Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son 10 ildən az müddətdə ölkədə ümumi daxili məhsul 300 faiz artıb

Son 10 ildən az müddətdə ölkədə ümumi daxili məhsul 300 faiz artıb

31.01.2013 [01:21]

Prezident İlham Əliyev: Bütövlükdə son 10 ildən az müddətdə biz iqtisadiyyatın həcmini üç dəfə artırmağa nail olmuşuq
Məlum olduğu kimi, sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan hazırda dinamik inkişaf edən ölkələr arasında özünəməxsus yerə malikdir. Elə son dövrlərdə dünyada gedən qlobal proseslər də ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir.
Qeyd etmək lazımdır ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların milli maraqlarla uzlaşdırılmasıdır. Yeri gəlmişkən, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsiz olduğu kimi, öz növbəsində respublikamızın ümumi iqtisadi inkişafı da bölgələrimizin inkişafını əsaslandıran böyük həcmli proqramların icrasına şərait yaradır. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə və yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyasının uğurlu davamı nəticəsində bu gün Azərbaycan bütövlükdə Cənubi Qafqazın liderinə çevrilib.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb.
Ümumiyyətlə, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Ümumi daxili məhsul (ÜDM) istehsalının strukturuna diqqət yetirdikdə, bütün iqtisadi sahələrdə artım meyillərinin nəzərə çarpdığını görmək mümkündür. Əldə edilən uğurlar statistik ifadədə aşağıdakı formada təzahür edir: 2003-2010-cu illərdə ÜDM real ifadədə 3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2, xarici ticarət dövriyyəsi 5,4, strateji valyuta ehtiyatları 19 dəfə artıb. Adambaşına düşən ÜDM-in həcmi 2003-cü ilin rəqəmi ilə (872,7 manat) müqayisədə nominal ifadədə 5,3 dəfə, real ifadədə isə 2,7 dəfə artaraq 2010-cu ildə 4653.3 manat təşkil edib. Ölkə üzrə işsizliyin səviyyəsi 1,6, yoxsulluq isə 4,9 dəfə azalıb. Son 9 ildə əhali gəlirlərinin artımının (4,5 dəfə) inflyasiya səviyyəsini (1,9 dəfə) qabaqlaması birincinin real ifadədə 2,3 dəfə artmasını təmin edib.
Qeyd edək ki, xüsusilə, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Həmin il ÜDM 5 faiz artaraq, 41 milyard manatı ötüb. Orta illik inflyasiya idarə olunan səviyyədə saxlanılıb və 5,7 faiz təşkil edib. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faiz artaraq 29 milyard dollara çatıb və bu da ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində, qeyri-neft sektorunun dinamik inkişafı davam edib və onun real artım tempi, ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən, qeyri-neft sənayesində 6,6 faiz təşkil edib.
Xüsusilə vurğulamaq lazımdır ki, 2011-ci ildən başlayaraq ötən ildə də ümumi daxili məhsulun artımı strateji məqsədlərə uyğun olaraq, tamamilə qeyri-neft sektorunun hesabına formalaşıb və 2,2 faiz olub. Bu dövrdə cari qiymətlərlə 77,9 milyard manatlıq məhsul və xidmətlər istehsal olunub ki, bu da 2011-ci ildəkindən 4,5 milyard manat çoxdur. 2012-ci il ərzində sənayedə 27 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 50 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,8 milyard manatlıq (müvafiq olaraq 5,2 faiz), tikintidə 5 milyard manatlıq (9,2 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,9 milyard manatlıq (5,5 faiz), informasiya və rabitə xidmətlərində 927,2 milyon manatlıq (1,7 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 3,6 milyard manatlıq (6,7 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 910,3 milyon manatlıq (1,7 faiz), sosial və digər xidmətlər sahəsində isə 7,5 milyard manatlıq (13,8 faiz) əlavə dəyər yaradılıb. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 5884,5 manat və ya 7490,5 ABŞ dolları təşkil edib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,2 faizini təşkil edib.
Qeyri-neft sektoru üzrə artım 9,7 faiz təşkil etməklə, ümumi daxili məhsulda payı artaraq 52,7 faizə çatıb. İnformasiya və rabitə xidmətləri 15,9 faiz, nəqliyyatda yük daşımalar 3,5 faiz, o cümlədən, qeyri-neft yükdaşımaları 7,5 faiz, pərakəndə ticarət dövriyyəsi 9,6 faiz artıb.
Eyni zamanda, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətlərinə diqqət yetirsək görərik ki, vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Ötən il ərzində əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaradıb, əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artıb, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 faiz bəndi üstələyib. Yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz olub, 117 min yeni iş yeri açılıb. Ötən il ərzində orta aylıq əməkhaqqı 9,1 faiz artaraq, 391,4 manat təşkil edib, əhalinin banklardakı əmanətləri 24,4 faiz artıb. Əmanətlərə görə faiz gəlirlərinin vergidən azadolma müddəti uzadılıb ki, bu da onların sərəncamında qalan vəsaitləri artıracaq.
Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb. Təsadüfi deyil ki, ötən il oktyabrın 23-də Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business 2013” hesabatında Azərbaycan 185 ölkə arasında 67-ci yerdə qərarlaşıb. Belə ki, 2011-ci ilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 117 iqtisadiyyatını geridə qoyurdursa, 2012-ci il hesabatında belə ölkələrin sayı 118-dir. Hesabatda “müəssisənin yaradılması” göstəricisi üzrə Azərbaycan 18-ci, “əmlakın qeydiyyatı” üzrə 9-cu yerdə qərarlaşıb, “investorların maraqlarının qorunması” göstəricisi üzrə ilk onluğa daxil olub. “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 25-ci yerdə qərarlaşan Azərbaycan kommersiya mübahisələrinə baxılma müddətinə görə Sinqapur, Yeni Zelandiya və Koreya ilə yanaşı, dünyada 7-ci iqtisadiyyat kimi qeyd olunub. “Vergilərin ödənişi” göstəricisi üzrə Azərbaycan öz mövqeyini köklü surətdə yaxşılaşdırararq, uğurlu islahatlar aparan ilk beş ölkə sırasına daxil edilib. “Doing Business 2013” hesabatında biznes mühitin yaxşılaşdırılması sahəsində 2005-ci ildən etibarən Azərbaycanın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, ölkəmiz bu sahədə məqsədyönlü islahatlar həyata keçirən 15 ölkə sırasına daxil olaraq, bir çox ölkələri geridə qoyub.
Bu günlərdə Dünya Bankı “Dünya iqtisadiyyatının perspektivləri” icmalında Azərbaycanda 2013-cü ildə iqtisadi artımın 4,2 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. Mütləq göstəricilərdə Dünya Bankı 2013-cü ildə Azərbaycanda ÜDM-in həcminin 74,2 milyard dollar, 2014-cü ildə 79,8 milyard dollar, 2015-ci ildə 86 milyard dollar olacağını proqnozlaşdırıb. Bundan əlavə, icmalda ÜDM-in adambaşına həcmi ilə bağlı proqnozlar da əksini tapıb. Belə ki, 2013-cü ildə ÜDM-in adambaşına həcminin 7909 dollar, 2014-cü ildə 8 408 dollar, 2015-ci ildə 8 966 dollar olacağı gözlənilir.
Beləliklə, uzunmüddətli inkişaf strategiyası imkan verir ki, növbəti on il ərzində ümumi daxili məhsul (ÜDM) iki dəfə artsın. Görülən işlər və həyata keçirilməkdə olan tədbirlər isə ölkəmizin nüfuzlu təşkilatların hesabatlarında yerini daha da yaxşılaşdırmağa, investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına imkan yaradacaq. Bütün bunlar isə Azərbaycanın dünyada nüfuzunun artmasının, ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin təzahürüdür. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Rossiya-24” telekanalına verdiyi müsahibəsində bildirib ki, biz ölkənin qarşısında qoyduğumuz bütün məsələləri həll edə bilmişik və ümumiyyətlə, gələcəyə də nikbin baxırıq: “Azərbaycanın inkişafı-2020” proqramı qəbul edilmişdir. Biz hazırda həyata keçirdiyimiz bütün planları iyirminci ilə qədər tamamilə reallaşdırmaq niyyətindəyik. Bütövlükdə son 10 ildən az müddətdə biz iqtisadiyyatın həcmini üç dəfə artırmağa nail olmuşuq. Ümumi daxili məhsul 300 faiz artmışdır. Qarşıdakı 10 ildə biz ÜDM-in ikiqat artırılmasını planlaşdırırıq. Bu, əsasən qeyri-neft sektorunun hesabına həyata keçiriləcəkdir”.
SEVİNC

Paylaş:
Baxılıb: 1122 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30