Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rəqəmsal idarəetmə dövrü...

Rəqəmsal idarəetmə dövrü...

05.08.2026 [11:40]

Şəffaflıq təmin olunur, inklüzivlik artır, vətəndaş məmnunluğu yüksəlir

Hazırda Dördüncü sənaye inqilabı dövrünü yaşayırıq və dünyada hər sahədə innovativ yeniliklərin tətbiqi, rəqəmsallaşma əsas trendlərdən birinə çevrilib. Hər zaman öz siyasətini qlobal çağırışları nəzərə almaqla quran Azərbaycanın gündəliyində də idarəetmənin səmərəliliyini və keyfiyyət göstəricilərini daha yüksək səviyyəyə qaldırmaq, şəffaflığı artırmaq, məmur - vətəndaş təmaslarını minimuma endirməklə bəzi neqativ hallara son qoymaq məqsədilə rəqəmsallaşma ilə bağlı mühüm hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyevin cari ilin əvvəlində təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nda,  eləcə də iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən  Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında ölkə həyatının müxtəlif sahələrində rəqəmsallaşmanın sürətləndirilməsi ilə bağlı mühüm hədəflər müəyyənləşdirilib.

Beləliklə də,  respublikamızda hələ bir neçə il bundan əvvəl başlayan proses dövlətin qətiyyətli siyasi iradəsi sayəsində yeni mərhələyə daxil olub. Təqdim edilən statistikadan görünür ki, ayrı-ayrı mərkəzi və yerli  icra strukturları yaradılan zəruri infrastrukturun, hüquqi bazanın möhkəmləndirilməsinin nəticəsi olaraq  idarəetmənin rəqəmsallaşdırılmasında yaxşı nəticələr qazanıblar. Bu isə öz növbəsində idarəetmənin çevikliyini yüksəltməklə vətəndaş məmnunluğunun artmasına müsbət təsir göstərir.

“mygov”a inam artır

Azərbaycanda rəsmi rəqəmsal dövlət platforması olan “mygov” hökumətlə vətəndaş arasında körpü yaratmaqla bütün vacib sənədlərə və dövlət xidmətlərinə asan çıxışı təmin edir. Artıq fiziki müraciətlər, uzun növbələr və kağızla sənəd dövriyyəsi geridə qalır - bütün bunlar “mygov”la onlayn, rahat və sürətli şəkildə həll olunur. Platformanın əsas missiyası vətəndaşların rəqəmsal hökumətə çıxışı prosesini sadələşdirərək onların həyatını optimallaşdırmaq, bürokratik əngəlləri azaltmaq və dövlət xidmətlərinə olan etimadı gücləndirməkdən ibarətdir. Bu platforma vətəndaşlara

- Həyat hadisələrini (doğum, nikah, ölüm və s.) rəqəmsal şəkildə idarə etməyə,

- Rəqəmsal sənəd və məlumatları rahatlıqla əldə etməyə,

- Bir kliklə olduğu yeri tərk etmədən dövlət xidmətlərindən yararlanmağa imkan yaradır.

Beləliklə də, ölkəmizdə inklüziv cəmiyyət quruculuğuna doğru inamlı addımlar atılır. Hökumət xidmətlərinin əhalinin bütün təbəqələri üçün bərabər səviyyədə rahat əlçatanlığı təmin edilir, əlavə vaxt itkisinin qarşısı  alınır. Əsas məqamlardan biri də ondan ibarətdir ki, rəqəmsal hökumət xidmətləri müasir texnologiyalara uyğun olaraq daim yenilənir və inkişaf etdirilir. Bir qədər bundan əvvəl İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “mygov” platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edirlər. Təşəbbüs “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilir və dövlət xidmətlərinin təqdimatından vətəndaş təcrübəsinin dizaynına keçidi hədəfləyir. Əsas məqsəd xidmətlərin real istifadəçi ehtiyaclarına əsaslanaraq davamlı şəkildə təkmilləşdirilməsidir. Bu təşəbbüs vətəndaşların rəqəmsal hökumət proseslərində iştirakını genişləndirir və dövlət xidmətlərinin daha çevik, əlçatan və istifadəçi yönümlü inkişafına xidmət edir.

Yeni inteqrasiyalarla “mygov”un əhatə dairəsi sürətlə genişlənir. Eyni zamanda, rəqəmsal dövlət platformasına müraciət edənlərin sayı hər ötən gün artmaqdadır. Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezidentə məruzə edilib ki, artıq ölkəmizdə “mygov” platformasından istifadəçi sayı 3,5 milyon nəfərə çatıb. Xidmət dairəsinin genişlənməsi və istifadəçi sayının artması isə rəqəmsal dövlət platformasına inamın əyani göstəricisidir.

Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər

Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin vahid platforma üzərindən əlçatanlığının təmin edilməsi məqsədilə “mygov” platformasında daha iki yeni xidmət istifadəyə verilib. Ədliyyə Nazirliyinin təqdim etdiyi “Vəkilə verilən etibarnamənin təsdiq edilməsi” və “Bank xidmətlərindən istifadə edilməsi ilə bağlı etibarnamənin verilməsi” xidmətləri “mygov” platformasına inteqrasiya olunub. Xidmətlər həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi üzərindən vətəndaşlar üçün əlçatandır.

“Bank xidmətlərindən istifadə edilməsi ilə bağlı etibarnamənin verilməsi” xidməti vasitəsilə vətəndaş digər şəxsə öz adından bank əməliyyatlarını (hesab açmaq, hesabdakı vəsaitləri nağdlaşdırmaq, köçürmələr etmək və s.) həyata keçirmək səlahiyyəti verə bilər. “Vəkilə verilən etibarnamənin təsdiq edilməsi” xidməti isə bir şəxsin vəkilə onun adından hüquqi məsələlərin həlli, məhkəmədə təmsilçilik və digər hüquqi əməliyyatların aparılması üçün səlahiyyət verdiyini təsdiq edən sənəddir.

Xidmətlərdən istifadə üçün vətəndaş “mygov” tətbiqində “Xidmətlər” bölməsinə daxil olur. “Bank etibarnaməsi” üçün “Məşğulluq”, “Vəkil etibarnaməsi” üçün isə “Şəxsi” kateqoriyasından müvafiq xidmət seçilir. Daha sonra tələb olunan məlumatlar daxil edilərək etibarnamə müvafiq şəxsə təqdim edilir.

İstifadəçilər müraciətin statusunu “Müraciət tarixçəsi” bölməsindən izləyə və sənəd hazır olduqdan sonra ona çıxış əldə edə bilirlər.

Qeyd edək ki, sözügedən xidmətlərlə yanaşı, bundan əvvəl də müxtəlif həyat hadisələri əsasında Ədliyyə Nazirliyinin 5 xidməti, notariat fəaliyyəti ilə bağlı 6 xidməti, eləcə də tərcümə və fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunması xidmətləri “mygov” platformasına inteqrasiya olunub.

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi üzrə hesabatlılıq genişlənir

2026-cı ilin I yarısında dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın artırılması və rəqəmsallaşmanın genişləndirilməsi, o cümlədən “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) ayrı-ayrı altsistemlərinin tətbiqi və funksionallığının genişləndirilməsi istiqamətində görülən işlər davam etdirilib. RDMİS-nin “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində cari ilin I yarısında 1 034 müəssisə qeydiyyatdan keçib, altsistem vasitəsilə 1 315 aylıq və 7 244 rüblük hesabat təqdim olunub. Hesabat dövründə 466 müəssisə 2026-cı il üçün təsdiqlənmiş büdcə hesabatı, 532 müəssisə 2027-ci il üçün dividend proqnozu hesabatı, eləcə də 654 müəssisə növbəti il üçün büdcə proqnozu hesabatını təqdim edib.

Qeyd edək ki, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi Azərbaycan Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Bu altsistem dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin rüblük əsaslarla monitorinqini və icra göstəricilərinin təhlilini, həmçinin bu məqsədlə müəyyən edilmiş büdcə və maliyyə göstəriciləri barədə məlumatların əldə olunmasını təmin edir.

“ADY Mobile” tətbiqinə 500 min yüklənmə

Azərbaycan Dəmir Yollarının “ADY Mobile” mobil tətbiqi 500 min yüklənmə sayı ilə hər gün sərnişinlərin səyahətini daha rahat, sürətli və əlçatan edir. Tətbiq vasitəsilə sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış ola, beynəlxalq, ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə biletlərini asanlıqla əldə edə, eyni anda bir neçə nəfər üçün bilet ala və biletləri PDF formatında ailə üzvləri və yaxınları ilə paylaşa bilirlər.

Son illərdə “ADY Mobile” üzərindən ölkədaxili istiqamətlər üzrə bilet satışlarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabr ayında tətbiq vasitəsilə əldə olunan biletlər ümumi satışın 11 faizini təşkil etdiyi halda, 2026-cı ilin iyun ayında bu göstərici 50 faizə yüksəlib.

Tətbiqdə təqdim olunan “SİMA Pay” - üz tanıma ilə ödəniş funksiyasını isə artıq 10 minədək istifadəçi aktivləşdirərək stansiyalara daha sürətli və rahat keçid imkanından yararlanır.

“ADY Mobile” istifadəçiləri səfərlə bağlı vacib bildirişləri və yenilikləri operativ şəkildə əldə edir, həmçinin “SİMA Pay”, bank kartı, barkod və elektron kart kimi müxtəlif ödəniş üsullarından istifadə edə bilirlər.

Qarşıdakı dövrdə də “ADY Mobile”ın imkanları yeni funksiyalar və daha rahat xidmətlərlə genişləndiriləcək.

Fermerlər, istehsalçılar və satıcılar “tedaruk.az” portalında  bir arada

Azərbaycanda etibarlı və asan çıxışa malik tədarük-təchizat zənciri qurulur. Belə ki, fermerlər, istehsalçılar və satıcılar “tədarük.az” portalında bir araya gəlmək imkanı qazanıblar. Avqust ayının 1-dən sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2027-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə biləcəklər.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, elektron portal vasitəsilə ərzaq məhsullarını satmaqda maraqlı olan istehsalçılar, fermerlər və satıcılar sistemə “ASAN LOGIN” üzərindən “ASAN İmza” vasitəsilə daxil ola biləcəklər.

Qeyd edək ki, “ASAN İmza” yalnız VÖEN hesabına bağlı olduğu halda keçərlidir.

Bundan əlavə istehsalçılar, fermerlər və satıcılar növbəti il üçün “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən portala daxil edilən elana uyğun olaraq məhsullara dair təkliflərini cari ilin 1 avqust - 1 sentyabr tarixləri arasında sistemə yükləyə biləcəklər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar. Təkliflərin yerləşdirilməsi tamamilə ödənişsizdir.

Qeyd edək ki, “tedaruk.az” elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir.

Nağdsız ödənişlərdə yüksək artım dinamikası

Respublikamızda nağdsız ödənişlərdə yüksək artım dinamikası müşahidə edilir. İlin əvvəlindən iyunun sonuna kimi ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb.

Mərkəzi Bankdan bildirilib  ki, cari ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 902 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 575 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 325 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 4,4 faiz, POS-terminalların sayı 16,9 faiz artıb.

Tranzit daşımalarda e-TIR sisteminin tətbiqinə başlanıb

Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı tranzit daşımalarda e-TIR sisteminin tətbiqinə başlanıb. Azərbaycandan şərqə doğru hərəkət edən televizor və musiqi avadanlıqları yükü Xəzər dənizi üzərindən “Türkmənbaşı” limanına çatdırılıb, daha sonra isə “Farap” sərhəd-keçid məntəqəsi vasitəsilə Özbəkistana daxil olub. Bu əməliyyat vahid prosedur çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistanı birləşdirən ilk e-TIR daşınmasıdır.

Həmçinin qərb istiqamətində isə Türkmənistandan pambıq, şirə, su və qənnadı məmulatları daşıyan dörd yük avtomobili “Türkmənbaşı” limanında gömrük rəsmiləşdirilməsini tamamladıqdan sonra bərə ilə Xəzər dənizini keçərək Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Sistemin tətbiq edilməsində Azərbaycan, Türkmənistan və Özbəkistanın gömrük orqanları, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və onun üzv təşkilatları ABADA, THADA və AIRCUZ arasındakı əməkdaşlıq mühüm rol oynayıb.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) dəstəyi ilə həyata keçirilən layihə gömrük məlumatlarının real vaxt rejimində elektron qaydada mübadiləsinə, kağız sənədləşmənin həcminin azalmasına, risklərin minimuma endirilməsinə, gömrük prosedurlarının sürətləndirilməsinə, xərclərin azaldılmasına, əməliyyatların və ticarətin sadələşdirilməsinə imkanlar yaradır.

Eyni zamanda e-TIR sistemin tətbiqi Orta Dəhlizin cəlbediciliyinin yüksəlməsi, bu marşrut vasitəsilə yükdaşımaların həcminin artması baxımından da əhəmiyyət daşıyır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Parisin “Bit bazarı”

04 Avqust 11:50  

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31