Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Respublikası Məhkəmə Hakimləri İctimai Birlikləri İttifaqı yaradılıb

Azərbaycan Respublikası Məhkəmə Hakimləri İctimai Birlikləri İttifaqı yaradılıb

27.01.2015 [10:05]

Ələddin Cəfərov: 2014-cü il Azərbaycan üçün təkcə sosial-iqtisadi sahədə əldə olunan mühüm uğurlarla deyil, həm də demokratik proseslərin dərinləşdirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edən islahatların davam etdirilməsi ilə əlamətdar olub
Yanvarın 24-də Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) ümumi yığıncağı keçirilib. Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, müstəqil Azərbaycan dövlətinin qurucusunun xatirəsini ehtiramla yad ediblər. Yığıncağı giriş sözü ilə açan assosiasiyanın sədri, Yasamal rayon Məhkəməsinin sədri Ələddin Cəfərov hesabat məruzəsi ilə çıxış edib. Natiq çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafından, bütün sahələrdə qazanılan uğurlardan danışıb, ədliyyə orqanlarının inkişafına və məhkəmə sisteminin müasirləşməsinə xidmət edən mütərəqqi islahatlardan bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü məhkəmə-hüquq islahatlarının müsbət nəticələri ölkəmizdə və beynəlxalq aləmdə təqdir olunmaqla Azərbaycanın demokratik imicini daha da möhkəmləndirib.
“2014-cü il Azərbaycan üçün təkcə sosial-iqtisadi sahədə əldə olunan mühüm uğurlarla deyil, həm də demokratik proseslərin dərinləşdirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edən islahatların davam etdirilməsi ilə əlamətdar olub”, deyən Ələddin Cəfərov əlavə edib ki, ictimai həyatın müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər Azərbaycan Respublikasının insan hüquqları üzrə ixtisaslaşmış mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da dərinləşməsinə, həmçinin, inkişaf etmiş dövlətlərin təcrübəsinin öyrənilməsinə və yerli şəraitdə tətbiqinə imkan yaradıb: “Son illər respublika məhkəmələrinin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsinin qanunamüvafiq şəkildə həyata keçirildiyi müstəqil hakimiyyətin qolu kimi fəaliyyət göstərmələri, cəmiyyətdə yüksək etimad qazanmaları bu sahədə beynəlxalq təcrübənin geniş tətbiqini də şərtləndirmişdir. Məhkəmə hakimiyyətinin yüksək hazırlıqlı və mənəvi cəhətdən sağlam hakimlərlə komplektləşdirilməsi məqsədilə ədliyyə naziri Fikrət Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurası tərəfindən ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi yenilənmiş, habelə hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydaları müəyyən edilmişdir”.
O da bildirilib ki, Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamı bu sahədə ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaradıb: “Sərəncamın imzalanmasında məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təminatı, habelə müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir. Sərəncam “ASAN xidmət”in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində də geniş tətbiqinə imkan vermişdir. İlk dəfə paytaxtın Yasamal rayon Məhkəməsində tətbiqinə başlanılmış “Elektron məhkəmə” informasiya sistemi vətəndaşların məhkəmələrə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaratmış, operativliyi və şəffaflığı maksimum dərəcədə təmin etmişdir”.
Çıxışında rəhbərlik etdiyi İctimai Birliyin yaranma səbəbinə də toxunan Ələddin Cəfərov “Azərbaycanda ümumi məhkəmə hakimlərini birləşdirmək, onların müstəqilliyinin daha da möhkəmləndirilməsinə kömək etmək, yüksək iş təcrübəsini yaymaq, xarici ölkələrin məhkəmə praktikasını öyrənmək, müsbət yenilikləri təbliğ etmək, habelə hüquqi maarifləndirmə işi aparmaq məqsədilə 2002-ci ildə yaradılmış Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) dövlət səviyyəsində həyata keçirilən bu və digər tədbirləri dəstəkləyir, eyni zamanda, onların ictimai rəyə dolğun şəkildə, mahiyyəti üzrə çatdırılmasına çalışır. Birlik respublika hakimlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə çalışmaqla yanaşı, qabaqcıl ölkələrin məhkəmə təcrübəsinin, o cümlədən, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi ilə bağlı dəyərli təkliflər, tövsiyələr hazırlayır” - deyib.
Azərbaycanda ümumi məhkəmə hakimlərini birləşdirən assosiasiyanın üzvlərinin sayının xeyli artaraq 370 nəfəri ötdüyünü deyən natiq daha sonra bu qurumun beynəlxalq əlaqələrindən geniş bəhs edib.
Yığıncaqda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndə Çingiz Əsgərov, Ali Məhkəmənin kollegiya sədrləri Şahin Yusifov və Tapdıq Mahmudov, Gəncə və Şəki Apelyasiya məhkəmələrinin hakimləri Teyyub Muxtarov, Hümbət Səlimov Avropa Məhkəməsinin qərarlarından irəli gələn məsələlər, həbs qətimkan tədbirinin seçilməsi və müddətləri ilə bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə edilən son dəyişikliklər və həmin müddəaların məhkəmə təcrübəsində tətbiqi, cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələri arasında yaranmış fikir ayrılıqları və birinci instansiya məhkəmələrinin hakimlərinə edilən etirazların Apelyasiya Məhkəməsində baxılması ilə bağlı məsələlərin həlli yollarına dair mövzularda çıxışlar ediblər. Məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılıb.
Yığıncaqda, həmçinin, təşkilati məsələlərə baxılıb, yeni tərkibdə icra orqanlarının seçkisi keçirilib, birliyə yeni üzvlər qəbul edilib. Ələddin Cəfərov birliyin sədri seçilib.
Yanvarın 24-də, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyasının) də ümumi yığıncağı keçirilib. Assosiasiyanın işində onun üzvü olan Azərbaycan Respublikasının inzibati-iqtisadi məhkəmələrinin, hərbi məhkəmələrin, apelyasiya məhkəmələrinin və Ali Məhkəmənin hakimləri iştirak ediblər.
Assosiasiyanın sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi yığıncaqda çıxış edərək hesabat dövründə - ötən üç il ərzində qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycanda qazanılan sosial-iqtisadi uğurlardan danışıb, məhkəmə sistemində aparılan mütərəqqi islahatların konkret nəticələrini vurğulayıb. Dövlət başçısının tapşırıqları əsasında ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər qeyd edilib.
Çıxışda, həmçinin, ədliyyə naziri Fikrət Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurasının ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı fəaliyyəti qeyd olunub, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə görülən işlər, o cümlədən, ən müasir tələblərə cavab verən yeni məhkəmə binalarının tikilib istifadəyə verilməsi, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, hakimlərin iş şəraitinin yaxşılaşdırılması və digər mütərəqqi tədbirlər nəticəsində ölkəmizin beynəlxalq hüquq əməkdaşlığı sahəsində etibarlı və nümunəvi tərəfdaşa çevrildiyi vurğulanıb.
O da qeyd edilib ki, Azərbaycanda İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin Assosiasiyasının üzvlərinin sayı ötən illə müqayisədə xeyli artıb.
Yığıncaqda Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin Nizamnaməsinə dəyişikliklər və əlavələr edilib, Assosiasiyanın İdarə Heyətinin yeni tərkibi seçilib.
Sonra Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) birgə iclası keçirilib. İclasda ümumi maraqlar çərçivəsində Azərbaycan məhkəmə hakimlərini birləşdirmək, onların müstəqilliyinin daha da möhkəmləndirilməsinə kömək etmək, hakimlərin qabaqcıl iş təcrübəsini yaymaq, xarici ölkələrin məhkəmə təcrübəsini öyrənmək və müsbət yenilikləri təbliğ etmək, hüquqi maarifləndirmə işini həyata keçirmək üzrə məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası Məhkəmə Hakimləri İctimai Birliklərinin (Assosiasiyalarının) İttifaqı yaradılıb. Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ittifaqın sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi isə sədr müavini seçilib.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 771 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31