Rejissor Vahid Mustafayev: Bizim dövlətimiz güclüdür və nə istədiyini bilir
12.09.2015 [11:27]
Xəbər verdiyimiz kimi, rejissor Vahid Mustafayevin 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi Monreal Beynəlxalq Film Festivalında nümayiş olunub və mükafata layiq görülüb. Vahid Mustafayevlə görüşüb yaradıcılığı barədə söhbətləşdik. Onunla müsahibəni təqdim edirik.
- Vahid müəllim, bu yaxında rejissoru olduğunuz “Qanlı Yanvar” filminiz Monrealda ikinci dəfə nümayiş olundu. Film necə qarşılandı? Tamaşaçılar Azərbaycanın keçdiyi müstəqillik yolunu yetərincə duya bildilərmi?
- Monreal festivalı dünyada Beynəlxalq Film İstehsalçıları Federasiyası Assosiasiyası tərəfindən keçirilən ən yüksək səviyyəli festivallardan hesab olunur. Burada dünyanın ən seçmə filmləri qəbul edilir və nümayiş olunur. Eyni zamanda, bu festival kinematoqrafiyada “yeni söz”ün festivalıdır. Həmçinin kommersiya baxımından dünya film distribütorlarının yeni film bazarları açması üçün çox mühüm bir festivaldır. Monreal, Kann və Venesiya festivalları dünyaya yeni rejissorları və onların işlərini tanıdır. Bu baxımdan Monreal festivalı dünyada çox vacib bir yer tutur. Biz çox şadıq ki, 345 filmdən məhz bizim “Qanlı Yanvar” filmimiz seçilib.
Azərbaycan birinci dəfə deyil ki, Monreal film festivalında iştirak edir. İyirmi il bundan öncə burada bizim görkəmli rejissorumuz Ayaz Salayev “Yarasa”, 10 il qabaq isə rejissor Şamil Nəcəfzadə “Qala” filmləri ilə iştirak ediblər. Mənim filmim Monreal festivalında iştirak edən 3-cü filmdir. Biz çox yüksək səviyyədə qarşılandıq. Festivalın prezidenti Serj Losik tərəfindən filmimiz qiymətləndirildi, bizə mükafat və xüsusi diplom verildi. Düşünürəm ki, bu tək mənim və yaradıcı qrupun yox, bütün Azərbaycanın uğurudur.
- İstər aktyor seçimi, istər büdcə, istərsə də rejissor baxımından bu filmlə Azərbaycan kinematoqrafiyasına hansı yenilikləri gətirə bildiniz?
- Bu il Qanlı Yanvar hadisəsindən 25 il ötür. Biz də çalışdıq ki, bu həqiqətləri tamaşaçılara çatdıraq. Bu gün 25 yaşlı gənclər var ki, o hadisədən sonra doğulublar. Sözsüz ki, onlar o hadisənin canlı şahidləri deyillər. Sadəcə olaraq kitablardan, internet resurslarından məlumat alıblar. Orada olan məlumatlar isə şaxəlidir və dəqiq olmayan mənbələr də var. Ona görə, zərurət yarandı ki, biz bu filmi çəkək, hadisələrin necə baş verməsi, necə cərəyan etməsi, o vaxtın ab-havası və ən əsası Azərbaycan xalqının şücaətini tamaşaçılara çatdıraq. Film iki fərqli nəsil üçün istiqamətlənib. Bizim yaşda olan və bizdən böyüklər bu filmdə sadəcə nostalgiya görəcəklər. Gənc nəsil üçün isə bu bir şücaət və qəhrəmanlıq dərsidir. Azərbaycanlıların qeyrəti, döyüş əzmi, savaşa hazırlığı və ən əsası hər bir azərbaycanlının ürəyində çırpınan azadlıq eşqi... Bunları çatdırmaq istədik və mənə elə gəlir ki, müvəffəq olduq. Məhz bu film Monrealda mükafat aldı və festivalın prezidenti Serj Losik də çıxışında bu məqamlara daha çox toxundu.
- Filmləriniz əsasən Qarabağ və vətənpərvərlik mövzularındadır. Elə ən son çəkdiyiniz “Yaddaş”, “Xoca”, “Qanlı Yanvar” və digər filmlər. Bu filmlər 1990-cı illərdə yaşadıqlarınız və gördüklərinizin izləri sayıla bilərmi?
- Sizin sadaladıqlarınızdan başqa mənim çəkdiyim “Seçilən” və “Bulağıstan” filmləri də var. Bu filmlərin hamısı bizim müasir tariximizə aid olan ekran əsərləridir.
- Dünya Xocalı faciəsini Çingiz Mustafayevin gözləri ilə gördü. 20 ildən artıq bir müddətdən sonra isə dünya bu hadisələrə sizin gözünüzlə baxdı. Bu baxışlarda hansı fərqlər var?
- 20 ildir ki, Xocalı haqqında danışanda biz dünyaya Çingizin çəkdiyi təsvirləri göstərirdik. Lakin bu təsvirlərə baxmaq nəinki xaricdə, Azərbaycanda da çox ağırdır. Yəqin ki, bir çox ailələrdə bu kadrlara baxmaq uşaqlara qadağan olunur. Bizim də əsas məqsədlərimizdən biri o idi ki, bu dəhşət və vəhşilikləri bütün dünyaya göstərək. Dünya baxsın və bizim başımıza gətirilən bu soyqırımı görüb özləri qiymət versinlər.
“Xoca” filmi bir məhəbbət nağılıdır. İki gəncin bir-birlərini sevməsi haqqında bir hekayədir. Bu hekayə Xocalı hadisəsi fonunda baş verir.
Mən hesab edirəm ki, dünyada bütün filmlərin qayəsi eynidir. Bütün filmlərdə olan personajlar daha yaxşı həyat uğrunda mübarizə aparırlar. Dəyişən, bir filmi digərindən fərqləndirən isə personajlar və səhnəarxası fondur. “Yaddaş”, “Xoca” və “Qanlı Yanvar” filmlərində personajlar şücaətli və qeyrətli azərbaycanlılar, fon isə Azərbaycan torpağıdır.
- Elə “Xoca” filmindən söz düşmüşkən, bu ekran əsərinin 20 il gec çəkilməyinə görə üzr istəmək böyük cəsarət tələb edirdi. Siz bu cəsarəti necə tapdınız?
- Mən hesab etmirəm ki, bu, cəsarətdir. Bu, sadəcə olaraq bir mesaj idi. Bununla məşğul olan bir çox qurumlara bu işi vaxtında görmədiklərinə görə mənim tərəfimdən göndərilən bir mesajdır. Azərbaycan xalqının qarşısında isə sözsüz ki, mənim üzrxahlığımdır. Ona görə ki, mən də, adlarını çəkmədiyim qurumlar kimi bunu 20 il əvvəl edə bilərdim. Amma hansı səbəblərdənsə edə bilmədim. Sözsüz ki, hər bir vətəndaşın xalqı qarşısında borcu var. Mənim də borcum var. Mən özümə görə üzr istədim.
- Qarabağ müharibəsini işıqlandıran ilk reportyorlardan biri olmusunuz. İndi müharibə başlasa, müasir Azərbaycan mediası özünü necə aparacaq?
- Düşünürəm ki, bir-neçə “sayt” və “qəzet”ləri nəzərə almasaq, bizim çox güclü mediamız var. Başda AZƏRTAC olmaqla bizim çox gözəl informasiya agentliklərimiz və müxbirlər pleyadası mövcuddur. Bu gün müharibə başlasa, bunu işıqlandırmaq üçün çox peşəkar jurnalistlərimiz var. Bu gün bizim vaxtımızda olduğu kimi çətinlik çəkməyəcəyik. Bizim dövlətimiz güclüdür və nə istədiyini bilir.
- Qafqazda ilk müstəqil televiziyanın - ANS-in təsisçiləri arasında olanda 22 yaşınız vardı. Bu gün ANS Şirkətlər Qrupuna çevrilən televiziyada nələr dəyişib və nələr dəyişməz olaraq qalıb?
- Hər şey mənim yaddaşımda çox gözəl qalıb. Çünki hesab etmirəm ki, mən çox qocalmışam. Biz o zamanlar hansısa bir tarix yazmırdıq. Biz sadəcə çalışıb, işləyib qarşımızda duran öhdəlikləri yerinə yetirirdik. Mən bu gün də qaynar nöqtələrə bir müxbir kimi gedirəm. ANS-in inkişafı bu gün də davam edir. Biz o vaxtlar informasiya blokadasını yarmağa çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraq. O zaman bu müharibə həqiqətləri idi, bizim savaşımızın doğru olduğunu sübut etmək istəyirdik. Bu gün isə Azərbaycanın çiçəklənməsi, iqtisadi inkişafı haqqında məlumatları bütün dünyaya çatdırmağa çalışırıq. Amma informasiya blokadası sona çatdı demək olmaz. Çünki Azərbaycan nə qədər çiçəklənib ayaq üstə qalxacaq və dünya böyüklərinin sırasında özünə yer axtaracaqsa, o qədər də bizə qarşı informasiya blokadası olacaq.
Biz o blokadanı 25 ildən çoxdur ki, yara-yara gedirik. Avropa özünün birinci idman yarışlarını keçirmək istəyəndə çox gözəl məkan kimi Azərbaycan seçilir. Bütün İslam dünyası özünün növbəti idman olimpiadasını keçirmək istəyəndə Azərbaycanı seçir. Bütün bunlar Azərbaycanı sevən adamların fəaliyyəti nəticəsində həyata keçirilən layihələrdir. Mən onların hamısına, o cümlədən ANS-çilərə də öz təşəkkürümü bildirirəm.
- Allah rəhmət eləsin, ananız Naxış xanım da ANS-ə tez-tez baş çəkərmiş.
- Mənim anam, atam və Mirşahinin anası ilə atası ANS-in yaradıcılarıdır. Biz öz analarımız, atalarımız arasında heç bir fərq qoymuruq. Məhz onların tərbiyəsi, verdiyi təhsil, biliklər və Vətənə olan sevgisi bizi bu səviyyəyə gətirib.
- Jurnalist, rejissor, idmançı, biznesmen ... Bəs baykerliyə maraq haradandır?
- Mən baykerliklə 13 yaşımdan məşğul olmağa başlamışam. Bunu idman naminə, asudə vaxt keçirmək üçün etmirik. Çalışırıq ki, hansısa xeyirxah işlərə istiqamətləndirək. Məsələn, bizim sonuncu motoyürüşümüz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə həsr olunmuşdu. Sözsüz, bizim borcumuz idi ki, dünya ictimaiyyətinin diqqətini bu layihəyə yenidən yönəldək. Mən deyə bilmərəm ki, bizim bu motoyürüş nəticəsində hansısa bir dəyişiklik olacaq. Amma bu yürüşdə bizə Gürcüstan, Türkiyə baykerləri qatıldı. Bu hadisə bütün Azərbaycan, Türkiyə, Gürcüstan mətbuatında yayıldı və biz ictimaiyyətin diqqətini cəlb edə bildik.
Şəkidə böyük Motofestival keçirdik. Bilirsiniz ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə bağlı Prezidentimizin Sərəncamı var. Biz də çalışırıq ki, bu festivalları tək Bakıda yox, paytaxtımızdan kənarda, bizim gözəl guşələrimizdə də keçirək. Biz artıq ikinci ildir ki, Şəkidə Motofestival keçiririk. Bu, bütün Qafqazın festivalıdır. Bütün Qafqaz ölkələrinin baykerləri oraya toplaşırlar.
- Çox sağ olun.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20

