Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Norveç millisinin sabiq futbolçusu: “Sabah” bu il çox sürətlə ön plana çıxdı

Norveç millisinin sabiq futbolçusu: “Sabah” bu il çox sürətlə ön plana çıxdı

03.09.2026 [20:25]

“Sabah” haqqında çox məlumatım yoxdur, hər şey çox sürətlə baş verdi. Adətən Azərbaycanı avrokuboklarda “Qarabağ”ın təmsil etməsinə öyrəşmişik. Lakin “Sabah” bu il çox sürətlə ön plana çıxdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə Azərbaycanda çıxış etmiş Norveç millisinin sabiq futbolçusu Tarik Elyunussi “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ölkəsinin “Vikinq” klubu ilə keçirəcəyi matç barədə danışarkən deyib.

“Qarabağ”da çıxış etmiş sabiq yarımmüdafiəçi “Sabah”ın uğurlu sıçrayışına və rəqibin oyun üslubuna bələd olmadığını gizlətməyib: “Düzü, “Sabah”da nə baş verdiyini, hekayənin necə inkişaf etdiyini dəqiq bilmirəm. Sadəcə, komandanın baş məşqçisindən bu barədə müəyyən məlumatlar eşitmişəm”.

T.Elyunussi Norveç təmsilçisi “Vikinq”in hazırkı durumu, klub strukturu və Çempionlar Liqasına vəsiqə qazanması barədə də ətraflı məlumat verib: “Vikinq” hazırda Norveçin ən böyük komandalarından biridir. Son illərdə çox böyük işlər görüblər və ötən mövsüm çempion oldular. Bu, böyük uğur idi. Heyətlərində yüksək səviyyəli futbolçular yer alır, həmçinin yaxşı maliyyə imkanlarına malik, yaxşı təşkilatlanmış klubdur. Stavanger neft şəhəri olduğu üçün komandanın arxasında böyük dəstək var. “Dinamo Zaqreb”ə qarşı pley-off matçlarında da çox yaxşı oynadılar və klub tarixində ilk dəfə Çempionlar Liqasında iştirak etməyə layiq olduqlarını sübut etdilər”.

Norveçli futbolçu “Vikinq”dəki maraqlı idarəetmə sisteminə də diqqət çəkib: “Bu nailiyyətin arxasında böyük zəhmət dayanır. Onlar iki baş məşqçi ilə uzunmüddətli layihəyə başlayıblar. Futbol dünyasında komandaya eyni anda iki məşqçinin cavabdeh olması çox da adi hal deyil. Bunun yaxşı, yoxsa pis qərar olduğunu demək çətindir, amma faktiki olaraq “Vikinq” üçün bu sistem çox uğurlu nəticə verdi. Ona görə də onların Çempionlar Liqasında necə təsir bağışlayacağını görmək üçün çox həyəcanlıyam”.

Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” əsas mərhələdə İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə evdə, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə isə səfərdə qarşılaşacaq. Azərbaycan çempionu ilk matçını sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30