Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Qərb mediasının anti-Azərbaycan siyasəti...

Qərb mediasının anti-Azərbaycan siyasəti...

05.09.2026 [12:25]

Ölkəmizlə bağlı dezinformasiyalara son qoyulmalıdır

Qlobal informasiya məkanında qeyri-adi transformasiyalar baş verir. Nəzərə alaq ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə, informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrilib. Bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizm, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.

Bəzi xarici dairələr ölkəmizin uğurlarına qısqanclıqla yanaşır

Azərbaycanda da  informasiya təhlükəsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, dövlət və qeyri-dövlət informasiya infrastruktur subyektlərində kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması ilə bağlı ciddi işlər aparılır. Milli informasiya ehtiyatlarının qorunması, informasiya sahəsində milli maraqların müdafiəsi dövlətimizin milli təhlükəsizlik siyasətinin istiqamətlərindən biridir. Bu siyasətin uğurla həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzindədir. Bununla belə, müəyyən xarici dairələr ölkəmizlə bağlı dezinformasiya yaymaq niyyətindən əl çəkmək istəmirlər.

Nəzərə alaq ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Lakin ölkəmizin inkişafını istəməyən  xarici qüvvələr Azərbaycanın imicinə zərbə vurmaq üçün dezinformasiyalar, yalan, böhtan və qərəzli məlumatlar yayırlar. Polşada yerləşən “Nexta” kanalı tərəfindən sentyabrın 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılması da bunun göstəricisidir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat verib. Bəyanatda bildirilir ki, baş verənlər vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır. Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşib.

MEDİA: Lazımi tədbirlər görməkdə davam edəcəyik

Bəyanatda, həmçinin vurğulanır: “Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın “The Independent”, “The Guardian” qəzetlərində və “BBC” teleradio və yayım şirkətində, ABŞ-nin CNN telekanalında, Fransanın “Le Monde” qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir. Bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir”.

Medianın İnkişafı Agentliyi ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcəyini bəyan edib.

Xatırladaq ki, bir müddət öncə - iyunun 5-də  “CNN World”un yaydığı məqalədə isə guya Azərbaycan ərazisinin İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddia olunurdu. Həmin iddialar Azərbaycan tərəfindən təkzib edilib və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilib. Amma heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə əsaslanan və Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir.

Medianın İnkişafı Agentliyi bu məsələ haqqında da bəyanatla çıxış edərək bildirmişdi ki, CNN-in yaydığı dezinformasiya Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır və bu məlumatın yayılması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb. Qeyd edilib ki, dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan Respublikası ərazisindən heç bir halda İran İslam Respublikasına qarşı istifadə olunmayıb və bu qəbildən olan uydurma, qərəzli məlumatlar kobud informasiya manipulyasiyasıdır. MEDİA regional təhlükəsizliyi təhdid edən, media etikası və jurnalist peşəkarlığı prinsiplərinə zidd formada məlumat yayaraq ictimai rəyi çaşdırmağa çalışan CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb etmişdi.

CNN-nin məhkəmə taleyini digərləri də yaşaya bilər

Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib. İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib. CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib.

Belə olan təqdirdə Azərbaycan CNN-ə qarşı ABŞ-ın Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqustda rəsmən məhkəməyə təqdim edilib.

Xatırladaq ki, CNN-nin məqaləsinin müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşmalar müşahidə edilib. Belə ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri zamanı da onun müəllifliyi ilə Azərbaycana qarşı qərəzli iddialarla dolu olan məqalələr dərc edilib. Ölkəmizlə bağlı dezinformasiya yayan həmin media qurumu məhkəmə qarşısında cavab verməli olacaq. Eyni taleyi Polşada yerləşən “Nexta” kanalı da yaşaya bilər. Ona görə də, xarici media qurumları Azərbaycana qarşı qərəzli kampaniyalara son qoymalıdır.

“The Guardian”a etiraz

“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, hüquq elmləri doktoru, professor Əmir Əliyev “The Guardian” qəzetinə Aleksis Pazumianın “Black Garden” sənədli filmi ilə bağlı dərc olunan materiala cavab olaraq məktub ünvanlayıb. Məktubun müəllifi qeyd edib ki, Qarabağ münaqişəsinin tarixi müzakirə edilərkən azərbaycanlıların yaşadıqları hadisələr diqqətdən kənarda qalmamalıdır və didərgin düşmüş insanların, eləcə də Xocalı qətliamının qurbanları və sağ qalanların səsləri də eşidilməlidir.

O, “The Guardian”dan bu səslərə yer ayırmağa və dərc etdiyi materialda çatışmayan fakt və baxışları nəzərə almağa çağırıb. Əmir Əliyevin sözlərinə görə, “The Guardian”ın “Black Garden” sənədli filmi ilə bağlı materialında bir sıra mühüm məqamlar, o cümlədən Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqları işğal etməsi və bir milyondan çox azərbaycanlının didərgin düşməsi barədə məlumatlar yer almayıb.

“Əsas narahatlığımız ondan ibarətdir ki, 2026-cı il avqustun 31-də “The Guardian”ın saytında dərc olunan resenziya filmin müzakirəsi ilə kifayətlənmir, eyni zamanda, münaqişə ilə bağlı qəzetin öz yanaşmasını təqdim edir. Azərbaycanın Qarabağ bölgəsini “Dağlıq Qarabağ” adlandıran resenziyada münaqişə “onilliklər boyu davam edən ərazi mübahisəsi” kimi təqdim olunur və “əsasən ermənilərdən ibarət əhalinin Azərbaycan Ordusunun saysız-hesabsız hərbi kampaniyalarına qarşı mübarizə apardığı bildirilir”, - deyə Əmir Əliyev qeyd edib.

O vurğulayıb ki, film bir tərəfin baxışını təqdim edir. Böyük beynəlxalq media qurumu tarixi konteksti öz adından təqdim edirsə, bu məlumatlar dəqiq olmalıdır.

Ə.Əliyev məktubunda Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanındığını və bu mövqenin dəyişmədiyini bildirib. Professor Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərara istinad edərək, məhkəmənin Ermənistanın sözügedən ərazilər üzərində səmərəli nəzarət həyata keçirdiyini müəyyənləşdirdiyini qeyd edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədiyini və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdiyini vurğulayıb.

Bildirib ki, “The Guardian”dan məktubu qəzetin “Letters” bölməsində dərc etmək, didərginlik və zorakılıq yaşamış azərbaycanlıların, o cümlədən Xocalı faciəsinin qurbanlarına və sağ qalanların mövqeyinə də yer vermək xahiş olunub. Əmir Əliyev qəzetə, həmçinin hər iki tərəfin mövqeyinin təqdim olunması üçün azərbaycanlı rejissorların faktlara əsaslanan sənədli filmlərinə də diqqət yetirməyi təklif edib.

“Biz sənədləşdirilmiş araşdırmalar, eləcə də birinci əldən məlumat təqdim etməyə hazırıq. Azərbaycan və Ermənistan barışıq istiqamətində çalışdığı bir vaxtda balanslı yanaşma xüsusilə vacibdir”, - deyə hüquq elmləri doktoru bildirib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30