Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın yeni investisiya mərhələsi: sabitlikdən dayanıqlı inkişafa

Azərbaycanın yeni investisiya mərhələsi: sabitlikdən dayanıqlı inkişafa

28.09.2026 [16:24]

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkənin qarşıdakı inkişaf mərhələsinin əsas iqtisadi prioritetlərini aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısının vurğuladığı kimi, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem formalaşdırılmasaydı, bu gün Azərbaycanın gələcəyi ilə bağlı böyük hədəflərdən danışmaq çətin olardı. Son illərdə yaradılmış möhkəm iqtisadi baza, maliyyə dayanıqlığı və genişmiqyaslı investisiyalar ölkəyə yeni imkanlar qazandırıb. İndi əsas məsələ əldə olunan nəticələri qorumaqla yanaşı, iqtisadi artımın yeni mənbələrini formalaşdırmaqdır. Bu baxımdan neft-qaz sektorundan kənarda mövcud olan potensialın hərtərəfli qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qeyri-neft sənayesi, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və digər istiqamətlərdə investisiya fəallığının artırılması Azərbaycanın daha şaxələndirilmiş iqtisadi modelə keçidini sürətləndirə bilər.

Azərbaycanın enerji potensialı isə bu prosesdə özünəməxsus yer tutur. Xəzər dənizinin ölkəmizə aid sektorunda 157 giqavatlıq enerji potensialının olması yaşıl enerji sahəsində qarşıda geniş imkanların dayandığını göstərir. Bu, yalnız elektrik enerjisi istehsalının artırılması deyil, həm də yeni investisiya layihələrinin, texnologiyaların və ixrac imkanlarının meydana çıxması deməkdir. Paralel olaraq, mədənçilik sahəsinin böyük potensialı da iqtisadiyyatın yeni istiqamətlər üzrə inkişafı üçün mühüm zəmin yaradır. Xammalın hasilatı ilə kifayətlənməyərək onun ölkə daxilində emalının genişləndirilməsi əlavə dəyərin yaradılması, sənaye istehsalının və ixrac imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycanın son illərdə dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalarına və avtomobil yollarına yatırdığı böyük həcmli investisiyalar ölkənin logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu infrastruktur Azərbaycanın əlverişli coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirməyə və beynəlxalq ticarət marşrutlarında rolunu gücləndirməyə imkan verir.

Forumda səslənən fikirlərdən aydın görünür ki, Azərbaycanın qarşısında duran əsas vəzifə mövcud imkanları bir-birindən ayrı deyil, vahid iqtisadi inkişaf sisteminin tərkib hissəsi kimi dəyərləndirməkdir. Enerji potensialı, nəqliyyat infrastrukturu, təbii sərvətlər, insan kapitalı və rəqəmsal imkanlar bir araya gəldikdə ölkənin investisiya xəritəsi daha da genişlənir. Xarici investor üçün də məhz bu amillərin məcmusu uzunmüddətli əməkdaşlıq baxımından əhəmiyyətlidir. Azərbaycan artıq yalnız enerji layihələri ilə deyil, yeni iqtisadi sahələrdə yaratdığı imkanlarla da investorların diqqətini cəlb edən ölkə kimi çıxış edir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mesajlarından biri də budur: qarşıdakı dövrdə hədəf yalnız investisiya cəlb etmək deyil, bu investisiyaları daha yüksək əlavə dəyər, yeni texnologiyalar, məşğulluq və ixrac imkanlarına çevirməkdir. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi dayanıqlığını daha da möhkəmləndirə və ölkənin gələcək inkişafının yeni mərhələsinə möhkəm zəmin yarada bilər.

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30