33 il sonra ədalətin bərpası
18.08.2026 [11:25]
ABŞ Dövlət Departamenti “Azadlığa Dəstək Aktı”nda Azərbaycanla bağlı 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib
Bu günlərdə Ağ Evdən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycana birbaşa yardımına qadağa qoyan bədnam 907-ci düzəlişlə bağlı növbəti xəbər gəlib. Belə ki, ABŞ Dövlət Departamenti “Azadlığa Dəstək Aktı”nda Azərbaycanla bağlı 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib. 10 avqust tarixli bildiriş ABŞ Konqresinin rəsmi protokolunda yer alıb.
Sənəd ABŞ Dövlət Departamenti tərəfindən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.
Azərbaycan-ABŞ münasibətlərində “qara səhifə”
Müstəqil Azərbaycan milli maraqlar üzərində qurulan xarici siyasət kursunda hər zaman dünyanın supergüc dövlətlərindən olan Amerika Birləşmiş Ştatlarına münasibətdə ardıcıl yanaşma sərgiləyib. Yəni respublikamız davamlı olaraq ABŞ-la xoş mərama və qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurmağa və bu əlaqələri daha da dərinləşdirməyə çalışıb. Qeyd edək ki, müstəqilliyimizin ilk illərindən ABŞ şirkətlərinin ölkəmizdə fəaliyyətinə “yaşıl işıq” yandırılıb. Eyni zamanda, Azərbaycan dövləti Vaşinqtonun respublikamızın transmilli şirkətlərlə birgə reallaşdırdığı enerji layihələrinə verdiyi dəstəyi birmənalı şəkildə yüksək dəyərləndirib.
Bununla belə, Azərbaycan ABŞ-la bir çox sahələrdə qurulan əlaqələrə davamlı sadiqlik nümayiş etdirsə də, qarşı tərəfdən bu cür ardıcıl yanaşma müşahidə edilməyib. Belə ki, Ağ Evdə ayrı-ayrı administrasiyalar dönəmində ölkəmizə qarşı qərəzli addımlar atılıb, erməni lobbisinin təsiri altında Konqresdə ikitərəfli münasibətlərin ruhuna uyğun gəlməyən qətnamələr qəbul olunub. 1992-ci ilin oktyabrında ABŞ-ın qanunverici orqanında “Azadlığa Dəstək Aktı”na bədnam “907-ci düzəliş”in qəbul edilməsi, eləcə də keçmiş Bayden-Blinken administrasıyasının davamlı olaraq anti-Azərbaycan mövqeyindən çıxış etməsi bunun əyani təsdiqidir.
ABŞ-ın “Azadlığa Dəstək Aktı” qanununa edilmiş bədnam 907-ci düzəliş ikitərəfli münasibətlərdəki “qara səhifələrdən” biridir. Konqres tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək aktı” qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtiva edib. Lakin 1992-ci ilin oktyabr ayında ABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan “Azadlığa Dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mənfi rol oynayıb.
907-ci düzəliş niyə qəbul edilib və onun mahiyyəti nədən ibarətdir? Bu sualın ən dolğun cavabını Prezident İlham Əliyev həm 2025-ci il avqustun 8-də ABŞ-da səfərinin yekunları ilə bağlı Azərbaycan media nümayəndələrinə verdiyi müsahibəsində, həm də bir qədər bundan əvvəl baş tutan IV Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən verib. Dövlətimizin başçısı IV Şuşa Qlobal Media Forumunda sənədin bədnam mahiyyətinə diqqət çəkərək bildirib ki, 907-ci düzəliş ABŞ Konqresi tərəfindən ədalətsiz bir addım idi, bu, ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbərləri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşərək qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş o illərdə Azərbaycanın çox ehtiyac duyduğu birbaşa Amerika yardımından məhrum etdi. Humanitar fəlakət yaşayan Azərbaycan 907-ci düzəlişə görə keçmiş ittifaq respublikaları arasında birbaşa ABŞ yardımından məhrum qalan yeganə postsovet dövləti idi. Sonra 2001-ci ildə bu sanksiyalar dayandırıldı, çünki ABŞ hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı yaranmışdı. Məsuliyyətli dövlət olan Azərbaycan o dövrdə ABŞ üçün çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdi. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. Sonra hər il Amerika prezidentləri bu düzəlişin qüvvəsini dayandırırdılar, 2023-cü ilə qədər. Bayden administrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdığı dövrdə ədalətsiz 907-ci düzəlişin dayandırılmasına da lüzum görmədi. Bu, Azərbaycana mənfi münasibətin və nankorluğun zirvəsi idi.
Ağ Evdə Tramp tərəfindən atılan və böyük rəmzi məna daşıyan addım
Ötən il avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Prezident Donald Tramp Azərbaycana münasibətdə böyük məna yükünə malik olan mühüm addım atdı. Belə ki, o, 907-ci düzəlişin dayandırılması ənənəsini bərpa etməklə Bayden-Blinken administarsiyasının səhvlərinə nöqtə qoymuş oldu. Azərbaycan Prezidenti İlham Əliyev bunu 33 il sonra bərpa olunan ədalət kimi səciyyələndirib.
Aradan illər ötəndən sonra Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq güclü dövlətə çevrilib. Hazırda respublikamız özünün iqtisadi potensialına və maliyyə imkanlarına əsaslanmaqla tam müstəqil siyasət həyata keçirir. Bu gün inkişafının yüksək səviyyəsinə çatan Azərbaycan öz problemlərini özü həll edir və dünyada orta güc dövləti kimi qəbul olunur. Belə bir vəziyyətdə 907-ci düzəlişin dondurulmasına və “Azadlığa dəstək aktı” çərçivəsində respublikamıza ABŞ-dan yardım ünvanlanmasına bir o qədər də böyük ehtiyac yoxdur. Prezident İlham Əliyev ötən il avqustun 8-də Vaşinqtona səfəri çərçivəsində Azərbaycan media nümayəndələrinə müsahibəsində D.Tramp tərəfindən 907-ci düzəlişin dayandırılmasının rəmzi məna daşıdığını bildirib. “Əlbəttə ki, “Azadlığa Dəstək Aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Vaşinqton görüşündən 1 il sonra
ABŞ Prezidenti D.Tramp Azərbaycana və “Böyük Lider” kimi səciyyələndirdiyi Prezident İlham Əliyevə xoş münasibətinin ifadəsi olaraq avqust görüşündən təxminən bir il ötəndən sonra bədnam 907-ci düzəlişin dayandırılmasını yenidən gündəmə gətirərək bununla bağlı müvafiq memorandum imzalayıb. Eyni zamanda, daha bir jest edərək həmin sənədin surətini şəxsi qeydlər aparmaqla və xoş sözlər yazmaqla Prezident İlham Əliyevə ünvanlayıb.
Öz növbəsində Prezident İlham Əliyev Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memoranduma görə Donald Trampa təşəkkür edib. Bununla bağlı dövlətimizin başçısının sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilib. Paylaşımda vurğulanıb: “Möhtərəm Prezident Donald Tramp, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm”.
Qeyd edək ki, bu jest son bir ildə prezidentlər arasında qarşılıqlı hörmət və ikitərəfli əlaqələrin dərinləşməsini əks etdirən yeganə hal deyil. Ötən dövrdə ikitərəfli əlaqələrdə izlənilən proseslər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin “itirilmiş illər” adlandırdığı Bayden-Blinken administrasiyası dönəmindəki soyuq münasibətlər artıq tarixdə qalıb. İkitərəfli dialoqda qarşılıqlı dərin rəğbəti əks etdirən və getdikcə daha dolğun məzmunla zənginləşən yeni bir səhifə açılıb. Prezidentlərin davamlı hal alan siyasi təmaslarında, o cümlədən də əlamətdar tarixlərdə bir-birlərinə ünvanladıqları məktublarda ifadə olunan fikirlər onu deməyə əsas verir ki, münasibətləri irəli aparmaqda hər iki tərəf maraqlıdır. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda bildirdiyi kimi, biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir.
Oxşar fikirləri həmçinin D.Tramp da ifadə edib. “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”, - deyə onun Azərbaycan Prezidentinə ünvanladığı məktubda vurğulanıb.
Liderlərin sosial şəbəkə hesablarında bir-birinə qarşılıqlı hörmət və rəğbəti ifadə edən paylaşımları ikitərəfli münasibətlərə güclü impuls verir. Donald Trampın sosial şəbəkə hesabında Azərbaycan Prezidentinin Şuşa Qlobal Media Forumunda etdiyi dərin məzmunlu çıxışlarından sitatlar paylaşması gözəl bir ənənəyə çevrilib. ABŞ dövlət başçısının ilk belə paylaşımı Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı ilə bağlı olub. D.Tramp öz ənənəsini təxminən bir il ötəndən sonra yenidən təkrarlayıb. Belə ki, bu dəfə o, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşıb. Buna cavab olaraq isə dövlətimizin başçısı sosial media hesablarında etdiyi paylaşımda D.Trampa təşəkkürünü bildirib. Paylaşımda deyilir: “Cənab Prezident, Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və “Breitbart” nəşrinə istinadən Sizi “Sülh İnsanı” kimi xarakterizə etdiyim fikirlərimi paylaşdığınıza görə Sizə təşəkkür edirəm.
Tarixi Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qaldığı bir dövrdə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim.
Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib.
Siz həqiqətən də Sülh İnsanısınız”.
Bütövlükdə, son bir ildə Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq ruhunda inkişaf edib. Məlum olduğu kimi, Prezident İlham Əliyevin ötən ilin avqust ayında Vaşinqtona baş tutan uğurlu səfəri çərçivəsində “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Bir neçə ay ərzində hər iki ölkənin heyətlərinin səmərəli fəaliyyətlərinin nəticəsi olaraq cari il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nı imzalayıblar. Xartiya mətnində hər iki tərəf qarşılıqlı suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini açıq şəkildə təsdiqləyiblər. 2025-ci il avqustun 8-dən əvvəl Azərbaycan-ABŞ münasibətlərinin əsasında yalnız enerji, təhlükəsizlik və diplomatiya dururdu. Yeni Xartiyada isə süni intellekt, rəqəmsal infrastruktur və texnoloji əməkdaşlıq ayrıca prioritetlər kimi müəyyənləşdirilib. Bağlantılar, xüsusilə TRIPP üzrə əməkdaşlıq da qarşılıqlı münasibətlərdə yeni bir istiqamətdir. Ümumiyyətlə, Bakıda imzalanan Xartiya iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni strateji mərhələyə qaldıran və uzunmüddətli əməkdaşlığı rəsmiləşdirən tarixi sənəd və yol xəritəsidir.
907-ci düzəlişin tam ləğv edilməməsi ikitərəfli strateji tərəfdaşlığın ruhuna ziddir
Bədnam 907-ci düzəlişin bir il müddətində dayandırılması özlüyündə müsbət hal olsa da, onun tam ləğv edilməməsi ikitərəfli strateji tərəfdaşlığın ruhuna ziddir. Azərbaycan zaman-zaman 907-ci düzəlişin tamam ləğvi məsələsini gündəmə gətirib. Xatırlatmaq yerinə düşər ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 907-ci düzəliş əleyhinə fəaliyyət güclənib.
Heydər Əliyev 27 iyul-7 avqust 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinə böyük zərbə vuran 907-ci əlavənin ləğvinin zəruriliyini Prezident Klintona və Konqres üzvlərinin diqqətinə çatdırıb. 1 avqust 1997-ci ildə Heydər Əliyevlə söhbət zamanı Bill Klinton ABŞ Konqresinin 907-ci əlavəyə münasibətini dəyişəcəyini bildirib. O, əvvəlcə Azərbaycana yardımların təmin olunacağını, daha sonra həmin əlavənin ləğv ediləcəyini deyib.
Ulu Öndər Heydər Əliyevin Nümayəndələr Palatasında keçirdiyi görüşlər zamanı da ABŞ qanunvericiləri 907-ci düzəlişin əleyhinə olduqlarını bildiriblər. ABŞ-dakı erməni lobbisinin müqaviməti nəticəsində 907-ci düzəlişin tam ləğvinə nail olunmasa da, 1997-2000-ci illərdə ABŞ Azərbaycana məhdud da olsa, müxtəlif yardımlar edib. 2000-ci ilin fevralında Heydər Əliyevin ABŞ-a səfəri zamanı müdafiə naziri Uilyam Kohenlə 907-ci düzəlişin daha çox qarşısını aldığı hərbi əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Sonrakı mərhələdə Prezident İlham Əliyev 907-ci düzəlişin tamam ləğv edilməsi ilə bağlı Azərbaycanın birmənalı mövqeyini dəfələrlə ən yüksək auditoriyalar qarşısında beynəlxalq birliyin diqqətinə çatdırıb. Məsələn, dövlətimizin başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı vurğulayıb ki, ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.
ABŞ-ın özündə də 907-ci düzəlişin tamam ləğv edilməsinə çağırışlar güclənir
Yaxşı haldır ki, artıq ABŞ-ın özündə də bədnam 907-ci düzəlişin tamam ləğv edilməsinə çağırışlar edilir və bu hərəkat getdikcə güclənir. Diqqətçəkən mühüm məqam həm də ondan ibarətdir ki, Konqresdə də bu mövqedə olanların sayı artmaqdadır. Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib və sənəd Konqresin saytında yerləşdirilib. Qanun layihəsində deyilir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri Amerika Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin sadiq tərəfdaşı olaraq qalır, Azərbaycan müharibə dövründə də, sülh dövründə də mühüm əməkdaşlığı təmin edib. Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanundan həmin maddə ilə əlaqəli bənd çıxarılır.
Sözügedən qanun layihəsinin həmmüəllifi qismində Nümayəndələr Palatasının digər üzvü Abraham Hamadeyi çıxış edir. O, cari ilin iyun ayında Azərbaycana səfər edib və ölkə Prezidenti İlham Əliyevin, eləcə də xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olub.
Hazırda 907-ci düzəlişin mövcudluğuna heç bir əsas yoxdur. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda bildirdiyi kimi, bu gün 907-ci düzəliş tamamilə köhnəlib. Artıq şərait də dəyişib, Cənubi Qafqazda yeni reallıqlar hökm sürür. “Əfsuslar olsun ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, hələ ki qüvvədə qalır. ABŞ Konqresi bunu nə qədər tez ləğv edərsə, bu həm hamı, həm də Azərbaycan üçün faydalı olacaq, çünki belə olan halda ayrı-seçkilik aradan qalxacaq və Konqres öz məsuliyyətini və bacarığını nümayiş etdirəcək. Bu da o demək olacaq ki, onlar öz səhvlərini etiraf edirlər və cari geosiyasi vəziyyətə uyğun addım atırlar. Beləliklə, biz ümid edirik ki, bu baş verəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55

