Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa, Ermənistan iqtisadiyyatı tamamilə çökəcək

Xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa, Ermənistan iqtisadiyyatı tamamilə çökəcək

25.09.2012 [15:58]

Məlum olduğu kimi, Ermənistanın təcavüzkar siyasəti nəticəsində 20 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır. Azərbaycan dövləti tarixi torpaqlarımızın işğaldan azad edilməsi və işğal altındakı ərazilərdə ermənilərin qeyri-qanuni hərəkətlərinin qarşısını almaq üçün beynəlxalq hüquq normaları çərçivəsində bütün vasitələrdən istifadə edir. Rəsmi Bakı torpaqlarımızın işğal edilməsi faktının ifşa olunması, işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistanın apardığı özünə ilhaq siyasətinin nəticələrinin aşkarlanması, həmçinin, həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində işlər görür. 
Kimsəyə sirr deyil ki, Ermənistanın hazırkı acınacaqlı durumu Dağlıq Qarabağ münaqişəsinin həllinin məhz işğalçı ölkə tərəfindən uzadılması ilə birbaşa bağlıdır. Belə olan təqdirdə hadisələrin inkişafı, Ermənistanın qeyri-konstruktiv mövqeyi işğalçı ölkənin münaqişənin həllindən qalib ayrılmasını istisna edir. Bütün sahələrdə rəqabətdə Bakıya uduzan İrəvan bu vaxta qədər işğalçılıqdan başqa heç bir divident qazana bilməyib. Bunun müqabilində ötən müddət ərzində Azərbaycan hökumətinin apardığı xarici siyasət, ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlər, daxili iqtisadi və sosial strategiya öz müsbət nəticələrini verməkdədir. Müstəqillik dövrünə nəzər salsaq görərik ki, ötən 20 il ərzində Ermənistan ilə Azərbaycan arasındakı fərq müqayisə edilməyəcək qədər böyükdür və növbəti illərdə bu fərq yalnız böyüyəcək, üstünlük isə Azərbaycanın tərəfində olmaqda davam edəcək.
Yeri gəlmişkən, keçmiş baş nazir, Ermənistan Milli Konqresinin (EMK) ölkə parlamentində təmsilçisi Qrant Baqratyan etiraf edib ki, Ermənistan müharibədə deyil, hələ ki, bircə döyüşdə qələbə qazanıb: “Ermənilər döyüşdə qazandığı qələbəni möhkəmləndirə bilməyiblər. Azərbaycan yeni müharibəyə hazırlaşır, biz isə işə getməmək üçün yeni kilsə bayramı fikirləşirik. Azərbaycan 40 milyardlıq silah alıb, gələcəkdə isə öz peykini orbitə çıxarmağa hazırlaşır. Böyük dövlətlər müharibənin başlamasına imkan verəcəklər, çünki onlar regionda yeni balansın formalaşmasında maraqlıdırlar”.
Ermənistanın yerli mediasının yazdıqlarından belə məlum olur ki, işğalçı ölkənin vətəndaşları da həqiqətlərdən agahdır və dövlətin perspektivlərinə bədbin yanaşırlar. Belə ki, ağır sosial-iqtisadi vəziyyət, çətinləşən yaşam şərtləri, işsizliyin kütləvi hal alması və ölkə iqtisadiyyatının büsbütün inhisarlaşması Ermənistan vətəndaşlarını ümidsizləşdirib. Ermənistanda iş tapa bilməyən ermənilər də xarici ölkələrə üz tuturlar. Bu səbəbdən də işğalçı ölkədən mühacirət sürətlənir. Yeri gəlmişkən, erməni sosioloqlarının bu istiqamətdəki proqnozları da ümidverici deyil. Məsələn, Ermənistan Milli Statistika Xidmətinin (MSX) verdiyi xəbərə görə, cari ilin yanvar-avqust aylarında Ermənistana 1 386 447 insan gəldiyi halda, bu ölkəni 1 477 246 insan tərk edib. Beləliklə, mənfi saldo 90 799 təşkil edib. MSX-nın məlumatında deyilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə mənfi saldo 15,5 min və ya 20,7 faiz artıb. Təkcə cari ilin avqust ayında Ermənistanda mənfi saldo 7000 təşkil edib. Ötən ilin avqustunda isə bu rəqəm 3400 olub. İşğalçı ölkədə sərnişindaşımanın həcmi isə 287,7 min və ya 11,2 faiz artaraq 2 863 700 nəfərə çatıb. Hava nəqliyyatı ilə sərnişin daşımalarından fərqli olaraq, avtomobil və dəmiryolu ilə daşımaların saldosu müsbətdir.
Araşdırmalar, eyni zamanda, işğalçı və kriminal ölkədə korrupsiya, inhisarçılıq, inflyasiya, ifrat yoxsulluq, orduda özbaşınalıq, siyasilər arasında gərginlik, yüksək rütbəli məmurlar arasında qarşıdurma, müəmmalı qətl, cinayətkarlıq, miqrasiya hallarının artaraq yüksək həddə çatdığını göstərir. Bütün bunlar isə öz növbəsində işğalçı ölkədə ayrı-ayrı fərdlərin həyat şəraitinə, psixoloji vəziyyətinə və nəticədə dövlətin təməlini təşkil edən ailə, bütövlükdə, cəmiyyətə siraət edərək, dövlət, sosial və ictimai institutların tənəzzülünü tezləşdirir. Məlumatlara görə, hazırda kişilərin əksəriyyəti işləmək üçün Ermənistanı tərk edərək xarici ölkələrə üz tutub. Ailənin bütün ağırlığı qadınların üzərinə düşür. Lakin qadınların əksəriyyəti də iş tapmaqda çətinlik çəkirlər. Statistik məlumatlara görə, Ermənistandakı işsizlərin 70 faizini qadınlar təşkil edir. Dörd və daha çox uşaqlı ailələrin 70 faizi yoxsulluğun məngənəsində əzab çəkir.
Onu da qeyd edək ki, Ermənistanda mövcud olan və günü-gündən artan sosial-iqtisadi problemlər həm də ictimaiyyət arasında ruh düşkünlüyü, cinayət və intihar kimi neqativ halların genişlənməsinə səbəb olub. Məsələn, bu ölkədə son illərdə göstərilən səbəblərdən - işsizlik, yoxsulluq və maddi təminatın olmamasından irəli gələn digər sosial və ailə-məişət zəminində intihar etmiş şəxslərin 50 faizdən çoxu 30-65 yaşarası insanlardır. Bununla yanaşı, Ermənistanda əhali arasında içkiyə və digər pis vərdişlərə yiyələnənlər də az deyil. İşğalçı ölkə mətbuatı bu qənaətə statistik göstəriciləri araşdırdıqdan sonra gəlib. 2012-ci ilin ilk 6 ayı ərzində Ermənistanda 3,2 dəfədən çox araq içilib.
Bundan başqa, hazırda Ermənistanda ailə institutu böhran vəziyyətindədir. Belə ki, işğalçı ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində nikahların sayı 1,6 faiz azalıb, boşanmaların sayı isə 0,4 faiz artıb. Doğumun sayı da azalıb. İrəvanda keçirdiyi mətbuat konfransında Reproduksiya Mərkəzinin rəhbəri Eduard Ambraçumyan deyib ki, Ermənistan əhalisi sonsuzluğun yüksək səviyyəsinə görə 40-45 ildən sonra 2 dəfə azalacaq.
Beləliklə, Ermənistanda baş verən hadisələr əslində, bu cəmiyyətdəki deqradasiyalardan xəbər verir. İşğalçı ölkədə mövcud kriminal rejimin əsasını təşkil edən bütün neqativ hallar ictimai münasibətlərin əsasına çevrilərək gündəlik həyatın adi norması kimi qəbul olunmağa başlayıb.
Bir sözlə, bütün bu sadalananlar ondan xəbər verir ki, işğalçılıq Ermənistanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə baş-başa qoyub. Prezident İlham Əliyevin diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində çıxışı zamanı qeyd etdiyi kimi, bu ölkənin daxili resursları tükənir: “Yəni, biz istədiyimizə nail ola bilmişik. Enerji resurslarımızdan səmərəli şəkildə istifadə etməklə iqtisadiyyatımızı şaxələndirmişik və bu gün qeyri-neft iqtisadiyyatı uğurla inkişaf edir. Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətdədir. Xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa Ermənistan iqtisadiyyatı tamamilə çökəcəkdir. Bu yaxınlarda onların hətta rəsmi statistik məlumatlarına görə Ermənistanın ixrac nomenklaturası bəlli oldu və orada çox gülməli ixrac məhsulları üzə çıxdı. Yəni, qurbağalar, - bəlkə bu auditoriyada bu barədə danışmaq yersiz olar, - amma bu, reallıqdır. Yəni, bu ölkənin daxili resursları tükənir. İqtisadiyyat çökür. Sənaye iflic vəziyyətindədir. Demoqrafik vəziyyət acınacaqlıdır. Ölkədən hər il yüz minə qədər əhali köç edir və bu proses davam edir. Bu prosesin qarşısını almaq artıq mümkün deyildir, o vaxta qədər ki, Ermənistan öz qonşularına qarşı torpaq iddiasında olmağa davam edəcəkdir”.
SEVİNC
Paylaş:
Baxılıb: 1026 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30