Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyev və ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu - 10 il

İlham Əliyev və ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu - 10 il

30.09.2013 [09:47]

Cəmiyyətin inkişafının nəticəsi olaraq formalaşan dövlət zaman və əhatə etdiyi toplumun təşəkkülü baxımından daha da təkmilləşir. Dövlət daha köklü və daha dərin məfhum olaraq öz-özünü toplumun ehtiyacları baxımından mükəmməlləşdirir.
Şübhəsiz, təhlükəsizliyin təmin olunması (ərzaq, enerji, nəqliyyat və s. təhlükəsizliyi) dövlət üçün ən əsas şərtdir. Təminatlı dövlətin ikinci ən böyük ehtiyacı vətəndaş cəmiyyətini formalaşdırmaq, toplumun daxilində olan münasibətləri sivil formada tənzimləməkdir.
Müstəqilliyinin 22-ci ilini yaşayan Azərbaycan dövləti də yuxarıda qeyd edilən mərhələləri keçmişdir. Lakin bu keçid Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası nəticəsində daha qısa zamanda baş vermişdir. Xalqın atılan hər bir addımda dövlətə və dövlətin idarə olunması prosesini həyata keçirən hökumətə (hakimiyyətə) dəstəyi ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğuna müsbət təsir etmişdir.
Anlayış olaraq vətəndaş cəmiyyəti dövlətin və cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub, özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət qurumlarını birləşdirən bir strukturdur. Vətəndaş cəmiyyəti hazırda çox böyük anlam ifadə edərək, təmsil olunduğu dövlətin sosial-iqtisadi, siyasi və hüquqi təbiətini, inkişaf və yetkinlik səviyyəsini ifadə edən bir normadır. Başqa sözlə, bu anlayış altında tarixi təcrübə ilə əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülür.
Vətəndaş cəmiyyəti dövlət quruculuğunda ən yüksək mərhələlərdən birini təşkil etməklə vətəndaşı, ailəni, təhsil ocaqlarını, demokratik institutları, QHT-ləri, məhkəmələri, KİV-ləri özündə ehtiva edir.
Əlbəttə ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşması üçün sağlam bünövrə Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmışdır. Bu bünövrə üzərində sistemli inkişafı isə Ümummilli liderimizin layiqli davamçısı cənab İlham Əliyev təmin etdi.
Hazırda cəmiyyətin təşəkkülü, həmçinin, dövlətçilik ənənələri baxımından daha sistemli inkişaf edən Qərbdə vətəndaş cəmiyyəti dedikdə yuxarıda qeyd edilənlərlə yanaşı, həm də azad sahibkarlıq, təşəbbüskarlıq mühiti başa düşülür. Beləliklə, vətəndaş cəmiyyəti açıq, demokratik, qeyri-totalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur.
Bu ilin avqust ayında Prezident İlham Əliyev vətəndaşlarla görüşərkən bildirmişdir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır”.
Göründüyü kimi, Prezident bu sözlərlə dövlətin əsas vəzifəsini ifadə etmiş və bunu birbaşa vətəndaş cəmiyyətinin inkişafı ilə bağlamışdır.
Ölkəmizə 10 ildir ki, uğurla rəhbərlik edən, həm xarici, həm də daxili siyasətdə dövlət və millət adına böyük uğurlara imza atan cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyətinin dövlət daxilində bir institut kimi formalaşması üçün də çox mühüm qərarlar qəbul etmişdir.
Qeyri-hökumət təşkilatları ilə yanaşı, müstəqil mətbuatın, siyasi partiyaların da dövlət tərəfindən dəstəklənməsi bu sırada dayanan önəmli faktorlardandır. Bu təcrübəyə bir çox demokratik ölkələrdə belə təsadüf edilmir. Lakin inkişaf edən milli dövlətçiliyimizin ehtiyacından irəli gələn məsələlərin həlli üçün dövlətin dəstəyi cənab Prezident tərəfindən vacib hesab edilmişdir. Bunun müsbət nəticələri bu gün göz qabağındadır.
Prezident İlham Əliyev Azərbaycanda güclü vətəndaş cəmiyyətinin formalaşmasına dəstək vermək üçün ilk dəfə yerli qeyri-hökumət təşkilatlarına dövlət büdcəsindən qrantlar verilməsinin əsasını qoydu. Bu addım ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında dönüş mərhələsi oldu.
27 iyul 2007-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiqləndi. Bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi.
Konsepsiya ilə bağlı ictimai sektorda gedən geniş müzakirələrdən sonra Prezidentin 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müstəqil bir qurum olaraq yaradıldı.
Azərbaycanda cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin artırılması, onların sosial problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsi kimi məsələlər əsas məqsədlər olaraq seçildi.
Hər il dövlət büdcəsindən vətəndaş cəmiyyəti institutlarının layihələrinin reallaşdırılması üçün böyük məbləğdə pul vəsaitləri ayrıldı. Əgər bu vəsait 2009-cu ildə 2 milyon manat idisə, 2013-cü ildə 5 milyon manat təşkil etdi.
Bu vəsaitlər hesabına hər il onlarla yerli QHT həm öz təşəbbüslərini həyata keçirmək imkanı qazandı, həm müxtəlif problemlərin həlli, beynəlxalq aləmdə təbliğatın aparılması üçün zəmin yaradıldı, həm də minlərlə vətəndaşımız işlə təmin edildi.
Son 10 ildə Prezident İlham Əliyev yerli vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyini formalaşdırmaqla kifayətlənməyib ilk dəfə Azərbaycanı xarici QHT-lər üçün donor ölkəyə çevirdi. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına xarici ölkə QHT-ləri üçün maliyyə yardımı müsabiqəsi elan etdi. Həmçinin, ölkəmizdə gənclər təşkilatlarının inkişafını stimullaşdırmaq məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da yerli QHT-lərlə yanaşı, xarici QHT-lər, hətta fərdi şəxslər üçün də müsabiqələr elan etdi.
Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda çox mühüm əhəmiyyət kəsb edən digər faktorlar isə siyasi partiyaların maliyyələşdirilməsi və müstəqil mətbuata dövlət dəstəyidir.
Prezident İlham Əliyev Azərbaycanda hərtərəfli inkişafın təminatçısının dövlət olduğunu atdığı addımlarla dünyaya bəyan etdi, bununla da Azərbaycanla bağlı qərəzli hesabatlar açıqlayan bir çox beynəlxalq təşkilatların sözü bitmiş oldu.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə ölkəmizdə mövqeyindən və statusundan asılı olmayaraq onlarla mətbuat orqanlarına maddi vəsaitlər ayrıldı, bir çox qəzet və jurnalların dövlət müəssisələrinə olan borcları dövlət hesabına silindi. Bu addımların hər biri ölkəmizdə vətəndaş cəmiyyətinin daha sürətli inkişafına səbəb oldu.
Bu 10 ildə ardıcıl islahatların davamı olaraq isə Prezident İlham Əliyev hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da siyasi partiyaların rolunun möhkəmləndirilməsinə yönələn çox mühüm addımlar atdı. Güclü dövlət quruculuğunun istiqamətlərindən biri kimi bu institutların inkişafına dəstək verdi. Azərbaycan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə dair inkişaf etmiş Avropa ölkələrinin təcrübəsini öyrənildi, bu sahədə ATƏT və digər beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edildi.
Nəhayət, Azərbaycanda ilk dəfə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirildi. “Siyasi partiyalar haqqında” qanuna edilmiş düzəlişlər nəticəsində 2013-cü ildən etibarən ölkədə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi həyata keçirilməyə başlandı.
Əminik ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin yaradılması Azərbaycanda sözügedən təsisatların fəaliyyətini stimullaşdırmaqla ölkənin siyasi sisteminin inkişafına, vətəndaş cəmiyyəti quruculuğuna böyük dəstək olacaqdır.
Göründüyü kimi, ölkəmizə 10 il ərzində yorulmadan xidmət edən, xalqın Ona olan inam və etimadını layiqincə doğruldan Prezident İlham Əliyev ölkəmizin dünyanın ən sivil dövlətlərindən birinə çevrilməsi və dünya dövlətləri arasında rəğbətlə qəbul edilməsi üçün vətəndaş cəmiyyətinin inkişafına hədsiz dərəcədə böyük təkan vermişdir.
Sərraf Balaxan -
Yeni Azərbaycan Partiyası
Gənclər Birliyi ofisinin rəhbəri

Paylaş:
Baxılıb: 926 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31