Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni siyasi gündəm...

Yeni siyasi gündəm...

21.09.2024 [08:11]

Türkiyə özünün gələcək inkişaf kontentlərini müəyyənləşdirir

Yeni siyasi gündəm qlobal münasibətlər məkanında düzgün, hədəfə istiqamətlənmiş hərəkətlənmələri əsas götürür. Real olaraq yerləşmə coğrafiyasında özünü inteqrasiya prosesindən kənarda saxlayan dövlətlərin beynəlxalq müstəvidə də əməkdaşlıq platformalarında iştirakı çətinləşir - başqa sözlə, hazırda regional əməkdaşlıq beynəlxalq tərəfdaşlığın açarı rolunu oynayır.

Bu mənada, yaşadığımız bölgədə durum göz önündədir: 2020-ci ildən başlayaraq regionda yeni siyasi-iqtisadi konfiqurasiya formalaşdıran Azərbaycan ticari münasibətlərin də yeni trayektoriyasını yaradır. Artıq vahid iqtisadi orqanizmə çevriln Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya regional birliyinin iqtisadi aktor kimi də mühüm platformalara çıxışı asanlaşıb. Paralel olaraq, ölkəmizin yaratdığı əməkdaşlıq mənzərəsi təmsil olunduğumuz birliklərin potensialını dəqiq qiymətləndirilməsi üçün zəmin hazırlayıb. Nəticəsi isə göz önündədir: Mərkəzi Asiya Orta dəhliz vasitəsilə özünün Qərbə ticari inteqrasiyasını daha da gücləndirib və artıq bu proses rəqəmsallaşma mərhələsindədir, Türkiyə ilə Azərbaycan arasında bağlanan Şuşa Bəyannaməsi mühüm güc mərkəzinin yaranmasını şərtləndirib, bir müddət öncə imzalanan Qarabağ Bəyannaməsi isə Türk dünyasının gələcək iqtisadi-ticari perspektivinin daha da möhkəmlənməsi istiqamətində əsaslı addıma çevrilib.

Yaranan bu yeni reallıqlar isə ümumilikdə Türk dövlətləri faktorunun, xüsusilə Türkiyənin qlobal siyasi mexanizmdə özünəməxsus yeni yer tutmasına yol açıb. Yeni əməkdaşlıqlar Ankara üçün yeni kontentlər yaradıb - bu həm Qərbə, həm də Şərqə istiqamətlənmiş inteqrasiya siyasətini daha da təkmilləşdirir, eyni zamanda təhlükəsizlik arqumentini daha da möhkəmləndirir. 

Aİ-nin Türkiyəyə ehtiyacı var

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinin xüsusi yayımında bir sıra məsələlərə aydınlıq gətirib. XİN rəhbəri müəyyən fasilədən sonra Ankaranın Avropa İttifaqı XİN rəhbərlərinin qeyri-formal görüşünə dəvət edilməsi məsələsinə toxunub - bildirib ki, tədbir formatı, müzakirə edilən mövzular və atılacaq addımlarla yanaşı, həm də Türkiyə ilə Aİ arasında bir növ dondurulmuş münasibətlərin gələcəyi ilə bağlı cavab tapmaq baxımından da mühümdür. Onun sözlərinə görə, Türkiyə 2004-cü ildən etibarən ortaya qoyduğu siyasi iradəyə sadiqdir. Lakin Aİ-də 2008-ci ildən etibarən bu nöqtədə siyasi iradənin olmadığı görünür. Türkiyə ilə Aİ ölkələri arasında müxtəlif sahələrdə ittifaqa namizəd ölkə statusu ilə bağlı atılacaq addımlar var. Son illər bəzi üzv ölkələrin subyektiv yanaşmaları Aİ-Türkiyə münasibətlərinə xələl gətirib.

Türkiyənin Aİ üzvlüyü ilə bağlı proses uzaq keçmişə söykənir - rəsmi Ankara ilk dəfə  31 iyul 1959-cu ildə quruma tərəfdaşlıq üçün müraciət ünvanlayıb. Aİ-nin Nazirlər Şurası Türkiyənin müraciətini qəbul edib və üzvlük şərtləri yerinə yetirilənə qədər etibarlı olacaq assosiasiya sazişinin imzalanmasını təklif edib. Sözügedən saziş 12 sentyabr 1963-cü ildə imzalanıb və 1 dekabr 1964-cü ildə qüvvəyə minib. Türkiyə-Aİ əlaqələrinin dönüş nöqtəsi 10-11 dekabr 1999-cu ildə Helsinkidə keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşü olub. Helsinki sammitində Türkiyənin namizədliyi rəsmən təsdiqlənib və digər namizəd ölkələrlə bərabər mövqedə olacağı açıq şəkildə ifadə edilib. 3 oktyabr 2005-ci ildə Lüksemburqda keçirilən hökumətlərarası konfransla Türkiyə rəsmi olaraq Aİ-yə üzvlük danışıqlarına başlayıb. Sonradan proses Aİ-nin özünün “ürəksiz yanaşma” sərgiləməsi ilə dayandı. Nəzərə alsaq ki, İttifaqa digər qəbul edilən dövlətlərlə münasibətdə Ankaraya qarşı daha fərqli “arzular” irəli sürülürdü ki, bu da prosesə mane olan faktor kimi ortaya çıxdı.

İndiki halda, Aİ-nin Türkiyəyə və Azərbaycana ehtiyacı daha böyükdür. Yeni münasibətlər sistemində özünəməxsus yerə malik olan Türkiyə yerləşdiyi bölgədə, eyni zamanda Yaxın və Orta Şərqdə mühüm söz sahiblərindən biri qismində çıxış edir. Azərbaycanın aktiv fəaliyyəti nəticəsində Ankara qlobal tranzit və enerji layihələrinin ən mühüm stansiyalarından biri qismində çıxış edir. Eyni zamanda, Türkiyə həm də Azərbaycanın gələcək üçün planlaşdırdığı “yaşıl enerji” zolağının iştirakçı dövlətlərindəndir. Beləliklə, Aİ-nin indiki halda Türkiyəyə isti münasibəti sadəcə olaraq ehtiyacdan irəli gəlir.

BRICS üzvlüyü...

Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı məsələyə münasibət bildirən nazir onu da bildirib ki, qlobal dünyada heç bir dövlətin ittifaq qurmadan təkbaşına çətinliklərlə qarşılaşmadan irəliləmək şansı yoxdur. Türkiyənin qədim dövlət mədəniyyətində ittifaqları qurmaq, mövcud birliklərə daxil olmaq və ya məsuliyyət almaqla bağlı təcrübəsinin olduğunu önə çəkən nazir Fidan xüsusilə iqtisadiyyatla bağlı bu qədər müxtəliflik, hərəkətlik, inqilab və dinamizm olduğu qlobal məkanda bütün alternativlərin dəyərləndirildiyini vurğulayıb: “Aİ ilə münasibətlərin dayandığı bir dövrdə alternativlərə baxmağımız normaldır. Bütün bunlara BRICS-ə daxil olduqdan sonra yaxından baxacağıq. Biz, həmçinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasını (ASEAN) da özümüzə yaxın görürük, onunla yaxından maraqlanırıq. Hazırda Türkiyənin mərkəzində olduğu digər iqtisadi əməkdaşlıq təşkilatları mövcuddur. Lakin daha çox hərəkət etmək üçün daha geniş inteqrasiyalara ehtiyac var”.

Bəli, Türkiyə onsuz da mühüm müsbət əlaqələrə malik olduğu dövlətlərin təmsil olunduğu BRICS-ə üzv olmaqla özünün iqtisadi imkanlarını daha da artıracaq. Qurum üzvləri arasında fərqli qitələrin təmsilçilərinin yer alması isə Türkiyə üçün yeni inkişaf mərhələsi yarada bilər - bu yolla Ankaranın Cənubi Amerika, Cənubi Afrika və digər coğrafi məkanlarla əlaqələri həm də strateji əməkdaşlıq müstəvisinə yüksələ bilər.

Paralel olaraq Türkiyənin BRICS üzvlüyü həm də qarşı tərəfin - təşkilatın üzvü olan dövlətlərin iqtisadi-siyasi marağındadır. İlk növbədə Türkiyə dünyanın hazırda ən potensial inkişaf xətti əldə etmiş hərbi gücünə çevrilməkdədir. Eyni zamanda, dünyanın əsas iqtisadi oyunçusu olan bəzi dövlətlərin yer aldığı bu qurumda Ankaranın da təmsil olunması coğrafi anlamda yeni bir mərhələ ola bilər. Avrasiyanın mərkəzində, strateji əhəmiyyətə malik su xəttinin, dəmir yolu xəttinin və quru yol xəttinin üzərində yerləşən Türkiyə  BRICS üçün böyük tapıntıdır. Türkiyə iqtisadiyyatı statistika üzrə 15 rübdür ki, inkişaf etməkdədir. ÜDM 2024-cü ilin birinci rübündə əvvəlki ilin eyni rübünə görə 5,7 faiz artıb. Bu rəqəmlər onu göstərir ki, Türkiyə BRICS-ə qoşulmaqla təşkilatın gücünə güc qata bilər.

Ankara - Dəməşq əlaqələrində yeni mərhələ

Türkiyənin regional məsələlərdə oynadığı rola toxunan Hakan Fidan Ankaranın Suriya ilə münasibətlərindən də danışıb. Bildirib ki, Suriyada rejim ilə müxalifət arasındakı müharibə dondurulub və hər kəs öz mövqeyində sabit dayanıb. “Yaranmış vəziyyətdə qalıcı sülhün təmini ilə bağlı zəmin hazırlamaq olar. Türkiyənin burada görmək istədiyi mövqe hər iki tərəfin özləri daxilində razılıq əldə edəcəyi siyasi çərçivənin yaranmasıdır. Xüsusilə BMT qərarlarına əsasən bunun baş verəcəyi təqdirdə bizim tərəfdən heç bir problem qalmır. Bu, Suriyanın Türkiyə ilə münasibətlərini normallaşdırmasından əvvəl gələn məsələdir”- deyə Hakan Fidan vurğulayıb.

Bəlli olduğu kimi, Türkiyə-Suriya münasibətlərində yeni mərhələnin başlanması ehtimalı gündəmə gəlib. Artıq bir müddətdir davam edən Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş ilə bağlı anonsların səsləndirilməsi bunu deməyə əsas verir. İllərdir yaşanan ikili gərginliklər sona çata bilər - sülhün vacib olduğu anın yetişməsi həm də siyasi dialoqların gündəmə gəlməsi ilə seçilir. Məlumdur ki, məhz böyük güclərin maraqları ötən 30 ildən artıq müddətdə regionda terrorizmə qarşı effektiv mübarizənin aparılmasına mane olub. Artıq şərtlər dəyişir və regional və müstəqil inkişaf üçün əsas şərt sayılan sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxarılır. Bunun təmin edilməsi isə bütövlükdə Yaxın Orta Şərq üçün mühüm perspektiv vəd edir. Türkiyənin regionun təhlükəsizliyi ilə bağlı konsepsiyasında isə siyasi müstəqillik seqmentinin ən prioritet məsələ kimi önə çıxması, siyasi sabitliyin əldə olunması, hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması, iqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi kimi mühüm amillər yer alır. Beləliklə, yeni aktual gündəm keçmiş siyasi münasibətlər sistemini arxa plana keçirir.

TDT ilə əlaqələrin inkişafı...

Hakan Fidan Orta Asiyaya son səfərindən danışarkən prezident Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatı (TDT) və onun üzvləri ilə əlaqələri ən qabaqcıl institusional səviyyəyə çatdırmaq üçün ciddi iradəyə malik olduğunu da bildirib. Türk dünyası ilə əməkdaşlıq məsələlərini hələ Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində (TİKA) işlədiyi vaxtdan yaxından izlədiyini bildirən Fidan Türk dövlətləri arasındakı mənəvi bağlara da toxunub. O, institusionallaşma kimi praktiki məsələlərin vacibliyini də önə çəkib.

2009-cu ildə Naxçıvanda əsası qoyulan Türk Birliyi 2021-ci ildə İstanbul sammitində hazırki formata - Türk Dövlətləri Təşkilatına çevrilib. Şuşa Bəyannaməsi ilə daha da güclənən, yeni kontent qazanan Türk həmrəyliyi mühüm perspektivə malikdir. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Türkiyə, Macarıstan, ŞKTC kimi TDT üzvü dövlətlər qarşıdakı əsrin ən mühüm “sərvətinə” - beynəlxalq yola sahibdirlər. Təşkilat yeni enerji siyasəti ilə qlobal enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli yer tutmaqla yanaşı, geocoğrafi üstünlüklərini də iqtisadi dividendə çevirə bilib. Orta dəhlizin fonunda sabit və təhlükəsiz daşınma xətti müəyyənləşdirib. Paralel olaraq təhlükəsizlik və mədəqni inteqrasiyanın daha da güclənməsi birliyi təmərküzləşdirir.

Kibertəhlükəsizliyin təmini...

Türkiyədə kibertəhlükəsizliklə bağlı qurumların fəaliyyətinə də toxunan Fidan ölkəsinin Nəqliyyat və İnfrastruktur Nazirliyinin tərkibində bu məsələ ilə bağlı baş idarənin fəaliyyət göstərdiyini deyib. Kibertəhlükəsizliyin təminatı məsələsinə MİT (Milli İstihbarat Təşkilatı ) və Daxili İşlər Nazirliyinin  də həssas yanaşmasını önə çəkən Fidan bu aktual məsələ ilə bağlı müstəqil qurumun yaradılması perspektivinə də dilə gətirib və bunun hökumətin gündəminə olduğunu deyib. Nazir Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın bunun olması lazım olduğunu və tezliklə həyata keçiriləcəyini müəyyən etdiyinə diqqət çəkib.

Qeyd edək ki, Türkiyədə kibertəhlükəsizlik üzrə idarənin yaranması ilə bağlı qanun layihəsinin oktyabr ayında Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunması gözlənilir. Yayılan məlumatlarda bildirilir ki, nazirlik birbaşa Prezident Administrasiyasına tabe olacaq.

Bu məsələ xüsusilə Livanda baş vermiş portativ radiostansiyaların partlaması fonunda daha da aktuallaşıb - ölkədə kibertəhlükəsizliyin təmin edilməsi prosesinə 2300-dək mütəxəssis qrupu cəlb olunur. Buna paralel olaraq, Türkiyənin təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən yeni yerli kibermüdafiə proqramları hazırlanır və həyata keçirilir.

Azərbaycan və Türkiyə arasında da İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri mütəmadi olaraq müzakirə edilməkdədir. Yeri gəlmişkən, bu il avqustun 13-də Azərbaycanda səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə keçirilən görüşlərdə bu və digər məsələlər aktiv müzakirə olunub, Azərbaycanda qeyd edilən sahələrdə təlim proqramlarının həyata keçirilməsi və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlərin görülməsii qərarlaşdırılıb.

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30