Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycana iddialı adam: yuxu ilə gerçək arasında qalmış “professor”

Azərbaycana iddialı adam: yuxu ilə gerçək arasında qalmış “professor”

13.08.2015 [10:06]

Əbu Reyhan Məhəmməd əl Biruninin çox sevdiyi rəvayətlərdən biri barama qurduna çevrilmiş alim barədə idi.
Günlərin birində alim yuxuya gedir və görür ki, barama qurduna çevrilib, hördüyü baramanın içində yatır. Barama qurdu yuxuda alimə döndüyünü, ailəsinin olduğunu, insan təki yaşadığını, günləri günlərə caladığını görürdü.
Alim yuxudan ayılır, bu qəraib röyanın gerçək olmadığına sevinir.
Amma vaxt keçir və alimi şübhə alır: görəsən, o, yuxuda alim olduğunu görən barama qurdudur, yoxsa yuxusunda barama qurduna çevrildiyini görüb qorxan və röyasından ayılan alim?..
İt ürəyi, “Professor”, Şarikov və yenə də professor...
Artur Konan Doylun məşhur Şerlok Holms barədə əsərlərindən ikisində professor Moriarti və onun əlaltısı Ceyms Morandan bəhs olunur.
Moran professor barədə belə deyirdi: “Cənab professoru tanımamağınızı məsləhət görürəm. Çünki onun hər ikinci sözü yalan, ilk kəlməsi isə vəd olur. Professor ona inananları məharətlə aldadır, hansısa ideyalar uğrunda mübarizə apardığını deyir. Lakin onun gözlərinə diqqətlə baxsanız, orada yalnız bir ideya görə bilərsiniz - xəyanətə qarışmış pul istəyi”.
Professor Moriarti riyaziyyatçı olsa da, tarixi çox sevirdi.
Bu, dünya ədəbiyyatında az qala klişeləşmiş “Professor” obrazıdır.
İtaliyadakı mütəşəkkil cinayətkar qrupların, yəni mafiyanın ən qəddar, hiyləgər və acımasız liderlərindən biri də “Professor” ləqəbli Domeniko Rançadore idi.
Don Domeniko “xaç atası” olmaqla bahəm, tarixlə maraqlanırdı. Onun Neapol yaxınlığındakı villasındakı kitabxana otağında tarixi mövzuda 2 minə yaxın nadir kitab vardı.
“Professor” Rançadorenin digər ləqəbi “Xəyanətkar” idi.
Rusiya ədəbiyyatının sönməyən ulduzlarından biri Mixail Bulqakovun “İt ürəyi” romanındakı baş qəhrəmanlardan biri professor Filip Preobrajenskidir.
O professor ki, küçədə tapdığı iti unikal cərrahiyyə əməliyyatı nəticəsində bolşevik idiot Poliqraf Şarikova döndərmişdi.
Cənab Preobrajenski tarixi çox, amma çox sevirdi və deyirdi: “Bəzən özümə xəyanət etməli oluram, çünki işimi çox sevirəm”.
Bu yerdə AXCP-nin son qərargah epopeyasını yada salaq.
Bir zamanlar AXCP qərargahının yerləşdiyi, indisə sökülmüş mülkün sahibi Azər Əsgərov Cəmil Həsənlini yaxşı tanıdığını deyir.
“Milli şura”, Cəmil Həsənli də AXCP sədri Əli Kərimlinin “peşka”sıdır. Əli Kərimli nə deyirsə, Cəmil Həsənli onu da edir. Əslinə qalsa, “Milli şura” AXCP-nin oyuncağıdır. Bu qurumun daxilindən mənə elə faktlar deyilib ki, sizə desəm, tükləriniz biz-biz olar”.
Azər Əsgərovun dediklərini emosional kəlmələr, subyektivizm, hətta qərəz kimi də qəbul etmək olardı.
Amma olmur və faktlar buna imkan vermir.
Çünki Əsgərovun mülkünün AXCP üçün qərargah olmasında məhz “Professor” ləqəbli Cəmil Həsənlinin də əməyi az olmayıb.
“Milli şura”nın “lideri” Cəmil Həsənli bəlli insanlar, dairələr tərəfindən demokrat, ziyalı, mübariz qəhrəman, millətin mənafeyini və xalqın gələcəyini az qala sutkada 24 saat düşünən, dərd çəkən insan kimi təqdim olunur.
Əslində belədirmi?
İcazə verin, bir qədər şübhələnim
2000 və 2005-ci illərdə Bakıdakı 18 saylı Nərimanov-Nizami seçki dairəsindən millət vəkili seçilmiş Cəmil Həsənli “əməkdar müəllim”, “Avropa və Amerika ölkələrinin müasir tarixi” kafedrasının professoru, daha sonra prezidentliyə namizəd olub.
Bütün bunlarla yanaşı, onu sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ən yaxın adamlarından biri kimi tanıyırdılar. “Hamı yerli mal alsın, xeyir Vətənə qalsın!” kimi bravur, ura-patriot və güya yerli istehsalın inkişafına, əslində isə bir neçə “cib oliqarxcığı”nın maraqlarının tam təminatına yönəlmiş şüarın müəllifi Fərhad Əliyev həbs olunanda onu ən qızğın, sürəkli, bəzən çılğın, bəzən də sakitcə müdafiə edən adamların arasında Cəmil Həsənli özünü az qala Sparta çarı Leonid kimi hiss edirdi.
Di gəl, kənardan o, pars ləşkərinin qarşısına çıxan cəsur adam yox, əlində tutduğu çantasında para gəzdirən orta əsrlər sələmçisi təsirini bağışlayırdı.
Səbəbini gen-bol yazmıram: bunu “Fərhad bəydən çatacaq” kəlmələrini eşidənlər yaxşı bilirlər və ümid edirəm ki, “Çatacaq” sözünün deyilməsindən sonra bir qismi əvvəlcədən “çatdıran” adamın cibinə qoyulduğu paraları görənlər unutmayıblar.
Şəhər rəvayətidir, uydurmadır, yalandır, bəlkə, bu?
Cəmil Həsənlinin prezidentlik inamı, hakimiyyət illüziyası, siyasətçi olduğuna əsla şübhə etməməsi kimi.
Cəmil Həsənliyə xəyanətkar demək istəməzdim. Nə olsun ki, özlərini “köhnə cəbhəçilər” adlandıran bir qismi AXCP mənsubları və media əhli arasındakı şübhəyə meyllilər Cəmil Həsənli barədə hələ də “2005-ci ildə Əli Kərimlini satıb parlamentə getdi” deyirlər.
Sadəlövhlər: Cəmil Həsənli kimsəni satmamışdı. O, sadəcə dürüst sandığı, vicdan və ədalət çərçivəsindən kənara çıxmadığına şübhə etmədiyi addımı atmış, millət vəkili mandatını Əli Kərimlinin yanında qalaraq müxalifətin Mədain xərabələrinə gözətçilik etmək perspektivindən əfzəl saymışdı.
“Professor”un prinsipləri fərqli idi və yəqin, orada verilən vədlərə əməl etmək önəmli yerlərdən birini tutmur.
Tutsaydı, 2002-ci ildə Əhəd Abıyev parlamentdə Əli Kərimlini “yaş yuyub, quru sərəndə”n sonra AXCP-dən olan millət vəkilləri iclasları boykot edəndə, “Abıyev üzr istəməsə, geri qayıtmayacağıq” deyəndə - bu əməl böyüklərdən küsüb eyvana çıxan və “acığa” özünü soyuğa verən uşaq davranışını xatırladırdı - Cəmil Həsənli qərara tabe olmadı.
Kim bilir, bəlkə, cənab Həsənli “Bənzərəm bir dağə ki, dəryada durar” söyləyərək özünü ruhlandırırmış - tarix bu barədə susur, məxəzlərdə də bir kəlmə yox ki, bədgümanlığın yaxşı iş olmadığını anlayıb “Milli Şura”nın “həşəmətli lideri”nin kölgəsinin perimetrini ölçəsən.
Xüləs, bütün bunlar tarixdir və həmin olayların üzərinə də “Milli şura”nın plakatlarındakı tozdan qonduğu üçün indidən bəhs edək.
İndisə Cəmil Həsənli üçün heç yaxşı mənzərə deyil.
Nədən ki, insan haqlarından, daha sonra haqlı insanların haqsızlığa qarşı mübarizəsindən sürəkli danışmağı sevən, prezident seçkiləri zamanı debatlarda Hafiz Hacıyev təki “intellektual”ın komik şouları və verbal hücumları hesabına populyarlaşdığını düşünən Cəmil Həsənli faktları sevmir.
Daha doğrusu, özünə uyğun gəlməyən, Günəş şüaları altında bərq vuran “mətin mübariz” abidəsinin əslində illüziya olduğunu göstərən gerçəkləri.
Sil getsin...
Hadisə 2 gün əvvəl, Cəmil Həsənlinin Facebook profilində vaqe olub. “Həşəmətli”, “mətin” və “nurlu” “professor” Həsənli gerçək ziyalı və yazıçı Əlisa Nicatı doğum günü münasibətilə təbrik edib.
Təbrik uzun-uzadı, tərcümeyi-halın iqtibası formatında olsa da, eyb etməz, xoş işdir. Yazıçını təbrik etmək savabdır.
Təbii ki, bu təbrik “like”lanıb, şərh olunub, həmişəki kimi, Cəmil Həsənlini “millətin ümid yeri”, “son pənah fərdi” və ilaxır sayanların təriflərinin onu bir abbası.
Bu arada ümumi eyforiyanı, xoş əhvallı ortamı Heybət Hüseynov adlı şəxs pozub və soruşub ki, cənab Cəmil Həsənli, siz ki indi hakimiyyəti belə tənqid edirsiniz, iqtidarın kölgəsini qılınclayırsınız, milləti küçələrə çıxıb mitinq yapmağa və yürüşlər keçirməyə çağıran nitqlər irad edirsiniz - bəs 2009-cu ildə nəşr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920)” adlı kitabınızın 8-ci və 426-cı səhifələrində, yəni həm əvvəli, həm də sonunda “Ümummilli lider Heydər Əliyev” ifadələrini niyə “unudubsunuz”?
Heybət Hüseynov daha sonra soruşub ki, əvvəllər özünüzə lider saydığınız şəxsin yürütdüyü siyasəti indi nə oldu ki, belə sərt tənqid edirsiniz?
Cəmil Həsənlinin səhifəsinə nəzarət edənlər də “professor”un xoşuna getməyən bu şərhləri siliblər.
Suallar dünən Facebook səhifəsində vardı, indi yox.
H.Hüseynovun “fake” profil olduğunu, sualların da qəsdən verildiyini istisna etmirəm. Ola bilər.
Fəqət, cənab Həsənli - sualın kim tərəfindən verilməsi yox, sualın nə olması və xüsusilə də, həmin suala verilən cavab önəmlidir.
“Milli şura”nın və bütün müxalifətin “liderliyi” iddiasını aşkar səsləndirməsə də, bunu gözgörəsi nəzərə çarpdırmağa müştaq insan nədən belə dözülməz, “narahat sual”lara nifrət bəsləyəndir?
İllah da ki, həmin sual real fakta əsaslanır.
Gerçəkdən də, 2009-cu ildə hakimiyyətə sadiqliyini göstərməyə can atan, indisə hakimiyyətə qarşı olduğunu deyən adamın səmimiliyinə inanmaq çətindir.
Söz yox, postsovet məkanında düşərgədən-düşərgəyə keçmək, əqidə və mövqeləri diş fırçası kimi dəyişmək siyasətçilər arasında az qala idman növüdür, Azərbaycanda da “dəb”dir.
Yəqin halda Cəmil Həsənli “sonradan ayılma” sindromu baxımından Gültəkin Hacıbəylidən geri qalmaq istəməyib.
Amma nə edəsən ki, Cəmil Həsənli və ona az qala büt kimi sitayiş edənlərin “ayılma” adlandırdıqları proses, əslində, qəflət yuxusuna getmək, olanları görməmək, illüziyalar aləminə qapılaraq öz “kiçik dünya”larında yaşamaq istəyinin fatalist təzahürüdür.
Belə şüur yuxusu olmasaydı, Cəmil Həsənli Krımın ilhaqına tamamən haqq qazandırmağa can atan Rüstəm İbrahimbəyovu ikiəlli müdafiə etməz, siyasi mübarizə adı ilə elə siyasi avantüralarla məşğul olmazdı.
Cəmil Həsənli onun üçün acı səslənsə də, artıq nə professor, nə də siyasətçidir.
O, ən yaxşı halda bloqer, Facebook-un “əyalət fiquru”, bir dəfə gördüyü yuxuya yenidən qayıtmaq istəyən fentezi personajıdır.
... Aligyeri Dantenin “İlahi komediya”sında xəyanətkarlar, onlara inanan insanları bilərəkdən, öz məqsədlərini gerçəkləşdirmək üçün aldadanlar cəhənnəmin ən qorxulu məkanında, 9-cu dövrədə idilər.
Tarixsə qəhrəmanlıqlar təki, xəyanətləri də əsla unutmur.
Özünü alim bilən kəslər yuxu ilə gerçəyin arasındakı fərqləri bəzən tam anlamasalar da.
Elçin Alıoğlu
Milli.Az

 
Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31