Son illər ölkəmizdə heyvandarlığın əsas sahələrindən biri kimi arıçılıq xeyli inkişaf edib
16.05.2019 [09:20]
Bu sektorda fəaliyyət göstərən təsərrüfatların subsidiyalaşdırılması, bazara çıxışının təmin olunması istiqamətində mühüm addımlar atılıb
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə, o cümlədən aqrar sahədə uğurlar əldə edilib. Aqrar sahədən danışarkən vurğulamaq yerinə düşər ki, bu sektorda bir sıra gəlirli sahələrdə istehsal və ixrac imkanlarının artırılmasına xüsusi diqqət göstərilir. Belə gəlirli sahələrdən biri də arıçılıqdır.
Daha dəqiq desək, məhz həyata keçirilən siyasətin nəticəsidir ki, son illər ölkəmizdə heyvandarlığın əsas sahələrindən biri kimi arıçılıq xeyli inkişaf edib, bu sektorda fəaliyyət göstərən təsərrüfatların subsidiyalaşdırılması, bazara çıxışının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Bir sözlə, Azərbaycanda arıçılığın inkişaf etdirilməsi dövlətin aqrar siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur və bu sahə diqqət mərkəzində saxlanılır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev arıçılığa dövlət dəstəyinin artırıldığını vurğulayaraq deyib: “Arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər”.
Vurğulandığı kimi, ölkədə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genefond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2018-ci il 5 mart tarixində “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla, 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib.
Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət tərəfindən subsidiya verilməsi isə regionlarda bu sahəyə marağı daha da artırıb. Belə ki, 2018-ci ildə 30 min 474 təsərrüfatda mövcud olan 501 min arı ailəsindən 4993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kiloqram arı südü əldə edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun 14,2 manat, vərəmumun 118,4 manat, güləmin 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat təşkil edib. Keçən il 71,5 min ABŞ dolları dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton çox bal ixrac edilib ki, onun da 96,4 faizi Yaponiyanın payına düşür.
Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 10 ildə həm arı ailələrinin sayı, həm bal istehsalı 3,5 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 16,4-dək artıb.
Beləliklə, arıçılığın inkişafı istiqamətində atılan addımlar davamlı xarakter daşıyır və bu ilin arxada qalan ayları ərzində regionlarda həyata keçirilən işlər də deyilənləri təsdiqləyir. Dövlətin arıçılığa dəstəyinin gücləndirilməsi respublikamızın digər regionları kimi, Zaqatala rayonunda da əhalinin bu gəlirli sahəyə marağının artmasına səbəb olub. Son vaxtlar rayonda arıçılıqla məşğul olanların sayı xeyli artıb.
Azərbaycan Arıçılar Assosiasiyası Zaqatala rayon şöbəsinin sədri, təcrübəli arıçı Mövlüddin Qurbanəliyev KİV-ə müsahibəsində bildirib ki, bir neçə il əvvəl aparılan statistikaya görə, Zaqatala rayonunda 18 min arı ailəsi mövcud idisə, artıq onların sayı 29 minə çatıb. Hazırda rayonda 1190 ailə təsərrüfatı arıçılıqla məşğul olur. Prezident İlham Əliyevin 2018-ci il martın 5-də imzaladığı “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Sərəncamdan irəli gələn tədbirlər Zaqatala rayonunda da uğurla icra olunur. Belə ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən birinci mərhələdə 816 arıçının təsərrüfatında olan 20 min 974 arı ailəsi qeydiyyata alınaraq identifikasiya kodu ilə təmin edilib. Onlara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 209 min 740 manat subsidiya ödənilib. İkinci mərhələdə daha 249 arıçının təsərrüfatında olan 5 min 169 arı ailəsi identifikasiya kodu ilə təmin edilib. Yaxın vaxtlarda onlara da subsidiyanın verilməsi təmin olunacaq.
Mövlüddin Qurbanəliyevin sözlərinə görə, dövlətimizin başçısının bilavasitə təşəbbüsü ilə atılan bu addım arıçılığın inkişafına böyük dəstəkdir: “Uzun illərdir ki, ailəmlə birlikdə arıçılıq sahəsində çalışıram. Təsərrüfatımdakı 420 arı ailəsinə görə mənə 4200 manat subsidiya ödənilib. Bu vəsait təsərrüfatda olan arı ailələrinin mövsümlə əlaqədar bir neçə dəfə dağlıq və aran ərazilərinə köçürülməsi, arıların müalicəsi məqsədilə zəruri dərman preparatlarının alınması, həmçinin arı pətəklərinin hazırlanması, yeni arı ailələrinin yetişdirilməsi üçün tam yetərlidir. Arıçılıqla məşğul olanlara bundan yaxşı dəstək olarmı?”
Arıçılar Assosiasiyası rayon şöbəsi sədrinin bildirdiyinə görə, dövlət arıçılıqla məşğul olmaq arzusunda olan aztəminatlı ailələrə də öz köməyini əsirgəmir. Belə ki, ölkədə uğurla həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində keçən il Zaqatala rayonunda 5 aztəminatlı ailənin hər birinə 15 arı ailəsi verilib. Bu ailələr gələcəkdə arıçılıq təsərrüfatlarını genişləndirməklə gəlirlərini daha da artıra biləcəklər.
Mövlüddin Qurbanəliyev qeyd edib ki, apreldə havaların qeyri-sabit, yağışlı keçməsinə baxmayaraq, builki yaz mövsümü arıçılıq təsərrüfatları üçün əlverişlidir. Havaların soyuq keçməsi mövsümü 15-20 gün gecikdirsə də, yağan yağışlar təbiəti daha da canlandırıb, zənginləşdirib. Ona görə də, bu il məhsuldarlıq yüksək olmalıdır. Təsərrüfat rəhbərinin özü builki mövsümdə hər arı pətəyindən 15-20 kiloqramadək məhsul gözləyir. Ötənilki mövsümdə isə onun təsərrüfatında hər arı ailəsi 10-12 kiloqram bal verib.
Arıçılıqda damazlıq işinin düzgün təşkilinin mühüm rol oynadığını bildirən Mövlüddin Qurbanəliyev deyib: “Arıçı bu işi düzgün təşkil etsə, yaxşı da məhsul götürər. Bu bölgədə tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılan “Boz Qafqaz” cinsi artıq cırlaşıb, mələzləşib. Bu gün həmin arı sortuna çox az rast gəlinir. Bütün arıçılıq təsərrüfatlarının damazlıq ana arıya ehtiyacları var. Məcburuq ki, Rusiyanın, Ukraynanın, Türkiyənin arıçılıq təsərrüfatlarından baha qiymətə damazlıq ana arı alıb gətirək. Doğrudur, respublikamızın bəzi bölgələrində damazlıq arıçılıq təsərrüfatları fəaliyyət göstərir. Lakin bu təsərrüfatlar arıçıların ehtiyaclarını tam şəkildə ödəyə bilmir”.
Mövlüddin Qurbanəliyevin sözlərinə görə, arıçılıqda məhsuldarlığın yüksəldilməsində əsas yollardan biri də baltutar yem mənbələrinin yaradılmasıdır: “Çiçək şirəsi (nektar) yüksək olan bitkilərdən ibarət meşəliklərin salınması bal arılarının məhsuldarlığının artmasına müsbət təsir göstərir. Ona görə də, yeni meşəliklər salınarkən akasiya və cökə ağaclarına üstünlük verilməlidir”,- deyə təcrübəli arıçı bildirib.
Bu məqamda qeyd edək ki, əlverişli iqliminə görə arıçılığın inkişaf etdiyi rayonlardan biri də Lənkərandır. Lənkəran arıçıları bu il bol məhsul götürəcəklərinə ümid edirlər. Havaların mülayim keçməsi, aparılan qulluq bunu deməyə əsas verir.
Hazırda Lənkəran rayonunda arıçılıq təsərrüfatlarında işin qızğın dövrü başlayıb. Pətəklərə baxış keçirilir, çərçivələr dəyişdirilir. Yaza demək olar ki, itkisiz çıxdıqlarını söyləyən arıçılar bu il ötən ildəkindən çox - hər pətəkdən 20-25 kiloqram məhsul götürə biləcəklərini bildirirlər.
Uzun illərdir arıçılıqla məşğul olan Ruslan Hüseynov KİV-ə açıqlamasında bu il məhsuldarlığın yüksək olacağını deyib: “Hazırda 70 arı ailəm var. Bunlardan 68-i qışdan tam çıxıb. Bu il arılarımız yaxşı işləyib. Ötən il hər pətəkdən 15 kiloqram bal götürmüşdüm, bu il isə 25 kiloqram götürə bilərik”.
Qışın mülayim keçməsi, yaz aylarında yağışların kifayət qədər düşməsi bitkilərin inkişafına, dolayısı ilə arıçılıq təsərrüfatlarına müsbət təsir göstərib. Dövlət qayğısının artırılması, hər arı ailəsinə subsidiyaların verilməsi də arıçıları həvəsləndirib. Arıçı Hüseynağa Məhərrəmov deyib: “Bu il 450 manatadək subsidiya almışam. Hazırda 45 arı ailəm var. Gələcəkdə onların sayını artıracağam”.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

