Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hökumət Komissiyası qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlir

Hökumət Komissiyası qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlir

08.06.2010 [14:36]

Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar yaradılmış Hökumət Komissiyasının iclası olub
Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Prezident İlham Əliyevin 2010-cu il 19 may tarixli Sərəncamı ilə yaradılmış Hökumət Komissiyasının dünən Nazirlər Kabinetində iclası olub.
Tədbirdə Hökumət Komissiyasının üzvləri ilə birlikdə təbii fəlakətin əhatə etdiyi rayonların icra hakimiyyətləri başçıları da iştirak ediblər.
İclası giriş sözü ilə açan Hökumət Komissiyasının sədri, Baş nazir Artur Rasizadə bildirib ki, bu il son vaxtlar ölkədə görünməmiş yağış və leysanlar nəticəsində respublikanın demək olar ki, bütün çaylarında suyun səviyyəsi kəskin surətdə artıb. İllər boyu saniyədə 50 min kubmetr gələn su bu mövsümdə 200 min kubmetrə çatıb. Bunun nəticəsində çayların bəzi hissələrində bəndlər dağılıb və gərgin vəziyyət yaranıb. Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində baş verən təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib, dövlətimizin başçısı fəlakət zonalarında olduqdan sonra konkret tapşırıqlarını verib, xüsusi Hökumət Komissiyası yaradılıb və ciddi tədbirlər həyata keçirilməyə başlayıb: “Bu gərgin, çətin vəziyyətdə görülmüş işlərə görə bütün nazirliklərə, təşkilatlara, yerli icra orqanlarının başçılarına Azərbaycan hökuməti adından minnətdarlığımı bildirirəm. Doğrudan da qısa müddətdə operativ tədbirlər görülüb və görülməkdədir”.
Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” və “Azərenerji” ASC-lərin, yerli icra orqanlarının işini xüsusilə diqqətə çatdıran Baş nazir A.Rasizadə vurğulayıb ki, bizim əsas nailiyyətimiz insan itkisinə yol verilməməsidir: “Biz ağır vəziyyətdən olduqca uğurla çıxdıq. Bilirsiniz ki, Avropa ölkələrinin bir çoxunda daşqınlar nəticəsində böyük insan tələfatı olub. Qeyd etmək istərdim ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi, eləcə də digər təşkilatlar yüksək texnika ilə təchiz olunub və hazırda biz qarşımıza qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilirik”.
Hökumət Komissiyasının üzvü, Baş nazirin müavini Abid Şərifov təbii fəlakət zonasında görülüb və gələcəkdə görülməsi vacib işlərdən ətraflı danışıb. Bildirib ki, bu hadisələr hamımız üçün çətin bir imtahan oldu və əminliklə deyə bilərəm ki, biz bu imtahandan alnıaçıq çıxmışıq.
Diqqətə çatdırılıb ki, təbii fəlakət nəticəsində 34-dən çox kəndi su basıb. Lakin hazırda görülən operativ tədbirlər nəticəsində onların yarısından çoxu artıq təmizlənib, yollar bərpa olunub və əhali doğma yurdlarına qayıtmağa başlayıb: “Bəndlərin dağıldığı yerlərə respublikanın demək olar ki, bütün bölgələrindən maşınlarla 65 min kubmetrdən çox daş, dəmir-beton məmulatı daşınıb. Bildiyiniz kimi, dövlətimizin başçısının göstərişi ilə Prezident Administrasiyasında regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin rəhbərliyi ilə xüsusi qərargah yaradılıb. Həmin qərargahın köməyi ilə fəlakət zonasına 9 minədək maşın göndərilib. Birgə səylər nəticəsində biz hər bir bəndi 3-4 gündə bərpa etmişik”.
Sonra Abid Şərifov qarşıda duran əsas məsələlər barədə danışıb. Bildirib ki, birinci növbədə Araz çayının yeni qolunun Xəzər dənizinə qədər çatmasını təmin etmək lazımdır. Bunun üçün isə lazımi qurğuların və bəndlərin tikilməsi, ayrı-ayrı kəndlərin, qəsəbələrin su təchizatı məsələlərini həll etmək lazımdır. Qısa müddətdə, iki həftədə bu istiqamətdə artıq 25 min kubmetr daş, beton, 600 min kubmetrə yaxın torpaq işi görülüb. Lakin hələ görüləsi işlər də çoxdur. Neftçalada, Biləsuvarda və digər yerlərdə bəndlərin yaradılması, möhkəmləndirilməsi və s. işlər aparılmalıdır. Ən ciddi məsələ isə avtomobil körpüsünün tikintisi və bu körpüyə qədər 1,5 kilometr uzunluğunda yolun salınmasıdır: “Diqqətinizə çatdırıram ki, bu körpü doqquz aşırımlı, 12 gözlü körpüdür. Başqa bir vaxtda həmin körpünün tikintisinə illər sərf olunardı. İndi isə, möcüzə də olsa, bu körpünün inşası 2-3 həftəyə başa çatmalıdır”.
İkinci əsas məsələ təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın komissiya tərəfindən qiymətləndirilməsi, kompensasiyaların məbləğinin müəyyənləşdirilməsi və onların ödənilməsi ilə bağlı tədbirlərin görülməsidir. Bununla bağlı protokolun layihəsi Hökumət Komissiyasının bütün üzvləri ilə razılaşdırılıb. Komissiya tez bir zamanda bərpa işlərinə də başlamalıdır. İlk növbədə kəndlərdə sosial obyektlərin bərpası, dezinfeksiya məsələləri durur.
üçüncü əsas məsələ isə, gələcəkdə mümkün ola biləcək təbii fəlakət hallarının qarşısının alınması üçün kompleks tədbirlərə dair təkliflərin hazırlanıb dövlətimizin başçısına iki ay müddətində təqdim edilməsidir. Baş nazirin müavini qeyd edib ki, bununla bağlı 2-3 gün ərzində aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə Kür, Araz çayları boyunca, həmçinin, digər su mənbələri nəzərə alınmaqla təhlükəli yerlər araşdırılacaq və müvafiq tədbirlər planı hazırlanacaq.
Hökumət Komissiyasının üzvü, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov diqqətə çatdırıb ki, təbii fəlakət nəticəsində 23 şəhər və rayonda 809 məcburi köçkün evi su altında qalıb. Bu günədək 2 min 304 məcburi köçkün yaşayan evlər qəzalı vəziyyətdədir: “Bizim yeni tikilmiş 64 qəsəbədə heç bir problem olmayıb. Bu günə qədər 625 ailə, ümumilikdə 2 min 747 nəfər məcburi köçkün ayrı yerlərə - əsasən rayon mərkəzlərinə köçürülüb. Diqqətə çatdırmaq istərdim ki, Azərbaycanda bu gün fəaliyyət göstərən 59 beynəlxalq humanitar təşkilatın hamısı kömək məqsədi ilə bizə müraciət edib. Bizim onlara yazılı cavabımız belə olub ki, Azərbaycan dövləti, Azərbaycan hökuməti belə vəziyyətdən öz gücü hesabına çıxmağa qadirdir”.
Müzakirələrdə iştirak edən Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digərləri təbii fəlakət zonasında rəhbərlik etdikləri qurumlar tərəfindən görülmüş işlərdən danışıb, həyata keçiriləcək planlara dair rəylərini bildirib, təkliflərini veriblər.
İclasa yekun vuran Baş nazir Artur Rasizadə diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlinib: “Lakin bu, hələlik keçdiyimiz birinci mərhələdir. Qarşıda daha çətin, daha məsuliyyətli işlər durur. Bunlar - təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, enerji, nəqliyyat, rabitə və s. infrastrukturunun bərpası, əhaliyə dəymiş maddi ziyanın müəyyən edilməsi və ödənilməsi ilə bağlıdır. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz, yekdil bir komanda kimi, bu müvəqqəti çətinliklərin öhdəsindən tez bir zamanda gələcəyik”.
Paylaş:
Baxılıb: 1150 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30