəri ötən dövrdə xalqın ona olan inamı nəinki azalmayıb, əksinə daha da artıb. Dünya miqyasında çox az rast gəlinən bir haldır. Burada sual yaranır: Prezident İlham Əliyevə ümumxalq inamının artmasını şərtləndirən amillər hansılardır?

Əslində, burada hansısa bir sirli məqam yoxdur. Sualın cavabı bilavasitə Azərbaycan reallığındadır.  Bu gün müstəqil Azərbaycan zirvələrdədir, xalqımız öz tarixinin ən qüdrətli dönəmini yaşayır. Ölkə nümunəvi inkişaf modelinə malikdir. Respublikamız xarici siyasətdə də ardıcıl uğurlara imza atır. Dünyada Azərbaycana böyük hörmət bəslənilir, bayrağımız ən mötəbər beynəlxalq təşkilatların önündə əzəmətlə dalğalanır, dost dövlətlərin sayı getdikcə artır. Bir sözlə, bu gün Azərbaycanın inkişafı, imkanları elə bir səviyyəyə çatıb ki, respublikamız qarşıda düran bütün məsələləri öz gücünə həll etmək iqtidarındadır və edir. Görünən və hamı tərəfindən də etiraf olunan reallıq ondan ibarətdir ki, Azərbaycanın artan gücü bilavasitə onun Lideri İlham Əliyevlə bağlıdır. O hər zaman öndədir, hər zaman ölkəmizin, xalqımızın daxildəki və xaricdəki bədxahlarının aqresiyalarını qətiyyətlə dəf edir. Dünyanın hazırkı mənzərəsi hər kəsə bəllidir. Beynəlxalq hüquq normaları pozulub, güc amili önə keçib, milli dövlətlərə qarşı təzyilər artıb. Təkcə son vaxtlarda yaxın və uzaq çoğrafiyalarda yerləşən ayrı-ayrı ölkələrdən  rəngli inqilablar dalğası keçib. Belə rəngli inqilablar daxili amillərə görə baş verməyib, onların ssenariləri xaricdəki müəyyən güc mərkəzlərinin diktəsi ilə yazılıb və sonra da məqsədli şəkildə ixrac olunub. Niyyət, əlbəttə ki, xoş olmayıb. Milli dövlətləri təziyq altında saxlamaq, sabitliyi pozmaq, xaos şəraitində oyuncaq rejimlər qurmaq və sərvətlərə çıxış qazanmaq bu ssenarilərin əsas qayəsini təşkil edir. Açıq deyək ki, Azərbaycan da zaman-zaman daxildəki özlərini “radikal müxalifət” adlandıran, əslində isə “beşinci kolon” rolunu oynayan kəsimin  qrantlar müqabilində dəstək verdiyi belə hücumlarla az üzləşməyib. Ancaq Liderin uzaqgörənliyi, siyasi qətiyyəti, çevik diplomatiyası, xalqa arxalanması sayəsində müstəqilliyimizə, nailiyyətlərimizə, milli birliyimizə yönələn belə çəhdlərin qarşısı alınıb, dövlətçiliyimiz qorunub və şübhə yoxdur ki, bundan sonra da qorunacaq. Hazırda Prezident İlham Əliyev Azərbaycanın yenilməz gücünü simvolizə edir.

Müasir dövrün Lideri kimi xarakterizə edilən Prezident İlham Əliyevin uğur formulunun düsturu dörd mühüm amillə səciyyələnir:

- Vaxtı düzgün seçmək,

- Avantüraya getməmək,

- Ölkəni risk altına salmamaq,

- Mümkün dərəcədə maksimum uğura nail olmaq.

Məhz dövlət siyasətində bu uğur formuluna əməl edilməsinin nəticəsidir ki, hazırda Azərbaycan güclü dövlət imici qazanıb və bütün istiqamətlərdə nailiyyətlər qazanır. Dünya tarixindən liderlərin ölkələrin, xalqların taleyində müstəsna rol oynadıqlarına aid çoxlu sayda nümunələr gətirmək mümkündür. Bizim tariximizdə böyük siyasətçi Heydər Əliyev Azərbaycanın güclü iqtisadi, siyasi və ideoloji əsaslarını yaradan Lider kimi əbədi qalacaq. Son 22 ildə isə Azərbaycan cəmiyyəti böyük məmnuniyyətlə Prezident İlham Əliyevin liderliyini qəbul edir. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun İlham Əliyev kimi Lideri var. İlham Əliyev isə ona görə fateh Liderdir ki, Onun arxasında yenilməz güc - xalq var. Müstəqil Azərbaycanın uğurlarının təməlində dayanan əsas amil məhz Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasət dayanır.

Bu gün ölkə daxilində aparılan çoxvektorlu siyasətdə cəmiyyətin bütün sosial təbəqələrinin mənafeyi diqqət mərkəzində saxlanılır. Heç kəs dövlət qayğısından kənarda qalmır. Eyni zamanda, ölkədə yaşayan bütün xalqların mənafeyi qorunur, onların tarixi-mədəni irsinə böyük hörmətlə yanaşılır. Azərbaycan dünyada azsayı ölkələrdəndir ki, burada milli-dini fərqlilik ayrıcı xətlər yaratmır. Bütün xalqlar tariximizdən gələn tolerantlıq ənənələrinə uyğun olaraq çiyin-çiyinə yaşayırlar və ölkənin inkişafına töhfələrini verirlər. Bütün bunlar İlham Əliyev fenomeni ilə bilavasitə bağlıdır. O, həm bütün sosial qruplar, həm də Azərbaycanda yaşayan xalqlar üçün bir həmrəylik simvoludur.

İqtisadi müstəqillik ölkə qarşısında geniş imkanlar açır

Prezident İlham Əliyevi alternativsiz Lider kimi səciyyələndirən ən xarakterik cəhətlərdən biri ondan ibarətdir ki, O, hər zaman ölkənin prioritetlərini önə çəkir, hər inkişaf mərhələsinə uyğun mühüm strateji məqsədlər müəyyənləşdirir və milli gücü yeni hədəflərə nail olmaq naminə konsolidasiya etməyi bacarır. Milli gücü strateji məqsədlər naminə səfərbər etmək hər liderə müyəssər olmur. İlham Əliyev isə uzaqgörənliyi və əməli fəaliyyəti ilə Azərbaycanda güclü həmrəylik mühiti yaratmağa nail olub.

Son 22 ildə İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər sırasında iqtisadiyyat hər zaman ilk sırada olub ki, bu da təsadüfi deyil. Dövlətimizin başçısı bu müstəsna  seçimini “iqtisadiyyat bütün uğurların təməlində dayanır” tezisi ilə əsaslandırır. Ötən 22 ildə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə geniş əhatə dairəsinə malik olan islahatlar reallaşdırılıb, ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Bunun da nəticəsində milli iqtisadiyyatımız dinamik şəkildə inşişaf edir. Bəhs olunan dövrdə Azərbaycan iqtisadiyyatı nominal ifadədə 14,8 dəfə böyüyüb və əsas iqtisadi göstərici olan ÜDM-in həcmi 134 milyard manata çatıb. Dövlət büdcəsinin gəlir və xərcləri 32 dəfə artaraq 1,2 milyard manatdan 39,9 milyard manata yüksəlib. Xarici valyuta ehtiyatları 48 dəfədən çox artaraq 87 milyard dolları ötüb. Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb və xarici ticarət dövriyyəsi 5,2 milyard dollardan 56 milyard dollara yüksəlib.

Azərbaycan hazırda Cənubi Qafqaz iqtisadiyyatının lokomotividir. Bu regionda Azərbaycan ÜDM-in həcminə görə liderdir. Ölkəmizdə ÜDM 72,5 milyard dollar, Ermənistanda 16,2 milyard dollar, Gürcüstanda isə 19,3 milyard dollar təşkil edir. Cənubi Qafqaz iqtisadiyyatının ümumi həcmi 108 milyard dollar təşkil edir ki, onun 65 faizindən çoxu Azərbaycanın payına düşür. Cənubi Qafqaz iqtisadiyyatına yatırılmış cəmi investisiyların həcmi 400 milyard dollardır, onun təxminən 350 milyard dolları Azrbaycana yönəldilib. Yəni xarici investorlar Cənubi Qafqazda kapital qoyuluşlarının 80 faizdən çoxunu Azərbaycana etibar ediblər.

Ölkənin iqtisadi hədəflərindən biri də qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin olunmasıdır. Hazırda  qeyri-neft və qaz sektorunun ÜDM-də payı 70 faizdən artıqdır ki, bu da özlüyündə əlamətdar bir nailiyyətdir. Beləliklə, respublikamızda iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır və bu istiqamətdə işlər gələcəkdə də davam etdirləcək. Artıq bir sıra istiqamətlər üzrə, o cümlədən də aqrar sektorun inkişafı, rəqəmsal texnologiyalar əsasında yeni sənaye quruculuğu ilə bağlı yol xəritələri müəyyənləşdirlib və müvafiq Dövlət proqramları qəbul olnub.

Ən böyük uğurlardan biri də Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində xarici borcun azaldılmasıdır. Bu, dövlət başçısı tərəfindən bir neçə il bundan əvvəl qarşıya qoyulan hədəf idi və hazırda nəticələr gözlənildiyindən də yüksəkdir. Bu gün ölkənin xarici borcu ÜDM-in cəmi 6 faizinə bərabərdir. Eyni zamanda, ölkəmizin strateji valyuta ehtiyatlarının xarici borcumuzu 20 dəfə üstələməsi də Azərbaycana böyük üstünlüklər yaradır.

Nüfuzlu reytinq agentliklərinin müsbət və sabit dəyərləndirmələri

Azərbaycanın iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirlir. O cümlədən “Moody’s” və “Fitch” kimi aparıcı reytinq agentlikləri tərəfindən verilən proqnoz müsbət və sabitdir. “Moody`s” beynəlxalq reytinq agentliyi cari ildə də Azərbaycanın suveren kredit reytinqini “Baa3” səviyyəsində təsdiqləyib. Agentlik qeyd edir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli maliyyə buferi ilə dəstəklənir ki, bu da xarici şoklara qarşı həssaslıq risklərini azaldır. “Moody`s”in “Müsbət” proqnozu davam edən islahatların iqtisadiyyatın karbohidrogen sektorundan iqtisadi və fiskal asılılığını daha da azalda biləcəyi barədə agentliyin fikrini əks etdirir. Bundan əlavə, pul-kredit siyasətinin transmissiyasının, maliyyə sektorunun tənzimlənməsinin, dövlət vəsaitinin idarə edilməsinin və inzibati proseslərin şəffaflığının yaxşılaşdırılmasına yönəlmiş cari islahatlar çərçivəsində institusional baza və idarəetmənin daha da gücləndirilməsi üçün perspektivlər mövcuddur. “Moody’s”in analitikləri hesab edirlər ki, yaxın gələcəkdə Azərbaycanın reytinqinin aşağı salınması ehtimalı azdır.

Nüfuzlu “ING Group” xarici bank qrupu da ölkə iqtisadiyyatı ilə bağlı nikbin poqnozlar verib. Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2, 2027-ci ildə 3, 2028-ci ildə isə 2,3 faiz səviyyəsində artacağını proqnozlaşdırır. Qurum əvvəlki proqnozları ilə müqayisədə cari və növbəti il üçün ümumi daxili məhsulun artım templərini isə dəyişməz saxlayıb.

Bankın qiymətləndirmələrinə görə, Azərbaycanın 2026-cı ilin II rübü üçün iqtisadi artım proqnozu 2 faiz, III rübü üçün 3 faiz, IV rübü üçün isə 3,3 faiz təşkil edir. Bundan əlavə, ölkəmizdə gələn ilin I rübündə 3 faiz, II rübündə 3,5 faiz, III rübündə 2 faiz və IV rübündə 3,5 faiz səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.

Siyasi qərarlar Bakıda, Prezident İlham Əliyev tərəfindən verilir

Dünya üzrə özlərini “müstəqil” adlandıran dövlətlər bir-birindən fərqlənirlər. Bir qrup ölkələrin müstəqilliyi şərti səciyyə daşıyır. Bu qəbildən olan dövlətlərin iqtisadi potensialı çox aşağı olduğundan onlar hər zaman başqa ölkələrdən və üzv olduqları beynəlxalq təşkilatlardan kömək istəyirlər. Belə köməklər isə, əlbəttə ki, müəyyən maraqların, gözləntilərin qarşılığında edilir. Beləliklə də, iqtisadi cəhətdən zəif olan dövlətlər reallıqda başqalarından asılı vəziyyətdə qalırlar və onların diqtəsi ilə oturub dururlar.

Azərbaycan isə belə dövlətlər sırasında yer almır. İqtisadi müstəqilliyin tam təmin olunması Azərbaycanın özünəinam hissini artırır və müstəqil siyasi kurs həyata keçirməsini şərtləndirir. Hazırda özünün güclü iqtisadi potensialına əsaslanan Azərbaycan dövləti xalqımızın, ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyur. Ölkəmizin siyasəti sırf müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız öz siyasətində o mövqedən çıxış edir ki, ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlər bərabərhüquqlu əsaslarla qurulmalı və bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət göstərilməlidir. Ölkəmiz dostlarını özü seçir. Bizim siyasətimiz bəzi ölkələrdən fərqli olaraq hansısa mərkəzlərdə müəyyənləşdirilmir. Siyasi qərarlar Bakıda verilir və Prezident İlham Əliyev tətrəfindən imzalanır.

“Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!” Bu fikri Prezident İlham Əliyev ən mötəbər auditoriyalarda qətiyyətlə səsləndirib və ayrı-ayrı dövlətlərlə, beynəlxallq təşkilatlarla münasibətlərimizdə real olaraq təsdiqləyib. İkinci Qarabağ müharibəsi günlərində müxtəlif mərkəzlərdən Bakıya zənglər gəlir və mesajlar ötürülürdü ki, müharibə dayandırılsın. Haqq mübarizəsi aparan Azərbaycan dayanmadı və  tarixi ədalətin, beynəlxalq hüququn təntənəsinə nail oldu.

Postmüharibə dövründə Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında yaranan gərginliyi xatırlayaq. AŞPA-da erməni lobbisinin təsir dairəsində olan qrup ölkəmizin şanlı zəfərlərini sinirə bilmir. Bu qəbildən olan deputatların canfəşanlığının nəticəsi olaraq qurum respublikamızı hədəfə alan və əsassız tələblər irəli sürən bir neçə qətnamə qəbul etdi. Azərbaycan haqlı iradlarını qətiyyətlə bildirdi və bu iradlar nəzərə alınmadıqda nümayəndə heyətimiz iclas zalını tərk etdi. “Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31