ŞƏT-in 25 illik inkişaf və genişlənmə yolu
01.09.2026 [11:48]
Son illərdə çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycanla Asiyanın ayrı-ayrı aparıcı dövlətləri arasında əlaqələrin intensivləşməsi diqqət çəkir. Bu əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli platformalarda inkişaf etdirilir. Dünyanın bir sıra digər regionlarında olduğu kimi, Asiyada da Azərbaycana marağın artması isə bir sıra mühüm amillərlə şərtlənir. Burada Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və ölkəmizin bağlantılar nöqteyi-nəzərindən son dərəcə əlverişli coğrafi yerləşməyə malik olmasının önəmini xüsusi qeyd edə bilərik. Azərbaycan daim multilateralizm mövqeyindən çıxış etməklə yaxın və uzaq dövlətlərlə əlaqələrini genişləndirməyə çalışır. Qarşılıqlı hörmətə və maraqlara əsaslanan bu siyasət ölkəmizə bütün dünyada böyük nüfuz qazandırıb. Qürurverici haldır ki, bu gün respublikamız beynəlxalq səviyyədə orta güc dövləti kimi qəbul olunur, eyni zamanda Prezident İlham Əliyev şəxsinə böyük hörmətin təsdiqi olaraq ölkəmizin üzv olduğu və yaxud üzv olmadığı beynəlxalq təşkilatların mötəbər tədbirlərinə fəxri qonaq qismində dəvətlər alır.
Azərbaycanın əlverişli coğrafi mövqeyinə gəldikdə isə ölkəmiz Şərqlə Qərb, Asiya ilə Avropa arasında körpü rolunu oynayır və ən optimal bağlantını təmin etmək iqtidarındadır. Hazırda dünyada müşahidə edilən geosiyasi və geoiqtisadi gərginliklər səbəbindən bir sıra bağlantıların ciddi təhdid altına düşdüyü, fəaliyyətləri iflic olduğu bir vaxtda Azərbaycan öz ərazisindən təhlükəsiz marşrutlar təqdim edir. Bunlar Şərq-Qərb, Şimal-Cənub və Transxəzər (Orta Dəhliz) xətləridir. Perspektivdə isə Orta Dəhliz TRIPP marşrutu (Zəngəzur dəhlizi) ilə şaxələndiriləcək.
Eyni zamanda, ölkəmizin üstünlüyü yalnız əlverişli coğrafi yerləşmə ilə bağlı deyil. Son 22 ildə Prezident İlham Əliyev strateji yanaşmalar ortaya qoymaqla ölkəmizdən keçən bütün beynəlxalq marşrutlar üzrə yüksəksəviyyəli nəqliyyat-logistika infrastrukturu yaratmağa nail olub. Bunun nəticəsində də hazırda respublikamız Avrasiyanın çox mühüm nəqliyyat hablarından biri qismində çıxış edir.
Asiya dövlətlərinin son illərdə ölkəmizə marağının artması da bu və ya digər amillərdən qaynaqlanır. Artıq Azərbaycan və Mərkəzi Asiya dövlətləri vahid siyasi və iqtisadi məkan qismində çıxış edirlər. Respublikamızla Asiya nəhəngi Çin arasında strateji tərfdaşlıq münasibətləri yüksək dinamikaya malikdir. Bu kontekstdə ölkəmizin Asiya dövlətlərini bir araya gətirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin genişlənməsi xüsusi diqqət çəkir.
10 tamhüquqlu, 2 müşahidəçi və 15 dialoq tərəfdaşı ölkəsini birləşdirən nüfuzlu beynəlxalq təşkilat
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyun 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Bu il yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT-in sıralarında 10 tamhüquqlu, 2 müşahidəçi və 15 dialoq tərəfdaşı ölkəsi var. Təşkilatın əhatə etdiyi coğrafiya təxminən 36 milyon kvadratkilometr, üzv ölkələrin ümumi əhalisi isə 3,4 milyard nəfərdən çoxdur. Dünya Bankının 2025-ci il məlumatlarına əsasən, ŞƏT-in 10 üzv ölkəsinin ümumi nominal ÜDM-i təxminən 27,4 trilyon dollar təşkil edir ki, bu da dünya ÜDM-in təxminən 23,1 faizinə bərabərdir.
Təşkilatın üzvləri arasında Çin, Hindistan və Rusiya kimi qlobal iqtisadi və siyasi güclərlə yanaşı, İran və Pakistan kimi geostrateji əhəmiyyətli dövlətlər, həmçinin Mərkəzi Asiyanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələri yer alır. Belarusun da üzvlüyü ilə ŞƏT-in Avrasiya miqyasında əhatə dairəsi daha da genişlənib.
ŞƏT bir tərəfdən dünyanın ən böyük əhali və istehlak bazarlarını, digər tərəfdən zəngin enerji və xammal resurslarına malik ölkələri, eyni zamanda, Avrasiyanın əsas quru nəqliyyat marşrutlarını bir platformada birləşdirir. Bu xüsusiyyət təşkilatın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.
Geniş institusional əməkdaşlıq sistemi
ŞƏT ötən 25 ildə böyük inkişaf və genişlənmə yolu keçib. Ötən dövrdə qurumun beynəlxalq nüfuzu və funksionallığı əhəmiyyətli dərəcədə artıb. Xatırladaq ki, təşkilatın əsasında əvvəlcə Çinlə Mərkəzi Asiyanın postsovet dövlətləri arasında sərhədlərdə etimadın möhkəmləndirilməsi, hərbi risklərin azaldılması və qarşılıqlı təhlükəsizliyin təmin olunmasına yönələn mexanizmlər dayanırdı. Sonradan bu əməkdaşlıq daha geniş siyasi, təhlükəsizlik, iqtisadi və humanitar gündəliyə malik beynəlxalq təşkilata çevrilib.
Əvvəlcə Asiya nəhəngi Çin və 5 postsovet respublikası ilə təməli qoyulan ŞƏT-in sonrakı illərdə coğrafiyası genişlənib. Belə ki, 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus qurumda tamhüquqlu üzvlər sırasına qoşulub.
Təşkilatın hüquqi əsasını 2002-ci ildə imzalanmış ŞƏT Xartiyası təşkil edir. Sənəddə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, gücdən istifadə etməmək və fikir ayrılıqlarını sülh yolu ilə həll etmək kimi prinsiplər təsbit olunub. Xartiya üzv dövlətlərin bərabərliyini və ŞƏT-in digər dövlətlərə və beynəlxalq təşkilatlara qarşı yönəlmədiyini də müəyyən edir. Bu yanaşma təşkilatın mühüm xüsusiyyətini ortaya qoyur. ŞƏT vahid siyasi və ya hərbi blok deyil. Onun daxilində fərqli siyasi sistemlərə, xarici siyasət prioritetlərinə və iqtisadi maraqlara malik dövlətlər təmsil olunur. Buna baxmayaraq, həmin dövlətlər ortaq maraq kəsb edən məsələlər üzrə eyni platformada əməkdaşlıq edirlər.
Təşkilatın hüquqi bazasının 25-dən çox saziş və digər normativ sənədi əhatə etməsi, fəaliyyətinin isə təhlükəsizliklə məhdudlaşmaması ŞƏT-in geniş institusional əməkdaşlıq sisteminə çevrildiyini göstərir. Terrorizm, separatizm, ekstremizm, narkotik və silahların qanunsuz dövriyyəsi, transmilli cinayətkarlıqla mübarizə ilə yanaşı, iqtisadi və investisiya əməkdaşlığı, nəqliyyat və kommunikasiya infrastrukturu, tranzit imkanları və enerji sistemlərinin inkişafı da təşkilatın gündəliyində yer alır.
ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyası təşkilatın gələcək istiqamətlərini də müəyyənləşdirir. Sənəddə təhlükəsizliklə yanaşı, ticarət, iqtisadiyyat və investisiya əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, elm və texnologiya, səhiyyə, ətraf mühit və təhsil sahələrində əlaqələrin inkişafı prioritet kimi göstərilir. Bu baxımdan ŞƏT-i yalnız təhlükəsizlik təşkilatı kimi təqdim etmək düzgün olmazdı. Onun fəaliyyəti siyasi-diplomatik dialoqdan iqtisadiyyata, enerjidən nəqliyyata, elmdən təhsilə qədər geniş sahələri əhatə edir.
Nəhəng bazarlar və böyük iqtisadi potensial
ŞƏT-in əsas gücünü onun demoqrafik və iqtisadi miqyası müəyyənləşdirir. Təşkilat məkanında Çin və Hindistan kimi dünyanın ən böyük əhali və istehlak mərkəzləri yerləşir. Rusiya, Pakistan və İran da böyük əhali və geniş daxili bazarlara malikdir. Bu, yalnız istehlak potensialı deyil, həm də böyük əmək resursu, sənaye imkanları və gələcək iqtisadi artım üçün geniş baza deməkdir. Çinin təxminən 19,5 trilyon dollarlıq, Hindistanın 3,96 trilyon dollarlıq, Rusiyanın isə 2,56 trilyon dollarlıq nominal ÜDM-i ŞƏT məkanının iqtisadi miqyasını aydın göstərir. Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya iqtisadiyyatlarının sürətli inkişafı da bu mənzərəni tamamlayır.
ŞƏT coğrafiyasında həm böyük enerji istehsalçıları, həm də dünyanın əsas enerji istehlakçıları yerləşir. Rusiya, İran və Qazaxıstan mühüm neft və qaz ehtiyatlarına malikdir. Çin və Hindistan isə qlobal enerji tələbatının əsas mərkəzləri sırasındadır.
Eyni zamanda, ŞƏT məkanı Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat istiqamətlərinin böyük hissəsini əhatə edir. Çin və Mərkəzi Asiyanın istehsal və ticarət mərkəzləri, Rusiya, İran və Hindistan istiqamətləri, Xəzər hövzəsi və Qərb bazarları arasında əlaqələrin genişlənməsi yeni logistika imkanlarını ön plana çıxarır.
ŞƏT məkanında Azərbaycanın artan strateji önəmi
Dünyada elə dövlətlər var ki, onların bu və ya digər beynəlxalq təşkilatda təmsilçiliyi formal səciyyə daşıyır. Bu qəbildən olan ölkələr sıralarında yer aldıqları təşkilatlara hər hansı bir töhfə vermir və daim özlərinin bitib tükənməyən umacaqlarından çıxış edirlər. Güclü Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi isə tamam fərqli baxış bucağından diqqət çəkir. Ölkəmiz hansısa bir beynəlxalq təşkilatda təmsilçiliyə böyük məsuliyyət kimi yanaşır və daim onların fəaliyyətinə öz dəstəyini göstərir. Bu baxımdan Azərbaycan-ŞƏT münasibətləri də istisnalıq təşkil etmir. Qeyd edək ki, Azərbaycan bu nəhəng məkanla yalnız ikitərəfli əlaqələr vasitəsilə deyil, institusional əməkdaşlıq çərçivəsində də bağlıdır. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən, Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Bu status Azərbaycanın təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə əlaqələrini genişləndirməsinə imkan verir.
Azərbaycan üçün bu məkan həm mövcud ticarət əlaqələri, həm də nəqliyyat, logistika, investisiya, sənaye və enerji imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Lakin ölkəmizin əsas üstünlüyü ŞƏT üzvləri ilə iqtisadi miqyas baxımından rəqabət aparmasında deyil, həmin nəhəng iqtisadi məkanı daha geniş Avrasiya bazarları ilə birləşdirə bilməsindədir. Müasir dünyada enerji ehtiyatlarının mövcudluğu qədər onların təhlükəsiz, sabit və şaxələndirilmiş marşrutlarla istehlak bazarlarına çatdırılması da strateji əhəmiyyət daşıyır.
Azərbaycanın faydası məhz bu mərhələdə daha aydın görünür. Ölkəmiz ŞƏT-in ən böyük enerji istehsalçısı deyil. Lakin Azərbaycan enerjinin istehsal olunduğu bölgələrlə istehlak bazarları arasında bağlantı yaradan mühüm dövlətlərdən biridir. Cənub Qaz Dəhlizi bunun ən aydın nümunəsidir. Təxminən 3500 kilometr uzunluğunda olan bu enerji sistemi Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv dövlətlərə bu dəhliz vasitəsilə 12,5 milyard kubmetr təbii qaz tədarük edib. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr də Azərbaycanın enerji infrastrukturunun müxtəlif regionları birləşdirmək imkanlarını nümayiş etdirir. Cənub Qaz Dəhlizi bunun ən aydın nümunəsidir.
Eyni məntiq nəqliyyat sahəsində də özünü göstərir. ŞƏT məkanı Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat istiqamətlərinin böyük hissəsini əhatə edir. Çin və Mərkəzi Asiyanın istehsal və ticarət mərkəzləri, Rusiya, İran və Hindistan istiqamətləri, Xəzər hövzəsi və Qərb bazarları arasında əlaqələrin genişlənməsi yeni logistika imkanlarını ön plana çıxarır. Azərbaycan bu xəritədə xüsusi coğrafi mövqeyə malikdir. Ölkəmiz eyni vaxtda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşir. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi müxtəlif istiqamətlər üzrə bağlantılar yaradır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələ üzrə illik yükaşırma qabiliyyətinin 15 milyon ton və 100 min TEU təşkil etməsi, gələcəkdə bu imkanın 25 milyon ton və 500 min TEU-ya çatdırılmasının nəzərdə tutulması Azərbaycanın bu nəqliyyat sistemindəki rolunu daha da gücləndirə bilər.
Ölkəmizin çoxtərəfli diplomatiya təcrübəsi də bu mövqeyi tamamlayır. Azərbaycanın Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi, COP29-a və Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi, D-8-ə üzvlüyü, 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə Zirvə toplantısının keçirilməsi Azərbaycanın müxtəlif regional və beynəlxalq platformalarda fəal rolunu göstərir. Azərbaycanın 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi və bu il Bakıda AQEM Zirvə toplantısının keçirilməsinin planlaşdırılması da ölkəmizin çoxtərəfli diplomatiya imkanlarını genişləndirir.
Azərbaycanın ŞƏT-lə siyasi təmaslarının intensivləşməsi Prezident İlham Əliyevin təşkilatın yüksəksəviyyəli tədbirlərində iştirakı ilə də özünü göstərir. Dövlətimizin başçısı 2022-ci ildə Özbəkistanda keçirilən ŞƏT Sammitində fəxri qonaq qismində iştirak edib, 2024-cü ildə Qazaxıstanda keçirilən sammitdə çıxış edib, 2025-ci ildə isə Çinin Tiencin şəhərində təşkilatın tədbirlərinə qatılıb. Eyni zamanda, Azərbaycanla ŞƏT-də təmsil olunan ayrı-ayrı dövlətlər ikitərəfli formatda siyasi və iqtisadi gündəliyi davamlı olaraq genişləndirirlər.
Azərbaycanın ŞƏT-lə əməkdaşlığı həmçinin təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələri də əhatə edir. Terrorçuluq, ekstremizm, separatçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə təhlükəsizlik gündəliyində mühüm yer tutur. İqtisadi sahədə isə ticarət və investisiyalarla yanaşı, energetika, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiyalar, telekommunikasiya, kiçik və orta biznes, multimodal dəhlizlər və tranzit imkanlarının inkişafı ön plana çıxır.
Humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Mədəniyyət, təhsil, elm, səhiyyə, turizm, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq sahələrində əlaqələr tərəfdaşlığın yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyini göstərir. Qısa əməkdaşlıq tarixində humanitar sahədə də yaxşı əlaqələr qurulub. Belə ki, Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu ŞƏT ilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir. Fondun təşkilatçılığı ilə ŞƏT-in Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib və qərargahda Nizami Gəncəvinin büstü qoyulub. N.Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

