Yaponiya 10-cu olacaqmı?
21.07.2026 [09:38]
Tokiodan nüvə silahı mesajı....
Qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər nüvə silahı amilini yenidən beynəlxalq siyasətin əsas gündəmlərindən birinə çevirib. Böyük güclər arasında artan geosiyasi rəqabət, regional münaqişələrin genişlənməsi və strateji sabitliyin zəifləməsi fonunda nüvə silahlarının çəkindirmə vasitəsi kimi rolu haqqında müzakirələr xeyli intensivləşib. Xüsusilə, Avropada nüvə çətiri məsələsi yeni “trendə” çevrilib. Amma tendensiya yalnız Avropa ilə məhdudlaşmır - son otuz ildə ilk dəfə nüvə silahından istifadə ehtimalı və nüvə təhdidlərinə dair siyasi bəyanatlar fərqli coğrafiyaları əhatə edir. Bu tendensiya beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradır. Daha diqqətçəkən məqamlardan biri isə nüvə silahına qarşı ənənəvi mövqeyi ilə seçilən bəzi dövlətlərdə yanaşmanın dəyişməsidir. Tarixdə nüvə hücumuna məruz qalmış yeganə ölkə olan Yaponiyada belə təhlükəsizlik mühitinin dəyişməsi fonunda nüvə çəkindirməsinin gücləndirilməsi və hətta nüvə silahının əldə olunması ilə bağlı fikirlər zaman-zaman ictimai və siyasi müzakirələrin predmetinə çevrilir. Bu isə qlobal nüvə təhlükəsizliyi arxitekturasının yeni çağırışlarla üz-üzə qaldığını göstərir.
Yaponiya nüvə dövləti olacaq?
Belə ki, Yaponiyanın müdafiə naziri Şinyiro Koizumi bazar günü yerli mediaya bildirib ki, Avropanın bəzi ölkələrinin daha çox nüvə çəkindirmə səyləri göstərməsi fonunda Tokionun da nüvə silahları ilə bağlı müzakirəyə ehtiyacı var. Nazir Yaponiyanın bu məsələni gündəmə gətirməsini labüd hesab edir. Onun sözlərinə görə, ölkənin təhlükəsizlik mühiti daha da sərtləşib və Tokio əvvəllər arxa planda olan bəzi mövzuları müzakirə etmək məcburiyyətindədir. Koizumi Fransa və Finlandiyanın daha güclü nüvə çəkindirmə səylərinə istinad edib. O qeyd edib ki, Finlandiya parlamenti iyun ayında nüvə silahlarının ölkəyə gətirilməsinə icazə verən qanun layihəsini təsdiqləyib, Fransa Prezidenti Emmanuel Makron isə mart ayında ölkəsinin nüvə başlıqlarının sayını artıracağını bildirib.
Mesaj, yoxsa hazırlıq mərhələsi?
Tokionun nüvə ilə bağlı bu “mesajı” ilk sayıla bilməz. Xarici medianın yaydığına görə, Baş nazir Sanae Takaiçi hökuməti ötən ilin dekabr ayında Yaponiyanın nüvə silahına sahib olmasının vacibliyini bildirib. Bu mövqe müxalifət partiyaları və bəzi ölkələr tərəfindən sərt reaksiyaya səbəb olub.
Yaponiyanın sabiq müdafiə naziri İtsunori Onodera da ötən ilin sonlarında bəyan etmişdi ki, ölkənin nüvə silahına malik olmamasına dair prinsipləri yenidən nəzərdən keçirmək lazımdır.
Bununla yanaşı, aprel ayında Çinin PLA Daily qəzeti Yaponiyanın müdafiə sənayesini təhlükəli şəkildə genişləndirdiyini və nüvə silahı istehsalı üçün “heyrətamiz” nüvə materialı ehtiyatı topladığını bildirib. Nəşrin məlumatına görə, 2024-cü ilin sonuna qədər Yaponiya 44,4 ton plutoniuma sahib idi - bu isə 5500 nüvə başlığı qurmaq üçün kifayətdir. Məqalədə nüvə silahı olmayan müdafiənin üç prinsipindən imtina edilərsə, Yaponiyanın ən qısa müddətdə faktiki olaraq nüvə dövlətinə çevrilə biləcəyi iddia edilirdi.
“Mainichi” qəzetinin məlumatına görə, Yaponiyanın baş naziri ötən ilin noyabr ayında hakim partiya daxilində üç prinsipdən imtina etmək imkanını müzakirə etmək niyyətində olub.
49 ildən sonra...
Qeyd edək ki, Yaponiya uzun illərdir ki, üç qeyri-nüvə prinsipinə (Three Non-Nuclear Principles) riayət edir. Həmin prinsiplərə əsasən:
- Nüvə silahına malik olmamaq (almamaq);
- Nüvə silahı hazırlamamaq;
- Nüvə silahının ölkə ərazisinə gətirilməsinə icazə verməmək.
Bu prinsiplər 1967-ci ildə Yaponiyanın Baş naziri Eisaku Sato tərəfindən irəli sürülüb. 1971-ci ildə isə Yaponiya “Milli Dieti” tərəfindən qəbul edilib. Bu prinsiplər Yaponiyanın nüvə silahlarına qarşı siyasətinin əsasını təşkil edir. Eisaku Sato məhz bu prinsiplərə görə 1974-cü ildə Nobel Sülh Mükafatını alıb. Tokio daha sonra Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalayıb.
İndiki halda Yaponiyanın bu prinsiplərdən imtinası üçün hər hansı bir prosedura ehtiyac duyulmur - qeyd etmək lazımdır ki, bu prinsiplər hüquqi baxımdan konstitusiya müddəası deyil, sadəcə, dövlət siyasətidir.
3 prinsipdən biri...
Bir maraqlı fakt isə, bu üç “nüvəsizlik prinsipi”nin bir bəndinin dolayısı ilə ənənə formalaşmamışdan öncə pozulmasıdır. Daha dəqiqi isə, Yaponiya müəyyən mənada ABŞ-ın nüvə çətiri altında öz təhlükəsizliyini illərdir ki, təmin edir. Bu isə o deməkdir ki, Yaponiya özü nüvə silahına malik olmasa da, müttəfiqi olan ABŞ-ın nüvə çəkindirmə siyasətindən faydalanır.
Yaponiya ABŞ-ın nüvə çətiri (nuclear umbrella) altında təhlükəsizliyini əsasən 1951-ci ildən etibarən təmin etməyə başlayıb. Bu, Yaponiya ilə ABŞ arasında imzalanmış Təhlükəsizlik Müqaviləsi ilə (San-Fransisko sülh müqaviləsi ilə eyni vaxtda) formalaşan hərbi ittifaqın nəticəsi idi.
Belə ki, 1951-ci ildə ABŞ və Yaponiya arasında ilkin təhlükəsizlik müqaviləsi imzalandı. Yaponiya öz müdafiəsi üçün ABŞ-ın hərbi imkanlarından faydalanmağa başladı. 1960-cı ildə yeni ABŞ-Yaponiya Təhlükəsizlik Müqaviləsi qüvvəyə mindi və iki ölkə arasında ittifaq daha da möhkəmləndi. ABŞ Yaponiyanın təhlükəsizliyinə təminat verdi, Yaponiya isə ABŞ qüvvələrinin ölkədə yerləşməsinə icazə verdi. Bu vaxtdan etibarən ABŞ-ın nüvə çəkindirmə imkanları Yaponiyanın təhlükəsizlik strategiyasının mühüm hissəsinə çevrildi. Xüsusilə Çin və Şimali Koreyanın nüvə proqramları fonunda bu mexanizm daha da nəzərəçarpan idi. Əslində 1967-ci ildə qəbul edilən üç qeyri-nüvə prinsipi ilə maraqlı Yaponiya modeli formalaşdı: öz nüvə silahından imtina etmək, lakin ABŞ-ın nüvə çəkindirmə imkanlarını saxlamaq. Bu yanaşma II Dünya müharibəsindən sonra Yaponiyanın müharibədən sonrakı təhlükəsizlik siyasətinin əsas sütunlarından biri hesab olunur.
Sıralar genişlənəcək?
Xatırladaq ki, hazırda dünyada nüvə silahına malik doqquz ölkə var - bunlar ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq, Fransa, Hindistan, Pakistan, İsrail və Şimali Koreyadır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SİPRİ) analitiklərinin məlumatına görə, 2026-cı ilin yanvar ayı etibarilə dünyada 12.187 nüvə başlığı var idi ki, bu da 2025-ci ilin yanvar ayındakı saydan 54 ədəd azdır. Bunlardan 9745-i hərbi ehtiyatlardadır - yerləşdirilən döyüş başlıqları və əməliyyat yerləşdirmə qabiliyyətinə malik anbarlarda saxlanılır. Ballistik raketlərə yerləşdirilən 2100 ilə 2200 arasında döyüş başlığı isə yüksək əməliyyat hazırlığındadır.
Yaponiya nüvə silahına sahib olacağı təqdirdə siyahıda 10-cu ölkə olacaq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22

