Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda investisiyaların və ixracın təşviqi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir

Azərbaycanda investisiyaların və ixracın təşviqi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir

28.04.2017 [09:16]

Prezident İlham Əliyev: Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir
Azərbaycan özünün güclü iqtisadi potensialı, həyata keçirilən genişmiqyaslı şaxələndirmə siyasəti, həmçinin yeni şəraitdə meydana çıxan çağırışlar əsasında reallaşdırdığı islahatlar sayəsində qlobal iqtisadi böhranın təsirlərini effektiv şəkildə neytrallaşdırmağa və ölkədə iqtisadi aktivliyi təmin etməyə nail olub. Artıq milli iqtisadiyyatımızda sabitlik tam təmin olunub və cari ilin birinci rübündə ayrı-ayrı istiqamətlər üzrə inkişaf dinamikası qeydə alınıb. Ötən üç ayda qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində milli iqtisadiyyatımızın müxtəlif sahələri üzrə yaranan artım dinamikasından məmnunluq ifadə edərək vurğulayıb: “Bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini vermişdir”.
Yeri gəlmişkən, nüfuzlu reytinq agentlikləri də qlobal böhran şəraitində Azərbaycan iqtisadiyyatının vəziyyətini müsbət prizmadan dəyərləndirirlər. Məsələn, Ümumdünya İqtisadi Forumunun yaydığı 2016-2017-ci illər üzrə qlobal rəqabətqabiliyyətlilik hesabatında respublikamız 138 ölkə arasında 3 pillə irəliləyərək 37-ci pillədə qərar tutub. Son illərdə Ümumdünya İqtisadi Forumunun hazırladığı hesabatlarda Azərbaycan bu göstərici üzrə ənənəvi olaraq MDB məkanında ən yüksək pillədə qərarlaşıb. Ölkəmiz lider mövqeyini bu dəfə də qorumağa müvəffəq olub. Bundan başqa, Dünya Bankının cari ilin yanvar ayında yaydığı “Global Economic Prospects” hesabatında Azərbaycan iqtisadiyyatının perspektiv inkişafı ilə bağlı nikbin proqnozlar öz əksini tapıb. Hesabatda Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 1,2 faiz səviyyəsində proqnozlaşdırılır. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının növbəti illərdə daha da genişlənəcəyi qənaətinə gəlib. Bankın proqnozlarına əsasən, Azərbaycanda 2018 və 2019-cu illərdə ÜDM-in artımı 2,3 faiz səviyyəsində olacaq.
Qlobal miqyasda müşahidə edilən çətinliklər fonunda Azərbaycanda iqtisadi aktivliyin təmin olunması bir sıra nöqteyi-nəzərdən diqqəti cəlb edir. Bu, ilk növbədə, onun göstəricisidir ki, yeni şəraitdə də milli iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar yönəldilir. Eyni zamanda, Azərbaycan fəal investisiya siyasəti sayəsində sənayedə və aqrar sektorda yeni istehsal imkanları yaratmağa və bunun məntiqi nəticəsi olaraq ixracı genişləndirməyə nail olur. Təsadüfi deyil ki, cari ilin birinci rübündə ixrac 50 faiz artıb, idxal isə 17 faiz azalıb. Ötən üç ay ərzində ticarət dövriyyəsi 15 faiz artıb və 1 milyard dollar həcmində müsbət saldomuz yaranıb.
İxracın təşviqi mexanizminin işə salınması öz müsbət nəticəsini verir
Yeni şəraitdə milli iqtisadiyyatımızın qlobal mənfi təsirlərə müqavimət gücünü artıran faktorlar sırasında Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ötən ildən intensiv şəkildə həyata keçirilən islahatların, qəbul edilən qərarların önəmini xüsusi qeyd etmək lazımdır. Aparılan islahatlar konseptual əsaslara söykənir və burada ölkənin reallıqları, ənənələr mütləq nəzərə alınır. Kompleks xarakter daşıyan islahatlar ilk növbədə qeyri-neft iqtisadiyyatı üzrə yeni istehsal imkanları yaratmağa və ixracın həcmini artırmağa hesablanıb. Azərbaycan yeni şəraitdə neft gəlirlərinin azalmasını məhz qeyri-neft sektoru üzrə ixracı genişləndirməklə kompensasiya etməyi hədəfləyib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qəbul olunan qərarlar iqtisadiyyatı və ixracı şaxələndirmək üçün yaxşı imkanlar yaradıb: “Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım Fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq”.
Məlumdur ki, dünyanın inkişaf etmiş ölkələrində ixrac bir sıra səmərəli vasitələrlə dəstəklənir. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da ölkədə yüksək rəqabət qabiliyyətinə malik məhsul istehsalına nail olmaq məqsədilə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnir. Ötən ildən ölkəmizdə beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb ki, bu da ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Fərmana əsasən, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. İxracın stimullaşdırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq edilib. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizindən 6 faizinədək büdcə vəsaitləri hesabına təşviq vəsaiti verilir. Ölkəmizdə artıq tətbiqinə başlanan ixracın və investisiyaların təşviqi mexanizminin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev deyib: “Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir”.
Münbit investisiya mühiti iqtisadi aktivliyin təmin olunmasında mühüm rol oynayır
Yeni şəraitdə Azərbaycanın inkişafa istiqamətlənməsini, sosial-iqtisadi sahədə müsbət göstəricilər qazanmasını şərtləndirən amillər sırasında ölkədəki əlverişli investisiya mühitini də xüsusi qeyd etmək lazımdır. Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyət ölkə iqtisadiyyatının cəlbedici olması üçün ilkin şərtlərdən biridir. Məhz bu kimi amillər respublikada iqtisadi aktivliyin təmin olunmasına müsbət təsir göstərir. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir. Prezident İlham Əliyev Azərbaycanda münbit investisiya mühiti olduğuna diqqət çəkərək deyib: “Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik. Bunun bir hissəsi neft, bir hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Bütövlükdə, Azərbaycanda investisiya iqlimi çox müsbətdir”.
Müəyyən çətinliklərlə müşayiət olunan 2016-cı ildə də ölkəmizə investisiya qoyuluşu yüksək səviyyədə olub. Yaradılmış gözəl sərmayə iqlimi hesabına Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə cəlb edilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdən birini tutur.
Əlamətdar haldır ki, ötən il ölkəmizə yönəldilən sərmayələrin yarıdan çoxunu xarici investisiyalar təşkil edib. İndiki narahat dünyada respublikamıza xarici sərmayə qoyuluşunun yüksək səviyyədə olması olduqca müsbət göstəricidir.
Müvafiq təşviq mexanizminin işə salınması sahibkarların investisiya fəallığını daha da artırıb
Yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi prosedurları müəyyənləşdirilib.
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərmanı da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Prezident İlham Əliyevin imzaladığı yuxarıda bəhs olunan müvafiq fərmanlara əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi bütün ölkə miqyasında özəl investisiyaların artımına təkan verib. Prezident İlham Əliyev investisiya təşviqi mexanizminin işə salınmasının əhəmiyyətindən bəhs edərək vurğulayıb: “İnvestisiya təşviqi mexanizmi işə salındı. Artıq qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verilmişdir. Bu proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulur və qoyulacaqdır”.
Ötən bir ildə 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşdırılması sayəsində 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30