Yeni platforma böyük perspektivlər vəd edir
04.08.2026 [11:12]
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü xüsusi əhəmiyyət kəsb edir. Sammitdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir: “Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”.
Mərkəzi Asiya dövlətləri ilə əlaqələr tarixi köklərə əsaslanır
Qeyd edək ki, görüşün yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində qazanılan Qələbədən sonra Azərbaycanın geostrateji mövqeyi, enerji bazarındakı əhəmiyyətli rolu və çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq Zirvə görüşlərində fəal iştirakı, xüsusilə Türk Dövlətləri Təşkilatında mövqelərin möhkəmləndirilməsi Azərbaycanın regional və qlobal miqyasda nüfuzlu tərəfdaş kimi tanınmasını təmin edib. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri keyfiyyətcə yeni mərhələyə qalxaraq, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Tərəflər arasında mövcud olan yüksək fəal siyasi dialoq və qarşılıqlı etimad Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri çərçivəsində də özünü aydın şəkildə göstərib. Prezident İlham Əliyevin 2023-cü ilin sentyabrında Düşənbədə və 2024-cü ilin avqustunda Astanada keçirilən sammitlərə xüsusi qonaq qismində qatılması ölkəmizin region üçün artan geostrateji çəkisinin və formalaşan yeni güc mərkəzindəki aparıcı rolunun bariz nümunəsidir. Bunun məntiqi davamı olaraq 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı haqqında tarixi qərar qəbul edilib. Bu tarixi addım Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığını keyfiyyətcə yeni müstəviyə daşımaqla yanaşı, təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat-logistika sahələrində regional dialoqa daha geniş əhatə dairəsi qazandırıb.
Siyasi əlaqələrin dərinləşməsi iqtisadi sahədə də yüksək dinamika ilə müşayiət olunur. Son dövrlərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan ilə ticarət dövriyyəsində çoxşaxəli və kəskin artım qeydə alınıb. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz çərçivəsində, həmçinin Ələt Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi müasir infrastrukturu ilə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxışı üçün əsas tranzit habına çevrilib. Zəngəzur dəhlizinin açılması isə bu region ölkələrinin Türkiyə və Avropaya çıxış imkanlarını daha da genişləndirəcək. Həmçinin enerji sektorunda, xüsusən də bərpaolunan enerji və enerji sistemlərinin inteqrasiyası sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış strateji sazişlər yeni perspektivlər açır. Beləliklə, daxili potensiala və fəal diplomatiyaya arxalanan Azərbaycan Şərqlə Qərb arasında əsas geoiqtisadi və siyasi körpü rolunu daha da möhkəmləndirir.
Azərbaycan regionun gələcəyi üçün vacib rol oynayır
Əməkdaşlığın əhəmiyyəti yalnız iqtisadi və nəqliyyat layihələri ilə məhdudlaşmır. Son illər Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi, ortaq mədəni və humanitar layihələrin həyata keçirilməsi, təhsil, elm və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi də Məşvərət Görüşünün gündəliyində mühüm yer tutur. Bu isə platformanın tədricən çoxtərəfli regional əməkdaşlığın kompleks mexanizminə çevrildiyini göstərir.
Beləliklə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü siyasi dialoq platforması olmaqla yanaşı, həm də Avrasiya məkanında yeni iqtisadi və geosiyasi əməkdaşlıq modelinin formalaşmasına töhfə verən mühüm mexanizmdir. Azərbaycanın platformada tamhüquqlu iştirakı isə ölkənin Mərkəzi Asiya siyasətinin institusional əsaslarını daha da möhkəmləndirir, regional nəqliyyat və enerji layihələrində rolunu artırır, eyni zamanda, Türk dünyasında inteqrasiyanın dərinləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstanda keçirilən Məşvərət Görüşündə iştirakı Azərbaycanın regionun gələcəyinə dair strateji qərarların qəbulunda fəal rol oynayan əsas tərəfdaşlardan biri olduğunu növbəti dəfə təsdiqləyir.
Azərbaycan Prezidentinin səfəri türk dövlətlərinin mediasında...
Qeyd edək ki, Qırğızıstanın kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Çolpon-Ata şəhərinə və bu səfər çərçivəsində əldə olunan razılaşmaların praktik həyata keçirilməsinə həsr olunan materiallar dərc etməkdə davam edir. “Kabar” agentliyi, Kaktus.media, Tazabek və Super.kg İssık-Kul sahilində yerləşən beşulduzlu Baku Resort & Spa hotel kompleksinin açılışı barədə məlumat yayıblar. Nəşrlərin yazdığına görə, layihə Qırğızıstan-Azərbaycan investisiya əməkdaşlığı çərçivəsində həyata keçirilib və İssık-Kul vilayətinin turizm potensialının inkişafına, investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
Qırğızıstan KİV-ləri dövlət səfərinin humanitar proqramında Azərbaycanın, Qırğızıstanın və Özbəkistanın birinci xanımlarının iştirakına da diqqət ayırıblar. Kaktus.media və Vesti.kg yazıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Aygül Japarova və Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva ilə birlikdə Çolpon-Atada yerləşən “Altın balalık” Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib.
24.kg nəşri Oş və Gəncə şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə də məlumat yayıb. Nəşrin məlumatına görə, sənəd regionlararası əməkdaşlığın inkişafını nəzərdə tutur.
Tazabek nəşri Qırğızıstan-Azərbaycan əməkdaşlığının praktik istiqamətlərinə dair materiallar dərc edib. Yazılarda bildirilir ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondu 30-a yaxın layihəyə baxır, həmçinin imzalanan sənədlər çərçivəsində Qırğızıstan ərazisində kiçik su elektrik stansiyalarının tikintisi məsələləri müzakirə olunub. Bundan əlavə, nəşr fondun vəsaitlərinin xammalın emalı və idxalın şaxələndirilməsi layihələrinin həyata keçirilməsinə yönəldilməsinin məqsədəuyğunluğu barədə ekspert rəyini təqdim edib.
Qırğızıstan KİV-lərinin yeni materiallarında əsas diqqət əldə olunan razılaşmaların praktik icrasına, ilk növbədə investisiya, energetika, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönəldilib.
Eyni zamanda, Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) televiziya kanalları, çap mediası, xəbər agentlikləri və xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərini geniş şəkildə işıqlandırır. İki qardaş ölkənin çoxmilyonluq auditoriyası prezidentlər İlham Əliyev və Sadır Japarov arasında danışıqlar, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və gələcək əməkdaşlıq perspektivləri, eləcə də Azərbaycan və Mərkəzi Asiya ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşü barədə məlumatlandırılıb.
Çolpon-Atada keçirilən görüşdə Azərbaycan liderinin çıxışına xüsusi diqqət yetirilib və dövlət başçısının Bakının Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və Azərbaycanın iştirakı ilə vahid geosiyasi və geoiqtisadi bölgənin formalaşmasına hazır olması barədə çoxsaylı sitatları yer alıb. Prezident İlham Əliyevin ölkəmizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin prioritet olması ilə bağlı sözləri başlıqlara çıxarılıb. Ölkələr arasında yüksək səviyyədə dialoqun möhkəm təməlin mövcud olması vurğulanıb, bu da dövlətlərarası münasibətlərin dinamizmini və yaxınlığını aydın şəkildə əks etdirir. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ümumilikdə 16 dəfə səfər etməsi faktı qeyd olunur.
Yazılarda Bakı ilə Bişkek arasında əlaqələrin fəal şəkildə dərinləşməsi vurğulanır. Xəbər buraxılışlarında Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafına və iki ölkə xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi mühüm töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə I dərəcəli “Manas” ordeninin təqdim edilməsi də yer alıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24

