Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tehrandan dünyaya...

Tehrandan dünyaya...

01.08.2024 [10:25]

İranın yeni prezidenti mesajlarını verdi

Xəbər verildiyi kimi, iyulun 30-da İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilib. İyulun 5-də keçirilən seçkilərdə qalib gələrək ölkəsinin 9-cu prezidenti seçilən Pezeşkian rəsmi fəaliyyətə başlayıb. İran İslami Şura Məclisində keçirilən mərasimdə 70-dən çox xarici ölkənin dövlət başçıları və nazirləri, o cümlədən Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak edib.

Yeni imkanlar...

Qeyd edək ki, təmsil etdiyi islahatçı qanadın qarşıdakı dövrdə hansı məsələləri əsas prioritet olaraq müəyyənləşdirməsi ilə bağlı məsələ Pezeşkianın andiçmə mərasimini daha cəlbedici etmişdi - xüsusilə, Qərb siyasi dairələri və mətbuatı andiçmə mərasimində veriləcək mesajların İran - Avropa, İran-ABŞ münasibətlərinə hansı təsirləri edəcəyini müəyyənləşdirməyə çalışırdı. Türkiyə mətbuatının verdiyi məlumata görə, Pezeşkian andiçmə mərasimindəki çıxışında qurulacaq yeni hökumətin İran və dünya üçün yeni imkanlar təqdim edəcəyini bildirib: “Yeni qurulacaq hökumətlə birgə ölkənin qarşı-qarşıya dayandığı təhlükələri və xalqın problemlərini müəyyənləşdirmək üçün fursətimiz olacaq. Xalqın tələblərini dinləmək və əsas problemləri aradan qaldırmaq, təhlükələrə qarşı milli birlik yaratmaq vacibdir”.

Səslənən tezislər gözlənildiyi kimi İranın regional müstəvidə davranışlarını, eyni zamanda, Yaxın Şərqə münasibətdə tutacağı mövqeni, ərəb dünyası ilə əlaqələrin yeni mərhələyə qədəm qoyması ehtimalını, ən əsası isə Qərb ilə əlaqələrində yeniliklərin müşahidə olunması kimi detallarla yanaşı, daxili auditoriyaya istiqamətlənən xəttə əsaslanır. Bu da səbəbsiz deyil - ötən ilin sonlarında İranda baş verən gərginliklər dövlətin daxilində hansısa tənzimləmələrə ehtiyacın olduğunu açıq şəkildə ortaya qoyurdu. Yeni prezidentin “problemlərdən çıxış yolunu birgə müəyyənləşdirmək” fikri bu mənada, daha diqqətçəkicidir.

Milli birliyin təmini...

Dövlət və cəmiyyət arasında etimadı yenidən bərpa edəcəklərini vurğulayan Pezeşkian 14-cü dövr hökumətinin milli birlik hökuməti olacağını,

xalqdan aldığı səs və etimadla addımlayacağını deyib: “Konstitusiyaya və dini liderimiz Ayətullah Əli Xameneinin yanaşmalarına əsaslanaraq iqtisadiyyatdan mədəniyyət və texnologiyaya qədər İslami və inqilabi kimliyimizlə bölgədə ən önə çıxan bir ölkə olacağıq. Ölkənin gənclərinə, qadınlarına və müxtəlif etnik qruplara milli yanaşma, birmənalı yanaşma sərgilənməlidir. Bu birlik dövlətin qarşılaşdığı problemlərdən çıxış yolunu daha asan tapmaq imkanı verəcək. İndiyə qədərki idarəçilik dövrlərində kənara qoyulmuş bu fürsəti dəyərləndirəcəyik”.

Vurğulandığı kimi, Pezeşkianın milli birlik ideologiyasından çıxış etməsi İranın daxilindəki etnik xalqların, xüsusilə azərbaycanlıların hüquqlarının tanınması istiqamətində ümidlər yaradır. Hələ seçki dövründə Pezeşkian özünün təbliğat mitinqlərindəki çıxışlarında hakimiyyətə gələcəyi təqdirdə ölkə konstitusiyasının 15-ci maddəsini tətbiqinə diqqət yetiriləcəyini bildirmişdi. Həqiqətən də, yeni prezident səlahiyyətlərinin icrasına başladığı an ölkə konstitusiyasının 15-ci maddəsinin tətbiqi ilə bağlı komitə yaradıldı və komitəyə rəhbərlik tanınmış sosioloq alim Cavad Miriyə həvalə edildi.

Xatırladaq ki, İran konstitusiyasının 15-ci maddəsi “məhəlli və tayfa dillərində” mətbuat və təhsil hüququ tanıyır. Həmin maddənin tətbiqi ilə bağlı hələ 1990-cı illərdə müəyyən təşəbbüslər olsa da, ciddi uğur gətirməmişdi. 2013-cü ilin prezident seçkisi kampaniyası zamanı Həsən Ruhani Şərqi və Qərbi Azərbaycan vilayətlərinin əhalisinə vəd etmişdi ki, seçilərsə, onlara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcək. H. Ruhani həmçinin Azərbaycan Dili və Ədəbiyyatı Akademiyasının yaradılacağını bildirmişdi. Amma bəzi hakimiyyət qrupları konstitusiyanın həmin maddəsinin yalnız azlıq kimi tanınan dini icmalara (erməni və yəhudilərə) şamil edildiyini deyir, müsəlman icmalara, xüsusən azərbaycanlılara belə haqqın tanınmasını istəmirdilər.

İndiki halda, Pezeşkianın iradəsinə diqqət yetirsək, digər dillərlə yanaşı. Azərbaycan dilinin də İranda tanınacağını deməyə əsas var.

Regional əməkdaşlıq...

Çıxışında xarici siyasətlə bağlı mesajlar da verən Pezeşkian prezidentliyi dövründə region ölkələri ilə əlaqələrin inkişafına önəm verəcəyini və bu istiqamətdə mühüm addımlar atacağını da vurğulayıb: “Region ölkələri ortaq maraqlarını aralarındakı rəqabətə və ya gərginliyə qurban verməməlidir, yox etməməlidir. Hökumət olaraq güclü bir regional əməkdaşlığın tərəfdarıyıq”.

İran prezidentinin bölgəsəl əməkdaşlıqla bağlı verdiyi mesajlar Azərbaycanın apardığı sülh və əməkdaşlıq siyasəti ilə uzlaşır - vurğulayaq ki, seçkidən sonrakı dönəmdə siyasi analitiklər düşünürdülər ki, İranın yaxın gələcək üçün regional əməkdaşlıqda iştirak formatı dəyişməyəcək. Düşüncə bundan ibarət idi ki, bölgə ölkələri ilə perspektiv əlaqələrdə yeni xəttin müşahidə olunması ehtimalı aşağıdır.

Amma Pezeşkian bu gözləntilərdən daha fərqli mövqe sərgiləyir - bölgəsəl əməkdaşlığın inkişafı və ən əsası milli maraqlar məsələsini ön plana çıxarır. Bu isə onu deməyə əsas verir ki, əvvəlki dönəmlərdə İranın bəzi qeyri-standart yanaşmaları aradan qalxa bilər. “İslahatçı” qanadın təmsilçisi kimi təqdim edilən Pezeşkian yeni situasiyada İranın, eləcə də bütövlükdə, regionun maraqlarına uyğun davranış sərgiləməklə yeni münasibətlər sistemi formalaşdırmaq niyyətini büruzə verir. Burada əsas məsələlərdən biri Azərbaycanla ikitərəfli razılaşmaların icrasının davam etdirilməsidir ki, hər iki dövlət bu məsələdə eyni mövqedən çıxış edirlər. Pezeşkianın seçilməsindən sonra Azərbaycanın dövlət başçısı İlham Əliyev ilə telefon danışığında da İranın yeni prezidenti gələcəkdə ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini demişdi.

Xarici siyasət kursu...

Andiçmə mərasimində ən diqqətçəkən məqam İranın xarici siyasət kursunda hansı yeniliklərin ortaya çıxma ehtimalı idi. Pezeşkian ABŞ-ın İsrailə verdiyi dəstək və İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışına toxunaraq, “Qəzzada uşaqları öldürənlərə silah verənlər müsəlmanlara insanlıq dərsi keçə bilməz. Qəzzada qadınlar və uşaqlara qarşı döyüşən, onları bombalayan rejimin təşviq edilməsini və alqışlarla qarşılanmasını heç kim qəbul edə bilməz” deyib. ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasətinin uğursuzluğa düçar olduğunu qeyd edən Pezeşkian bildirib: “Hökumətim heç bir şəkildə təzyiqlərə təslim olmayacaq. İndiyə qədər nümayiş etdirdiyimiz mövqe və aparılan müzakirələr öhdəliklərimizə sadiq olduğumuzu göstərdi. İrana qarşı təzyiq və tətbiq edilən sanksiyalar nəticə vermədi. Bu millət ilə lazımi hörmətlə danışmanız gərəkir”.

Qəzza məsələsinə və ABŞ-a münasibətdə Pezeşkianın hazırkı mövqeyi anlaşılandır - birincisi, prezident İranın dövlət “idarəetmə nərdivanında” birinci şəxs sayılmır və bu mənada onun iradəsi tam mövqeni əks etdirə bilmir. Eyni zamanda, Pezeşkianın indiki halda irəli sürdüyü bu detallar İran üçün mütləq şərtə çevrilib - əks halda, dövlət daxilində gərginliklər yarana bilər.

Yeni güclü oyunçularla əməkdaşlıq...

Pezeşkian andiçmə nitqində İranın xarici siyasətinin əsas istiqamətinin ölkənin milli maraqlarına uyğun olaraq qlobal və regional sabitliyin və sülhün təmin edilməsindən ibarət olacağını da bildirib. O, dünyaya açılmaq və qlobal ticarətdə iştirak etmək istədiklərini önə sürüb: “Dünyada yeni yüksək inkişaf əldə etmiş güclü oyunçularla əlaqələrimizi gücləndirəcəyik. Şərqdəki qonşularımızla və farsdilli ölkələrlə əməkdaşlığımızı artıracağıq. Qərb ölkələrini realist olmağa və qarşılıqlı hörmət çərçivəsində əlaqələri inkişaf etdirməyə çağırırıq. İranın dünya ilə ticarətini və iqtisadiyyatını normallaşdırmaq və ölkəmə qarşı haqsız sanksiyaların aradan qalxmasını istəyirəm.”

Göründüyü kimi, Pezeşkianın iqtisadi prioritetləri arasında yeni güclərlə münasibətləri inkişaf etdirmək xətti dayanır ki, burada da hədəfin Çin olması gizli deyil. Nəzərə alsaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub, bölgədə yeni əməkdaşlıq perspektivi istisna edilə bilməz. Eyni zamanda, İranın BRİKS üzvü olması da yeni dönəmdə yeni iqtisadi münasibətlər sistemində yer almaq istəyindən xəbər verən amildir. Xatırladaq ki, bu təşkilat qarşıdakı dövrdə güclü iqtisadi dayaqlarının formalaşacağı təşkilat kimi dəyərləndirilir və Azərbaycan, eləcə də Türkiyə BRİKS-ə üzv olmaq istəyini bildirib.

Azərbaycan ilə əlaqələr...

Qeyd edildiyi kimi, Pezeşkianın açıqlamaları İran ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin inkişafı istiqamətində yeni - dinamizmə və intensivliyə əsaslanacaq səciyyəsi əlaqələri şərtləndirir. İki ölkə arasında siyasi-iqtisadi münasibətlərin yüksək səviyyədə olması bütövlükdə regionun inkişafına mühüm töhfələr vəd edir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tehrana işgüzar səfəri çərçivəsində iyulun 31-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşüb. Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb. Baş nazir cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib. Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30