Heydər Əliyev
yeni azerbaycan logo

İFLAS...!

20.08.2013 [09:01]

Radikal müxalifətin və “Milli şura”nın 2013-cü il seçki iflası
Radikal müxalifətin xalqdan heç bir dəstək almadığı növbəti dəfə öz təsdiqini tapdı. Belə ki, avqustun 18-də dağıdıcı düşərgənin cəm olduğu “Milli şura”nın Bayıldakı 20-ci sahədə yerləşən sürücülük məktəbinin həyətində keçirdiyi aksiya radikalların hansı acınacaqlı durumda olduğunu bir daha nümayiş etdirdi. Çünki ermənipərəst Rüstəm İbrahimbəyovun sədri və prezidentliyə “vahid namizəd”i olduğu “Milli şura”nın piketində bu qondarma qurumun təmsilçilərinin əvvəlcədən bəyan etdikləri sayda deyil, ondan dəfələrlə az iştirakçı var idi. Nəzərə alsaq ki, həmin iştirakçıların da təxminən 10 faizi aksiyanı işıqlandırmaq üçün sözügedən piketə gələn mətbuat orqanlarının əməkdaşları idi, o zaman “Milli şura”nın “elektorat bazası”nın hansı vəziyyətdə olduğu göz önünə gəlmiş olur.
“Milli şura” sabun köpüyü kimi dağıldı
Daha dəqiq desək, bu hal, həmçinin, aksiyaya gələn müxalifətçilərin piket başa çatmadan belə ərazini tərk etmələri “Milli şura”nın nəinki xalq tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi, eyni zamanda, məlum oldu ki, qondarma qurumda təmsil olunan bəzi partiyaların nümayəndələri bu piketə candərdi qatılıblar. Və ya bəlkə də onların ümumiyyətlə, heç həmin partiyalara hər hansı dəxli yoxdu. Sadəcə kiminsə, yaxud da nəyinsə xatirinə 20-30 dəqiqəlik aksiya keçirilən meydanda görünməyə razılıq veriblər. Bir sözlə, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun da qeyd etdiyi kimi, 18 avqust aksiyası ilə radikal düşərgənin daha bir qondarma qurumunun fatihəsi oxundu.
Görünən odur ki, bazar günü keçirilən piketlə “Milli şura” sabun köpüyü kimi dağıldı. Əslində, prosesin məhz bu cür tamamlanacağı hər kəsə bəlli idi. Çünki hələ bu qondarma qurumun yaradılması məsələsi ortaya çıxarkən qeyd etmişdik ki, digər “birlik modelləri” kimi “Milli şura”nı da acınacaqlı tale gözləyir. Əvvəla ona görə ki, R.İbrahimbəyovun “Milli şura”sının yaranması ilə düşərgədaxili ziddiyyətlər daha da dərinləşdi. Bu gərginliyin kökündə isə radikal düşərgədəki partiya rəhbərləri arasında gedən “birinci olmaq” savaşı dayanır. Məhz bu savaşın pərdəarxası məqamları qondarma qurumun 18 avqust mitinqi zamanı da özünü göstərdi. Digər tərəfdən, “Milli şura”nın “vahid namizəd”i R.İbrahimbəyovun namizədliyi ilə bağlı ortaya çıxan tapmacasayağı vəziyyət bu qondarma qurumu çıxılmaz labirintə salıb. Ən nəhayət, bu qondarma qurum xarici anti-azərbaycançı dairələrin, ermənipərəst mərkəzlərin sifarişi əsasında yarandığı üçün xalq “Milli şura”nı birmənalı şəkildə rədd edir.
Bütün bunlar, eyni zamanda, “Milli şura”da təmsil olunan bəzi “siyasətçilərin” qaranlıq keçmişi bu qondarma qurumun fəaliyyətinə tez bir zamanda son verilməsinə əsas yaradıb. Yuxarıda da vurğuladığımız kimi, radikalların əsassız bəyanatlar və yalan vədlərlə süni şəkildə şişirtdikləri “Milli şura” mifi 18 avqust aksiyasından sonra sabun köpüyü kimi dağıldı. Və Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də öz müdrikliyini göstərdi. Xalqımız reneqatlara, ermənipərəstlərə, hakimiyyətə gəlmək üçün xarici ölkələri qapı-qapı gəzənlərə nəinki etimad göstərmədiyini, bu cür dağıdıcı ünsürləri birmənalı şəkildə rədd etdiyini bir daha sübut etdi.
Ölkənin siyasi gündəmini zəbt edən amorf qurum bir dənə də olsun, ciddi siyasi tezis ortaya qoya bilmədi
Əslində, antimilli ünsürlərin bu aksiyasının fiaskoya uğramasının bir neçə səbəbləri var. Əvvəla, bu gün Azərbaycan vətəndaşlarının kütləvi etirazını şərtləndirəcək hansısa ciddi problem yoxdur. Azərbaycan güclü dövlətdir və kifayət qədər sürətli inkişaf tempinə malikdir. Ölkənin iqtisadi imkanları genişləndikcə, digər sahələrdə də paralel islahatlar aparılıb və demokratik institutların, siyasi sistemin güclənməsinə nail olunub. Eyni zamanda, mövcud hakimiyyətin həyata keçirdiyi güclü dayaqlara malik sosialyönümlü siyasət vətəndaşların bütün problemlərinin aradan qaldırılması və onların mənafeyinin əsaslı şəkildə qorunmasını təmin edir. Hakimiyyətlə xalq arasında mövcud olan güclü birlik bütün dağıdıcı hərəkətlərin və Azərbaycanda mövcud olan sabitliyi pozmağa yönəlmiş təxribatların qarşısına sədd çəkir.
Qarşı tərəfə, radikal müxalifət partiyaları və onların liderlərinə isə ictimai maraq və etimad sıfır səviyyəsindədir. Bütün rəy sorğuları və mütəxəssislərin dəyərləndirməsi bu reallığı bir daha ortaya qoyur. Bu düşərgədə təmsil olunanların dağıdıcı fəaliyyəti onları xalqdan ayrı salıb. Heç də təsadüfi deyil ki, 1993-cü ildən bəri keçirilən bütün seçkilərdə həmin qüvvələr biabırçı məğlubiyyətlərə uğrayıblar. Faktiki olaraq, onlar Azərbaycanın siyasi sistemində heç bir çəkiyə malik olmayan, ölkənin siyasi gündəmi üçün əhəmiyyətsiz ünsür kimi xarakterizə olunurlar. Radikalların sonuncu aksiyası da məhz bu reallıqlar fonunda reallaşıb. Uzun müddətdir ki, öz mətbuat orqanlarında pafoslu ifadələrlə bəzədikləri, boğazdan yuxarı vədlərlə təqdim etdikləri mitinq, əslində, kiçik aksiyaları çox acınacaqlı sonluqda bitdi. Müxalifətdə olduqları 20 ildə nə təfəkkürlərində, nə fəaliyyətlərində heç bir yeni meyilə, müasir dövrün çağırışlarına cavab verən standartlara yer verməyən, zamanın bütün sınaqlarından məğlub ayrılaraq bu gün kiçik qruplar halında fəaliyyət göstərən radikal düşərgənin təmsilçilərinin bu piketində də ictimai marağa səbəb olan, siyasi gündəmdə müəyyən rezonans doğuracaq hər hansı bir fakta rast gəlinmədi. 20 ilin artıq kiflənmiş, pas tutmuş şüarlarını əllərində bayraq edən radikalların çağırışları cəmiyyət üçün bu dəfə də maraqlı olmadı. “Gələcəyik, gəlirik, gəldik” kimi artıq insanlarda ironik təbəssüm doğuran nağılları, bir-birilərinə qarşı yönəlmiş sətiraltı fikirlərindən başqa, bu amorf qurum bir dənə də olsun, ciddi siyasi tezis ortaya qoya bilmədi. Özlərini müxalifətin dinamosu sayanların bu bədbin görüntüləri onların qarşıdan gələn prezident seçkilərinə əslində, niyə bu qədər həvəs göstərməmələrinin səbəblərini də ortaya qoydu. Radikallar köhnəlmiş ideyaları, Azərbaycan dövlətinin siyasi gerçəklikləri üçün bu gün artıq öz aktuallığını çoxdan itirmiş məsələləri yenidən dövriyyədə saxlamaqla, intellektual olaraq nə qədər cılız bir vəziyyətə düşdüklərini, XXI əsrin Azərbaycanı üçün yarasız olduqlarını bir daha nümayiş etdirdilər.
Ənənəvi və qeyri-ənənəvi müxalifət nokaut vəziyyətində...
Beləliklə, qeyd etdiyimiz kimi, “Milli şura” adlı qondarma qurumun çətiri altında ermənipərəst və anti-azərbaycançı dairələrin direktivləri əsasında zorən müttəfiq halına gətirilmiş “mehriban düşmənlər” bu gün müxtəlif məsələlər ətrafında qarşıdurma nümayiş etdirirlər. Müzakirəyə çıxarılan məsələlərin heç birində ortaq məxrəcə gəlməyi bacarmayan radikallar ziddiyyətli fikirlər səsləndirməklə antimilli ünsürlərin “birliyi” olan “Milli şura”nın da yararsızlar klubu olduğunu nümayiş etdirirlər.
Dolayısıyla, milli maraqlara zidd mövqe sərgiləyən bu qüvvələr bir tərəfdən öz aralarında mövcud olan dərin ziddiyyətlərlə qarşı-qarşıyadırlar, digər tərəfdən isə, Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanırlar. Məhz bu hal ənənəvi və qeyri-ənənəvi müxalifətin çaşqınlıq içində, eləcə də nokaut vəziyyətində olmasını şərtləndirir.
Onu da qeyd edək ki, son hadisələr onu göstərdi ki, Rüstəm İbrahimbəyovun adı ilə bağlanan qondarma “Milli şura”nın Azərbaycan cəmiyyətinə aidiyyəti yoxdur. Bu qurum, əslində, müəyyən anti-Azərbaycan dairələrin mənafeyinə və burada təmsil olunan ermənipərəst şəxslərin siyasi ambisiyalarına xidmət edir. Yəni, qoca kinorejissorun “Milli şura” oyunlarının arxasında məhz anti-Azərbaycan dairələrin sifariş və dəstəyi ilə Azərbaycanda xaos mühiti yaratmaq, ictimai şüura və rəyə neqativ təsir etmək missiyası durur.
Beləliklə, görünən odur ki, ənənəvi və qeyri-ənənəvi müxalifət bu gün ümidsizlik içində siyasi çırpınışlarını davam etdirir. 18 avqust aksiyası isə bəhs olunan antimilli ünsürlərin nəyə qadir olduqlarını və hansı prinsiplər əsasında fəaliyyət göstərdiklərini növbəti dəfə ortaya qoymuş oldu...
18 avqust aksiyasında üzə çıxan həqiqətlər...
Qeyd etmək yerinə düşər ki, “Milli şura”nın avqustun 18-də keçirilən piketi əvvəlindən sonunadək qüsurlarla da dolu idi. Bu qüsurlar, həm təşkilatçılıqda, həm də çıxış edənlərin fikirlərində özünü göstərdi. İlk növbədə, aksiyanın aparıcısı olan İbrahim İbrahimli dəfələrlə səhvə yol verdi.
Aksiyanın “Milli şura”nın “vahid namizəd”i R.İbrahimbəyovun dəstəklənməsi məqsədilə ilə keçirilməsi nəzərdə tutulsa da, bu piketə demək olar ki, sözügedən şəxsi dəstəkləyən cəmi bir şüar və plakat gətirilmişdi. Orada daha çox AXCP və “Müsavat”ın bayraqları görünürdü. R.İbrahimbəyovun portreti isə təkcə piketin tribunasına vurulmuşdu. Aksiyada iştirak edən müxtəlif partiyalarının üzvləri buraya daha çox öz plakatlarını gətirmişdilər.
Eyni zamanda, həmin partiyalar özlərinin daha çox qüvvə ilə aksiyaya qatıldıqlarını nümayiş etdirməyə çalışırdılar. Piket zamanı “Milli şura”ya dəstək”, “Rustəm İbrahimbəyova dəstək” şüarları səsləndirilərkən yalnız “El” hərəkatının üzvlərinin səsləri gəlirdi. “Müsavat”çılar isə R.İbrahimbəyovun adını belə çəkmirdilər.
Onu da qeyd edək ki, piket nəzərdə tutulan vaxtdan təxminən 45 dəqiqə sonra, 17:45-də başladı və mitinqin 3 saat keçirilməsi nəzərdə tutulsa da, vaxtından tez, yəni saat 19:20-də başa çatdı.
İ.Qəmbər piketçiləri ələ saldı
Piketdə çıxışı zamanı “Müsavat” başqanı İsa Qəmbər “Milli şura”da “vahid namizəd” məsələsi ilə bağlı müəyyən narahatlıqların, qeyri-müəyyənliklərin olduğunu etiraf etdi. Bununla belə, İ.Qəmbər piket iştirakçılarını ələ salmaqdan da çəkinmədi. Belə ki, “Milli şura”nın seçkidə iştirakla bağlı ciddi problemləri olduğu halda “Müsavat” başqanı guya hakimiyyətin seçkidə kiminlə iştirak etməsi ilə əlaqədar qeyri-müəyyənliklərin olduğunu iddia etdi. Halbuki, ictimaiyyətə hakimiyyətin seçkilərə necə yüksək səviyyədə hazır olduğu və elan etdiyi namizədin xeyrinə imzaların toplandığı məlumdur. Seçki kampaniyasına xeyli müddətdir start verilməsinə baxmayaraq, “Milli şura”nın hələ də öz namizədini müəyyənləşdirə bilmədiyi halda, İ.Qəmbərin belə bir fikri məntiqsizdir. Eyni zamanda, bu, özünüaldatmaq, piket iştirakçılarını isə ələ salmaqdır. Məhz bu səbəbdən idi ki, İ.Qəmbərin bu fikirlərini iştirakçılar məyusluqla qarşıladılar.
Ə.Kərimli çıxış edəndə müsavatçılar dağılışdı
AXCP sədri Əli Kərimli isə çıxışında ümumiyyətlə, “vahid namizəd” məsələsinə toxunmadı və maraqlıdır ki, onun çıxışı zamanı aksiyaçıların bəziləri, xüsusən də, Müsavat Partiyasının üzvləri aksiyanı tərk etməyə başladılar.
Sonda qətnamə oxunan zaman isə aksiyaçıların əksəriyyəti ərazini tərk etdilər.
Müxalifətçilər M.Ə.Rəsulzadəyə qarşı hörmətsizlik etdilər
Piketin əvvəlində Məmməd Əmin Rəsulzadənin fikirləri səsləndirildi, eyni zamanda, bəzi çıxışlarda R.İbrahimbəyovun təşkilatını Xalq Cümhuriyyətinin yaradıcısı olan Milli şura ilə bərabərləşdirməyə cəhdlər göstərildi. Əlbəttə ki, müxalifətin radikal hissəsi həmişə kimlərəsə oxşamağa çalışıb. İndi də özlərini Xalq Cümhuriyyətinin yaradıcılarına oxşatmağa çalışırlar. Əlbəttə ki, bu, onların çox uğursuz variantıdır. Çünki R.İbrahimbəyov heç bir halda M.Ə.Rəsulzadə ilə eyniləşdirilə bilməz. Bir kinodramaturqu, ana dilində danışa bilməyən, ermənipərəstliyi ilə seçilən, Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləməyən R.İbrahimbəyovu Rəsulzadə səviyyəsinə yüksəltməyə heç kimin mənəvi haqqı yoxdur.
Məhz bu kimi qeyri-ciddi, o cümlədən, antimilli fəaliyyətin nəticəsidir ki, müxalifətin radikal qanadının ictimai dəstəyi sıfıra enib. R.İbrahimbəyovun “Milli şura”sının avqustun 18-də keçirdiyi mitinqəbənzər piket də bunu sübut etdi.
“Müxalifət liderlərinin” bir-birilərinə qarşılıqlı ittihamları...
“Milli şura”nın avqustun 18-də keçirdiyi aksiyanın ən əsas “özəlliyindən” biri də aksiya zamanı və sonra düşərgə təmsilçilərinin, özlərini “lider” adlandıran siyasətbazların qarşılıqlı ittihamları oldu. Belə ki, aksiyaya gözləniləndən 10 dəfələrlə az adamın qatılması bir daha onların “elektoratını” üzə çıxardı və bu dəfə də qarşılıqlı ittihamlar yenidən gündəmi zəbt edib. Məsələn, Müsavat Partiyasının üzvü Rauf Arifoğlu “Facebook” sosial şəbəkəsində “Milli şura”nın mitinqində “El” hərəkatının cəmisi 32 nəfərlə, ACP-nin isə 12 nəfərlə “təmsil” olunduğunu yazıb. Bu dəfə də əsas “yükün” “Müsavatın çiyinlərinə” düşdüyünü sübut etməyə çalışan partiya funksionerləri sanki bununla artıq uzun müddətdir ki, “Milli şura” daxilində davam edən nüfuz savaşına yeni rəng qatmış oldular.
Bundan başqa, aksiyanın sonunda bütün radikal düşərgə partiyalarının sədrlərinin narazı qaldığı, hətta atmacalarla bir-birilərinə “sataşdığı” haqda məlumatlar yayılıb. Bəzi KİV-lərin də yazdıqları kimi, piketdə əsasən İsa Qəmbərə və Əli Kərimliyə yaxın QHT-lərin nümayəndələrinin çıxış etməsi, o cümlədən, yerdən bəzi insanların öz partiya sədrlərinin adlarını şüar kimi səsləndirməyə çalışması narazılığa səbəb olub. Hətta əldə olunan məlumata görə, Eldar Namazov həm İsa Qəmbəri, həm də Əli Kərimlini bu aksiyanı öz təbliğatlarına istiqamətləndirməkdə günahlandırıb. E.Namazov bildirib ki, nə adıçəkilən partiya sədrləri, nə də onlara yaxın olan gənclər təşkilatlarının nümayəndələri “Milli şura”nın başıbəlalı namizədi R.İbrahimbəyovun Azərbaycana qayıdışı ilə bağlı heç bir söz deməyiblər. Hətta çıxış edənlərin bəziləri dolayısı yolla artıq yeni namizədin axtarılmasının vacibliyini irəli sürüb ki, bu da E.Namazovu narahat edib.
Təbii ki, uğursuz mitinq çırpınışları İ.Qəmbərlə Ə.Kərimlinin də arasında yenidən qalmaqalların başlanmasına rəvac verib. Belə demək mümkündürsə, R.Arifoğlunun qeyd edilən sosial şəbəkə statusunu bu qalmaqalın ilk atəşi hesab etmək mümkündür. Bundan başqa, aksiya ərzində bu iki partiya sədrinin mümkün qədər bir-birilərindən kənarda dayanması, o cümlədən, demək olar ki, söhbət etməmələri də diqqət çəkib. Daxil olan məlumatda da bildirilir ki, hətta İ.Qəmbər piketdən sonra AXCP-nin bayraqlarının bəzilərinin müsavatçıların tutduqlarını iddia edib, amma Ə.Kərimli buna qəti etiraz edib.
“Milli şura”dan bezənlər acıqla piketi tərk etdilər
Piket şuraya “kabab iyinə” gəlmiş başqa partiyaların da rəhbərlərinin narazılığı ilə qarşılanıb. Məsələn, ALP piketdə onları geri sırada yerləşdirmələrindən narazılıq etsə də, onlara bildirilib ki, ön cərgədə “Müsavat” və AXCP bayraqları tutan insanlar dayanacaq. Bu isə həmin partiyanın və başqa partiya nümayəndələrinin etirazına səbəb olub. Hətta piketin başlanmasına az qalmış ACP-nin, ALP-nin və başqa təşkilatların nümayəndələri “şələ-şülələrini” yığışdırıb aksiya keçirilən ərazidən uzaqlaşıblar. Onlar öz partiya sədrlərinə etirazlarının səbəblərini izah edib, “Milli şura” daxilində Müsavat Partiyasının və AXCP-nin dominantlığından bezdiklərini dilə gətiriblər.
Təbii ki, piket yalnız bu ziddiyyətlərlə deyil, daha açıq və bariz şəkildə görünən narazılıqlarla da rəngarəng olub. Məsələn, piketin aparıcısı İbrahim İbrahimli aksiyadan sonra hədəfə düşüb. Müsavat Partiyasının başqan müşaviri Mustafa Hacıbəyli İ.İbrahimlinin aparıcılıq edərkən buraxdığı səhvlərə və onu piketin aparıcısı seçməkdə israr edən siyasətçiyə öz etirazını bildirib və növbəti dəfə başqa bir nəfərin seçilməsini təklif edib. İ.İbrahimli isə KİV-ə açıqlamasında deyib ki, daldan atılan daş topuğa dəyər.
Göründüyü kimi, radikal müxalifət bu dəfə də yalnız “daldan daş atıb topuğu vurmağı” hədəfləsə də, öz istəyinə nail ola bilmədi. Bu aksiya da əvvəlkilər kimi radikal düşərgəyə yalnız özündən müştəbeh olmalarını açıq şəkildə göstərdi. Onlar nə qədər “möhtəşəm bir elektorata” malik olduqlarını növbəti dəfə gördülər...
Bu da məntiqi son: iflas!
Bütün bu sadalananların nəticəsi kimi, radikal müxalifət son hadisələrin fonunda iflasa düçar oldu. Əslində, dağıdıcı qüvvələrin mütləq şəkildə iflasa uğraması labüd və qaçılmaz proses idi. Bu fiaskonu şərtləndirən çoxsaylı faktorlardan bəhs etmək olar. Əsas etibarilə, aşağıdakı faktorlar radikal müxalifətin siyasi palitranın autsayderinə çevrilməsinin, son hadisələrin fonunda iflasa uğramasının səbəbləri qismində göstərilə bilər:
- Birincisi, radikal müxalifət cəbhəsində, ilk növbədə, lider problemi mövcuddur. Məlumdur ki, siyasi liderlər mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyətləri ilə həmrəylik və bütövlüyün təmin olunmasına nail ola bilən, birləşdirici və xilasedici rəhbər qismində çıxış edirlər. Onlar ən mürəkkəb situasiyalarda özlərinin şəxsi təcrübə və keyfiyyətlərindən xüsusi məharətlə yararlanırlar və təmsil etdiyi qrupun ali mənafeyinin təmin edilməsi missiyasını uğurla yerinə yetirirlər. Beləliklə, radikal müxalifət düşərgəsində siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu şərtləndirən əsas amillərdəndir;
- İkincisi, dağıdıcı düşərgənin intellektual kadr potensialı mövcud deyil. Kadr potensialı siyasi idarəetmədə mühüm rol oynayır və düzgün strateji, taktiki istiqamətlərin müəyyənləşdirilməsində həlledici xarakter daşıyır. Radikal müxalifətin strateji və taktiki məğlubiyyətini şərtləndirən əsas amillərdən biri də intellektual kadr potensialına sahib olmamalarıdır;
- Üçüncüsü, qeyd etdiyimiz kimi, cəmiyyətin ictimai-siyasi maraqlarına zidd mövqe sərgiləmək və beynəlxalq təzyiq qruplarının himayəsinə sığınmaq radikal müxalifətin davamlı fiaskosunu şərtləndirən növbəti faktorlardandır.
Şübhəsiz, bu gün radikal müxalifət düşərgəsində baş verənlər onların siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmiş ünsürlər olduğuna dəlalət edir. Yəni, radikal müxalifət siyasi palitrada rasional surətdə təmsil olunmadığından, özünün fəaliyyətini xarici qüvvələrin transmilli maraqları üzərində qurduğundan vətəndaşların etinasızlığı ilə qarşılanır. Başqa sözlə, radikalların yaşadığı çox ciddi sosial baza problemi onların iflasını şərtləndirən növbəti faktor kimi çıxış etdi.
Bütün bunlar həm də ona dəlalət edir ki, radikal müxalifət ötən müddət ərzində özünün siyasi irrasionallığını davam etdirdi və siyasi palitrada yalnız dağıdıcı subyekt qismində təmsil olundu. Onlar siyasi palitrada mövcud olan demokratik şəraitdən heç cür istifadə edə bilmədilər. Dağıdıcı ünsürlər pluralist mühitin fonunda rəqabət əvəzinə dağıdıcı təxribatları, ictimai-siyasi münasibətlər sisteminə qarşı yönəlmiş qəsdləri, ekssess aktlarını (cəmiyyətdə kəskin ziddiyyətlərlə müşayiət edilən toqquşmaların yaranmasına və ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlər) seçməklə autsayderə çevrildilər. Konstruktiv siyasi subyektə çevrilə bilməyən radikal müxalifət bu günə qədər ictimai-siyasi zərurət kimi alternativ ideya istehsal edə bilmədi və rasional fəaliyyət mexanizmindən məhrum oldu. Bununla yanaşı, radikallar “marginal burulğan”lar yaratmaqla, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri manipulyasiyaya məruz qoymaqla onları ən müxtəlif təxribatlarda iştirak etməyə sövq etdilər. Bir sözlə, dağıdıcı müxalifət normal siyasi mübarizə imkanlarını qiymətləndirə bilmədiyindən cəmiyyəti ən müxtəlif dissonanslarla (qarışıqlıq, ictimai asayişin pozulması ilə təzahür edən xaotik durum) qarşı-qarşıya qoymaq metodunu seçdi. Bu isə, nəticə etibarilə, onların özləri üçün “bumeranq” zərbəsi qismində çıxış etdi və radikal müxalifət iflasa uğradı.
Nəticə etibarilə, radikal müxalifət son proseslərdən nə umurdu, nə alındı? Nəticə ortadadır: fiasko və növbəti rəzalət. Artıq “Milli şura” adlı qondarma qurumunu keçirdiyi mitinqə 50, yoxsa 100 nəfərin gəlib-gəlmədiyini müzakirə etməyin heç bir mənası yoxdur. Fakt odur ki, İbrahimbəyovun antimilli “şura”sı icazəli mitinqdə belə, mövcud olduğunu iddia etdiyi tərəfdarlarını bir araya toplaya bilmədi. Sosial şəbəkələrdə “Milli şura” bayrağı altında dövlətimizə, xalqımıza qarşı qara piar kampaniyası aparanlar meydanda görünmədilər... Dolayısıyla, siyasi palitranın çoxdan yararsızlıq statusu almış autsayderləri özləri üçün mitinq etdilər, fiaskoya düçar oldular...
Beləliklə, radikal müxalifətin “fəallıq” görüntüsü və yaratdığı “vahid namizəd” mifi fiaskoya uğradı. Və bu cür siyasi təşkilatlanma və hazırlıq, yoxa bərabər olan sosial baza radikal müxalifətin seçkilərə yox, iflasa getdiyini aşkar etdi. Bu da antimilli ünsürlərin “birliyi” olan “Milli şura”nın son aqibəti: İFLAS!
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 1079 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31