Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

07.10.2026 [17:19]

Gürcüstan ilə Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, son iki gündə hər iki tərəfdən səslənən açıqlamalar göstərir ki, Gürcüstan–Avropa İttifaqı münasibətlərində əsas müzakirə artıq təkcə üzvlük perspektivi ilə bağlı deyil.

Mövzunun yenidən aktuallaşmasına səbəb Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kosun Moldovaya dair açıqlamaları olub. O bildirib ki, Moldova Aİ-yə üzvlük yolunda təsirli templə irəliləyir. Bu ölkə ilə artıq iki danışıqlar klasteri açılıb və yaxın gələcəkdə daha ikisinin açılması, ilin sonuna qədər isə bütün klasterlər üzrə danışıqların başlanması planlaşdırılır. Moldovaya bu proses çərçivəsində 157 milyon avroluq maliyyə paketinin ayrıldığı da açıqlanıb. Kos bildirib ki, Moldova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, yalnız bu il “Artım Planı” çərçivəsində 500 milyon avrodan çox vəsait əldə edə bilər.

“İstərdim ki, Gürcüstan, gürcü xalqının böyük dəstəyi ilə bu gün Moldova və Ukrayna ilə eyni səviyyədə olsun. Ölkə ilə münasibətlərimizi necə davam etdirəcəyimiz əsasən üzv dövlətlərin gələcəyə necə baxmasından asılıdır. Lakin hazırda Gürcüstanda baş verənlərin çoxu oktyabrın sonunda dərc olunacaq genişlənmə hesabatlarında öz əksini tapacaq. Bunun hansı istiqamətdə gedəcəyini təsəvvür edə bilərsiniz”, – Marta Kos qeyd edib.

Tbilisidən isə bu açıqlamalara yanaşma fərqlidir. Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, Gürcüstan üçün Brüsselin “gözəl sözləri” deyil, ölkənin öz maraqları əsasdır. Onun sözlərinə görə, Gürcüstan milli maraqlara uyğun siyasət aparır və digər ölkələrlə müqayisə bu yanaşmanı dəyişmir.

Şalva Papuaşvili ötən gün Parlamentlərarası İttifaqın Assambleyasındakı çıxışında xarici müdaxiləni demokratik təhlükəsizliyə ciddi və artan təhdid kimi qiymətləndirib. Bildirib ki, xarici aktorların ölkənin daxili siyasi seçimlərinə təsir göstərməsi artıq əməkdaşlıq deyil, dövlətlərin suverenliyinin pozulmasıdır. Papuaşvili deyib: “Hesab edirəm ki, yalnız kağız üzərində dövlət olmaqdansa, yalnız kağız üzərində namizəd ölkə olmaq daha yaxşıdır. Əgər Brüsselə qulaq assaydıq, Gürcüstan bu gün bir çox səbəbə görə yalnız kağız üzərində mövcud olan bir dövlətə çevrilərdi”.

Onun sözlərinə görə, Gürcüstan Brüsselə qulaq asıb Rusiya ilə gərginliyi artırsaydı, Moldova qədər iqtisadi zərər görərdi.

Məsələyə başqa prizmadan yanaşan Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski isə deyib: “Gürcüstan milli kimliyini və ənənələrini qorumaqla Avropaya inteqrasiya arasında seçim etməli deyil”.

Beləliklə, Tbilisidə hazırkı siyasi müzakirənin bir tərəfində Gürcüstanın Avropaya inteqrasiya perspektivi, digər tərəfində isə bu prosesin hansı şərtlərlə və hansı siyasi yanaşma ilə davam etdirilməsi məsələsi dayanır.

İndi əsas diqqətlər oktyabrın sonuna yönəlib. Ayın sonunda Avropa Komissiyasının Gürcüstanla bağlı növbəti genişlənmə hesabatı dərc olunacaq. Bu hesabat Tbilisi ilə Brüssel arasındakı münasibətlərin bundan sonrakı gündəminin formalaşması baxımından mühüm sənədlərdən biri kimi diqqət çəkir.

Paylaş:
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31