Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Təbii fəlakətlər və yaxud bəşəriyyətin kabusu

Təbii fəlakətlər və yaxud bəşəriyyətin kabusu

14.08.2026 [10:35]

Təbii fəlakətlər - yanğınlar, zəlzələlər, torpaq sürüşmələri, qasırğalar, sel və daşqınlar insanlar üçün hər zaman ciddi sınaq olub. Günümüzdə təbii fəlakətlərlə bağlı narahatlıqların daha ciddi şəkildə ifadə olunması isə ekstremal təbiət hadisələrinin intensivliyinin getdikcə artmasından qaynaqlanır. Mütəxəssislərin qənaətinə görə, sürətli sənaye inkişafı iqlim dəyişmələrinə böyük təsir göstərir. Beləliklə,  qlobal istiləşmə yüksək həddə çatıb. Bunun nəticəsi olaraq təbiətin harmoniyasının, ekositemin pozulması ağır fəsadlara yol açır və biz bunu getdikcə daha çox hiss edirik. Bir sıra hallarda qlobal istiləşməni və onun yaratdığı quraqlığı bütün həyatı məhv edən səssiz ölümə bənzədirlər və təəssüf ki, burada həqiqət payı çox yüksəkdir.

Hər tərəfdən səslənən həyəcan siqnalı

Təbii fəlakətlərin vurduğu ziyan ehtimal olunandan 10 dəfə çoxdur. Bu məlumat BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin  hesabatında yer alır. Sənəddə göstərilir ki, təbii fəlakətlər təhsil, daşınmaz əmlak və səhiyyə sektorlarına ciddi ziyan vurur.  Bura zəlzələlər, daşqın və torpaq sürüşmələri və s. daxildir.

BMT xəbərdarlıq edib ki, qazıntı yanacaqlarından asılılıq səbəbindən iqlimlə bağlı fəlakətlər bəşəriyyətin kabusuna çevrilir. Bu barədə qurumun son məlumatlarının birində bildirilib. Təşkilatın iqlim dəyişikliyi üzrə icraçı katibi Saymon Still açıqlamasında vurğulayıb: “İqlim fəlakəti ilə bağlı həyəcan siqnalı artıq hər tərəfdən səslənir. İqlim böhranının dəhşətli fəsadları həm insanlar, həm də iqtisadiyyatlar üçün milli fövqəladə hallar səviyyəsinə çatır”.

BMT qeyd edib ki, Avropada 250 min hektardan çox meşə ərazisi yanıb, 2026-cı ilin əvvəlindən bəri 1254 yanğın qeydə alınıb. İsti hava dalğaları nəticəsində Fransa, İspaniya və Avropanın digər yerlərində rekord qıran meşə yanğınları baş verir, onlar kütləvi təxliyələrə səbəb olur, regional və milli iqtisadiyyatlara zərbə vurur. Şimali Afrikada 49 dərəcə selsiyə yaxınlaşan temperatur həyatı və dolanışıq vasitələrini ciddi təhlükə altına alır, xəstəxanalar və enerji sistemləri yüksək gərginlik altında qalır. Çilidə ölümcül fırtınalar evləri və həyatları məhv edib. Yaponiyada isə temperatur indiyə qədər qeydə alınan ən yüksək həddə - 40 dərəcəyə çatır.

Saymon Still bildirib ki, bəşəriyyət qazıntı yanacaqlarından təmiz enerjiyə çox yavaş keçdikcə və meşələri kifayət qədər qoruya bilmədikcə, sürətlə istiləşən dünyada bu spiralvarı fəlakətlər milyardlarla insanın yaşadığı reallığa çevrilir. O, bu fəlakətin səbəbinin elmi cəhətdən birmənalı olduğunu izah edərək vurğulayıb ki, bəşəriyyətin külli miqdarda kömür, neft və qaz yandırması nəticəsində yaranan qlobal istiləşmə uzunmüddətli isti dalğaları, şiddətli daşqınları və fırtınaları daha intensiv hala gətirir. “Nə edilməli olduğu da eyni dərəcədə aydındır: kömür, neft və qazı daha tez müddətdə geridə qoymaq, bərpaolunan enerji mənbələrini genişləndirmək və ən çox təsirə məruz qalan yerlərdə insanları qorumaq lazımdır”, -deyə icraçı direktor əlavə edib.

Ümumdünya Meteorologiya Təşkilatı bildirib ki, etibarlı monitorinq, proqnozlaşdırma, sərhədlərarası məlumat mübadiləsi və erkən xəbərdarlıqlar həyatları, dolanışıq vasitələrini və ekosistemləri qorumaq üçün çox vacibdir.

Təşkilat “Hamı üçün erkən xəbərdarlıqlar” təşəbbüsü vasitəsilə standartlaşdırılmış çərçivələrin təşviqi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və yanğın hava xidmətləri üzrə beynəlxalq əməkdaşlığın inkişafı yolu ilə bu səyləri irəli aparır.

Qlobal iqtisadiyyata dəyən ziyan

2025-ci ildə təbii fəlakətlərin qlobal iqtisadiyyata vurduğu ümumi ziyan 224 milyard dollar təşkil edib. Bu barədə dünyanın ən böyük təkrarsığorta şirkəti olan “Munich Re”nin hesabatında bildirilir. Sığortalanmış zərərin həcmi isə təxminən 108 milyard dollar təşkil edib, bu da əvvəlki ildəki 147 milyard dollarla müqayisədə çoxdur. Beləliklə, sığortalanmış zərərlərin ümumi zərər həcmində payı təxminən 48 faiz təşkil edib.

Eyni zamanda, son 10 ildə ilk dəfə olaraq ABŞ-da böyük qasırğa müşahidə edilməyib.

Ötən il dəyən ziyan baxımından ən böyük təbii fəlakət Kaliforniyada baş verən meşə yanğınları olub. Bu yanğınlar nəticəsində 30 nəfər həlak olub və Amerika iqtisadiyyatına 53 milyard dollar ziyan dəyib (təxminən 40 milyard dolları sığortalanıb).

Myanmada 2025-ci ilin mart ayında baş verən və təxminən 4500 insanın ölümünə səbəb olan zəlzələ 12 milyard dollar iqtisadi itkiyə səbəb olsa da, bu məbləğin yalnız kiçik bir hissəsi sığortalanıb.

Məlumata görə, təbii fəlakətlər ötən il təxminən 17.2 min insanın ölümünə səbəb olub. 2024-cü ildə isə bu rəqəm 11 min olub. Son 10 ildə təbii fəlakətlər nəticəsində orta hesabla 17.8 min, son 30 ildə isə 41.9 min nəfər həlak olub.

Avropa iqtisadiyyatı üçün ciddi təhlükə

Hazırda Avropa təbii fəlakətlərin, xüsusilə də meşə yanğınlarının sərt sınağı ilə çarpışmadadır Niderlandda yerləşən “Triodos Bank”ın araşdırmasına görə, bu yay “qoca qitə”də müşahidə olunan anomal hava şəraiti və uzunmüddətli quraqlıq Avropa İttifaqı (Aİ) iqtisadiyyatına təxminən 180 milyard avro zərər vuracaq və əvvəlcədən proqnozlaşdırılan iqtisadi artımı aradan qaldıracaq.

“Triodos Bank”ın Avropada anomal isti hava şəraitinin iqtisadi təsirləri ilə bağlı hazırladığı “İsti Yay İqtisadiyyatı” adlı araşdırmada həyəcan doğuran faktlar yer alır. Araşdırmada qeyd olunub ki, Avropada rekord istilər və uzunmüddətli quraqlıq insan sağlamlığı və ekosistemlərlə yanaşı, kənd təsərrüfatına, enerji sektoruna, nəqliyyata və əmək məhsuldarlığına da mənfi təsir göstərir.

“Triodos Bank”ın yeni təhlilinə görə, yay aylarında müşahidə olunan ekstremal hava şəraiti 2026-cı ildə Aİ-nin Ümumi Daxili Məhsulunu (ÜDM) təxminən 1 faiz azalda bilər. Bu, təxminən 180 milyard avroya bərabərdir və nəticədə il üzrə əvvəlcədən proqnozlaşdırılan iqtisadi artım faktiki olaraq aradan qalxacaq”, - deyə bildirilib.

Araşdırma göstərib ki, həddindən artıq istilərin iqtisadiyyata ən böyük təsiri əmək məhsuldarlığının azalmasından qaynaqlanır. Qeyd olunub ki, temperatur təxminən 25-30 dərəcəni keçdikdən sonra işçilərin məhsuldarlığı nəzərəçarpacaq dərəcədə azalır. Bu təsir xüsusilə fiziki güc tələb edən işlərdə çalışanlara, açıq havada işləyənlərə və kondisioner sistemi olmayan iş yerlərində çalışanlara daha ciddi təsir göstərir. Ekstremal istilər ofis işçilərinin fəaliyyətinə və yuxu keyfiyyətinə də mənfi təsir göstərə, isti günlərdə işə çıxmama hallarının artmasına səbəb ola bilər. 2026-cı ilin yayında yüksək temperaturun əmək məhsuldarlığını aşağı salmasının Aİ-nin ÜDM-də orta hesabla 0,6 faiz itkiyə səbəb olacağı proqnozlaşdırılır.

Araşdırmada anomal istilər və quraqlıq səbəbindən Aİ-də kənd təsərrüfatı istehsalının 3-7 faiz azalmasının gözlənildiyi bildirilib. Ərzaq qiymətlərinin artması, enerji istehsalında məhdudiyyətlər, elektrik enerjisinin bahalaşması, həmçinin avtomobil yolları, dəmir yolları və daxili su yollarında yaranan fasilələrin iqtisadi zərəri daha da artırdığı qeyd edilib.

Araşdırmaya görə, həddindən artıq isti havadan ən çox Fransanın təsirlənəcəyi gözlənilir. Təkrarlanan isti hava dalğalarının ölkənin ÜDM-ni təxminən 1,4 faiz azaldacağı və bunun nəticəsində Fransa iqtisadiyyatının illik 0,6 faiz daralmasına səbəb olacağı proqnozlaşdırılır.

İtaliya, İspaniya və Belçikada da əhəmiyyətli iqtisadi itkilərin gözlənildiyi bildirilib.

Yeri gəlmişkən, Avropa Komissiyası bu il Aİ iqtisadiyyatının 1,1 faiz artacağını proqnozlaşdırmışdı.

On minlərlə insanın həyatına son qoyulur

Təbii fəlakətlər yalnız ölkələrin iqtisadiyyatına ağır zərbə vurmaqla sonuclanmır. Bundan həmçinin insanların özləri də təsirlənirlər və onların həyatı risk altına düşür. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İspaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Hollandiyadakı dövlət qurumları və tədqiqat institutlarının məlumatlarına görə, regionda istidən ölənlərin sayı 25 mini keçib .

Ən çox ölüm halı Almaniyada qeydə alınıb. Robert Kox İnstitutunun məlumatına görə, aprel ayından bəri Almaniyada istidən 11 min 900 nəfər ölüb. Anomal istilər nəticəsində yaranan meşə yanğınlarının fəsadları  Fransa və İspaniyada fəlakətli həddə çatıb. Təbii fəlakət səbəbindən indiyədək hər iki ölkədə ümumilikdə 366 mindən çox insan təhlükəsiz bölgələrə təxliyə olunub. Fransa Prezidenti Emmanuel Makron yaranmış vəziyyəti ölkənin İkinci Dünya müharibəsindən bəri qarşılaşdığı ən ağır sülh dövrü böhranı və təxliyə prosesi adlandırıb.

Dost Pakistanda iyunun 26-dan etibarən davam edən güclü yağışlar və onların yaratdığı fəsadlar nəticəsində azı 109 nəfər ölüb, 362 nəfər yaralanıb. Pakistan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin yaydığı məlumatda bildirilir ki, güclü yağışların ən çox təsiri ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qeydə alınıb. Musson yağışları nəticəsində həmin əyalətdə 55 nəfər həyatını itirib. Şərqi Pəncab əyalətində isə 36 ölüm faktı qeydə alınıb. Daşqın suları nəticəsində təxminən 800 tikiliyə ziyan dəyib, onlardan 200-dən çoxu tamamilə dağılıb. İyunun sonundan etibarən ölkə üzrə 148 xilasetmə əməliyyatı keçirilib və 4 minə yaxın insan təhlükəli ərazilərdən çıxarılıb.

Qeyd edək ki, Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayınadək davam edir. Bu dövrdə kənd təsərrüfatı üçün əhəmiyyətli olan intensiv yağışlar müşahidə edilsə də, güclü leysanlar tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olur.

Əfqanıstanda dörd ay ərzində daşqın və torpaq sürüşmələri nəticəsində 351 nəfər həlak olub, 436 nəfər yaralanıb. Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsindən bildirilib ki, təbii fəlakətlər nəticəsində 2321 ev dağılıb, 8036 evə ziyan dəyib, 24 min 35 ailə zərər çəkib. Həmçinin 644 kilometr kənd yolu yararsız vəziyyətə düşüb, 35 min 973 akr əkin sahəsi su altında qalıb.

Qlobal təhdid güclü qlobal həmrəylik tələb edir

Sadalanan faktlar son vaxtlarda dünyada baş verən təbii fəlakətlərin kiçik bir qismini əhatə edir. Fəsadlar və reallıqlar daha dəhşətlidir. Ən sarsıdıcı məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatlar və mütəxəssislər iqlim dəyişmələrinin davamlı şəkildə sürətləndiyinə diqqət çəkməklə daha məyusedici proqnozlar verirlər. BMT-nin yaydığı hesabatda bildirilir ki, 2025-2030-cu illər arasında şimal yarımkürəsində ekstremal istilər 2 dəfə artacaq. Öz növbəsində Arktikada buz örtüyünün sürətlə azalması qlobal hava sistemlərinə təsir edir.

BMT izlənilən proseslərə istinad etməklə ölkələri karbon emissiyalarını 2030-cu ilədək 45 faiz azaltmağa çağırıb. Hesabatda Çinin və Hindistanın xüsusi rolu qeyd olunur. Təbiət fəlakətlərinin iqtisadi dəyərinin ildə 400 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

İqlim dəyişmələri qlobal təhdiddir.  Bəs vəziyyətdən çıxış yolu varmı? Əlbəttə, hansısa vasitələrlə prosesi qısa müddətdə tam dayandırmaq ehtimalı zəifdir. Ən vacib olan isə dünyanın qlobal təhdid qarşısında güclü qlobal həmrəylik nümayiş etdirməsidir. İqlim dəyişmələrindən hamı, bütün ölkələr təsirlənirlər. Ona qarşı mübarizə də birlikdə aparılmalıdır. Burada güclü sənaye fəaliyyətləri ilə iqlim dəyişmələrinə ciddi təsir göstərən dövlətlərin məsuliyyəti isə daha böyükdür...

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31