Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ahıl jurnalistlər daim dövlətin diqqət mərkəzindədir

Ahıl jurnalistlər daim dövlətin diqqət mərkəzindədir

30.11.2013 [11:09]

Jurnalistlərin Prezident İlham Əliyevlə görüşündə bu məsələ xüsusi ilə vurğulanıb
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edərək bildirib ki, 1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev layiq görülüb. Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.
Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilib. Mətbuat Şurasının sədri bildirib ki, Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” elan olunması təsadüfi deyil. O deyib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli mətbuatın 135 illiyi yüksək səviyyədə keçirilib, dövlətimizin başçısının sərəncamları ilə yüzlərlə media işçisi fəxri adlara layiq görülüb. Mütəmadi olaraq media işçiləri ilə görüşən Prezident İlham Əliyev jurnalistlərin sosial-məişət problemlərinin həlli istiqamətində tarixi addımlar atıb, 156 mənzilli bina jurnalistlərin ixtiyarına verilib. Bu gün ölkə mediasının keyfiyyət dəyişiklikləri dövrünü yaşadığını deyən Mətbuat Şurasının sədri son illərin mühüm yeniliklərindən birinin də mediaya dövlət dəstəyinin artırılması ilə bağlı olduğunu bildirib.
Tədbirdə Prezident İlham Əliyev ölkəmizdə medianın durumu, inkişaf perspektivləri, demokratik cəmiyyət quruculuğunda bu sahənin əhəmiyyəti, informasiya təhlükəsizliyi və bu kimi digər məsələlər ətrafında geniş məzmunlu çıxış edib, jurnalistlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib. Dövlət başçısı eyni zamanda, ahıl jurnalistləri də unutmayıb. Onların həyat və şəraitinin yaxşılaşdırılması ilə bağlı fikirlərini bildirib. Təbii ki, bu məqam illərini jurnalistikamızın inkişafına sərf etmiş ahıl jurnalistlərimizi çox sevindirib. Məsələn, Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Cahangir Məmmədli bizimlə söhbətində öncə onu bildirib ki, Prezident İlham Əliyevin jurnalistlərlə keçirdiyi görüş çox yaddaqalan oldu: “Əlbəttə, media dinamik inkişaf edən struktura malikdir. Onun istər hədəfləri, istərsə də baxış bucağı günün tələbinə uyğun şəkildə dəyişir. Bəzən tələblərini qarşılamaq müəyyən mənada çətinlik də yaradır. Düşünürəm ki, medianın funksiyasının düzgün dərk edilməsi təkcə jurnalist əməyinin, onun özünüifadə vasitələrindən yararlanma bacarığının nəticəsi deyil. Prosesə dəstək verən simalar var ki, media, əslində onları örnək kimi cəmiyyətə təqdim etməlidir. Bu, həm medianın öz dəyərlərinin nümayişi və təbliği, həm də həmin şəxslərin əməyinin qiymətləndirilməsi nöqteyi-nəzərdən önəmlidir. Nəticədə udan tərəf yenə də media və cəmiyyətdir. Çünki prinsip etibarilə nüfuzlu jurnalistikanın mövcudluğu cəmiyyətdəki problemlərin həllində önəmli rol oynayır. Bu baxımdan olduqca səmimi keçən həmin görüş Azərbaycan jurnalistikasının tarixinə qızıl hərflərlə yazılmış oldu”.
C.Məmmədli deyib ki, görüşdə cənab Prezident öz səmimiyyəti ilə hər kəsə fikirlərini bildirməyə imkan yaratdı: “Beləliklə də, görüşdə iştirak edən jurnalistlər öz fikirlərini rahat bir şəkildə ifadə edə bildilər. İkincisi, cənab Prezident jurnalistikaya və jurnalistlərə qarşı duyduğu sonsuz məhəbbəti ilə bu görüşü yaddaqalan etdi. Üçüncüsü, Azərbaycan mediasına verilən mesajlar da bu görüşün xüsusi məziyyətlərindən sayıla bilər. Görüşdə millət vəkili, yazıçı - publisist Aqil Abbasın səsləndirdiyi jurnalist peşəsini seçəcək abituriyentlərin qabiliyyət imtahanı vermələri ideyası vacib məsələ kimi maraq doğurdu. Cənab Prezident məsələnin həlli üçün aidiyyəti orqanlara tapşırıqlarını verdi. İnanıram ki, bu sahədə qabiliyyət imtahanlarının keçirilməsi jurnalist peşəsini seçən hər bir abituriyentə öz töhfəsini vermiş olacaq”.
C.Məmmədli bildirib ki, həmin görüşdə qaldırılan digər bir məsələ isə heç şübhəsiz ahıl jurnalistlərə diqqət və qayğının göstərilməsi təklifi oldu: “Həmin təklif səsləndirildikdən sonra cənab Prezident bu məsələyə öz münasibətini bildirərək qeyd etdi ki, bizdə ahıl insanlara diqqət və qayğı çox yüksək səviyyədədir. Belə ki, dünyanın heç bir yerində bizdəki kimi böyüyə, kiçiyə hörmət və qayğı göstərilmir. Bu da bizim keçmişimizdən, milli - mənəvi dəyərlərimizə hörmətdən irəli gəlir. Cənab Prezident bütün bunları vurğuladıqdan sonra bildirdi ki, ahıl jurnalistlərin həyat və fəaliyyətlərinin stimullaşdırılması üçün lazım olan bütün addımları atacaq”.
Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov isə qeyd edib ki, görüşün bu qədər səmimi atmosferdə keçməsi bütün jurnalistləri, media nümayəndələrini ruhlandırdı: “Cənab Prezident elə bir səmimi atmosfer yaratmışdı ki, biz də bizi narahat edən problemləri qeyd edə bildik. Mən açığı əvvəlcədən çıxış hazırlamamışdım, amma görüşün səmimi bir atmosferdə, səmimi bir diskussiya formasında keçirildiyini görəndən sonra öz fikirlərimi səsləndirmək qərarına gəldim. Bildiyiniz kimi, mənim sədrlik etdiyim Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisi 2010-cu ildə yaradılıb və ictimai əsaslarla işləyir. O vaxtdan bəri düzdür, müəyyən tədbirlər həyata keçirsək də, ictimai əsaslarla, heç kimsədən heç bir dəstək almadan bu işləri görmək, bu tədbirləri keçirmək mümkün deyil. Bizim siyahıda ən azından 70 nəfər əlil jurnalistimiz var və bu jurnalistləri arada gedib ziyarət etmək, onların dərdlərinə həyan olmaq, hallarını soruşmaq, arada bir onlarla geniş ictimaiyyətin görüşünü keçirmək vacibdir. Bunu etmək üçün də heç şübhəsiz ki, maddi vəsait lazımdır. Bu insanların heç biri sıradan ahıllar deyillər. Bunların hər biri 50 il, 60 il mətbuatı öz çiyinlərində daşımış jurnalistlərdirlər. Heç şübhəsiz ki, bu qədər xidmətləri olmuş insanları ruhdan düşməyə qoymamaq, onlara yaşamaq üçün stimul vermək bizim məclisin məramına daxildir. Bu mənada mən də öz səsimi, əslində elə həmin ahıl jurnalistlərin səsini cənab Prezidentə çatdırdım ki, bu qurum mövsümi bir qurum deyil. Bu qurumun fəaliyyəti daimidir. Çünki bu gün biz ahılıq, sabah bu gün gənc olanlar ahıl olacaqlar. Bu baxımdan bu qurum heç bir zaman öz missiyasını başa vurmayacaq. Bu mənada bu məclisin işini canlandırmaq vacibdir. Bizə də bu yöndə dəstək lazımdır.
Təbii ki, cənab Prezident özünün yekun nitqində bütün verilən təkliflərə, o cümlədən mənim təkliflərimə öz yüksək münasibətini bildirdi. Lazımi tapşırıqlarını verdi. Hal-hazırda biz də lazımi, aidiyyəti orqanlarla müzakirələr aparırıq ki, Ahıl Jurnalistlər Məclisinin bundan sonrakı fəaliyyətini müəyyənləşdirək. Mən bir daha sizin qəzetiniz vasitəsi ilə cənab Prezidentə öz adımdan və eyni zamanda, Ahıl Jurnalistlər Məclisi adından təşəkkürümü bildirmək istəyirəm”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədlinin fikrincə, Prezident İlham Əliyevin jurnalistlərlə görüşməsi çox müsbət haldır: “Həmin gündən təxminən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, bu görüş demək olar, cəmiyyətin vacib hadisəsinə çevrilib. Tədbirin uğurlu olduğu göz qabağındadır və hər kəs onu çox yüksək qiymətləndirir. Bu, təkcə biz jurnalistlər üçün deyil, eyni zamanda, Azərbaycan cəmiyyəti üçün də əhəmiyyətli məqamdır. Orada təkcə jurnalistlər deyil, həmçinin, jurnalistika fakültəsinin müəllimləri, qocaman elm adamları və professorlar da iştirak edirdi. Bildiyiniz kimi, bütün spektri əhatə edən media orqanlarının rəhbərləri tədbirə dəvət olunmuşdular. Mənə elə gəlir ki, bu görüş haqqında, onun cəmiyyətə, mediaya verəcəyi töhfələr barədə hələ uzun müddət danışılacaq.
Məlum olduğu kimi, ölkə başçısı həmin görüşdə mətbuatla bağlı müsbət fikirlər səsləndirib və bildirib ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuat böyük rol oynayıb. Ölkə başçısı, həmçinin, onu da qeyd edib ki, media nümayəndələri sosial problemlərin həllində Azərbaycanın öncül yerlərində dayanır. Bir sözlə, həmin görüş Azərbaycan jurnalistlərini daha məsuliyyətli olmağa, fəal işləməyə, ədalətli mövqe tutmağa çağırdı”.
N.Əhmədlinin sözlərinə görə, tədbirdə Qaldırılan məsələlərdən biri də ahıl jurnalistlərlə bağlı idi: “Ahıl jurnalistlərlə bağlı deyilən sözlər, alınan qərarlar onlara əməlli-başlı stimul verir. Cənab Prezident də bunu bildiyinə görə lazımi tapşırıqlarını verdi. Zənnimcə, bu tədbirdən sonra orada səslənməyən problemlərin həlli istiqamətində də müəyyən addımlar atılacaq, sadalanan nüanslar zaman-zaman həllini tapacaq”.
Oktay

Paylaş:
Baxılıb: 993 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31