Azərbaycanın yüksək beynəlxalq nüfuza malik milli brendi
09.09.2026 [10:42]
Ölkəmizdə 30 sentyabr - 2 oktyabr tarixlərində “ADEX” - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Müstəqilliyimizin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunmasının qarantı qismində çıxış edən Silahlı Qüvvələrin döyüş hazırlığının gücləndirilməsini davamlı olaraq diqqət mərkəzində saxlayan və bu çərçivədə güclü müdafiə sənayesi qurmağı hədəfləyən Azərbaycan hərbi əməkdaşlıq sahəsində beynəlxalq əlaqələrini genişləndirir. Burada beynəlxalq sərgilərin önəmini ayrıca qeyd edə bilərik. Son illərdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi mütəmadi qaydada ayrı-ayrı ölkələrdə baş tutan müxtəlif nüfuzlu sərgilərə qatılmaqla həm özünün yüksək texniki parametrlərə malik olan məhsullarını təqdim edir, həm də dünyanın qabaqcıl silah istehsalçıları ilə partnyorluq əlaqələrini genişləndirir.
Eyni zamanda, belə görüşlər Bakıda da baş tutur. Artıq respublikamızın ev sahibliyi ilə “ADEX” sərgisinin keçirilməsi ənənə halını alıb. Müdafiə sənayesi sahəsinin ən mötəbər beynəlxalq tədbiri, Qafqaz regionunun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisi və hərbi-texniki əməkdaşlığın əsas platformalarından olan “ADEX” - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. “ADEX” Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.
Milli müdafiə sənayesinin qurulması tarixi nailiyyətdir
Hazırda dünyadakı vəziyyət hər kəsə bəllidir. Beynəlxalq hüquq işləmir, bir sıra hallarda ədalət unudulur və ikili standartlar, güc amili önə keçir. Belə bir şəraitdə milli dövlətlərin güclü orduya malik olmaları zəruri şərt qismində çıxış edir.
İş elə gətirib ki, Azərbaycan da müstəqilliyinin ilk illəriindən təcavüz faktı ilə üzləşib. Ermənistan havadarlarının güclü dəstəyi ilə ərazilərimizin 20 faizini işğal altına alıb və bir milyondan artıq soydaşımız doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar. Məhz bir sıra böyük dövlətlərin, ayrı-ayrı beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirmələrinə görə münaqişə təxminən üç onillik ərzində həllini tapmayıb, o cümlədən BMT-nin dörd qətnaməsi yerinə yetirilməyib.
Beynəlxalq hüququn süquta uğradığı belə kədərli reallıq fonunda Azərbaycan dövləti strateji baxış ortaya qoyaraq danışıqlar prosesinə sadiqlik nümayiş etdirməklə yanaşı, ordu quruculuğunu da öz siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirdi. Bu strateji kursa uyğun olaraq Azərbaycan güclü iqtisadi potensialına əsaslanmaqla və artan maliyyə imkanlarından istifadə etməklə qısa müddətdə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olan müasir ordu formalaşdırmağa nail oldu. 44 günlük müharibə və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Belə ki, yüksək maddi-texniki təchizata və güclü kadr potensialına malik olan Silahlı Qüvvələrimiz qısa müddətdə düşməni tam kapitulyasiyaya məruz qoydu və ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Həmçinin ölkəmizdə postmüharibə dönəmində də ordu quruculuğu eyni intensivliklə davam etdirilir. Qalib Azərbaycan hansısa bir qonşu dövlətə qarşı ərazi iddiası sərgiləmir, ancaq elə hesab edir ki, güclü ordu sülhün qarantıdır.
Ölkəmizdə milli müdafiə sənayesinin formalaşdırılması da güclü ordu quruculuğu strategiyasının tərkib hissəsidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması müstəqil Azərbaycanın tarixində böyük nailiyyətdir və strateji önəm daşıyır. Qurumun fəaliyyət istiqamətlərinə əsasən, müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, habelə müdafiə sənayesi sahəsinin inkişafını təmin etmək, dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar üzrə Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmilləşdirilməsini, təmirini, utilizasiyasını, idxal-ixracını təmin etmək daxildir. Milli müdafiə sənayesi quruculuğuna prioritet yanaşmanın təzahürü olaraq Prezident İlham Əliyev 7 sentyabr 2023-cü il tarixində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması haqqında fərman imzalayıb. QSC ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunması məqsədilə yaradılıb. Fərmana əsasən qurum silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirir.
Hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan çoxlu sayda istehsalat böyük uğurla fəaliyyət göstərir. Artıq ordumuzun müxtəlif növ silah-sursatla təchizatı məhz yerli istehsal hesabına təmin edilir. O cümlədən respublikamızda buraxılan hərbi təyinatlı məhsulların müəyyən qismi ixraca yönəldilir. Qeyd edək ki, daxili istehsala aid “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM pulemyotları, “Mübariz”, “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, “Boran” artilleriya qurğusu, “Qaya” tank əleyhinə əl qumbaraatanları, “Komando” tipli “Aşırım” minaatanları, “Matador” və “Marauder” zirehli hərbi texnikaları keyfiyyət göstəricilərinə görə öz seqmentləri üzrə bütün dünyada ən yaxşılardan sayılır.
Görülən işlərin nəticəsidir ki, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar bir qayda olaraq böyük maraqla qarşılanır.
Azərbaycanın müdafiə-sənaye kompleksinin gücü və texnoloji potensialı beynəlxalq auditoriyaya təqdim olunacaq
“Caspian Event Organisers” şirkətindən bildirilib ki, təşkil olunduğu ilk illərdən etibarən Prezident İlham Əliyevin “ADEX”i ziyarət edərək yaxından tanış olması, tədbirin iştirakçılarına və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir.
Azərbaycanda “ADEX” sərgisi ilk dəfə 2014-cü ildə baş tutub. Türkiyə, Rusiya, Çin, Fransa, Belarus. Cənubi Afrika Respubliukası, bütövlükdə 34 ölkədən 200 şirkət və 22 rəsmi nümayəndənin qatıldığı bu sərgi müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilib. Əgər Azərbaycan ilk qatıldığı sərgidə 27 adda məmulatla təmsil olunurdusa, “ADEX 2014”ə 37 şirkətlə qatılıb və 168 adda məmulat nümayiş etdirib.
İlk sərgidən sonra böyük yol keçilib və ildən-ilə müdafıə sənayemizin uğurları daha da artıb. Azərbaycanın müdafiə-sənaye kompleksinin gücü və texnoloji potensialı “ADEX 2026”da beynəlxalq auditoriyaya geniş şəkildə təqdim olunacaq. Belə ki, “ADEX 2026”nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə olaraq milli ekspozisiyaya ayrılmasıdır. Pavilyonda Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən qurum və şirkətlər yer alacaq. Milli pavilyonda Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi, Minatəmizləmə Agentliyi, Kosmik Agentliyi - “Azərkosmos”, “Rynex Solutions” MMC, “Synapline Technologies”, “Vektor DS”, “Miras Military Industrial Company” LLC, “ITX MOTORS”, Milli Müdafiə Universiteti, “RD Smart” ASC, “Az-Tex-Import” LLC, “AZEL Systems” və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi təmsil olunacaq.
Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə stendlə təmsil olunacaq. Burada mövcud istehsal və texnoloji imkanlar, eləcə də ən son yeniliklər nümayiş etdiriləcək. Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək, fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edəcək.
Artan beynəlxalq maraq - rekord genişlənmə
Azərbaycanın milli brendi olan “ADEX”in tarixində bu il ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək. Sərgi üçün rekord hesab edilən bu mühüm yenilik “ADEX”in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Beşinci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, “ADEX”in ildən-ilə artan nüfuzunun, beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin və ona göstərilən böyük marağın əyani ifadəsidir.
Yeni ölkələrin və dünyanın tanınmış müdafiə sənayesi şirkətlərinin sərgiyə qoşulması, ənənəvi iştirakçıların isə “ADEX”də təmsilçiliklərini davam etdirməsi sərginin miqyasındakı rekord genişlənməni şərtləndirən əsas amillərdir.
İndiyədək dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkətin “ADEX 2026”da iştirakını təsdiqləməsi sərgiyə olan beynəlxalq marağı aydın şəkildə ortaya qoyur. Bu il Amerika Birləşmiş Ştatlarının (ABŞ) “ADEX 2026”da fəal iştirakı xüsusi diqqət çəkir. Belə ki, ABŞ-ın “SIG SAUER” və “Lockheed Martin” kimi nüfuzlu şirkətləri “ADEX”də debüt edəcək. Böyük Britaniya və Almaniya ilk dəfə olaraq “ADEX 2026”nın iştirakçı ölkələri sırasına qoşulacaq. Almaniyanı sərgidə nüfuzlu “Rheinmetall” şirkəti təmsil edəcək. Bütün bunlar “ADEX”in beynəlxalq iştirak coğrafiyasının və nüfuzlu tərəfdaşlar dairəsinin genişlənməsinin bariz göstəricisidir.
Türkiyədən “ADEX 2026”nın baş sponsoru qismində çıxış edən “ROKETSAN”, həmçinin “ASELSAN Elektronik San. ve Tic. A.Ş.”, “BAYKAR”, “Turkish Aerospace Industries” (TAI) və “HAVELSAN Elektronik San. ve Tic. A.Ş.”, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army SPOL S.R.O”, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” ADEX-in ənənəvi beynəlxalq iştirakçıları arasında yer alır.
Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr “ADEX 2026”da milli qruplar şəklində iştirak edəcək. Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi, bu il də milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcək.
“ADEX” sərgisinə artan beynəlxalq maraq yalnız iştirakçı şirkətlərin sayında deyil, rəsmi nümayəndə heyətlərinin iştirakında da özünü göstərir. İndiyədək 26 ölkədən 32 rəsmi nümayəndə heyəti sərgidə iştirakını təsdiqləyib. Müxtəlif ölkələri təmsil edən yüksəksəviyyəli nümayəndə heyətlərinin iştirakı sərgi çərçivəsində ikitərəfli görüşlərin keçirilməsinə, müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsinə və yeni əlaqələrin qurulmasına şərait yaradacaq.
İki sərgi bir arada
“ADEX 2026” ilə paralel olaraq, Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi - “Securex Caspian” də keçiriləcək.
“Securex Caspian” Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunur.
Bu il miqyası əvvəlki illərlə müqayisədə daha da genişlənən “Securex Caspian” sərgisində kibertəhlükəsizlik sektoru diqqət mərkəzində olacaq. Bu istiqamətdə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdiriləcək.
“ADEX” və “Securex Caspian” sərgilərinin paralel keçirilməsi müdafiə sənayesi ilə daxili təhlükəsizlik istiqamətlərini vahid məkanda birləşdirəcək. Nəticədə müdafiə sənayesi texnologiyaları və hərbi texnika ilə yanaşı, daxili təhlükəsizlik, mühafizə, xilasetmə avadanlıqları və kibertəhlükəsizlik həlləri də təqdim olunacaq.
“ADEX 2026” və “Securex Caspian 2026”nın proqramı yalnız ekspozisiyadan ibarət olmayacaq. Sərgilərdə iştirakçı və ziyarətçilərə müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və yüksək texnologiyalar üzrə zəngin işgüzar proqram təqdim ediləcək.
“ADEX 2026” çərçivəsində Azərbaycanın dövlət qurumlarının nümayəndələri, beynəlxalq nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında keçiriləcək ikitərəfli danışıqlar xüsusi əhəmiyyət daşıyacaq. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli strateji tərəfdaşlıqların formalaşdırılmasına imkan yaradacaq.
Beləliklə, Azərbaycanın milli brendi “ADEX 2026” artan nüfuzu, ilk dəfə açılacaq 5-ci pavilyonu, genişlənən beynəlxalq coğrafiyası və dünyanın aparıcı müdafiə sənayesi şirkətlərinin iştirakı ilə öz tarixinin ən irimiqyaslı tədbirlərindən biri olmağa hazırlaşır. Bu mötəbər platforma Bakını növbəti dəfə beynəlxalq hərbi-texniki əməkdaşlığın əsas görüş məkanlarından birinə çevirəcək və Azərbaycanın milli brendi kimi qlobal nüfuzunu daha da möhkəmləndirəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35

