Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

18.07.2013 [11:24]

Prezident İlham Əliyev: Azərbaycanda ötən ay keçirilən hərbi parad bir daha bizim qüdrətimizi göstərdi
Məlum olduğu kimi, Azərbaycanın hərbi gücü durmadan artır. 26 İyun - Silahlı Qüvvələr Günündə ordumuzun yaranmasının 95 illiyi münasibətilə keçirilən möhtəşəm parad isə ölkəmizin özünümüdafiə və ordumuzun döyüş qabiliyyətinin səviyyəsini, həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqları döyüş yolu ilə istənilən vaxt azad etməyə hazır olduğunu bir daha göstərdi.
Bildiyimiz kimi, Azərbaycan ərazilərinin işğalı keçmiş SSRİ-nin dağıldığı bir dövrdə yaranmış tarixi ekstremal vəziyyətdə, müxtəlif daxili və xarici amillərin yaratdığı qarışıq bir vəziyyətdə baş verib. Mövcud şəraitdən yararlanan Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və 7 ətraf rayonu işğal edib, bir milyona qədər azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub. Artıq 2 dövlət arasında atəşkəsin imzalanmasından 19 il vaxt keçib. Onu da qeyd edək ki, Azərbaycanda yetişən yeni nəsil ölkəmiz üçün ərazi bütövlüyünün bərpasının hər şeydən vacib olduğunu anlayır. Milli maraq kəsb edən bütün məsələlərdə olduğu kimi, ərazi bütövlüyü məsələsində də dövlət-xalq birliyi öz möhkəmliyini qoruyub saxlayır. Nə Azərbaycan xalqının, nə də ölkə rəhbərliyinin ərazilərimizin bir qarışını belə düşmənə güzəştə getmək niyyəti yoxdur. Eyni zamanda, işğalçı Ermənistan istisna olmaqla, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Üstəlik, indi Azərbaycan 90-cı illərin əvvəlindəki iqtisadi böhran yaşayan, siyasi hərc-mərcliyin hökm sürdüyü, müdafiə sisteminin tənəzzülə uğradığı ölkə deyil. Respublikamız iqtisadi, hərbi cəhətdən regionda ən güclü, dünyada öz nüfuzu və siyasi çəkisi olan bir dövlətdir.
ORDU QURUCULUĞU SİYASƏTİ QÜVVƏLƏR BALANSINI DƏYİŞİB
Kimsəyə sirr deyil ki, müstəqilliyin ilk illərində Azərbaycan ordusu sistemsiz, dağınıq bölmələrdən ibarət idi, Ermənistanın ölkəmizə qarşı apadığı işğalçı müharibə isə müdafiə sisteminin təcili surətdə möhkəmləndirilməsini tələb edirdi. Beləliklə, Azərbaycanda müasir ordu quruculuğunun əsası 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qoyuldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Heydər Əliyev yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv etdi, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyəli ordunun qurulması prosesi ardıcıl hal aldı. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyunun Silahlı Qüvvələr Günü kimi qeyd olunması respublikamızın varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməllərə sadiqliyindən irəli gəlirdi. Həmçinin, bu dövrdə ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesinə diqqət artırıldı. Silahlı Qüvvələrin təkmilləşdirilməsində ayrı-ayrı ölkələrin təcrübəsindən istifadə olundu, NATO ilə bu istiqamətdə əməkdaşlıq yaradıldı.
Qeyd edək ki, Ümummilli liderin kursunu davam etdirən Prezident İlham Əliyev də Azərbaycanda müasir ordu quruculuğuna xüsusi diqqət göstərir. Dövlət başçısının rəhbərliyi ilə son 10 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə görülən işlər, ilk növbədə, ordunun maddi və texniki təchizatını yaxşılaşdırıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə hərbi sahəyə büdcədən 135 milyon dollar ayrıldığı halda, 2013-cü ildə bu məbləğ 3,7 milyard dollar təşkil edib. Nəticədə, bu gün Azərbaycanın təkcə müdafiəyə ayrılan vəsaiti Ermənistanın ümumi dövlət büdcəsini 2 dəfə üstələyir. Ordunun texniki təchizatında isə həm xaricdən alınan, həm də respublikada istehsal olunan məhsullardan istifadə olunur.
Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən də xeyli dərəcədə asılıdır. Üstəlik, müharibə şəraitində yaşayan bir ölkə üçün orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olması ən vacib məqamlardan biridir. Bugünkü Azərbaycan cəmiyyətində yüksək hərbi vətənpərvərlik ruhu hökm sürür. Azərbaycan ictimaiyyəti ölkənin sürətlə artan iqtisadi, hərbi gücünü dərk edir, sosial-psixoloji, demoqrafik, maliyyə böhranı keçirən, hər cür qanunsuzluq və özbaşınalığın baş alıb getdiyi Ermənistan ordusunun vəziyyətini görür. Eynilə, düşmənin ara-sıra cəbhə xəttində təxribat cəhdlərinə layiqli cavabın verilməsi Azərbaycan ordusunda da öz gücünə inamın olduğunu, mübarizə əzminin hökm sürdüyünü göstərir. İyulun 5-də Ağstafa rayonuna səfəri zamanı yerli ictimaiyyətin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyevin söylədiyi kimi, milli ordumuz dünyanın ən güclü orduları sırasındadır: “Azərbaycanda ötən ay keçirilən hərbi parad bir daha bizim qüdrətimizi göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”.
HƏRBİ HAZIRLIĞA PARALEL HÜCUM DİPLOMATİYASI
Əlbəttə ki, ərazisinin bir hissəsi işğala məruz qalan bir dövlət üçün hərbi hazırlıq hər şeydən vacibdir. Lakin bildiyimiz kimi, Azərbaycanın ədaləti bərpa etmək uğrunda fəaliyyəti ölkənin müdafiə qabiliyyətini gücləndirməklə məhdudlaşmır. Azərbaycan ilə Ermənistan arasında 1994-cü ildən başlayan sülh danışıqlarının uzanması ölkəmizin işğalçı dövlətə qarşı daha qətiyyətli addımlar atmasına əsas verir. Bu məqsədlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının mahiyyəti ondan ibarətdir ki, Azərbaycan yalnız münaqişənin həlli istiqamətində danışıqları davam etdirmək və ordusunu qüvvətləndirməklə kifayətlənmir. Azərbaycan həm də Ermənistanın bölgədə siyasi, iqtisadi blokadasını gücləndirir, erməni yalanlarına qarşı beynəlxalq miqyasda diplomatik addımlarını və informasiya siyasətini genişləndirir. Aktiv informasiya siyasətinin tərkib hissəs kimi, Azərbaycan torpaqlarının işğalı, eləcə də, zəbt olunmuş ərazilərdə törədilən talanlar, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi barədə həqiqətlərin dünyaya çatdırılması üçün hər il xarici ölkələrdə kitablar dərc olunur, çoxsaylı konfrans və tədbirlər keçirilir.
Ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bəlalar, faciələr haqqında həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğulamaq lazımdır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası ermənilərin azərbaycanlılara qarşı XX əsrin sonlarında törətdiyi soyqırımı haqqında həqiqətləri dünyanın 60-dan artıq ölkəsinin ictimaiyyətinə çatdırır. Məhz bu qurumun fəaliyyəti dünyanın müxtəlif ölkələrində Azərbaycanın daha yaxından tanınmasında, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və faciəli nəticələri barədə əsaslı informasiyaların kütləvi xarakter almasında müsbət irəliləyişlərə gətirib çıxarıb.
Eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında milli diasporumuzun geniş potensial imkanlarından istifadə olunması dövlətin diqqət yetirdiyi vacib məqamlardandır. Azərbaycan hökumətinin yaxından dəstəklədiyi, müxtəlif ölkələrdə fəaliyyət göstərən yüzlərlə diaspor təşkilatlarımız hər il təşkil etdikləri tədbir və aksiyalarla ölkəmizə qarşı yönələn dezinformasiyanın zərərsizləşdirilməsinə, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılmasına yardım göstərirlər. Sevindirici haldır ki, bu gün dünyanın hər bir regionunda yaşayan soydaşlarımız taleyüklü məsələlərdə doğma vətənə xidmət göstərmək məqsədilə öz aralarında böyük sürətlə təşkilatlanmaqda, bununla da, Azərbaycanın mənafelərinin beynəlxalq miqyasda müdafiəsində güclü təsirə malik qüvvəyə çevrilməkdədir.
Görülən işlərin sayəsində artıq beynəlxalq ictimaiyyət ermənilərin insanlıq əleyhinə törətdiyi cinayətlər barədə daha geniş təsəvvürə malikdir. Bunun bariz göstəricisi olaraq, Xocalı soyqırımının dünyada müxtəlif dövlətlər və federal subyektlər tərəfindən tanınmasını qeyd etmək lazımdır. Dağlıq Qarabağ həqiqətlərinin tanıdılması üçün göstərilən səylər, son nəticədə, Azərbaycanın labüd qələbəsini təmin edəcək. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin 95 illiyi münasibətilə keçirilən təntənəli hərbi parad zamanı nitqində də söylədiyi kimi, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək: “Əminəm ki, biz münaqişənin həllində də istədiyimizə nail olacağıq, tarixi ədaləti bərpa edəcəyik, doğma torpaqlarımıza qayıdacağıq!”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1488 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31