Azərbaycan multikulturalizminin qaynaqları
28.04.2017 [09:25]
Azərbaycan xalqının ədəbi-bədii, ictimai-siyasi və elmi-fəlsəfi fikir tarixində multikultural və tolerant əhvalın əsrlər boyu formalaşan və konkret nümunələrdə yaşayan təzahürləri çoxşaxəli və rəngarəng olmuşdur.
Bu baxımdan Azərbaycan multikulturalizminin qaynaqları öz zənginliyi ilə diqqət çəkir. Bu zənginlik multikultural və tolerant yaşam tərzinin xalqımıza əsrlərdən bəri xas olduğunu sübut edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.
Azərbaycan multikulturalizminin qədim və zəngin qaynaqlarının öyrənilməsi nəticəsində ədəbiyyatımızın, fəlsəfəmizin, publisistikamızın, mədəniyyətimizin görkəmli nümayəndələrini, elm adamlarımızı, dövlət xadimlərimizi, sərkərdələrimizi, mütəfəkkirlərimizi yeni bir rakursda görmək imkanı qazanmış oluruq. Ədəbiyyatımıza, fəlsəfəmizə, publisistikamıza, mədəniyyətimizə, dövlətçilik tariximizə, elm tariximizə multikultural dəyərlər prizmasından baxış xalqımızın qeyd edilən sahələrdə yaratmış olduğu irsi daha əzəmətli göstərir. Həmçinin bu baxış bucağı bizə ictimai-siyasi, elmi-fəlsəfi və ədəbi-bədii tariximizi daha rəngarəng və zəngin paradiqmalarda təqdim edir.
Bəşəriyyəti bütöv kimi dərk etmək istəyi, ayrı-ayrı xalqları mənəvi xətlərlə birləşdirən amilləri tapmaq ehtiyacı, dinləri bir-birinə yaxınlaşdırmaq cəhdi, müxtəlif dinlərin müqəddəslərinə eyni ehtiram, insanlara dininə görə deyil, dəyərinə görə qiymət vermə əxlaqı, hər kəsi mərhəmətə, şəfqətə, başqasının dərdinə acımağa dəvət, eşqin ən yüksək, ən ali hiss kimi dilindən, dinindən asılı olmadan bütün xalqlar üçün əsas həyat prinsipi olmasının tərənnümü və bir sıra digər bu kimi dəyərlər ictimai fikir tariximizin dərin qatda pərvaz edən ruhunun göstəriciləridir.
Qədim tarixə malik ədəbiyyatımızın, fəlsəfəmizin, publisistikamızın və ümumiyyətlə ictimai fikir tariximizin hər bir nümayəndəsi bu dəyərləri nəinki qəbul etmiş, hətta onları öz dünyagörüşünə çevirmişdir. Bu mənada hər elmi-fəlsəfi, ədəbi-bədii yaradıcılığın, hətta siyasi qərarların verilməsi faktının arxasında öz dövrünə xas ictimai-siyasi mühitin nəfəsini, ritmini, nəbzini hiss etməmək mümkün deyil. Bu ictimai-siyasi, elmi-fəlsəfi fikirlər və ədəbi-bədii nümunələr bizə Azərbaycan cəmiyyətində müxtəlif dövrlərdə multikultural əhval və tolerant münasibətlərin necə “hakimi-mütləq” olmasından xəbər verir. Bu nümunələr tarixi keçmişdə qalan və artıq bizim görə bilmədiyimiz real həyat mənzərələrinin bədii “kardioqramı”nı dəqiqliklə çəkir. Bunun nəticəsində biz yazıçılarımızın, şairlərimizin, filosoflarımızın yaratdıqları əsərlərdən, dövlət xadimlərimizin verdiyi qərarlardan, onların siyasi iradəsindən aydın şəkildə görürük ki, xalqımız, onun öncül şəxsləri özündə milli, dini təəssübkeşlik hissləri ilə yanaşı, bəşəri dəyərləri də yaşatmağı bacarmış və “özününkü” saydığını “özgəninki” olandan çox zaman fərqləndirməmişdir. “Öz-özgə” qarşıdurması xalqımızın formalaşma tarixi boyunca özünün ən yumşaq halında təzahür etmişdir.
“Eşqdir mehrabı uca göylərin” ideyasını yaradıcılığının cövhəri bəyan edən Nizamidən başlayaraq, “mənim tanrım gözəllikdir, sevgidir” etirafında bulunan Cavidə qədər Azərbaycan ədəbiyyatı bəşəriyyətə eşq üstündə köklənmişdir. Bu ədəbiyyat yaşadığı bütün ictimai-siyasi dönəmlərdə irqindən, rəngindən, etnik mənsubiyyətindən, dinindən, dilindən asılı olmadan bütün bəşəriyyəti sevib. Eyni zamanda bu ədəbiyyatın sahibi olan Azərbaycan xalqı öz əvəzsiz mənəvi-əxlaqi, ədəbi-bədii töhfəsini də bəşəri dəyərlər xəzinəsinə səxavətlə təqdim və daxil edib.
Abdulla Şaiq “Həpimiz bir günəşin zərrəsiyiz!” deyirdi.
Məhəmməd Hadi “Qardaşız, qardaşız, ey insanlar” deyə insanlığa xitab edirdi.
Hüseyn Cavid Gülbahar adlı balaca bir qızcığaza dünyanın bütün insanlarını sevdirirdi.
Mirzə Cəlil kamançanın dili ilə qəlbi köz olan Yüzbaşını ancaq nifrətlə yaşayan aciz və vəhşi düşmənə qarşı mərhəmətə, başqa sözlə, özünün öz üzərində qələbəsinə səsləyirdi.
Seyid Əzim Şirvani “insan olmaq bir şəxsin müsəlman olub-olmamasından asılı deyil” həqiqətinə inanırdı.
Füzuli bəşərin dərdini-qəmini Məcnunun, yəni özünün dili-həzininə, ürəyinə cəm edib bütün dünyanı dərddən xilas eləməyi arzulayırdı.
Nəhayət, Nizami “Yeddi gözəl” kimi xalqlar dostluğunu tərənnüm edən bədii şedevr yaratmaqla yanaşı, ona hədiyyə göndərilmiş dili və məzhəbi ayrı olan bir kənizə vurulub evlənməsiylə şəxsi həyatı ilə də nəsillərə nümunə olurdu.
Biz onun ayrı-ayrı dövrlərinin bir-birilə mükaliməsinin səsini eşidirik. Xaqaninin “Həbsiyyə”sindəki suallara Cavidin Şeyx Sənan vasitəsilə cavabları səslənir. “Erməni” rədifli qəzəl yazan Nəsimiyə Süsən adlı erməni qızına şeir həsr edən Vazeh “cavab verir”. Biz anlayırıq ki, haqqında danışdığımız dəyərlər ulduz göy üzünə səpələndiyi kimi ədəbi-mədəni asimanımıza səpələnməsəydi, bəşəriyyətin ümumi mənəvi xəzinəsinə doğru gedən yol bizim üçün maneələrlə dolu və keçilməz olardı. Reallıqda isə biz bu yolu uğurla keçib gedirik. Çünki:
- Ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara qarşı hörmət duymaq və bu xalqların adını ehtiramla çəkmək, onlara səmimi dostluq və sevgi münasibəti sərgiləmək ilk klassiklərimizin, orta əsrlər və İntibah dövrü şairlərimizin, maarifçi-demokrat yazarlarmızın yaradıcılığında xüsusi və önəmli yer tutur;
- Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə - İbrahimə, Musaya, Süleymana, Yəquba, İsa Məsihə, Məryəmə dərin hörmətlə müraciət edilməsi, onların həyat və əməlləri ilə bağlı Şərq poetikasının sehrli və füsunkar cığırlarında uyğun təşbeh və bənzətmələr qurulması, istər müqayisəli, istər müqayisəsiz bədii fiqurlar yaradılması artıq öz-özlüyündə multikultural və tolerant əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir;
- Başqa xalqlara məxsus alimlərə (Sokrata, Platona, Aristotelə, Evklidə, Hippokrata...), yazarlara (Göteyə, Şillerə, Şekspirə, Hüqoya, Volterə, Russoya...) sonsuz ehtiramın təsviri də bir qədər yuxarıda qeyd edilən eyni əhvalın göstəricisidir;
- Ayrı dinə və millətə mənsub olan gözəllərin vəsfi, onlara saf, coşqun məhəbbət izharı, bu yoldakı məhrumiyyətlər və cəfalar Qanturalı, Kərəm, Şeyx Sənan, Bahadır, Əli kimi aşiqlərin həyatını, əslində, gözəlləşdirmiş, hətta bəzən bədii faciəvi sonluqlar olsa belə, bu möhtəşəm sevgi simfoniyalarının əzəmətinə kölgə sala bilməmişdir;
- Ədəbiyyatımızda başqa dillərə və məkanlara (ölkələrə, vilayətlərə, şəhərlərə) içdən gələn, səmimi münasibət hissinin təsviri öz dövrünün ictimai fikrinin bədii ifadəsi olmaqla yanaşı, eyni zamanda, öz dövrünün ictimai fikrini yönləndirmək cəhdinin təzahürüdür.
Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları ilə yanaşı, ictimai-siyasi və siyasi xəttin diqtəsi olan hüquqi müstəvidə də zəngin qaynaqları mövcuddur. Azərbaycan ictimai-siyasi müstəvisində baş verən multikultural reflekslər tarix boyu siyasi dinastiyaların, dövlətlərin bir-birini əvəz etməsini yeni prizmadan qiymətləndirib öyrənmək üçün geniş imkanlar yaradır. Əsasən, pərakəndə şəkildə bu günümüzə gəlib çıxan multikultural ictimai-siyasi dəyərlərin mövcudluğu zaman-zaman onların sistemli və bütöv olması ideyasını da qaçılmaz edir.
Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, müasir Azərbaycan dövləti 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətini isə dərin dövlətçilik ənənələrinə sahib olan milli, dini müxtəlifliyi ilə tarixin ən dərin qatlarında özündən söz etdirən Azərbaycan xalqı yaratmışdır. Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində yaratdığı dövlətlərin hər birində müxtəlif milli kökə, dini baxışa, özünəməxsus adət-ənənəyə, dilə sahib olan əhaliyə bərabər hüquq və imkanlar tanımışdır. Bu gün yaşayan bu varislik prinsipi özünü ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı məsələsində də göstərməkdədir.
Tarixi şərait elə gətirdi ki, Qafqaz Albaniyası dövründən və qədim Azərbaycan sülalələrindən - Atabəylərdən, Səfəvilərdən, Əfşarlardan, Qacarlardan, eləcə də ilk Xalq Cümhuriyyətindən zərrə-zərrə işıq kimi axıb gələn möhtəşəm siyasi estafeti qüdrətli bir şəxs qəbul etdi. Bu şəxs Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev idi.
Azərbaycan xalqının istəyi ilə siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi. Ulu öndər Heydər Əliyev “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”; “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır” kimi bəyanat xarakterli sözləri ilə, əslində, multikulturalizmin siyasi bazasının konturlarını cızırdı. Məhz bu istiqamətdə həyata keçirilən siyasi xətt nəticəsində müstəqil Azərbaycan dövlətinin yeritdiyi siyasətin prioritet istiqamətlərindən biri insanların milli, dini kimliyindən asılı olmayaraq onların hüquq bərabərliyi məsələsi oldu. Dövlət bu istiqamətin daim təkmilləşməsi üçün mütəmadi olaraq yeni qanunvericilik aktları - hüquqi qaynaqlar formalaşdırmaqdadır.
Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və həyata keçirdiyi siyasəti bu gün uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan multikulturalizminin hüquqi əsası kimi çıxış edən ölkə Konstitusiyasının təkmilləşdirilməsi istiqamətində irəli sürdüyü təkliflər Azərbaycanın multikultural və tolerant bir dövlət olduğunu əyani dəlillərlə təsdiqləyir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 3-cü hissəsində qeyd edilmişdir ki, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və göstərir ki, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 iyul tarixli Sərəncamı ilə irəli sürülən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı qəbul edildikdən sonra, həmin maddədə “milliyyətindən” və “milli” sözləri müvafiq olaraq “etnik mənsubiyyətindən” və “etnik” sözləri ilə əvəz edilmiş və bununla da Azərbaycanda multikulturalizmin siyasi və hüquqi əsasları konstitusion hüquq normaları kontekstində təkmilləşmiş, çoxmillətli Azərbaycan Respublikası ölkə vətəndaşlarının etnik mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin hüquq və azadlıqlarının təminatçısı olduğunu bir daha göstərmişdir.
Ümummilli lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası onun qeyd etdiyi kimi “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi.
Beləliklə, multikultural və tolerant dəyərlərin Azərbaycan kimi kiçik, amma dərin tarixə, milli-mənəvi ənənələrə malik ölkə üçün son dərəcə vacib həyati şərtlər olduğunu Ulu öndər yaxşı bilirdi. Və O, bu dəyərləri yaşatmaq naminə Azərbaycan multikulturalizminin siyasi əsaslarını sistemli şəkildə, əzmlə qurdu və qəbul edilmiş siyasi bəyanat və sənədlərdə, fərman və sərəncamlarda, Konstitusiya bəndlərində bunu addım-addım, geridönməz şəkildə həyata keçirməyə başladı. Təbii olaraq, Heydər Əliyev etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. Zəngin mənəvi xəzinənin sistemli, özündə aydın perspektivlər ehtiva edən siyasi bünövrəsi belə yarandı.
Biz Azərbaycan multikulturalizminin elmi-fəlsəfi, həmçinin publisistik müstəvilərdə də qaynaqlarını axtarsaq, möhtəşəm və bitib-tükənməyən xəzinə ilə rastlaşacağıq. Xalqın genetik kodundan, tarixi yaddaşından süzülüb gələn multikultural və tolerant dəyərlər Azərbaycan mütəfəkkirlərinin - Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Eynəlquzat Miyanəçi, Siracəddin Urməvi, Şuhabəddin Sührəvərdi, Abbasqulu Ağa Bakıxanov, publisistlərinin - Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli və başqalarının yaradıcılığında da özünü aşkar şəkildə göstərib. Bunların hər birinin yaradıcılığı, yaşam tərzi, fikir və düşüncələri də Azərbaycan multikulturalizminin əvəzsiz qaynağıdır.
Gördüyümüz kimi, Azərbaycan multikulturalizminin elmi-fəlsəfi, həmçinin publisistik qaynaqlarına nəzər yetirdikdə aydın olur ki, Azərbaycan xalqı tarix boyu tolerant və multikultural dəyərlərə sahib olmuş, cəmiyyətdə yaşayan bütün etnos, din, konfessiya, təriqət və cərəyanlara dözümlü yanaşmışdır. Bütün dövrlərdə Azərbaycan ziyalılarının publisistik yaradıcılığı dini və milli vəhdət, dünya mədəniyyətinə inteqrasiya və multikulturalizm ənənələrinə əsaslanaraq, müasir dövrün problemlərini həll etmək baxımından dəyərli xəzinə və müasir dünyamız üçün bir nümunədir.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının dövlət siyasəti olan multikulturalizm siyasəti müasir dövrdə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan edərkən məhz xalqımızın tarixi kökündə formalaşan və bu gün də yaşayan mənəvi, elmi və siyasi qaynaqlara əsaslanır. Bu qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini adekvat göstərən qiymətsiz mənbədir.
Bütün bu sadalanan ilkin ümumiləşdirmələr xalqımızın psixologiyasında, dünyagörüşündə tarixən yer alan milli və bəşəri dəyərlərin bir-birilə necə çulğalaşıb doğmalaşdığını göstərir. Bu nəhəng mənəvi xəzinə bu gün də eyni şəkildə yaşamaqdadır. Azərbaycanlı qəlbinin həssas, incə qatları bu gün də yer üzündə bir çoxlarını təəccübləndirir.
Biz doğru olaraq belə düşünürük və belə deyirik ki, bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb.
Azərbaycan ədəbi-bədii, ictimai-siyasi və elmi-fəlsəfi təfəkkürünün tarix boyu ortaya qoyduğu nümunələr dünya tolerantlıq və multikulturalizm xəzinəsinə əsl töhfədir. Məhz bu əsasla Azərbaycan Prezidenti İlham Əliyev Öz ulu siyasi sələfinin yolunu ləyaqətlə davam etdirərək bütün dünyaya bəyan edir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur!”
Kamal Abdulla
Azərbaycan Respublikasının
Millətlərarası, Multikulturalizm və
Dini Məsələlər üzrə Dövlət müşaviri
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

