Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Siyasi dialoqun yeni məkanı

Siyasi dialoqun yeni məkanı

30.04.2026 [12:41]

Bakı-Kiyev: yaxın  münasibətlərə əsaslanan əməkdaşlıq...

Azərbaycanın xarici siyasət kursu praqmatik və əməkdaşlığa açıq prinsiplər üzərində qurulub. Bu siyasətin əsas prioritetləri beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunması, eləcə də qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. Azərbaycan qlobal və regional səviyyədə etibarlı tərəfdaş kimi çıxış edərək müxtəlif ölkələrlə siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrini genişləndirməyə xüsusi önəm verir. Bu kontekstdə Ukrayna ilə münasibətlər Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Hər iki ölkə oxşar tarixi-siyasi çağırışlarla üzləşib - ötən əsrin sonunda SSRİ-nin dağılması ilə müstəqilliklərini elan edən ölkələr qarşılıqlı şəkildə ərazi bütövlüyünə dəstək verilməsi, siyasi dialoqun davamlılığı və müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq kimi mühüm əlaqələrə malikdirlər. Azərbaycan və Ukrayna arasında formalaşan tərəfdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, həm də iqtisadi və enerji əməkdaşlığı ilə daha da möhkəmlənir.

Yüksək siyasi dialoq...

Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı etimad, ortaq maraqlar və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq modeli kimi çıxış edir və bu, əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır.

Qeyd edildiyi kimi, SSRİ-nin dağılması ilə müstəqillik qazanan dövlətlər arasında siyasi əlaqələr formalaşıb və zamanla inkişaf edib. Bu əlaqələr əsasən qarşılıqlı dəstək, enerji əməkdaşlığı və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya üzərində qurulub. Birləşmiş Millətlər Təşkilatı, ATƏT və GUAM kimi qurumlarda əməkdaşlıq edirlər. Paytaxtlarda səfirliklər fəaliyyət göstərir. 2022-ci ildən sonra, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan Ukraynaya humanitar yardım göndərib. İki ölkə arasında siyasi dialoq və iqtisadi əlaqələr davam edir. Regional təhlükəsizlik, nəqliyyat dəhlizləri və ticarət sahəsində əməkdaşlıq perspektivləri mövcuddur.

Dövlət başçıları arasındakı münasibətlər də müntəzəm xarakter daşıyır - iki ölkənin prezidenti son 4 ildə 7 dəfə görüşüblər. Prezident Volodimir Zelenski 2019-cu ildə Bakıya səfər edib. Prezident İlham Əliyevin Kiyevə səfəri isə 2022-ci ilin yanvarında baş tutub. İntensiv dialoq dövlətlərarası münasibətlərin daha yüksək səviyyəyə qalxmasına şərait yaradıb. Prezident İlham Əliyev aprelin 25-də Qəbələdə Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində mətbuata bəyanatında vurğulayıb ki, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”.

Prezident Zelenski də bildirib ki, bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub: “Ötən il görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Mən qeyd etmişəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik, eyni zamanda, biz Ukraynaya eyni münasibəti görmüşük”.

Qarşılıqlı əlaqələr münasibətlərin inkişafına töhfə verir

Ötən il Bakıda xarici işlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilib. Bu isə siyasi dialoqun davamlılığını müsbət təsir göstərir.  Vurğulandığı kimi, Ukrayna ilə Azərbaycan arasında son illərdə artan siyasi dialoq iki ölkə münasibətlərinə yeni dinamizm qazandırır. Xüsusilə son 4 ildə prezidentlər səviyyəsində keçirilən 7 görüş qarşılıqlı etimadın möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə və müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə zəmin yaradır. Bu intensiv təmaslar yüksək səviyyəli dialoqun davamlı xarakter almasına kömək edir - eləcə də, regional və beynəlxalq məsələlərdə mövqelərin uzlaşdırılmasına imkan verir. Beləliklə, liderlər arasında müntəzəm görüşlər iki ölkə arasında əlaqələrin daha sistemli və məqsədyönlü şəkildə inkişafına töhfə verir, əməkdaşlığın perspektivlərini genişləndirir və tərəfdaşlığı yeni mərhələyə yüksəldir. Prezident İlham Əliyev bəyanatında bildirib ki, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir: “Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır”.

Ukraynalı uşaqlara humanitar dəstək...

Uzun illər işğal və təcavüzə məruz qalmış, 30 ildən artıq müddətdə ərazilərinin bir hissəsi nəzarət altında saxlanılmış və nəticədə 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş Azərbaycan hər zaman qarşılıqlı münasibətlərdə humanitar məsələlərə həssas yanaşır. Məhz bu səbəbdən ölkə humanitar siyasəti dövlət strategiyasının ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Rəsmi Bakının mövcud konfrantasiyalara, münaqişələrə və müharibələrə münasibəti də birmənalıdır - biz bütün problemlərin sülh və danışıqlar yolu ilə tənzilənməsinin tərəfdarıyıq. Rusiya-Ukrayna müharibəsi kontekstində də Azərbaycan tərəf tutmur və neytral mövqe sərgiləyir. Bununla belə, humanitar dəyərlərə sadiq qalaraq Ukraynaya müxtəlif formalarda yardım göstərir. Bu yardımlar siyasi mövqedən deyil, insan amilinə əsaslanan yanaşmadan irəli gəlir və müharibədən zərər çəkmiş mülki əhalinin vəziyyətinin yüngülləşdirilməsinə yönəlir. Ukraynadan olan uşaqlara reabilitasiya proqramlarının həyata keçirilməsi də bu səpkidə atılan humanitar addımlardandır. Qeyd edək ki, müharibənin davam etdiyi dövrdə ümumilikdə 500-dən yuxarı uşaq ölkəmizə gətirilərək bu proqramlarda iştirak ediblər. Məsələn, 2024-cü ilin oktyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə 30 ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Uşaqlara agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində keçiriləcək 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək, peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunub. Reabilitasiya proqramı onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır. Uşaqların Azərbaycan mədəniyyəti, tarixi ilə tanışlığı üçün Şəki və Qəbələ şəhərlərindəki muzeylərə ekskursiyalar təşkil olunub.

Ötən ilin avqustunda isə daha 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə əhatə olunublar. Mərkəzdə onlar ilk mərhələdə müayinədən keçirilib. Hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib. Emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri keçirilib. Onlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstərilib. 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi yerlərə, muzeylərə ekskursiyalar, stolüstü oyunlar, yarışlar və s. tədbirlər də təşkil olunub.

Prezident Zelenski bununla bağlı Prezident İlham Əliyevə təşəkkür edib və bildirib ki, “Biz, həmçinin, cənab Prezident, xüsusi olaraq Sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq”.

Ukrayna prezidentindən təklif: istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq...

Yeni nizamın ən düşündürücü və ağrılı proseslərindən biri regional konfrantasiyaların coğrafiyasının genişlənməsidir - sirr deyil ki, müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal güc mərkəzləri yenidən formalaşır, klassik təhlükəsizlik mexanizmləri isə yeni çağırışlar qarşısında bəzən təsirsiz qalır. Belə bir mürəkkəb geosiyasi mənzərədə regional aktorların qlobal proseslərə təsir imkanları artmaqda, etibarlı tərəfdaş anlayışı isə beynəlxalq siyasətin əsas meyarlarından birinə çevrilməkdədir. Məhz bu kontekstdə Azərbaycanın artan rolu xüsusi diqqət çəkir. Son illər rəsmi Bakı təkcə regional sabitliyin təminatçısı kimi deyil, həm də qlobal təhlükəsizlik və sülh gündəliyinə töhfə verən məsuliyyətli aktor kimi çıxış edir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi, multikultural dəyərlərin təşviqi və beynəlxalq dialoq platformalarının yaradılması Azərbaycanın yumşaq və sərt güc elementlərini balanslı şəkildə birləşdirdiyini göstərir. Bu siyasət ölkəmizi etibarlı vasitəçi və dialoq məkanı kimi ön plana çıxarıb. Bakı sözün əsl mənasında sülhpərvər missiya ortaya qoyur - dünya siyasətində qütblərarası rəqabətin kəskinləşməsi və enerji-logistika marşrutları uğrunda mübarizənin artması fonunda Azərbaycanın sabitləşdirici potensialı daha aydın görünməyə başlayır. Bakı artıq yalnız region üçün deyil, həm də geniş Avrasiya məkanında siyasi dialoqun qorunması, təhlükəsizlik risklərinin idarə olunması və əməkdaşlıq mexanizmlərinin qurulması baxımından mühüm mərkəz funksiyasını icra edir. Ölkəmizin Qəzza bölgəsi ilə bağlı formalaşan Sülh Şurasında təsisçi üzv kimi təmsil olunması bu faktı təsdiqləyir. Paralel olaraq, Bakı Yaxın Şərqdə baş verən bir çox kataklizmlərdə, fikir ayrılıqlarında, hətta qarşıdurmanın bir addımlığında olan ölkələrin uzlaşmasında uğurlu vasitəçilik rolu nümayiş etdirir.

Bakı Rusiya-Ukrayna müharibəsinə münasibətdə də eyni mövqeni paylaşır - ölkəmiz bu prosesin dinc danışıqlar yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. Hətta müharibənin ilk illərində Bakı dəfələrlə tərəflərə bununla bağlı müraciətlər edib, uzun illər müharibənin ağrısını çəkən, onun acı nəticələrini yaşayan bir dövlət kimi vasitəçilik missiyasını təklif edib. Reallıq göstərir ki, Bakının bu problemin həllində vasitəçi rolu uğurlu ola bilər. O baxımdan ki, Bakı hər iki münaqişə tərəfi ilə eyni məsafədədir - həm rəsmi Kiyev, həm də Rusiya Azərbaycana etimad göstərir, hər iki dövlətlə yaxın əlaqələrmiz var. Ayrı- ayrılıqda isə Bakı həm də müharibədə artıq tərəfə çevrilmiş və ya vasitəçi kimi çıxış edən ölkələrlə də mühüm tərəfdaşlığa malikdir - daha açıq kontekstdə izah etsək, Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi istiqamətində iki güc mərkəzi: Avropa İttifaqı və ABŞ daha fəal görünür. Bakı hər iki tərəf ilə yaxın strateji münasibətlərə malikdir. Azərbaycan ilə ABŞ yaxın strateji tərəfdaşdır - paralel olaraq Azərbaycan ABŞ ilə çiyin-çiyinə “Sülh Şurası” missiyasında təsisçi ölkə kimi çıxış edir. Aİ ilə münasibətlərimiz də yüksək səviyyədədir. O baxımdan, Azərbaycanın bütün tərəflərin ortaya qoyduğu səyləri birləşdirərək sülhpərvər vasitəçilik missiyası təqdim etməsi real görünür. Yeri gəlmişkən, Prezident Zelenski də özünün mətbuata bəyanıtında bu məqama toxunub. Ukrayna Prezidenti bildirib ki, Qəbələdə baş tutan görüşlərdə eyni zamanda, sülh sahəsində səylər müzakirə olunub: “Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə”.

Zelenskinin bu bəyanatı Azərbaycana birbaşa etimadın göstəricisidir. Bakı bu etimadı bütün məsələlərə və proseslərə beynəlxalq hüquq kontekstindən yanaşması ilə qazanıb. Biz münasibətlərin yalnız bu müstəvidə tənzimlənməsinin tərəfdarıyıq - bu isə son nəticədə şəffaf və hüquqi müstəviyə əsaslanan mənzərəni ortaya çıxarır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31