Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Saçlarını Parisdə isladıb İrəvanda qırxdıranlar...

Saçlarını Parisdə isladıb İrəvanda qırxdıranlar...

20.09.2024 [10:13]

Yelisey Sarayı - İrəvan ekspressi

Yaxud Ermənistanın fəlakət anı yaxınlaşır

Fransa rəsmilərinin Paris - İrəvan marşrutunu bir növ su yoluna döndərdikləri hər kəsə bəllidir. Prezident Emmanuel Makronun komandasında yer alan yüksək çinli məmurlar çox tez-tez saçlarını Parisdə isladıb İrəvanda qırıxdırırlar. Son olaraq Fransadan Ermənistana xarici işlər naziri Stefan Sejurne “təşrif gətirib”. Fransalı nazirlə təxminən eyni vaxtda İrəvan Avropadan daha bir qonaq - Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponu da qəbul edib. Avropa İttifaqı (Aİ) məkanının lider dövlətlərindən olan Fransa üçün uzaq Cənubi Qafqazın kiçik və autsayder ölkəsi Ermənistan bu qədərmi vazkeçilməzdir? Bunu təsdiqləmək mümkün deyil. Çünki ən azından son 30 illik müstəqillik tarixinin təcrübəsi də göstərir ki, resursları və güclü iqtisadi potensialı olmayan Ermənistan nə qonşuluqda, nə də uzaq xaricdə yerləşən heç bir dövlətə fayda vermək iqtidarında deyil. Başqalarının hesabına yaşamaq və aldıqlarının əvəzini qaytarmaq barədə düşünməmək Ermənistan dövləti və cəmiyyəti üçün bir doğma, ənənəyə çevrilib. Bu forpost ölkənin yeganə cəlbediciliyi onun maşa, siyasi alət  funksiyasını yüksək səviyyədə yerinə yetirmək kimi fəövqəladə qabiliyyəti ilə bağlıdır ki, imperialist maraqlar güdən, hər vəchlə regionda mövcudluqlarına  nail olmaq istəyən dövlətlər, o cümlədən də Fransa  məhz bu cəhətə görə Ermənistana sonsuz nəvaziş göstərir. Yelisey Sarayının timsalında, həmçinin Fransadakı güclü erməni lobbisinin siyasi hakimiyyətə təsirlərini də yaddan çıxartmaq olmaz. Bütün bu kimi məqamları nazir Stefan Sejürnenin və sabiq prokuror Luis Okamponun İrəvanda səsləndirdikləri fikirlər bir daha təsdiqləyir.

Rəsmi Parisin daha da intensivləşən anti-Azərbaycan ritorikası

Tarixdən inqilablar beşiyi kimi tanınan Fransa özünə “Azadlıq, bərabərlik və qardaşlıq” şüarını seçib. Di gəl ki, bu gün Yelisey Sarayının  siyasətində bu gəlişi gözəl tezislərdən əsər-əlamət yoxdur.  E.Makron hakimiyyətinin Cənubi Qafqaz ölkələrinə, konkret desək, Azərbaycana və Ermənistana münasibəti tipik ikili standartlar nümunəsidir. Rəsmi Parisin 44 günlük müharibədən əvvəlki və sonrakı mərhələlərdə nümayiş etdirdiyi yanaşmalardan hasil olan qənaət məhz belədir. Fransanın Ermənistana açıq-aşkar havadarlıq etməsi 30 il həllini tapmayan keçmiş Dağlıq Qarabağ münaqişəsinin və 44 günlük müharibədən, 23 saatlıq antiterror tədbirlərindən sonra yaranan reallıqların fonunda daha qabarıq şəkildə nəzərə çarpır. Fransa bütün siyasi etiket qaydalarını pozmaqla, heç nəyi gizlətmədən açıq-aşkar anti-Azərbaycan siyasəti həyata keçirir. Müharibədən əvvəlki dönəmi yada salaq. Bu ölkə onilliklər ərzində Ermənistanın işğalçılıq siyasətinə görə yaranan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı artıq de-fakto ölü quruma çevrilmiş ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri statusuna malik olub. Ancaq Yelisey Sarayı vasitəçilik missiyasını işğalçı Ermənistana havadarlıq etməkdə görürdü.  Xatırlayırıq ki, Minsk qrupunun egidası altında aparılan danışıqlar prosesində Fransa daim anlaşılmaz, absurd yanaşmalar ortaya qoymaqla prosesləri dalana istiqamətləndirib və işğal məhsulu olan keçmiş statuskvonun ömrünü uzatmağa çalışıb.

Azərbaycanın 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən əl atılan növbəti təxribatının qarşısını almaq məqsədilə başladığı genişmiqyaslı əks-hücum əməlliyyatları Yelisey Sarayında görünməmiş bir qəzəblə qarşılandı.  Müharibə günlərində E.Makron tez-tez Azərbaycan Prezidentinə telefon açaraq döyüşlərin dayandırılmasını istəyirdi. O, unudurdu ki, Azərbaycan güclü dövlətdir və heç kimin diktəsi ilə oturub durmur. Prezident İlham Əliyev Makrona anladırdı ki, Azərbaycan qonşu dövlətin ərazisində deyil, öz torpaqlarında işğalçılara qarşı müharibə aparır və bu onun haqqıdır.

Sanki Ermənistanı qorumağa vəkil edilmiş Fransa Azərbaycana qarşı aqressiyasını 44 günlük müharibədən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra daha da artırıb. Fransanın postmüharibə mərhələsində düz 5 dəfə BMT TŞ-də Azərbaycana qarşı qətnamələr qəbul edilməsi ilə bağlı məsələni gündəmə gətirməsi, həmçinin bu ölkənin Senatının bir neçə dəfə  respublikamızın əleyhinə qətnamə qəbul etməsi Makron iqtidarının qərəzçiliyinin ifadəsidir. Fransa parlamentinin Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verən Azərbaycana qarşı sanksiyalar tətbiq olunmasına çağırışlar etməsinin məntiqi əsla başa düşülmür. Belə çıxır ki, Fransa kiçik Ermənistan naminə böyük Avropanın maraqlarını ayaqlar altına atmağa da hazırdır. Şübhə yoxdur ki, parlamentdə Azərbaycanla bağlı qəbul olunan qərəzli qətnamələrin, sanksiya çağırışlarının siyasi sifarişləri məhz Yelisey Sarayından, şəxsən Makrondan gəlir.

Daha bir məqama diqqət çəkək. Fransa postmüharibə mərhələsində də Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik etmək istəyini ortaya qoyur. Ancaq açıq-aşkar Ermənistanın tərəfini saxlayan, bu ölkəyə öldürücü silahlar tədarük edən, burada revanşizmi alovlandıran, Azərbaycana münasibətdə qərəz nümayiş etdirən bir ölkə hansı haqla vasitəçi ola bilər? Yeri gəlmişkən, məhz Fransanın manipulyasiyaları və qərəzçiliyi ucbatından Brüssel formatı iflasa uğradı. Azərbaycan haqlı olaraq Brüssel formatında Makronun iştirakı ilə keçirilən tədbirlərə qatılmaqdan imtina edir. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi,  Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Məğlub Ermənistanı yeni müharibəyə təhrik edən, regionda faktiki olaraq  militarizasiya siyasəti aparan Fransa ona olan inamı son damlasınadək itirib. İndiyədək Yelisey Sarayının Azərbaycana qarşı bütün qərəzli həmlələri iflasa uğrayıb. Bu fiaskolar Makronun real və praqmatik siyasətdən uzaq, təsadüfi və populist biri olduğu qənaətini daha da möhkəmləndirir. Makron anlamalıdır ki, Azərbaycan öz siyasətində sırf suverenlik, müstəqillik prinsiplərindən çıxış edir və beynəlxalq hüquqa əsaslanır. Ölkəmizin mövqeyini gücləndirən də məhz budur!

Yelisey Sarayının üzqarası - separatçılara göstərilən dəstək

Afrikada, dənizaşırı ərazilərdə sümürmə siyasətini daha eybəcər formada davam etdirməsi Fransa üçün çox doğru olaraq üzqarası hesab edilir. XXI əsir innovativ inkişaf, Dördüncü sənaye inqilabı əsridir. Yer üzündə sivilizasiyanın yeni mərhələyə yüksəldiyi indiki dönəmdə keçmişin eybəcər qalığına - humanizm normaları və beynəlxalq hüquqla bir araya sığmayan müstəmləkəçiliyə sadiq qalması Fransa üçün utanverici bir məqamdır. Qarabağdakı artıq ləğv edilmiş separatçı rejimin qaçıb Ermənistanda gizlənən və yaxud hazırda Bakıda həbsdə saxlanılan təmsilçilərinə dəstək göstərməsi, bütövlükdə, separatizmi yenidən alovlandırmağa çalışması Yelisey Sarayının başqa bir üzqarasıdır. Beynəlxalq hüquq deyir ki, dünyada separatizmə yer yoxdur. Ölkələrin suverenliyi və ərazi bütövlüyü toxunulmazdır. Makron iqtidarı isə beynəlxalq hüquqa məhəl qoymadan separatçıları dəstəkləməkdə və onları revanşizmə həvəsləndirməkdə davam edir.

Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ərəfəsində Fransa rəsmilərinin separatçılara münasibətdə nümayiş etdirdikləri canıyananlıq yaddaşlardan silinməyib. Rəsmi  Paris Azərbaycan - Ermənistan sərhəddində sözün əsl mənasında siyasi şou sərgiləyirdi. Burada bir neçə TIR-dan ibarət “humanitar yardım”  karvanı düzülmüşdü. Hətta Parisin xanım meri uzaq yolu yaxın edərək sərhədə təşrif gətirmişdi. O, yenə də beynəlxalq hüquqa məhəl qoymadan və Azərbaycanın icazəsini almadan Xankəndiyə separatçıların ziyarətinə getmək istəyirdi. Budurmu Fransada qanunun aliliyi və yaxud suverenlik prinsiplərinə hörmət? Təbii ki, Azərbaycan onun sərhədi keçməsinə icazə vermədi və xanım mer geri qayıtmaq məcburiyyətində qaldı.

Aradan bir il vaxt ötüb. Artıq Qarabağda separatçı rejim yoxdur. Separatçıların özləri qondarma qurumun buraxılması ilə bağlı sənəd imzalayıblar. Erməni əhaliyə gəldikdə isə, onlar könüllü şəkildə Azərbaycan ərazisini tərk edərək Ermənistana köçüblər. Fota və video materiallardan da göründüyü kimi, onlara heç bir təzyiq göstərilməyib. Azərbaycandan çıxan ermənilərə hətta ev əşyalarını, mal-heyvan sürülərini aparmalarına da şərait yaradılıb. Burada hansısa bir diskriminasiyadan söhbət gedə bilməz. Hazırda Ermənistan rəhbərliyinin özü də ermənilərin Qarabağdan köç etmələri mövzusunda Azərbaycanın ünvanına hansısa bir irad səsləndirmir. Di gəl ki, erməni lobbisinin təsiri altında olan Makron və onun komandasına yığdığı nazirlər ermənilərdən artıq ermənilik edərək separatçı rejimlə bağlı vay-şivənlərini səngitmək istəmirlər. Ölü rejimin reabilitasiyasına çalışan Fransa hakimiyyəti lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanı könüllü tərk etmiş ermənilərə dəfələrlə yardımlar göndərib, maliyyə vəsaitləri ayırıb. İrəvana təşrif gətirən xarici işlər naziri Stefan Sejurne də əliboş gəlməyib. O, Ermənistana 29 milyon dollar yardım ayrılacağını deyib. Nazirin sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub.

Separatçıların daha bir himayədarı - bədnam Luis Okampo

Qeyd etdiyimiz kimi, Fransanın xarici işlər naziri ilə yanaşı, erməni lobbisinin buyruq qulu olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo da İrəvana təşrif gətirib. Əvvəlcə onu qeyd edək ki, L.Okampo Avropada hüquq müdafiəçisindən daha çox dələduzluq edən, ofşorlada şübhəli biznes şəbəkəsi quran, özünün və ailəsinin adı çoxsaylı vergi cinayətlərindən, müxəlif qalmaqallardan keçən bədnam birisi kimi tanınır. Xarakterindəki bu kimi mənfi keyfiyyətlər onu erməni lobbisinə yaxınlaşdırıb. Pul, külli miqdarda rüşvət üzərində qurulan bu çirkin əməkdaşlıq illərdir ki, davam edir. Erməni lobbisindən külli miqdarda vəsaitlər alan Okampo beynəlxalq hüququ alver predmetinə çevirib. O, erməni lobbisindən pul qarşılığında aldığı sifarişlərə çox asanlıqla hüquqi don biçir .

Xarici işlər naziri kimi, bədnam hüquqşünas da İrəvanda ermənilərə ayrı-ayrı mövzularda çox məsləhətlər verib. Onun əsas müzakirə mövzusu isə Qarabağdan könüllü çıxan ermənilərin geri qaytarılması və hazırda Bakıda həbsdə olan separatçıların azadlığa çıxarılması ilə bağlı olub. Keçmiş prokuror hər iki mövzuda özünün “yol xəritəsini” təqdim edib.

Belə demək mümkündürsə, o, indiyədək bəlli mövzuda yenə də erməni lobbisinin təsiri altında olan Avropa təsisiatlarında apardığı “mübarizəni” indi də İrəvana daşıyıb. O, “erməni hərbi əsirlər” adlandırdığı şəxslərin sərbəst buraxılması üçün Azərbaycana təzyiq göstərməyin mümkün yollarından danışıb. Beynəlxalq hüququn bir daha manipulyasiya predmetinə çevrildiyi ortadadır. Bəhs olunan separatçılar mülki insanlara qarşı ağır terror aktlarına rəvac verdiklərinə, dövləti cinayət törətdiklərinə və bu kimi diğər hüquqpozmalara görə ittiham olunurlar. Onların barəsində aparılan istintaq tamamlanaraq iş məh?əməyə göndərilib və məhkəmə də ədalətli qərarını verəcək. Burada okampoların , sejurnelərin boğazdanyuxarı canıyananlığına hər hansı bir lüzum yoxdur və bu kimi təzyiq vasitələri ilə Azərbaycan dövlətinə əsla təsir göstərmək mümkün deyil.

Ermənistanı Rusiyanın orbitindən çıxarmaq illüziyası

Fransanın xarici siyasət idarəsinin rəhbərinin İrəvanda səsləndirdiyi bəyanatdan aydın olur ki, Yelisey Sarayı Ermənistanın Rusiyanın orbitindən çıxarılması siyasətinə sadiqdir. Nazir bildirib ki, ölkəsi Ermənistanı Rusiyanın təzyiqlərindən qorumağa çalışacaq. XİN rəhbəri onu da qeyd edib ki, Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək. Ardınca bildirib ki, Rusiyanın açıq hədələri və düşmənçiliyinə baxmayaraq, Ermənistan hökumətinə və xalqına dəstək davam edəcək.

Fransalı nazirin İravanda ifadə etdiyi fikirlərə istinadən deyə bilərik ki, Fransa Ermənistanı növbəti fəlakətə sürükləyir. Əvvəla, Ermənistanı Rusiyanın orbitindən çıxarmaq elə də asan məsələ deyil. Görünür, Makron başda olmaqla Fransa rəsmiləri Cənubi Qafqaz coğrafiyasının reallıqlarını, o cümlədən də Rusiya-Ermənistan münasibətlərinin təfərrüatlarını yaxşı analiz etməyiblər. Əks təqdirdə onlar belə bir illüziyaya qapılmazdılar. Rusiyanın keçmiş İttifaq respublikalarının heç birində olmadığı qədər Ermənistanda güclü təsir imkanları var. Ermənistanın iqtisadiyyatının bütünlüklə şimal qonşumuzun inhisarında olduğu fikrini əminliklə söyləyə bilərik. Görəsən, Fransa Rusiyanın Ermənistanı ucuz enerji daşıyıcıları ilə təchiz etməsini nə ilə əvəzləyəcək? Ermənistanda Moskvanın hərbi mövcudluğu var, bu ölkənin Türkiyə və İranla sərhədlərini Rusiya hərbçiləri qoruyurlar. Ermənistandakı yeganə atom elektrik stansiyası Rusiya texnologiyası ilə qurulub və s. Fransanın bütün bunları qısa müddətdə əvəzləməyə gücü və iradəsi çatacaqmı? Yelisey Sarayı üçün cavabı olmayan bir sualdır.

Burada diqqəti çəkən başqa bir məqam da var. Fransalı nazirin İrəvan səfərinin ardından Moldovaya gedəcəyi anons edilib. Bu postsovet ölkəsinin də Rusiya ilə münasibətlərində  gərginlik yaşanır. Nazir səsləndirdiyi bəyanatda Moldova və Ermənistanın demokratiya və müstəqillik yolunda irəlilədiklərini, hər iki ölkənin Avropaya doğru addımlamaq istiqamətində təzyiqlərlə üzləşdiklərini xüsusi vurğulayıb. Qərbin postsovet ölkələrini Avropaya çəkmək cəhdlərinin ağır fəsadlara gətirib çıxardığını Gürcüstanın və Ukraynanın timsalında izləmişik. Belə qənaət hasil olur ki, növbəti fəlakət ünvanı Ermənistan və Moldova ola bilər...

Burada Stefan Sejurnenin İrəvana səfər üçün sentyabr ayını seçməsi də diqqətdən kənarda qalmır. 2020-ci ilin sentyabrında başlayan müharibənin və 2023-cü ilin sentyabrında başlayan lokal xarakterli antiterror tədbirlərinin nəticələri Ermənistan üçün fəlakət oldu. Fransalı nazirin sentyabrda İrəvana səfər etməsi Ermənistan üçün növbəti fəlakətin anonsu deyil ki?

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30