Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hörmüz boğazında qarşıdurma güclənir

Hörmüz boğazında qarşıdurma güclənir

15.04.2026 [09:55]

ABŞ blokada elan edir, İran cavab veriləcəyin deyir, Çin isə...

Bazar ertəsi günü Vaşinqton vaxtı ilə saat 10:00-da  ABŞ prezidenti Donald Trampın dəniz blokadası tətbiq etmək üçün təyin etdiyi son tarix başa çatdı. Xatırladaq ki, Donald Tramp İslamabadda danışıqların uğursuzluğundan sonra ABŞ-ın Hörmüz boğazını blokadaya aldığını elan etmişdi: “Bu andan etibarən dünyanın ən yaxşısı olan ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan istənilən gəminin BLOKADA prosesinə başlayacaq”.

Bölgədəki ABŞ hərbi komandanlığı isə gəmilərin Hörmüz boğazından digər ölkələrə və ya digər ölkələrdən keçməsinə mane olmayacaqlarını açıqlayıblar. Bütün bu vədlərə baxmayaraq neftin qiyməti yenidən barel üçün 100 dollardan yuxarı qalxıb. Blokadanın rəsmi başlanğıcından sonrakı ilk dəqiqələrdə heç bir ticarət gəmisinin saxlanılması barədə məlumat verilməyib. Dubay ofisi vasitəsilə Fars körfəzi bölgəsində hərbi gəmilərin və ticarət gəmilərinin qarşılıqlı fəaliyyətini əlaqələndirən Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) mülki gəmilər üçün təlimat yayımlayıb və blokadanın həm körfəz daxilində, həm də xaricində bütün İran sahil xəttinə şamil edildiyini bildirib. Bu arada AVBŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln  təyyarədaşıyan gəmisi Oman körfəzinə daxil olub və İran sahillərindən 200 kilometr cənubda yerləşib. Məlumatı BBC peyk məlumatlarına istinadən yayıb. BBC-nin məlumatına görə, bu, Amerika gəmisinin İranda ABŞ hərbi əməliyyatının başlamasından bəri Fars körfəzinə bu qədər yaxınlaşması ilə bağlı ilk haldır. BBC həmçinin qeyd edib ki, gəminin zərbə qrupuna iki idarə olunan raket esminesi daxil olub.

Tehran icazə verməyəcək...

İran isə bu blokadanı tənqid edib - Tehran ABŞ-ın Hörmüz boğazını blokadaya almasının uğursuzluğa məhkum olduğunu bildirib. İranın ali liderinin baş hərbi müşaviri Möhsün Rzayinin sözlərinə görə, ordunun təhdidlərə qarşı mübarizə aparmaq üçün “əhəmiyyətli dərəcədə istifadə olunmamış imkanları” var. Rzayi bildirib ki, ABŞ-ın Hörmüz boğazını blokadaya almaq cəhdləri “uğursuzluğa məhkumdur” və Tehran belə bir addıma icazə verməyəcək. CNN-in məlumatına görə, o deyib ki, “İran tvitlər və uydurma blokada planları ilə qarşısı alına biləcək bir yer deyil”.

Gəmilər raket məsafəsindən uzaqda lövbər salıb

ABŞ Mərkəzi Komandanlığı (Centcom) blokada ilə bağlı rəsmi açıqlama verməyib. The Guardian qəzetinin məlumatına görə, Donald Tramp bazar günü Fars körfəzinə açılan qapı olan Hörmüz boğazından 34 gəminin keçdiyini iddia edib, lakin bu iddianı dəstəkləyən heç bir dəlil yoxdur. Ağ Evdə jurnalistlərə danışan prezident həmçinin bildirib ki, “qarşı tərəfdən zəng gəldi” və o, “razılaşma əldə etməkdən çox məmnun olardı”.

İran isə xəbərdarlıq edib ki, Amerika vətəndaşları Donald Trampın son addımına benzin qiymətlərinin qaldırılmasına etirazla cavab verəcəklər  - həmçinin ABŞ bombardmanı davam etdirərsə, İran cavab verməyə hazır olacaq. Tramp öz növbəsində bəyan edib ki, bölgədə ABŞ donanmasına yaxınlaşan istənilən İran hücum gəmisi “dərhal məhv ediləcək”.

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində, Hörmüz boğazının şərqində - daha çox İran raketləri və dronlarının məsafəsindən kənarda blokadanı gücləndirməyə çalışacağını açıqlayıb. Centcom-un blokadanı pozmağa çalışan hər hansı bir neft tankerini necə dayandıracağı isə bəlli deyil. Çünki raket zərbəsi ekoloji fəlakətə səbəb ola bilər  - beləliklə, ABŞ qüvvələrinin təlimatlara tabe olmayan hər hansı bir gəmiyə nəzarəti necə ələ keçirəcəyi sullar yaradıb. Tramp bildirib ki, İranın istənilən “sürətli hücum gəmisi” ABŞ-ın blokada gəmilərinə yaxınlaşsa, ABŞ-ın Karib dənizində və Sakit okeanın şərqində təxminən 50 kiçik qayığı batırmaq üçün istifadə etdiyi məhvetmə sistemindən istifadə ediləcək.

İran 13 milyard dollar itirir

Bu taktika İranın neftdən asılı olan iqtisadiyyatını zəiflətmək və Tehranı ABŞ-ın Körfəz müttəfiqlərinin gəmiləri üçün Hörmüz boğazını yenidən açmaq və uranın zənginləşdirilməsinin tamamilə qadağan edilməsinə razılıq vermək tələblərini yerinə yetirməyə məcbur etmək məqsədi daşıyır. ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi Miad Maleki sosial mediada iddia edib ki, ABŞ-ın dəniz blokadası İrana gündəlik təxminən 276 milyon dollar ixrac itkisinə və idxalın gündəlik 159 milyon dollar azalmasına səbəb olacaq ki, bu da ümumilikdə ayda 13 milyard dollar iqtisadi itki deməkdir.

Tramp: 158 gəmi məhv etmişik

Donald Tramp Amerika “blokadasına” yaxınlaşan İran gəmilərini məhv etməklə hədələyib. “İran Hərbi Dəniz Qüvvələri dənizin dibində tamamilə məhv edilib - 158 gəmi. Biz onların bir neçəsini, necə deyərlər, “sürətli hücum gəmisi” adlandırdıqları gəmiləri vurmadıq, çünki onları ciddi təhlükə hesab etmədik. Xəbərdarlıq - Əgər bu gəmilərdən hər hansı biri blokadamıza yaxınlaşarsa, dənizdəki qayıqlardakı narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni məhvetmə sistemindən istifadə edərək dərhal məhv ediləcək”, - deyə o, “Truth Social”da yazıb.

Ağ Evdə keçirilən mətbuat konfransında isə Tramp jurnalistlərə bildirib ki, ABŞ razılaşmadan asılı olmayaraq İranın nüvə ambisiyalarını məhdudlaşdırmaq və onun parçalanan materialını ələ keçirmək niyyətindədir. Tramp bildirib ki, “Biz heç bir ölkənin dünyanı şantaj etməsinə və ya pul qoparmasına icazə verə bilmərik”.

İrandan sərt cavab

İran Parlamentinin sədri Məhəmməd Baqır Qalibaf ölkənin “təhdidlərə təslim olmayacağını” və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun boğaza yaxınlaşan hərbi gəmilərə “ciddi şəkildə” cavab veriləcəyini bildirib.

Tehran ABŞ-ın addımını “dəniz piratçılığı” aktı adlandırıb və Fars körfəzindəki qonşu ərəb limanlarına qarşı tədbir görməklə hədələyib.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın son açıqlamalarına sərt və ironik reaksiya verib. İranlı diplomatın sözlərinə görə, Tramp bir tərəfdən İran donanmasının məhv edildiyini iddia edir, digər tərəfdən isə ABŞ gəmilərinə hücum ediləcəyi təqdirdə ciddi nəticələrin olacağını vurğulayır. Əraqçi bu ziddiyyətə diqqət çəkərək belə deyib: “Prezident Tramp özü özünü təkzib edir. Bir tərəfdən deyir İran donanması məhv edilib, digər tərəfdən deyir ki, bizim gəmiləri vursanız pis olacaq. Donanma yoxdursa, niyə narahatsınız? Cənab Tramp, bizə xahiş edirik dəqiq hesabat verin - donanma məhv edilib, ya yox?”

Çin blokadanı yardı...

ABŞ-ın sanksiya siyahısında olan Çinə məxsus “Rich Starry” tankeri dəniz blokadası başladıqdan sonra Hörmüz boğazından keçib. “CNN” telekanalı “Marine Traffic” xidmətinin məlumatlarına istinadən xəbər yayıb. Məlumata görə, gəmi metanol daşıyır və onun təyinat məntəqəsi kimi Çin göstərilib. Bildirilir ki, bu hadisə regionda dəniz nəqliyyatına tətbiq edilən məhdudiyyətlər fonunda gərginliyi daha da artıra bilər.

Qeyd edək ki, Çin körfəz bölgəsində hərbi-dəniz mövcudluğunu gücləndirəcəyini və öz ticarət gəmilərini müşayiət edəcəyini açıqlayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Li Jian vurğulayıb ki, Pekin Hörmüz boğazı üzərindən daşımaları davam etdirəcək və İranla bağlanmış enerji müqavilələrini yerinə yetirməkdə qərarlıdır.

Onun sözlərinə görə, Çin donanması bölgədə fəaliyyətini genişləndirəcək və Çin bayrağı altında üzən gəmilərin təhlükəsizliyini təmin etmək üçün müşayiət tədbirləri görəcək. Rəsmi Pekin eyni zamanda, ABŞ-a xəbərdarlıq edərək bildirib ki, Çin gəmilərinə hər hansı müdaxilə qəbuledilməz hesab olunacaq.

Vurğulayaq ki, Cibutidə hərbi bazası olan Çin gəmilərini hərbi gəmilərlə müşayiət etmək qərarına gələrsə, blokadanın necə davam etdirilə biləcəyi bəlli deyil. Bu baza 1 avqust 2017-ci ildə açılıb. İran Çinin xam neft ehtiyacının 13 faizini təmin edir. Sadəcə olaraq Pekin Vaşinqtonla ticarət müharibəsi apardığı üçün Yaxın Şərq Çin üçün son illərdə xüsusilə vacib hala gəlib. Pekin ABŞ-ın onun yaxınlığında daha da möhkəmlənməsinin nəticələrini anlayır. Bütün bunlar Pekini tədbirlər görməyə sövq edə bilər. Lakin Çin uzun müddətdir ki, müdaxilə etməmək siyasətini davam etdirir və indiyə qədər İranın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsində heç bir maraq göstərməyib.

Avstraliya şərtlərini dedi - Fransa isə konfrans keçirir

Fransa prezidenti Emmanuel Makron Fransa və Birləşmiş Krallığın yaxın günlərdə “Boğazda naviqasiya azadlığının bərpasına” həsr olunmuş konfransa ev sahibliyi edəcəyini açıqlayıb. Sosial media paylaşımında o, konfransın “Boğazda naviqasiya azadlığının bərpasına yönəlmiş dinc çoxmillətli missiyaya” töhfə vermək istəyən ölkələrlə birgə təşkil olunacağını qeyd edib. Makron yazıb: “Müharibə edən tərəflərdən ayrı olan bu ciddi müdafiə missiyası şərait imkan verən kimi yerləşdirilməlidir”.

Avstraliya isə yalnız davamlı atəşkəs əldə edildiyi təqdirdə Hörmüz boğazında gəmiçiliyin təmin edilməsində iştirak edə bilər. Avstraliya Baş nazirin müavini Riçard Marles bildirib ki, hərbi əməliyyatların davamlı dayandırılması Kanberranın bölgədə naviqasiya azadlığını təmin etmək üçün hər hansı bir tədbirdə iştirakı üçün vacib şərtdir: “Avstraliya Hörmüz boğazından açıq gəmiçiliyin saxlanılmasını və sabit yanacaq tədarükünün bərpasını dəstəkləyir. Biz regional təhlükəsizliyə mümkün töhfələri müzakirə etmək üçün ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla müttəfiqlərlə əlaqədəyik. Konkret tədbirlər hələ müəyyən edilməyib; onlar mövcud atəşkəs çərçivəsində dəyişən vəziyyətdən və şərtlərdən asılı olacaq”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30