Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni qaydalar lazımdırmı?

Yeni qaydalar lazımdırmı?

10.07.2026 [10:40]

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial media hesabında (Fb) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəmizə idxal olunan heyvanların daşınması ilə bağlı tətbiq etməyə hazırlaşdığı yeni qaydaları tənqid edib. Sitat: “AQTA-nın rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nin sərt tələblərinə cavab verməlidir. Yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi “loser”ə çevirən səhvlərin təkraralanması. Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər, bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?! Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!. Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, “kiçik və effektiv” hökumət modelinə təcili keşməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq. Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır”.

https://www.facebook.com/natig.jafarli/posts/10238969822957728?ref=embed_post

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də öz mövqeyini bildirib. Qurumun açıqlamasında bildirilir ki, 2027-ci il yanvarın 1-dən etibarən heyvanların daşınması ilə bağlı yeni tələblər müəyyən edilib. Sitat: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib. Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub. Yeni tələblər heyvanların təhlükəsiz və rifah standartlarına uyğun daşınmasını, həmçinin sərhəd baytarlıq nəzarətinin effektivliyinin artırılmasını hədəfləyir. AQTA sahibkarları müəyyən edilmiş keçid dövründə fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırır”.

https://afsa.gov.az/az/xeberler/heyvanlarin-dasinmasi-ile-bagli-yeni-telebler-mueyyen-edilib

AQTA mediaya açıqlamasında isə heyvanların idxalı zamanı istifadə olunan nəqliyyat vasitələrinin yalnız daşınma funksiyasını yerinə yetirmədiyini, onların həm də sərhəd baytarlıq nəzarəti məntəqələrində heyvanların təhlükəsiz şəkildə boşaldılması, fərdi kliniki müayinəsi və zərurət olduqda laborator müayinələr üçün nümunələrin götürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayır. İxtisaslaşdırılmış nəqliyyat vasitələrinin konstruksiyası onların effektiv yuyulması, təmizlənməsi və dezinfeksiya edilməsinə imkan verir ki, bu da yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında əsas biotəhlükəsizlik tələblərindən biridir.

https://redaktor.az/news/social/334339-olkede-xususi-heyvan-dasiyan-neqliyyat-varmi

Bu qərarın ət idxalında əlavə xərc yükü yaradacağı da düşündürücü məsələdir. Ekspertlər hesab edirlər ki, idxal edilən heyvanları ölkəyə gətirmək üçün xüsusi daşınma vasitələri, yəni nəqliyyat vasitələrinin tələb olunması sahibkarları yeni nəqliyyat vasitələri almağa və ya icarəyə götürməyə məcbur edəcək ki, bu da əlavə xərc yükü deməkdir. İqtisadçı Xalid Kərimli mediaya açıqlamasında bildirib ki, bu cür nəqliyyat vasitələrinin sayı o qədər də çox deyil. Sitat: “Diri heyvan idxalının artması fonunda daşıma xərclərinin yüksəlməsi daxili bazarda ətin qiymətində müəyyən artıma səbəb ola bilər. Təbii ki, bu artım idxal qiymətlərinə də təsir edəcək. Satıcılar və idxalçılar logistika xərclərindəki artımı məhsulun maya dəyərinə daxil edəcəklər”.

Nəzərə alsaq ki, Azərbaycan il ərzində 400 min tondan artıq ət idxal edir, bu konteksdə böyük bir həcmdə məhsulun daşınmasına minlərlə nəqliyyat vasitəsi lazımdır. Belə ki, 2025-ci ildə ölkəyə xaricdən 115 min 301 baş iribuynuzlu və 306 min 591 baş xırdabuynuzlu heyvan gətirilib. Bu sayda malın daşınmasında adətən orta, iri həcmli mövcud nəqliyyat vasitələrindən istifadə olunub. Ona görə də, ölkəyə diri heyvan gətirilərkən yeni avtomobillərin tələbatı ödəyib-ödəməyəcəyi də sual doğurur.

Heyvan əti idxalında sözsüz ki, yoluxucu xəstəliklərin qarşısının alınması, əhalinin sağlamlığının qorunması ümdə vəzifələrdən biridir və həmin tədbirlər davam etdirlməlidir.

Ancaq məsələ ondadır ki, heyvanların idxalı zamanı zoonoz xəstəliklərə şübhələri aşkar etmək üçün kifayət qədər ciddi nəzarət, sərhəd-buraxılış rejimi mövcuddur.

Ölkəyə heyvan idxal edən sahibkarlar malı mənşə ölkəsindən yüklənməzdən əvvəl AQTA-dan idxal icazəsi sənədi alırlar. Həmin sənəd 6 ildən artıqdır ki, qüvvədədir, 2020-ci ildən tətbiq olunur və heyvan məhsulları idxal prosesində baytarlıq tələblərinə əsasən nəzarətdən keçir.

https://afsa.gov.az/az/xeberler/aqta-nin-heyvan-ve-heyvan-menseli-mehsullar-idxal-eden-sahibkarlara-muracieti739

Habelə idxalla məşğul olan sahibkarlar müvafiq qeydiyyat və icazə sistemi əsasında mal idxal edir ki, bu hüquqi prosedurla reyestrləşdirilir. Yəni, idxal zamanı heyvanların sağlamlığını və yoluxucu xəstəliklərin yayılma risklərini aşkar edən bir mexanizm, icazə sistemi mövcuddur.

Bundan başqa, ölkəmizə idxal edilən hər bir heyvanın sərhəddə mənşəyi, sağlamlığı barədə beynəlxalq baytarlıq sertifikatları yoxlanılır. Heyvanların keçdiyi ərazidə və çıxdığı təsərrüfatda xüsusi təhlükəli xəstəliklərin olmamasına diqqət yetirilir. Nazirlər Kabinetinin qərarına əsasən “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq   (baytarlıq-sanitariya)  vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları” mövcuddur. Həmin qərarın tətbiqi sərhəddə yoxlanış zamanı heyvanların sağlamlığı barədə bütün məlumatları müəyyən etməyə imkan verir.

https://faolex.fao.org/docs/pdf/-aze159149.pdf

Dövlət sərhədində heyvanların idxalından sonra lazımi hallarda AQTA-nın laboratoriyalarında analizlər üçün nümunələr götürülür. Bu, prosedur da idxal zamanı şübhə və ya sağlamlıq amilini təmin edən mexanizmlərdən biridir.

Bütün bunlar onu göstərir ki, heyvanların mənşə ölkəsindən Azərbaycana çatdırılması zamanı kifayət qədət yoxalama-nəzarət sistemi mövcuddur və sağlamlıqla bağlı məsələləri tənzimləmək üçün hazırkı qaydalar yetərlidir. Həmin qaydalar ölkə ərazisinə xaricdən keçə biləcək xüsusi təhlükəli xəstəliklərdən qorunmanı tam təmin edir. Məhz bu qaydalar  sayəsində AQTA indiyə qədər zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb. Necə ki, sonuncu dəfə , 2026-cı il mayın 5-də Gürcüstandan Azərbaycana gətirilən 89 baş kəsimlik diri iribuynuzlu heyvan AQTA-nın “Qırmızı Körpü” Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsində kliniki və laborator müayinədən keçirilərkən 4 baş heyvanda zoonoz xəstəliklərinin əlamətləri aşkarlanıb və heyvanların ölkəyə idxalına icazə verilməyib.

https://afsa.gov.az/az/xeberler/aqta-zoonoz1

Bu o deməkdir ki, mövcud nəzarət sistemi və şübhəli xəstəlikləri aşkar etmək üçün hüquqi çərçivə, laborator arxitektura idxalı tam izləməyə imkan verir.

Bu baxımdan heyvanlara qarşı yeni sərt karantin qaydalarının qoyulması və bunun logistika baxımından idxal sahibkarlarına, eləcə də daxili bazarda qiymət artımlarına mənfi təsirləri ciddi şəkildə təhlil edilməlidir.

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır, Azərbaycan milli ərzaq təhlükəsizliyini möhkəmləndirmək üçün aqrar sahənin inkişafına dair yeni Dövlət Proqramı qəbul edib və sənədin strateji məramı, məqsədi yerli istehsalın, o cümlədən heyvandarlıq məhsullarının istehsalının artırılmasına nail olmaqdır. Başlıca məqsədlərdən biri həm də yerli heyvan əti istehsalını tam daxili tələbatı təmin edəcək səviyyəyə çatdırmaqla, bazarda qiymət stabilliyini qorumaqdır. Belə bir məsuliyyətli dövrdə-  strateji hədəflərə doğru ardıcıl addımların atıldığı keçid mərhələsində daxili bazarda tələb-təklifi motivasiyaedən tədbirlər görmək əvəzinə, idxal tədarükçülərinin xərclərini artıracaq qərarların verilməsi nə qədər doğrudur?

Kənd təsərrüfatı çox çətin və davamlı diqqət tələb edən sahədir, adından göründüyü kimi təsərrüfatın mənbəyi kəndə bağlıdır, ələlxüsus da heyvandarlığın. Ona görə də, heyvandarlığı sivil şəhər-logistika qaydaları, Ümümdünya tələbləri ilə yükləməkdənsə, kəndin və kəndlinin öz ənənələri ilə inkişaf etdirmək daha faydalı olardı.

Elbrus Cəfərli

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31