Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa İttifaqı neytrallıq saxlamalıdır!

Avropa İttifaqı neytrallıq saxlamalıdır!

16.10.2024 [10:18]

Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı qurum ilə əməkdaşlıqda geriləmə olarsa...

Beynəlxalq münasibətlər sisteminin aparıcı regional aktorlarından sayılan Azərbaycan dövlət siyasətini hüququn aliliyinin təmini, ədalətin bərqərar olması və əməkdaşlığın gücləndirilməsi kimi bəşəri amillərin üzərində qurur. 44 günlük Vətən müharibəsində qalib tərəf olmasına baxmayaraq post-müharibə dövründə davamlı sülhün yaranması üçün ilkin təşəbbüs də Azərbaycandan gəlib. 2022-ci ildə sülh prosesinin ilkin aktiv müzakirələri zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması işində Avropa İttifaqı da bu və ya digər şəkildə vasitəçilik edirdi. “Brüssel formatı” adlanan bu görüşlər isə müəyyən nəticələrə yol açdı - sonradan müşahidə olunan qeyri-adekvat addımlar həmin müzakirələrin ikili və vasitəçisiz təmaslara transformasiya olunmasını zəruri etdi. Təbii ki, ortada mühüm məsələlər vardı - xüsusilə, sonradan Fransanın bu təmaslarda yer almağa can atması, Makron hakimiyyətinin danışıqlar prosesinə təsir göstərmək istəməsi formatın işinin yarımçıq dayandırılmasına səbəb oldu.

Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bildirib ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olub və həqiqətən orada mühüm irəliləyişə nail olunmuşdur. Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi. Prezident İlham Əliyev qeyd edib ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib.

Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir

Hazırki vəziyyətdə isə Ermənistan daha çox “sülh manipulyasiyası” ilə yadda qalır. Sirr deyil ki, İrəvan “yarımçıq”, razılaşdırılmamış müddəaların çıxarıldığı bir sənədi imzalamağa “hazır olduğunu” bildirir. Amma bu, Azərbaycanın sülh hədəfi deyil - Bakı bölgədə davamlı sabitliyin yaranması üçün arxasında heç bir sual olmayan sülhün imzalanmasının tərəfdarıdır. Başqa sözlə, razılaşdırılmamış və sonradan yeni “müzakirələrə” səbəb ola biləcək müddəların yer almadığı sülh heç bir nəticə vəd edə bilməz.

Yeni səfirin etimadnaməsinin qəbul edilməsi mərasimində dövlətimizin başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.

Keçmiş Minsk qrupunun bəzi üzvləri Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər...

Azərbaycan hər zaman sülhün və ədalətin tərəfindən çıxış edib - bizim üçün regional sabitliyin formalaşması vacib amillərdəndir. Bu nöqteyi - nəzərdən hətta işğala məruz qaldığı dövrlərdə belə ölkəmiz sülh çağırışları ilə yadda qalır, haqsızlığın aradan qaldırılmasını tələb edirdi. Təəssüfləndirici haldır ki, 30 ilə yaxın Ermənistanın apardığı işğal siyasətini susqunluqla müşahidə edən Qərb dünyası, “demokratik təsisatlar”, keçmiş “vasitəçi qruplar” bu gün də analoji münasibəti ortaya qoyurlar - Prezident İlham Əliyev bildirib ki, torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz. Bu, ozamankı ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər.

Bu bir daha onu göstərir ki, Qərbin 30 ilə yaxın işğal faktının ortadan qalxmasına kömək etməməsinin arxasında xüsusi məqsədlər dayanıb. Bu gün həmin “məqsədlər” yenə də Ermənistanın “təklifi” ilə uzlaşdırılır. Bu yolverilməzdir. Necə ola bilir ki, hətta işğal vaxtı razılaşdırılmış müddəa bu gün fərqli şəkildə “ifadə edilir”? Demək ki, bu sülhün imitasiyasıdır. Çünki Ermənistan tərəfi anlayır ki, Azərbaycan onların yarımçıq sülh təklifinə razı olmayacaq. Ermənistan Konstitusiyasında dəyişikliklər edilməyincə isə bu ölkə Azərbaycan torpaqlarına rəsmi iddiasını davam etdirmiş sayılır. Bu qəbuledilməzdir və bölgədə davamlı, əbədi sülhə imkan vermir - istisna edilmir ki, sabah Ermənistanda hansısa bir revanşist qüvvə bu konstitusiya preambulasına istinad edərək yenidən təcavüzə əl atmayacaq. Bu kimi iddiaları aradan qaldırmaq üçün isə sülhü hərtərəfli şəkildə özündə əks etdirən sənəd imzalanmalıdır.

Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər...

Vurğulandığı kimi, 30 ilə yaxın müddətdə prosesi susqunluqla, gözləri və qulaqları bağlı şəkildə izləyən Avropa İttifaqının bu gün “aktivləşməsi” korporativ maraqlara əsaslanır. Azərbaycanın Fransanın sülh prosesinə müdaxiləsinə imkan verməməsinin ardından bu ölkə Aİ çətiri altında prosesə daxil olmağa çalışıb. Halbuki, 30 ilə yaxın elə “ATƏT-in Minsk Qrupu”nun həmsədri olan Fransa işğal faktına haqq qazandırmaq üçün yollar axtarırdı. Həmin vaxt məsuliyyəti bölüşməyən, məsələnin həllində aktivlik göstərməyən Avropa İttifaqı isə Minsk qrupunun tarixin tozlu küncünə göndərilməsinin ardından prosesə müdaxilə etməyə çalışır. Bəs niyə 30 ilə yaxın Aİ özünü prosesin tənzimlənməsindən kənarda saxlamışdı? Bu gün əvvəlki neytarallıq niyə saxlanılmır?

Dövlətimizin başçısı qəbul zamanı deyib ki, Avropa İttifaqı əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır: “Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir”.

Prezident vurğulayıb ki, əgər mümkündürsə, mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır.

Bəli, Fransanın bu məsələdəki mövqeyi heç bir beynəlxalq qanuna, ədalət prinsipinə və hüquqa əsaslanmır. Özünün neokolonialist davranışlarını Cənubi Qafqaza proyeksiya etməyə çalışan Paris bölgənin gələcək atlasında təmsil olunmaq üçün can atır. Bu isə region dövlətlərinin maraqlarına zidd olduğu qədər yolverilməzdir - Azərbaycan heç bir zaman imkan verməz ki, Fransa və ya bir başqa dövlət bizim maraqlarımız üzərindən “dominatlıq” həvəsinə düşsün.

“Binokl diplomatiyası”...

Avropa İttifaqının davranışları bir sıra hallarda Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olur, hətta “anti - sülh” mahiyyəti əks etdirir. Məsələn, heç bir siyasi-ictimai mahiyyət daşımayan, sadəcə olaraq, regiona “nəzarət” üçün Ermənistana yerləşdirilən Aİ-nin “müşahidə missiyası”nın əsl “fəaliyyət mexanizmləri” hər kəsə bəllidir. Bu qrup monitorinq missiyası mahiyyətindən daha çox Ermənistanı sülhdən uzaqlaşdırmaq üçün təzyiq vasitəsi kimi istifadə olunur. Bu missiyanın “əsl siması” isə gündən-günə daha aydın şəkildə ortaya qoyulur. Onların müşahidəçidən çox kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması müşahidə olunur. “Binokl diplomatiyası”nı özünün ən vacib hərəkət mexanizminə “çevirən” bu qrup ara-sıra xarici ölkələrin Ermənistandakı səfirlərini, İrəvanda qonaq olan amma sülh məsələsinə ən minimum aidiyyatı olmayan xarici nümayəndələri şərti sərhədə gətirir, onların Azərbaycan torpaqlarına “boylanan yerdə” şəkillərini çəkir paylaşır. Bunu isə həm də özünün missiyası sayır. Təəssüf ki, bu qrup heç bir monitorinqlə yadda qalmır - ermənilərin Azərbaycana qarşı son dövrlərdə əl atdığı hərbi təxribatlar haqqında bir kəlmə də olsun nə hesabatlarında qeyd edirlər, nə də bununla bağlı fikir bildirirlər.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Dövlətimizin başçısı bildirib ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq.

Görünən budur ki, Aİ daha çox regionda distabilliyinin aradan qalxmaması, gərginliyin davam etməsi, sülhün əldə olunmaması üçün “addımlar” atır. Paralel olaraq Aİ-nin timsalında Fransa  bu kimi hərbiləşdirilmiş “mülki missiya” oyunları ilə regionda qalmağı “planlaşdırır”.

Əməkdaşlıq geniş gündəliyə malikdir

Bütün bunlarla yanaşı, Azərbaycanın xarici siyasət kursu çoxvektorluğu ilə seçilir və qarşılıqlı əməkdaşlığa, milli maraqlara əsaslanır. Ölkəmiz bütün beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlıdır. Xüsusilə hazırki həssas məqamda Azərbaycan mühüm bir coğrafiyada münbit iqtisadi şərait formalaşdırması ilə diqqəti cəlb etməkdədir - ölkəmizin coğrafi-tranzit imkanlarını, Şərq-Qərb ötürücülük qabiliyyətini önə sürməsi, qlobal münasibətlərin yeni mərhələsini yaratması, mühüm enerji dialoqu platforması formalaşdırması dəyərləndirilir. Təsadüfi deyil ki, son aylarda Avropanın bir sıra dövlətinin başçısı Bakıya səfər edib, ölkəmizin kontingentin enerji təhlükəsizliyinin təminatı məsələsindəki rolunu yüksək qiymətləndirib.

Aİ ilə Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir - xüsusilə, enerji sektorunda Aİ ölkələrinin bəziləri Azərabycanı yaxın tərəfdaş kimi qəbul edir. Paralel olaraq müasir innovativ enerji dialoqu prosesinin aktuallığını da nəzərə alsaq, Bakının qitə üçün vaciblik indeksi günü-gündən yüksəlməkdədir. Qurumun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasındakı qeyri-adekvat mövqeyi isə təəssüf doğurur. Prezident İlham Əliyev qəbulda bildirib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı geniş gündəliyə malikdir və enerji, nəqliyyat, “yaşıl enerji”, ticarət sahələrini əhatə edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Beləliklə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar. Dövlətimizin başçısı ümidvar olduğunu qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər Ermənistan-Azərbaycan gündəliyindən asılı olmayaraq inkişaf edəcək...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30