Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir
31.12.2012 [16:16]
Ulu öndər Heydər Əliyev: Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam
Azərbaycan xalqı artıq 21 ildir ki, 31 dekabr tarixini sadəcə köhnə ilin son günü kimi qeyd etmir. Bu gün həm də xalqımız üçün olduqca dəyərli bir tarixi özündə yaşadır. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi ən yeni tariximizə qızıl hərflərlə yazılıb. Müstəqil Azərbaycan dövlətçiliyinin memarı, böyük siyasi və ictimai xadim, Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızın bütünləşdiyi, vahid bir mərkəzdə cəmləşdiyi məqam kimi xarakterizə olunur.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
Keşməkeşlərlə dolu Azərbaycan tarixinin ən qarışıq siyasi dövrlərindən biri kimi xarakterizə olunan 1990-1993-cü illərdə ölkəmizdə hökm sürən xaos və anarxiya, iqtisadi-siyasi böhran, o cümlədən, torpaqlarımızın işğalı yenicə əldə olunan müstəqilliyimizin itirilməsi təhlükəsini yaradırdı. Bəzi xarici güclər regionun ən əhəmiyyətli məkanında yerləşən, zəngin təbii sərvətlərə, infrastruktura, insan potensialına malik ölkəmizə avantürist geosiyasi maraqlar çərçivəsində yanaşır, tarixinin mürəkkəb dönəmində gələcək inkişaf yolunu dəqiq müəyyənləşdirməyə, bu yolda ilk addımlarını atmağa hələ macal tapa bilməmiş Azərbaycanı formal müstəqillik pərdəsi altında, əslində, öz müstəmləkələrinə çevirməyə çalışırdılar. Hakimiyyətdə olan səriştəsiz qüvvələrin - istər Ayaz Mütəllibov, istərsə də AXC-Müsavat hakimiyyətinin bu cür siyasi oyunlarda tərəf kimi iştirak etməsi, milli maraqları nəzərə almayaraq xarici güclərin diktəsi ilə hərəkət etməsi ölkədəki acınacaqlı vəziyyəti daha da çətinləşdirirdi.
Həmin dövrdə ağır blokada şəraitində yaşayan, erməni aqressiyası ilə üz-üzə qalan, paytaxtdan ayrı düşmüş Naxçıvan Muxtar Respublikasında vəziyyət daha gərgin idi. Lakin Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana gəlişi erməni aqressiyası ilə üz-üzə dayanan bu qədim Azərbaycan yurdunun xilasına ümid yaratdı. Naxçıvan məhz Ulu öndərimizin iradəsi və siyasi zəkası sayəsində ayaqda durdu və bütün çətinliklərə sinə gərdi. Ömrünü mənsub olduğu xalqın rifahına, Azərbaycan dövlətinin tərəqqisinə həsr etmiş Ulu öndər Heydər Əliyev ölkəni acınacaqlı durumdan çıxarmaq üçün bütün gücünü səfərbər etdi. Azərbaycanı bu cür ağır çətinliklərdən bir yolla çıxarmaq olardı və Ulu öndər bunun üçün milli birliyə nail olunmasının zəruriliyini bilirdi. Soydaşlarımızın milli maraqlar ətrafında birləşməsi Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxmasında mühüm rol oynayacaqdı. Bu məqsədlə də Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin 1991-ci il tarixli iclasında dünya azərbaycanlılarına üz tutdu, onları birliyə, həmrəyliyə səslədi. Ümummilli liderimiz Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, Vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”.
Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış illərdən bəri toplanan milli enerjini reallığa çevirmək üçün əlverişli məqam gözləyən mübariz, mətin bir xalqın azadlıq ruhunun hayqırtısı idi. Məhz Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar çıxardı. Beləliklə, bu gün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi tarixə düşdü.
Ümummilli liderimiz Heydər Əliyevin çağırışı özündə həm Azərbaycanın etnik-mədəni rəngarəngliyini, həm də dövlətin gələcək taleyini və məskunlaşma coğrafiyasını əks etdirirdi. Bu çağırış müdrik dövlət adamının ölkənin gələcək taleyi ilə bağlı uzaqgörən siyasətinə əsaslanırdı. Bu tarixi qərar milli birlik və həmrəyliyimizi təmin edən, dünya azərbaycanlılarını vahid amal və əqidə ətrafında birləşdirən əsas rolunu oynadı. Həmin günləri xatırlayan Ulu öndərimiz Dünya azərbaycanlılarının I qurultayında belə demişdi: “1991-ci ildə Sovetlər İttifaqının dağılması və Sovetlər İttifaqının tərkibində olan 15 müttəfiq respublikaların öz müstəqilliyini əldə etməsi, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetirilməsi, Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi və 1920-ci ildə itirilmiş müstəqilliyini bərpa etməsi bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqələrimizi genişləndirərək, onlarla həmrəyliyimizi bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün öz xidmətlərimizi göstərək. Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də “Dünya Azərbaycanlılarının Həmrəylik günü haqqında” qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir”.
Bəli, 1991-ci ildə qəbul olunan bu qərar həm də bütün soydaşlarımızın vahid mərkəzdə toplanması, bütün azərbaycanlıların Vətəni olan Azərbaycan dövlətinin gələcək inkişafında yaxından iştirak etməsinin vacibliyinin dərki günü kimi xarakterizə olunmalıdır. Məhz Ulu öndərimiz Heydər Əliyevin iradəsi əsasında qəbul olunan bu qərar müasir Azərbaycan dövlətinin inkişafında, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında və təbliğində mühüm rol oynadı. Digər tərəfdən, məhz Həmrəylik Gününün əməli davamı sayılan dünya azərbaycanlılarının qurultayları milli birliyimizin daha da möhkəmlənməsində müstəsna rola malik oldu.
Milli birlik və həmrəyliyin qorunmasında güclü dövlət amili
Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini simvolizə edən, eyni zamanda, bu birliyi möhkəmləndirən əlamətdar tarixdir.
Ümumiyyətlə, həmrəylik ictimai ahəngdarlığı və milli özünüdərki təmin edən, milli-etnik platformada milli yaddaşı bərpa edən, milli birliyi səfərbər edən, məqsədyönlü fəaliyyəti stimullaşdıran vasitədir. Bir millətin, xalqın varlığını sürdürə bilməsi, dünya xalqları içərisində özünə layiqli yer tutması üçün milli birlik və həmrəylik həyati önəm daşıyır. Dünya Azərbaycanlılarının Həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir.
Müstəqil Azərbaycan Respublikasının yaradılması və öz mövcudluğunu qoruyub saxlaması geniş mənada, milli birliyin Azərbaycan xalqının ictimai, siyasi və mənəvi tələbatına çevrilməsi deməkdir. Milli birlik və həmrəylik şəraitində cəmiyyətdə sabitlik mövcud olur, yüksək mənəvi dəyərlər ictimai qanunauyğunluqların əsas bazasına çevrilir və bu, belə bir harmonik mühitdə dövlətin siyasi, iqtisadi və digər sistemlərinin rahat inkişafına, beləliklə də, ümumi rifahın təmin olunmasına gətirib çıxarır.
Digər tərəfdən, müstəqil dövlətin qurulması milli birliyi zəruri etdiyi kimi həm də bu birliyə şərait yaradan amildir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Prezident İlham Əliyev məhz bu məqama toxunaraq müstəqil Respublikamızın mövcudluğunun və onun gücləndirilməsinin milli birlik və həmrəylik üçün əhəmiyyətini qeyd edib: “Tarixi şərait dünya azərbaycanlılarının həmrəylik və birlik arzularının məhz müstəqil dövlətimiz yarandıqdan sonra reallığa çevrilməsini mümkün etmişdir. Buna görə də, biz milli varlığımızın əsası olan Azərbaycan Respublikasının hərtərəfli inkişafının təmin edilməsi, onun qüdrətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparırıq”.
Əlbəttə ki, güclü milli dövlətin olması milli həmrəyliyin və birliyin bütün dünyada yaşayan azərbaycanlıları əhatə etməsi baxımından çox vacib amildir. Bu, o deməkdir ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir soydaşımız doğma Azərbaycan üçün dəyərli olduğunu hiss edir, bu isə onu Vətən naminə çalışmağa daha da ruhlandırır. Dövlətin hər bir azərbaycanlıya qayğısının təsdiqi olaraq, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında, Azərbaycan ilə əlaqələrinin möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin təbliği yönündə fəaliyyətlərinin genişləndirilməsində respublika rəhbərliyinin və müvafiq rəsmi qurumların hərtərəfli dəstəyini ayrıca qeyd etmək lazımdır.
Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib.
Nəticə etibarilə, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən və ötən dövr ərzində həyata keçirdiyi daxili və xarici siyasət strategiyasının səmərəlilik səviyyəsinə, bunun fonunda ölkəmizin milli inkişafının real nəticələrinə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu və güclü aktora çevrilməsinə, eyni zamanda, Özünün liderlik keyfiyyətlərinə görə bunu sübuta yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu gün hər bir azərbaycanlının müstəqil Azərbaycan dövlətinə bağlılığını, inam və güvənini təmin edən başlıca faktor qismində çıxış edir.
Müstəqil dövlətçiliyimizin və milli birliyimizin ideya əsasları
Azərbaycanda milli birliyin yaranması, milli həmrəyliyin formalaşdırılması prosesini və 1990-cı illərin əvvəllərində baş verənləri xarakterizə edərkən Ulu öndər Heydər Əliyevin bir fikrinə istinad etmək lazımdır. Həmin dövrdə, yəni, 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman, bəlkə də, ölkənin ən böyük ehtiyaclarından biri milli birliyin formalaşdırılması, xalqın vahid milli ideologiya ətrafında birləşdirilməsi idi. Xarici güclərin təhriki ilə ölkənin bəzi regionlarında yaradılmasına çalışılan etnik ayrı-seçkilik, o cümlədən separatizm meyilləri milli həmrəyliyin, milli birliyin təmin olunmasına ən böyük maneə idi. Milli dövlətin müstəqilliyi məfhumu, demək olar ki, təbliğ olunmurdu və bu baxımdan, qısa zamanda, “bu dövlət bizim milli sərvətimizdir və bu dövlətə biz sahib çıxmalıyıq” tezisi Azərbaycan xalqına çatdırılmalı idi. Ulu öndər Heydər Əliyev həmin dövrün reallıqlarını təhlil edərək baş verən prosesləri həm dəqiqliklə ifadə edən, həm də politoloji aspektdən çox dərin məzmun kəsb edən bir tezisi səsləndirdi: “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir”.
Bu tezisin meydana çıxma səbəbinin kökündə məhz milli birliyin fonunda müstəqillik anlayışının geniş şəkildə əxz edilməsi dayanırdı. Qeyd etdiyimiz kimi, həmin illərdə Azərbaycanda müstəqil dövlət anlayışına münasibət birmənalı deyildi. Müxtəlif sosial, etnik, dini qruplar tərəfindən müstəqil Azərbaycan dövləti fərqli şəkildə mənimsənilir və ya müxtəlif səviyyələrdə anlaşılırdı. Bu səbəbdən Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına ünvanladığı bu fikir, əslində, milli dövlətimizin müstəqilliyinin hər bir Azərbaycan vətəndaşının milli sərvətinin olması demək idi. Bu fikirdə açıq şəkildə milli dövlətin Azərbaycan xalqına məxsus olduğu əks olunmuşdu və bunun nəticəsi olaraq Azərbaycanda yaşayan bütün dini, etnik və sosial qruplar bu çağırışdan sonra, doğrudan da, müstəqil Azərbaycan dövlətini milli sərvət kimi başa düşüb, mənimsəməyə başladılar. Digər tərəfdən, xüsusi vurğulanmalıdır ki, bu tezis özündə həm də vətəndaşın dövlət qarşısındakı məsuliyyətini əks etdirirdi. Xalqımıza məxsus olan dövlətimizin müstəqilliyini qorumaq borcu və bu ideyanın ətrafında hər bir Azərbaycan vətəndaşının birləşməsi Azərbaycanın milli həmrəyliyinin formalaşdırılması demək idi.
Sonrakı mərhələlərdə də zaman-zaman milli həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı Ulu öndərimizin milli maraqlarımıza və dəyərlərimizə söykənən olduqca dəyərli tezisləri meydana çıxdı. Məsələn, vaxtilə bəzi qüvvələrin təhriki ilə ölkədə siyasi sabitliyə xələl gətirilməsinə, dövlət çevrilişlərinə cəhdlər dövrü yaşandı. Belə ağır bir situasiyanın fonunda Azərbaycanın dövlət müstəqilliyi zədələnə və müstəqilliyimizin önündə yeni təhlükələr yarana bilərdi. Məhz belə bir zamanda Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına xitab edərək “Dövlət müstəqilliyini əldə etmək çətindir, amma onu qoruyub saxlamaq daha çətindir” tezisini irəli sürdü. 75 il sonra tarixin yenidən təkrarlanmaması, müstəqil Azərbaycan dövlətçiliyinin öz mövcudluğunu qoruması üçün bu tezis baza rolunu oynadı və Azərbaycan xalqı yenidən güclü milli həmrəylik nümayiş etdirdi, dövlətini qorumaq uğrunda ayağa qalxdı, milli birlik nümunəsini ortaya qoydu. Ulu öndər Heydər Əliyevin bu fikri vətəndaşlara vaxtilə sahib çıxdığı dövlətini qorumaq üçün mübarizə aparmağın vacibliyini dərk etdirdi. Məhz bu ideya, milli həmrəylik həmin ağır, çətin günlərin dəf edilməsində, xalq-dövlət birliyinin nümayiş olunmasında əsas rol oynadı.
Azərbaycan dövlətinin siyasi sabitliyə qovuşduğu, hüquqi dövlət quruculuğu prosesinin inkişaf etdirildiyi və Azərbaycanın müstəqilliyinin təminatının formalaşdığı anda isə Ulu öndərimizin yuxarıda qeyd olunanların davamı olaraq yeni bir fikri gələcək inkişafımızın mayakına çevrildi. Bu, “Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir” tezisidir. Məhz bu tezislə Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimi, dönməz və əbədi olduğu fikrini xalqın yaddaşına həkk etdi və vətəndaş-dövlət münasibətlərində yeni mərhələnin başlandığını elan etdi. Bu mərhələ nədən ibarət idi? Artıq dünyada tanınan, diqqət göstərilən, günü-gündən iqtisadi-sosial, siyasi dayaqlarını möhkəmləndirən Azərbaycan dövlətinin müstəqil və suveren siyasi aktora çevrildiyi bəyan edilirdi.
Təbii ki, bu tezislər məhz 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasının məntiqi davamı sayılırdı. Milli həmrəylik dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşməsində mühüm mexanizm kimi çıxış etdi və soydaşlarımızın təşkilatlanmasında tənzimləyici vasitə oldu. Sonrakı illərdə bu vasitə institutlaşdırılaraq real mexanizmə çevrildi. Ona görə də, Azərbaycan xalqının inkişaf tarixində həmrəylik gününün xüsusi bayram kimi mövcud olması Azərbaycan dövlətçiliyinə əhəmiyyətli töhfələr verdi.
Azərbaycançılıq ideologiyası milli birlik və həmrəyliyi təmin edən universal ideoloji formula kimi
Dünya Azərbaycanlılarının Həmrəyliyini təmin edən mühüm vasitə və mexanizmlərdən biri də milli ideologiyadır. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlılarını bir amal və əqidə ətrafında birləşdirən azərbaycançılıq ideologiyası milli birlik və həmrəyliyi təmin edən universal ideoloji formula kimi çıxış etməkdədir. Ümumiyyətlə, azərbaycançılıq ideologiyasının və bütövlükdə milli ideoloji əsasların xalqımızın həmrəylik və bütövlüyünə, müstəqil dövlətçiliyimizin qorunub saxlanmasına verdiyi töhfələri anlamaq üçün bir-birilə sistematik surətdə bağlı olan bir sıra kompleks məsələlərə toxunmaq gərəkdir.
Bəlli olduğu kimi, müstəqillikdən sonra yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin fonunda ölkəmizin qarşısında duran növbəti vəzifə milli həmrəylik və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın müəyyən edilməsi və ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi idi. Amma müstəqilliyin ilk illərində (1991-1993) hakimiyyətdə olan “marionetka”ların irrasional səciyyəli antimilli mövqe sərgiləmələri və korporativ maraqlardan çıxış etmələri bütün sahələrdə olduğu kimi, milli ideoloji siyasət sahəsində də güclü “mərkəzdənqaçma” meyillərinin müşahidə olunmasına və nəticə etibarilə bu sferada ciddi boşluqların yaranmasına səbəb oldu. Məhz belə bir mürəkkəb situasiyanın fonunda siyasi palitrada təmsil olunan qüvvələr özlərinin qrup mənafeləri naminə müxtəlif ideoloji cərəyanlara (milliyyətçilik, türkçülük, liberal, neoliberal cərəyanlar və s.) istinad etməyə çalışırdılar və pərakəndə səciyyə daşıyan, milli xüsusiyyətlərimizə heç bir halda cavab verməyən bu cür ideologiya nümunələrini cəmiyyətə zorla da olsa, təqdim etməyə cəhd edirdilər. Amma milli mentalitetə və xarakterə, ictimai-siyasi dünyagörüşünə və şüura yad olan bu ideologiya növləri cəmiyyət tərəfindən fərdi və ümumi mənada qəbul edilmir, müxtəlif səviyyə və formalarda müqavimətlərə rast gəlirdi. Belə olduqda isə konstruktivlik və milli həmrəylik naminə mövqelərin yaxınlaşdırılması əvəzinə, maksimalistlik meyilləri artır, bir-birini inkar formulu aksiomaya çevrilirdi. Həmin ərəfədə siyasi palitra təmsilçiləri öz maraq dairələri və dünyagörüşlərinə görə əks qütblərdə qərar tutduqlarından nə ümummilli ideologiyanın yaradılmasından, nə də məqbul bir cəmiyyət strukturunun formalaşdırılmasından bəhs etmək olmazdı. Belə bir şəraitdə bütün bu olaylar cəmiyyəti mənəvi-ideoloji iflasa sürükləyir, idarəetmə və onun strukturlarının yenidən formalaşdırılmasını mürəkkəbləşdirirdi.
Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya isə yalnız 1993-cü ildəki siyasi dönəmdən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyi oldu. Bundan sonra görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi.
Beləliklə, azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil edən və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mənəvi mexanizm səciyyəsi daşıdı.
Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda da azərbaycançılıq ideologiyası milli həmrəylik və birliyin daha da möhkəmləndirilməsinə xüsusi töhfələr verir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən dövlətimizin başçısı bununla bağlı qeyd edib ki, Azərbaycançılıq fəlsəfəsi, ilk növbədə, Heydər Əliyevin təşəbbüsü idi və bu ideologiya bütün cəmiyyəti birləşdirir: “Bu ideologiya həm tarixə, həm də müasirliyə əsaslanır. Həm tarixi keçmişimizi özündə ehtiva edir, eyni zamanda, bizim bu sahədə bugünkü siyasətimizi əhatə edir. Bu istiqamətdə atılan addımlar dünya tərəfindən artıq bilinir və təqdir edilir”.
Beləliklə, universal ideoloji formula olmaq etibarilə azərbaycançılıq ideologiyası zamanın tələblərinə müvafiq olaraq dünya azərbaycanlılarını birləşdirən milli məfkurə, müstəqil Azərbaycan dövlətinin ideya əsası kimi çıxış etməkdədir. Bu, eyni zamanda, ölkədəki bütün dinlərin nümayəndələrinin və etnosların həmrəylik və qarşılıqlı anlaşma içində yaşayışını təmin edən mənəvi mexanizm önəmi kəsb edir.
Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli həmrəyliyinin daha da möhkəmləndirilməsi yönündə görülən işləri sürətləndirdi
Soydaşlarımızın milli birliyinə nail olunması istiqamətində ən önəmli vasitələrdən biri də, heç şübhəsiz, Dünya Azərbaycanlılarının qurultaylarıdır. Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli həmrəyliyinin daha da gücləndirilməsi yönündə aparılan işləri sürətləndirməklə yanaşı, Azərbaycan dövlətinin diaspora və lobbi siyasətinin daha intensiv və keyfiyyətli xarakter almasına yol açdı. Qeyd edək ki, qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi və Ümummilli lider Heydər Əliyev Şuranın Sədri seçildi. Qurultayda 36 xarici ölkədə yaşayan azərbaycanlıların cəmləşdiyi 200-dən çox təşkilatdan 403 nümayəndə və 63 qonaq iştirak etdi. Dünya Azərbaycanlılarının I Qurultayında 5 sənəd qəbul olundu: “Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsi”, “Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti”, “Dünya Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti”, “Dünya Azərbaycanlılarının I Qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti”, “Dünya azərbaycanlılarının I Qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti”.
Ulu öndər Heydər Əliyevin I Qurultayda etdiyi tarixi çıxış milli həmrəyliyimizin, azərbaycançılıq ideyasının daha da gücləndirilməsi, milli birliyə nail olunması və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində mühüm əhəmiyyətə malikdir. Ulu öndər öz çıxışında bildirmişdi ki, Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir: “Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də, bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir”.
Ulu öndər Heydər Əliyev bildirmişdi ki, indi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır: “Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə, gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir... Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bu fikirlər həm də milli birliyimizin inkişafı istiqamətində mayak rolunu oynadı və bu yolda gələcək vəzifələrin müəyyənləşdirilməsində əsas kimi çıxış etdi. Məhz bu tezislər tez bir zamanda xarici ölkələrdə yaşayan azərbaycanlıların ümummilli problemlərimiz istiqamətindəki təbliğatı gücləndirməsinə imkan verdi. Artıq dünya azərbaycanlıları dərk etdilər ki, onların arxasında mühüm bir güc - müstəqil Azərbaycan dövləti dayanır.
Dünya Azərbaycanlılarının II Qurultayı - milli birlik və həmrəyliyimizin növbəti şanlı səhifəsi
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev dünya azərbaycanlılarının milli həmrəyliyinin daha da gücləndirilməsi yönündə fəaliyyəti ilə bu birliyin qorunmasına, güclənməsinə öz töhfəsini verdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirilib. Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Sədri seçildi. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak edib. xüsusi olaraq vurğulamaq lazımdır ki, Dünya Azərbaycanlılarının II Qurultayı, ilk növbədə, yeni dövr üçün qarşıda duran əsas vəzifələri müəyyənləşdirdi və I qurultaydan keçən dövr ərzində diaspor quruculuğu sahəsində görülən işlərin davamında müstəsna rol oynadı. Azərbaycan icmalarının fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında da fəal iştirakı, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması həmin dövr müstəvisində Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən idi və keçirilən qurultay bu məsələlərin həllində mühüm əhəmiyyətə malik oldu. Bundan başqa, Dünya Azərbaycanlılarının II Qurultayı xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsinə də stimul verdi. Məhz Prezident İlham Əliyevin çağırışı ilə azərbaycanlı iş adamları ölkəmizdə gedən sosial-iqtisadi inkişaf prosesinə öz töhfələrini verdilər. Qurultayda çıxış edən Prezident İlham Əliyev demişdi: “Azərbaycan dövlətinin möhkəm olması dünyada yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar bizim üçün də dayaqdır... Mən əminəm ki, artıq mövcud olan gözəl meyillər bu qurultaydan sonra daha da güclənəcəkdir. Azərbaycanlılar daha da möhkəm təşkilatlanacaq, yaşadıqları ölkələrdə daha da möhkəm mövqelərə sahib olacaqlar və beləliklə, dünyadakı 50 milyonluq Azərbaycan xalqı daha da yaxşı yaşayacaq, öz məqsədlərinə nail olacaqlar”.
Prezident İlham Əliyev vurğulamışdı ki, Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakındakı rolu daha da güclənməlidir: “Mən çox istəyirəm ki, azərbaycanlılar yaşadıqları bütün ölkələrin siyasi həyatında daha fəal rol oynasınlar. Siyasi partiyalara üzv olsunlar. Çalışsınlar ki, o ölkələrin qanunvericilik orqanlarına seçilsinlər. Bu, bizim mövqelərimizi möhkəmləndirir... Bizim gücümüz sizin fəaliyyətinizdir. Sizin isə gücünüz Azərbaycan dövlətinin güclü olmasıdır. Azərbaycan dövləti nə qədər güclü olsa, sizin mövqeləriniz də bir o qədər güclü olacaqdır... Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”.
Dünya Azərbaycanlılarının III Qurultayı - milli həmrəyliyin daha da möhkəmləndirilməsi işində yeni mərhələ
Dünya Azərbaycanlılarının III Qurultayı isə diaspora hərəkatında, milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi işində yeni mərhələ açdı. Bu qurultay Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı”na əsasən 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirildi. Qurultayda 42 ölkədən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak edirdi. Qurultayda ən əsas özəlliklərdən biri tədbirdə Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələrin də iştirak etməsi oldu. Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputat qatıldı. Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini 21 xarici ölkənin 37, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırdı. Dünya Azərbaycanlılarının III Qurultayının yekununda bir sıra qərarlar qəbul edildi ki, bu sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də yer alır. Həmçinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edildi. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul etdi. Şuranın tərkibində Rəyasət Heyəti ləğv olunaraq, İcra Katibliyi yaradıldı. Azərbaycan Prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının Sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə icra katibi seçildi. Əlaqələndirmə Şurasının üzvlərinin sayı 107-dən 115-ə çatdırıldı. Bu qurultay indiyə qədər görülən işlərin hesabatı kimi xarakterizə olunmaqla yanaşı, gələcəkdə qarşıda duran vəzifələrin müəyyənləşməsində də böyük rol oynadı. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, bütün dünyada yaşayan azərbaycanlılar bir olduqlarını və öz dövlətlərinin maraqları uğrunda fəaliyyət apardıqlarını nümayiş etdirdi: “Mən bir daha demək istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların III qurultayı çox əlamətdar hadisədir. İlk növbədə, ona görə ki, yenə də biz bir yerə yığışdıq. Yenə də həm Azərbaycan xalqına, həm bütün dünyaya göstərdik ki, biz bir yerdəyik. Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir”.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqının nümayəndələri dünyanın hansı nöqtəsində olursa - olsunlar, öz doğma yurdları Azərbaycanın tanınmasına, problemlərimizin həllinə çalışmalıdırlar. Bu, bir daha harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının öz milləti, dövləti üçün lazımi anda səfərbər ola biləcəyini göstərdi. Xalqımızın övladlarının Vətənə bağlılığı, ölkəsinə sevgisi məsafə ilə ölçülmür və hər bir azərbaycanlı dünyanın istənilən nöqtəsində öz milli maraqları uğrunda birləşməyi bacarır. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlının Vətənidir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.
Rasional diaspor siyasəti dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında mühüm amil kimi
Dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən faktorlardan biri də dövlətimiz tərəfindən həyata keçirilən rasional diaspor siyasətidir. Sirr deyil ki, Azərbaycanın həm də beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında irəliləyişinin təmin olunması, mövqeyinin güclənməsi naminə həyata keçirilən çoxtərəfli diaspor siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli maraqlara və dəyərlərə müvafiq surətdə həyata keçirilən xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri olan diaspor siyasəti özünəməxsus önəm kəsb edərək bütün dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsini təmin edib. “Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi Vətənidir” - deyən Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sözügedən kurs diasporun formalaşdırılması və təşkilatlandırılmasına, milli həmrəylik və bütövlüyə fundamental töhfələr bəxş etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemində milli siyasətinə yardımçı olan əhəmiyyətli faktor kimi çıxış edib.
Bu gün isə xarici siyasət strategiyasının mühüm istiqaməti və elementi qismində səciyyələndirilən diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə uğurla həyata keçirilir. Milli ideologiya əsasında davam etdirilən diaspor siyasətinin uğurlu nəticələri kimi, ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və soydaşlarımızın birliyinin daha da möhkəmlənməsi işinə önəmli töhfələr verir.
Bunlarla yanaşı, praqmatik diaspor siyasətinin növbəti uğurlu nəticələrindən biri də beynəlxalq aləmdə ölkəmizə qarşı ermənilər tərəfindən davam etdirilən çirkin təbliğatın - qara piar kampaniyasının alt-üst edilməsidir. Belə ki, Prezident İlham Əliyevin rasional və praqmatik diaspor siyasəti sayəsində uzun müddət erməni lobbisinin dünyanın bir çox ölkəsində Azərbaycana qarşı apardığı qara piar kampaniyası neytrallaşdırılmaqdadır. Daha da dəqiqləşdirsək, Azərbaycan Respublikasının hücum diplomatiyası sayəsində dünya ictimaiyyətinə relevant informasiya (həqiqətlər) və faktlar çatdırılmaqdadır və informasiya savaşında əhəmiyyətli üstünlük əldə edilməkdədir. Bütün bunlar isə beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmlənməsinə mühüm töhfələr bəxş etməklə yanaşı, ölkəmizə qarşı həyata keçirilən təbliğatın da qarşısının alınmasına yardımçı olur.
Nəticə etibarilə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin aktual çağırışlara müvafiq surətdə həyata keçirdiyi uğurlu diaspor siyasətinin qanunauyğun nəticəsi kimi, hazırda milli həmrəyliyin təmin və mühafizə olunması, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli nailiyyətlər əldə edilib.
Qeyd etmək lazımdır ki, bu gün təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu dünyanın 5 qitəsində yaşayır. Təxminən ABŞ-da 1 milyon, Kanadada 170 min, Meksikada 27 min, Braziliyada 75 min, Argentinada 12 min, Türkiyədə, Rusiyada milyonlarla, Ukraynada, Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox azərbaycanlı yaşayır və fəaliyyət göstərir.
Azərbaycan diasporunun böyük bir hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziyada, Yəmən Ərəb Respublikasında, Çin Xalq Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində, Omanda, Səudiyyə Ərəbistanında, Suriyada on minlərlə ifadə olunur, İraqda isə təqribən bir milyona çatır. Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlədir, Sudanda isə 20 min nəfər civarındadır. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə 10 mindən çox azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Eyni zamanda, bir sıra dövlətlərdə - ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada, İraq, Braziliya, Argentina, Skandinaviya, Benilüks və Şərqi Avropa ölkələrində məskunlaşmış azərbaycanlıların sayı imkan verir ki, onlar ictimai-siyasi proseslərdə yaxından və daha aktiv iştirak etsinlər. Bundan başqa, onlar azərbaycanlıların sayının milyonlarla, yüz minlərlə olduğu dövlətlərin siyasi palitrasında böyük gücə malik etniklər kimi qəbul edilir.
Qeyd etdiyimiz kimi, diaspor üzvlərimizin sayı milyonlarla ifadə olunur. Digər tərəfdən, bu gün Azərbaycanın dünyada demokratik, insan hüquqlarına hörmətlə yanaşan, qlobal təhlükəsizlik məsələsinə özünəməxsus şəkildə töhfə verən ölkə kimi tanınması, eyni zamanda, səfirliklərin, konsulluqların, nümayəndəliklərin sayının kifayət qədər olması da diaspora nümayəndələrimizin nüfuzunu artırır. Dünyanın bir sıra böyük və geosiyasi baxımdan əhəmiyyətli dövlətlərində yaşayan azərbaycanlıların böyük əksəriyyətinin ziyalılardan ibarət olması isə bizim qarşımıza qoyulmuş vəzifənin həyata keçirilməsi üzrə şansımızı daha da artırır.
Heydər Əliyev Fondu diasporumuzun fəaliyyətinə güclü dəstək verir
Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında, bir-biri ilə əlaqələrinin yaranmasında, diasporumuzun fəaliyyətinin güclənməsində və Azərbaycan həqiqətlərinin daha geniş təbliğində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond xarici ölkələrdəki fəaliyyətini üç əsas istiqamət üzrə qurur. Bunlar həmin ölkələrdə humanitar layihələrin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirlərin təşkili və Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Heydər Əliyev Fondu onlarla ölkədə Azərbaycanın mədəniyyətini, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin yayılmasına xidmət edən tədbirləri həmin ölkələrdə yaşayan azərbaycanlıların da yaxından iştirakı ilə həyata keçirir. Fondun həyata keçirdiyi tədbirlərin əhəmiyyəti və miqyası Azərbaycanın dünyada təbliğində çox mühüm yer tutur. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təkcə bu il ərzində Azərbaycan mədəniyyətinin və həqiqətlərinin təbliği istiqamətində gördüyü işlərin bir qismini xatırlamaqla bunu bir daha aydın görmək olar. Belə ki, 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi keçirilib. Bununla da, Azərbaycan Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu ilk müsəlman ölkəsi olub. Romada isə Fondun təşəbbüsü və dəstəyi ilə “Azərbaycan: mədəniyyət ruzigarı” adlı böyük maraqla qarşılanan təntənəli mərasim baş tutub. Bu il həm də, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın bir sıra şəhərlərində silsilə tədbirlər keçirilib. Fondun dəstəyi ilə xarici ölkələrdə keçirilən bu cür mədəniyyət tədbirləri həmin ölkələrdəki Azərbaycan diasporunun daha yaxşı təşkilatlanmasına və fəaliyyətinə stimul verir.
Bununla yanaşı, Heydər Əliyev Fondu Dağlıq Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına da çox böyük önəm verir. Bu baxımdan, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət” kampaniyasını xüsusi qeyd etmək lazımdır. Kampaniyanın məqsədi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin nəticəsi olan Xocalı faciəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Hazırda “Xocalıya ədalət” kampaniyası dünyanın 50-dən artıq ölkəsində keçirilir və bunun nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanıyıb. Kampaniya çərçivəsində Xocalı soyqırımına dair kitab, buklet və disklər hazırlanaraq yayılır, dünyanın hər yerində müxtəlif tədbirlər həyata keçirilir.
İstər mədəniyyət, istərsə də Dağlıq Qarabağ həqiqətləri barədə tədbirlərin həyata keçirilməsində xarici ölkələrdəki soydaşlarımızın, o cümlədən, həmin ölkələrdə yaşayan, yaxud təhsil alan azərbaycanlı gənclərin potensialından geniş istifadə olunur.
Gənclərin diaspor fəaliyyətinə cəlb edilməsi strateji əhəmiyyət kəsb edir
Cəmiyyətin dinamik təbəqəsi olan gənclərin potensialı diasporun təşkilatlanmasında və fəallaşmasında mühüm əhəmiyyətə malikdir. İstər Azərbaycandakı, istərsə də ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlı gənclərdə vətənpərvərliyin güclənməsi ilə əlaqədar onların diaspor fəaliyyətində iştirakı artıb. Diasporumuzun təşkilatlanmasında olduğu kimi, gənclərin diaspor təşkilatlarında iştirakının artırılmasına da dövlət tərəfindən dəstək göstərilir. Aktiv nəsil olan gənclərin potensialı, bacarıqları, yaradıcılıq qabiliyyəti Azərbaycanın mədəniyyətinin və ölkəmiz haqqında tarixi həqiqətlərin xaricdə təbliğ olunmasına böyük fayda verir. Digər tərəfdən, xaricdə yaşayan azərbaycanlı gənclərin yaratdıqları diaspor təşkilatları ilə respublikamızdakı gənclər təşkilatları arasında əlaqələrin yaranması diasporun fəaliyyətinə əlavə dəstəkdir.
Bu baxımdan, 2012-ci ilin mart ayında Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi əlamətdar hadisə hesab oluna bilər. Qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin, Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə iştirak edib. Qurultayın keçirilməsi Azərbaycan diasporunun gücləndirilməsi, azərbaycanlı gənclərin diaspor fəaliyyətinə cəlb olunması istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür. Gənclərin vahid qurum şəklində fəaliyyət göstərməsi və bu qurumun müxtəlif təşəbbüslər, layihələr həyata keçirməsi diasporumuzun güclənməsinə, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasına, əsasən də Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif ölkələrdə maarifləndirmə işinin genişləndirilməsinə imkan verəcək.
Xaricdə yaşayan azərbaycanlı gənclərin diaspor fəaliyyətinə cəlb edilməsinin ən uğurlu nümunələrindən biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır. Təşkilatın qarşıya qoyduğu məqsədlər kifayət qədər aydın və genişdir. Bu məqsədlər sırasında Azərbaycanın milli-mədəni dəyərlərinin, mədəni irsinin qorunması, azərbaycanlı gənclərin sosial, yaradıcı, təhsil təşəbbüslərinin dəstəklənməsi, onların sosial, mənəvi və fiziki inkişafına yardım edilməsi, Azərbaycan dilində təhsilin və yaradıcılığın həvəsləndirilməsini göstərmək olar. Qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün RAGT bir çox layihələr reallaşdırır, milli bayramlarımız münasibətilə, eləcə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirlər təşkil edir.
Azərbaycanlı gənclərin diaspor fəaliyyətinə cəlb olunmasında xarici ölkələrdəki səfirliklərimizin də böyük rolu var. Gənclərin Azərbaycanın təbliğinə yönələn tədbirlərin təşkili və keçirilməsinə səfirliklər fəal yardım edir. Bu proseslərə təkcə, xaricdə yaşayan azərbaycanlı gənclər deyil, həmin ölkələrə təhsil almaq üçün gedən tələbələr də qatılır. Gənclərin bu cür fəaliyyəti Azərbaycanın tanıdılmasına xidmət etsə də, bu həm də onların öz istedadlarını ortaya çıxarması və təkmilləşdirməsi baxımından faydalıdır. Azərbaycan mədəniyyətini və həqiqətlərini təbliğ etməyə çalışan gənclərimiz musiqi, rəqs, kulinariya, bədii yaradıcılıq sahələrində, təşkilatçılıq işlərində öz bacarıqlarını ortaya qoyurlar. Azərbaycanla bağlı maarifləndirmə işləri aparmaqla, gənclər xalqımızın tarixi, mədəniyyəti barədə öz biliklərini də zənginləşdirirlər. Eyni zamanda, diaspor fəaliyyətində iştirak gənclərin Vətənə, milli ənənələrə olan bağlılığını, milli birlik hissini gücləndirir, azərbaycanlı olmaq hissi və qavrayışı milli şüurda dolğunlaşır.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21

