Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Millət vəkilləri beynəlxalq təşkilatların Ermənistandakı saxta seçkilərə münasibətindən narazıdır

Millət vəkilləri beynəlxalq təşkilatların Ermənistandakı saxta seçkilərə münasibətindən narazıdır

23.02.2013 [14:22]

Deputatlarımız Türkiyə prezidenti Abdullah Gülün işğalçı dövlətin rəhbəri Serj Sarkisyana təbrik məktubu göndərməsini təəssüflə qarşılayıblar
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri Ermənistanda keçirilmiş saxta prezident seçkilərinə və Türkiyə prezidenti Abdullah Gülün Serj Sarkisyana təbrik məktubu göndərməsinə münasibət bildiriblər.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ermənistanda prezident seçkilərinin ciddi saxtakarlıq şəraitində keçdiyini bildirib. M.Qurbanlı təəssüflə deyib ki, Ermənistanda saxta yolla seçilmiş prezidenti təbrik edənlər arasında Türkiyə prezidenti Abdullah Gül də oldu: “Mən bundan çox təəssüf hissi keçirirəm. Çünki bizim yaxşı bir atalar sözü var: “Uman yerdən küsərlər”. Biz Rusiya prezidentinin bu addımına hansısa bir formada etiraz edə bilmirik. Çünki bəlli məsələdir ki, Ermənistan Rusiyanın forpostudur. Ancaq Türkiyə prezidentinin seçkilərdən dərhal sonra belə bir təbrik göndərməsi təəssüf doğurur”.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, bu hadisə bizi incitsə də, bunun üzərinə çox getmək lazım deyil. Onun sözlərinə görə, belə bir fikir işlədilir ki, bu təbrik nəzakət xatirinə edilib: “Ancaq diqqətdə saxlanılmalıdır ki, Ermənistana nə qədər nəzakət göstərilsə, onlar bu nəzakətdən başqa cür istifadə edirlər”.
Ermənistanda keçirilən seçkilərə gəlincə, O.Əsədov beynəlxalq müşahidəçilər tərəfindən bu seçkilərin müsbət qiymətləndirilməsini təəssüflə qarşılayıb. “Biz Ermənistanda keçirilən prezident seçkilərini diqqətlə izlədik. Bu seçkilərin ciddi saxtakarlıqlarla keçməsinə baxmayaraq, beynəlxalq təşkilatların rəyində bu məqamları görmürük”, - deyə spiker qeyd edib. O.Əsədov bildirib ki, beynəlxalq təşkilatların rəylərində Ermənistanda prezidentliyə namizədə qarşı sui-qəsdin törədilməsi faktına toxunulmayıb. Onun fikrincə, belə yanaşma bir çox mətləblərdən xəbər verir.
“Ermənistanda heç 2 milyon əhali yoxdur. Ermənilərin özləri də etiraf edirlər ki, hər il təxminən 100 min nəfər ölkəni tərk edir. Amma seçici siyahılarında 2,5 milyon seçicinin qeydiyyatdan keçdiyini deyirdilər. Beynəlxalq təşkilatlar da həmin siyahıları müsbət qiymətləndirdilər. Bütün bunlar bir daha göstərir ki, biz diqqətli olmalıyıq. Çünki Ermənistan bəzi xarici qüvvələrin əlində vasitədir. Azərbaycan isə müstəqil siyasət həyata keçirir və buna görə də, ikili standartlarla üzləşir. Azərbaycanda prezident seçkiləri kampaniyası başlamasa da, artıq xaricdən müəyyən fikirlər səslənir. Ölkəmiz müstəqil siyasət yürüdərək milli maraqlarımıza əsaslanan addımlar atır. Biz bu yolumuzla da gedəcəyik”, - deyə spiker vurğulayıb.
BQP sədri, millət vəkili Fazil Mustafa da bu təbrikdən təəssüfləndiyini bildirib. Millət vəkilinin fikrincə, Türkiyə prezidenti bu təbriklə tələsik addım atıb. Lakin o qeyd edib ki, bu hadisə Türkiyə əleyhinə kampaniyaya çevrilməməlidir.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev isə Türkiyə ilə bağlı narahatlığı başa düşdüyünü deyib: “Sarkisyan beynəlxalq təşkilatların tribunasından deyir ki, Xocalıda azərbaycanlıların qətliamında şəxsən iştirak etmişəm. Belə olan halda, niyə bu hərəkəti pisləməməliyik? Niyə hərbi səhra komandirini, bir cinayətkarı, saxta yolla özünü prezident elan etmiş şəxsi Rusiya prezidenti ilə bərabər Abdullah Gül də təbrik etməlidir?”
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da Türkiyə haqqında kəskin fikirlərlə razılaşmayıb: “Yaddan çıxarmaq lazım deyil ki, işğalçılıq siyasətinə görə Ermənistanla sərhədlərini yalnız Türkiyə bağlayıb. Bu dövlət bəyan edib ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmadan Ermənistanla əlaqələr qurulmayacaq. Ona görə də, hərdən bəyanatlara münasibət bildirəndə keçmişə baxıb baş verənləri nəzərə almalıyıq”.
S.Novruzov Ermənistanda keçirilən saxta seçkilərə də münasibət bildirib. Millət vəkili deyib ki, Ermənistanda keçirilən seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin məntiqi təəccüb doğurur. Azərbaycanda seçki keçiriləndə ATƏT-in nümayəndələrinin bir neçə ay əvvəldən gəlib müşahidə aparmaqla məşğul olduqlarını deyən S.Novruzovun sözlərinə görə, amma işğalçı dövlətə saxta seçkilər fonunda çox yumşaq münasibət göstərirlər.
“ATƏT-in müşahidə missiyası ölkəmizdə seçkilərlə bağlı bir neçə bəyanat verir. Bunların birincisi, seçkiöncəsi situasiya ilə bağlı, ikincisi, səsvermə günü, üçüncüsü, ilkin rəy, sonuncusu isə, seçkilərdən bir neçə ay sonra verilir. Amma işğalçı Ermənistana münasibətdə bunu etmirlər. Hamıya məlumdur ki, Ermənistanda saxta seçkilər oldu. Bu prosesdə namizədlərə normal təbliğat imkanı verilməyib, onlara qarşı sui-qəsd törədilib, kriminal qruplar seçki prosesinə müdaxilə edib və s. Amma Avropa Şurasının, ATƏT-in nümayəndələri bütün bunlara münasibət bildirmədilər. ABŞ-ın nümayəndələri isə səsvermənin “mürəkkəbi qurumamış” seçkilərin yaxşı keçməsi haqqında bəyanat verdilər. Rusiyanın mövqeyi aydındır və başa düşürük ki, bu dövlətin həmin seçkiyə münasibəti ayrı cür ola bilməz. Bəs özlərini demokratik dövlətlər və cəmiyyətlər adlandıranlar saxta seçkiləri niyə belə qiymətləndirirlər? Ermənistan seçiciləri saxtakarlıqları kameraya çəkib göstərsələr də, beynəlxalq müşahidəçilər buna münasibət bildirmirlər. Bütün bunlar göstərir ki, beynəlxalq aləmdə ölkələrə ikili standartlarla yanaşılır. Biz bu faktları gələcəkdə nəzərə almalıyıq”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
MDHP-nin sədri, millət vəkili Fərəc Quliyev çıxışında Türkiyə prezidentinin işğalçı dövlətin başçısına təbrikindən təəssüfləndiyini bildirib. O, həmçinin, Türk Hava Yollarına qarşı ciddi tənqidi fikirlər səsləndirib: “Türk Hava Yolları erməni millətçiliyini təbliğ edən “Aqos” qəzetini yayır. Bununla Xocalı soyqırımının əks-təbliğatını aparır. Bundan dərin təəssüf hissi keçirirəm”.
Millət vəkili deyib ki, bu məsələyə kifayət qədər münasibət bildirilməlidir, ictimai təşkilatlar tərəfindən müzakirə olunmalıdır.
DİP sədri, millət vəkili Asim Mollazadə də açıqlamasında Türkiyə prezidentinin məlum təbrikini tənqid edib. Onun fikrincə, mülki əhalinin qətlində iştirak etmiş adamların təbrik edilməsi Azərbaycanda müsbət qarşılanmır. Millət vəkili bildirib ki, vaxtilə biz “futbol diplomatiyası”, Sürix protokolları ilə üzləşmişdik və hadisələr də onu göstərdi ki, Türkiyə rəhbərliyində bəzi şəxslər Ermənistanla münasibətləri yaxşılaşdırmaq istiqamətində müvafiq addımlar atırlar.
“Amma Ermənistanın hər zaman buna sərt cavabı olub. Ermənistanın bir dövlət kimi siyasəti məhz türkə nifrət, qondarma soyqırımı məsələsini gündəmə gətirmək üzərində qurulub və öz qonşularına ərazi iddialarını irəli sürən siyasət aparır”, - deyə A.Mollazadə bildirib. Azərbaycanın torpaqlarının işğal altında olduğunu bir daha xatırladan partiya sədri, azərbaycanlıların məhz türk olduğuna görə ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildiyini deyib. A.Mollazadə bunun Ermənistanın bugünkü rəhbərliyinin siyasətinin bir hissəsi olduğunu vurğulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 992 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30