Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Liderin qətiyyəti, xalqın həmrəyliyi, Ordunun şücaəti ilə qazanılan suverenliyimiz Əbədi olsun!

Liderin qətiyyəti, xalqın həmrəyliyi, Ordunun şücaəti ilə qazanılan suverenliyimiz Əbədi olsun!

19.09.2026 [13:19]

Artıq altı ildir ki, Azərbaycan xalqı qürurlu tarix yaşayır. Bu şərəfli tarix Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqın öz dövləti ilə sıx həmrəyliyi, Ordunun gücü, igid əsgər və zabitlərimizin misilsiz şücaəti ilə yazılıb. Söhbət  2020-ci ildə  44 günlük Vətən müharibəsində və 2023-cü ildə  23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan zəfərlərdən gedir. Bu qələbələr  son 200 illik tariximizin ən şanlı səhifələridir və bundan sonra hər zaman xalqımızın sonsuz qürur mənbəyi olaraq qalacaq. Əlamətdar haldır ki, son illərdə dövlətimizin başçısının imzaladığı ayrı-ayrı sənədlər məhz tarixi zəfərlərimizlə bağlıdır. O cümlədən Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunan Dövlət Suverenliyi Günü təsis edilib.

Dövlətimizin başçısının imzaladığı bu sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Məhz 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror əməliyyatının nəticəsi olaraq ərazilərimizdə ən çirkin mahiyyət daşıyan erməni separatizminə son qoyuldu və beləliklə də, suverenliyimiz tam təmin edildi. Hazırda suverenliyimiz real səciyyə daşıyır. Bu yeni tarixin təqvimdə rəsmi qaydada  yer alması zəfərlərimizin, XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin böyük önəm daşıdığını bir daha vurğulayır.

Suverenliyə gedən yolda mühüm mərhələ - ölkənin ərazi bütövlüyünün hərbi-siyasi yolla təmin edilməsi

Məlumdur ki, hazırda dünyada beynəlxalq hüquq işləmir, ədalətsizlik hökm sürür, güc mərkəzləri milli dövlətlərə münasibətdə ikili standartlar nümayiş etdirirlər. Belə vəziyyətdə çıxış yolu milli dövlətlərin iradəsində, gücündə və qətiyyətindədir. Müstəqil Azərbaycan bu sahədə də dünyaya nümunə təqdim edib - işğalla heç vaxt barışmamaq, cəmiyyətin, xalqın milli dövləti ilə sıx birləşməsi, həmrəy olmaq nümunəsi, ən kritik məqamlarda Liderin qətiyyət göstərməsi və doğru seçim etmək nümunəsi.

Tale Azərbaycan xalqına ötən əsrin doxsanıncı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə müstəqil dövlətini qurmaq şansı verdi. Lakin iş elə gətirdi ki, müstəqilliyimizin ilk illərində biz qonşu Ermənistanın təcavüzünə məruz qaldıq. Belə ki, bu ölkə xarici havadarlarının güclü dəstəyi ilə ərazilərimizin təxminən 20 faizini öz nəzarəti altına keçirməyə müvəffəq oldu. O dövrdə Azərbaycanın nizami ordusu yox idi, daxili həmrəylik pozulmuşdu, özlərini “lider” adlandıran şəxslər arasında qarşıdurmalar yaşanırdı, həmçinin iqtisadiyyatımız dağılmışdı, maliyyə imkanları olduqca məhdud idi. Xain düşmən də bundan sui-istifadə etməklə özünün işğalçılıq siyasətini həyata keçirdi. Bu işğal nəticəsində təxminən bir milyon insan doğma ev-eşiyini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bu, əsl humanitar fəlakət idi. 

Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmayıb. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayanıb. Azərbaycan dövləti və cəmiyyəti artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsində yekdil mövqe və güclü həmrəylik ortaya qoyub. Əsas məqam ondan ibarətdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizin gücünü ümummilli ideya ətrafında cəmləşdirməyi və səfərbər etməyi bacarıb. Otuz il ərzində Azərbaycan danışıqlar prosesində konstruktivlik göstərməklə yanaşı, həm də istənilən vəzifəni yerinə yetirməyə qadir olan güclü Ordu formalaşdırıb. Bu Ordu İkinci Qarabağ müharibəsinədək olan dövrdə nəyə qadir olduğunu Aprel döyüşlərində, Günnüt əməliyyatında göstərmişdi.

Ölkəmizin ərazi bütövlüyünü təmin etmək məqamı 2020-ci ilin sentyabr ayında yetişdi. Həm düşmənə sarsıdıcı zərbələr endirməyə qadir olan Ordumuz var idi, həm də cəmiyyətin ovqatı torpaqların işğaldan birdəfəlik azad olunmasına köklənmişdi. Ölkədə məhz İlham Əliyevin rəhbərliyi dönəmində Vətənə, xalqa bağlı gənclik formalaşmışdı. Prezident İlham Əliyev məhz bu kimi amilləri nəzərə almaqla tələsmədən və gecikmədən ən doğru məqamı seçdi - 2020-ci il sentyabrın 27-də düşmənin keçmiş təmas xətti boyunca törətdiyi növbəti təxribatlara genişmiqyaslı əks-hücum əməliyyatları ilə cavab verilməsi barədə göstərişlərini verdi. Ali Baş Komandanın bütün tapşırıqlarını yerinə yetirən Ordumuz müharibə dövründə daim irəlilədi və cəmi 44 gün ərzində düşməni diz çökməyə məcbur etdi. Döyüşlərdə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan Azərbaycana  təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu ki, bu da suverenliyin bərpasına gedən yolda ən mühüm mərhələdir. 

Cəmi 23 saat 43 dəqiqəyə tamamlanan antiterror əməliyyatı - ölkə ərazisində separatizmə son qoyuldu

Güman etmək olardı ki, işğalçı Ermənistan 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən dərs alacaq və üçtərəfli bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək. Ancaq belə olmadı. Müharibə başa çatsa da, məğlub Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə tələsmədi və manipulyasiyalara əl atdı. Bəhs olunan sənəddə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycan ərazilərindəki hərbi hissələrini geri çəkməklə bağlı idi. 44 günlük müharibədən sonrakı üç il ərzində bu öhdəlik yerinə yetirilmədi. Ermənistan ordusunun təxminən 15 minlik kontingenti Azərbaycan ərazilərində qalaraq separatçılıq əməllərini davam etirir, tez-tez təxribatlara əl atırdı. İkinci Qarabağ müharibəsindən  sonra ölkəmiz narahatlığını nəzərə çatdıraraq dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına, digər tərəflərə müraciət edib və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının yolverilməz olduğunu əsaslandırıb. Rəsmi Bakı buna son qoyulmasını tələb edirdi.

Azərbaycanın haqlı tələbləri eşidilmədi. Müharibədən sonra respublikamız Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəf  hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi.  2023-cü ilin 19 sentyabr tarixində  Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törətdilər. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldular və yaralandılar. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə  bölgədə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Ərazilərimizdə separatizmə son qoyan lokal xarakterli antiterror əməliyyatı uğurla baş tutdu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Bununla da ərazilərimizdə separatizmə birdəfəlik son qoyuldu. “İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir”, - deyə dövlətimizin başçısı şanlı zəfərlərimizi dəyərləndirib.

20 sentyabrdan sonrakı bir ildə...

Uğurlu lokal xarakterli antiterror əməliyyatından sonrakı bir ildə də tarixi analara şahidddlik etdik. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də  Onun üçün əlamətdar olan bir gündə - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında antiterror tədbirlərində separatçılardan təmizlənən ərazilərimizdə, o cümlədən Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla bizlərə sonsuz qürur hissi yaşatdı. Artıq suverenliyimiz tam təmin olunmuşdu və ölkənin bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanırdı.

2024-cü  ilin əvvəlindən isə suveren Azərbaycanın həyatında iki mühüm hadisə baş verib. Ölkənin bütün ərazisində fevral ayında Prezident, sentyabr ayında isə parlament seçkiləri baş tutub. Beləliklə, müstəqillik tariximizdə Prezident və parlament seçkiləri ölkənin bütün ərazilərində keçirilməklə çox mühüm bir ilkə imza atıldı.

Təqvimdə yeni bayramlar - 4 şəhərin 1 günü

Doğma, əziz şəhər və kəndlərimizin işğaldan azad olunması bizim üçün bayramdır və Prezident İlham Əliyev ölkəmizdə şəhər günlərinin təsis edilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamlarla bunu rəsmiləşdirib. Xatırladaq ki, dövlətimizin başçısı 2023-cü il 31 iyul tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncam imzalayıb. Ölkə rəhbərinin 2024-cü il sentyabrın 18-də imzaladığı digər sərəncamla isə həmin sənədə aşağıdakı məzmunlu dəyişiklik edilib: “20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”. Beləliklə də, respublikamızda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin sayı 9-a çatıb.

İşğal illərində məqsədli şəkildə viran qoyulan yaşayış məntəqələrimizin siyahısı çox uzundur. Bu siyah?da 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusunun əsgər və zabitləri orada bir dənə də salamat bina tapa bilmirdilər ki, onun üzərində bayrağımızı ucaltsınlar. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.

Xalqımızın işğaldan azad olunan ərazilərə böyük bağlılığı var. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir. Beləliklə, Prezident İlham Əliyevin imzaladığı iki sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. Siyahını təqdim edirik:

26 avqust - Laçın şəhəri günü,

4 oktyabr - Cəbrayıl şəhəri günü,

17 oktyabr - Füzuli şəhəri günü,

20 oktyabr - Zəngilan şəhəri günü,

25 oktyabr - Qubadlı şəhəri günü,

8 noyabr - Şuşa şəhəri günü,

20 noyabr - Ağdam şəhəri günü,

25 noyabr - Kəlbəcər şəhəri günü.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü.

Kədərli tarix arxada qalıb - doğma şəhərlərin yeni ritmləri

Prezident İlham Əliyevin sərəncamı ilə hər il sentyabrın 20-də  şəhər günləri qeyd olunan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında işğalçılardan təmizlənməsi ədalətin, həm də tarixin bərpasıdır. Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşiliyinə tuş gələn və təsəvvürəgəlməz zülm, sitəm yaşayan bir şəhərdir. Erməni soyqırımlarının 1988-1993-cü illərdəki son mərhələsi xüsusi amansızlığı ilə səciyyələnir. Bu mərhələdə  Xocalı şəhəri erməni vandalizminin növbəti ünvanı oldu. Qanlı gecədə keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.

Separatçıların qondarma qurumun baş şəhəri elan etdikləri Xankəndiyə münasibətdə də erməni məkrinə yol verilib. Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Xanların fəaliyyətinə uyğun şərait yaradılması üçün istirahət məskəni xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində planlaşdırılır. Bu zaman istirahət məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən Ağdama, Xocalıya, Malibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Bəhs olunan məntəqələrin hamısında istisnasız olaraq azərbaycanlılar yaşayırdılar. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi.  Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə hədiyyə olunub. “Xankəndi” toponimi 1923-cü ildə keçmiş ittifaqın mərkəzi hakimiyyətinin diqtəsi ilə dəyişdirilib və şəhərə saxta “Stepanakert” adı verilib. Separatçılar da məhz bu toponimdən istifadə ediblər.

İşğal dövründə Xocavənd və Ağdərə şəhərləri də oxşar talelərlə üzləşiblər. Ancaq artıq kədərli günlər keçmişdir. Üç il bundan əvvəl baş tutan uğurlu lokal xarakterli antiterror əməliyyatından sonra digər azad olunan yaşayış məntəqələri kimi, Xocavənd və Ağdərə də artıq doğma əllərdədir.

Lokal xarakterli antiterror əməliyyatından sonra bütün azad ərazilərdə olduğu kimi, sözügedən şəhərlərdə də qızğın bərpa-quruculuq işləri görülür, bu yerlərə həyat yenidən qayıdır. Artıq yurd yerlərimizə ilk köçlər də baş tutub. Bu gün bu yerlərdə torpaq doğma insanların ürəyinin hərarəti ilə isinir. Artıq bir vaxtlar erməni separatizminin beşiyi sayılan Xankəndidə 30 minədək insan yaşayır, təhsil alır və yaxud quruculuq işlərində çalışır. Bütün bunlar azad ərazilərimizin qəlbimizi fərəhləndirən ritmləridir...

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30