Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ATƏT sədri regiona niyə gəlir?

ATƏT sədri regiona niyə gəlir?

11.04.2023 [10:39]

Nardar BAYRAMLI

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani 10-13 aprel tarixlərində Cənubi Qafqaz ölkələrində səfərdə olacaq. ATƏT sədri səfər proqramına uyğun olaraq Gürcüstandan sonra Azərbaycana gələcək. Bu barədə ATƏT sədrinin mətbuat xidmətinin yaydığı  məlumatda bildirilir ki, səfər çərçivəsində əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, ATƏT-ə sədrlik hər iki ildən bir təşkilata üzv ölkələr arasında dəyişir və sədrliyi həmin ölkənin XİN başçısı icra edir. ATƏT sədrinin təşkilatın üzv ölkələrinə səfərləri prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. ATƏT məkanında mürəkkəb geosiyasi proseslərin baş verməsi isə quruma sədrlik edən dövlətlərdən proseslərə yanaşmada fəallıq və obyektivlik tələb edir. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi Avropa məkanı üçün bir sıra çətinliklər yaradıb. İllərdir ki, ənənəvi formada davam etdirilən qarşılıqlı münasibətlər yeni dönəmə qədəm qoyur. Bu mərhələdə Avropanın əsas ticarət tranziti kimi məhz Cənubi Qafqazı seçəcəyinə şübhə yoxdur. Azərbaycanın təşəbbüsü ilə reallaşan mühüm infrastruktur layihələri isə Avropa üçün cəlbedicidir. Məsələn, Füzuli Beynəlxalq Hava Limanı, Zəngəzur dəhlizi layihələri Avropanı Asiya ilə bağlayan logistik əhəmiyyətə malikdir. Bu mənada, ATƏT sədrinin Cənubi Qafqaz səfəri perspektivdə bu istiqamətdə əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət daşıya bilər. Bunun üçün isə ən mühüm şərt regionda davamlı sülhün təmin olunmasıdır. Başqa sözlə, qlobal iqtisadi layihələrin gerçəkləşməsi üçün regional sabitlik amili önə çıxır. Bu mənada, region ölkələrini ayrı-ayrılıqda təhlil etdikdə maraqlı mənzərə ilə qarşılaşmaq mümkündür. Birincisi, Gürcüstan Ukrayna ilə bərabər Qərbin regiondakı ən mühüm prioritetlərindən sayılır. Hətta bu ölkənin NATO-ya və ya Avropa İttifaqına qəbulu məsələsi artıq müzakirə predmetinə çevrilib. Qərb Ukraynada baş verənlərin ardından Gürcüstanla bağlı narahatlıqlarını dilə gətirir.

Azərbaycan isə regiondakı siyasi mənzərəni dəyişmiş qalib dövlətdir. Avropanın, o cümlədən Qərbin marağında olan qlobal əməkdaşlığın ən mühüm halqası məhz Azərbaycandır. Avropanı Asiya, o cümlədən Türk dünyası ilə birləşdirəcək əsas tranzit kommunikasiyası Azərbaycanın vasitəsilə tənzimlənir. Bu gün Azərbaycan regionun mühüm güc mərkəzinə çevrilib ki, bunu Avropa təsisatları da təsdiqləyir. O baxımdan, ATƏT sədrinin məlum səfərinin dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqi kimi məqsədləri, ilk növbədə, Bakıda müzakirə ediləcək.

Ermənistana gəlincə, bu ölkənin siyasətinin dincliyə və sabitliyə əsas təhdid olması şübhə doğurmur. Qonşularına qarşı əsassız iddialarından əl çəkməyən Ermənistan hələ də bəzi böyük güclərin və ya dövlətlərin ona arxa çıxacağını düşünür, məlum təxribatlarından əl çəkmir. Təbii ki, Avropa  bunu görür və lazımi nəticə çıxarır. Bu mənada, siyasi ekspertlər ATƏT sədrinin Ermənistana səfəri zamanı bu ölkəyə müəyyən “məsləhət”lər verəcəyini bildirirlər.

Bütün hallarda isə Ermənistanın Azərbaycana qarşı 30 illik işğal siyasəti göstərdi ki, ATƏT öz məkanında münaqişələrin həllində aktiv rol oynaya bilmir. Bu müddət ərzində ATƏT-in Minsk qrupu rəsmi İrəvana işğal etdiyi torpaqlarımızı dinc yolla tərk etməsi üçün heç bir təzyiq göstərmədi. Əksinə, Minsk qrupu həmsədrlərinin bəyanatlarında adətən təcavüzkarla təcavüzə məruz qalan ölkələr arasında fərq qoyulmayıb. Hətta, bir çox hallarda həmin bəyanatlar təcavüzkar Ermənistanın maraqlarına uyğun olub. Bütün bunlara görə də, erməni tərəfi  işğal etdiyi Azərbaycan torpaqlarını xoşluqla, sülh yolu ilə tərk etmədi. Dövlətimiz 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində bu problemi öz gücünə həll etdi, işğalçı qüvvələr torpaqlarımızdan qovuldu. Bununla da, 28 il ərzində səmərəsiz fəaliyyət göstərən ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərildi. Rəsmi İrəvanın Minsk qrupunu gündəmdə saxlamaq cəhdləri isə iflasa uğradı.

Hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdıırlması prosesinə vasitəçiliyi Avropa İttifaqı həyata keçirir. Bununla belə, Azərbaycan bu prosesdə digər beynəlxalq təşəbbüsləri də dəstəkləyir. Bir şərtlə ki, burada obyektiv və tərəfsiz yanaşma olsun. Bu baxımdan, ATƏT sədrinin regiona səfəri və səfər zamanı aparılacaq müzakirələr maraq doğurur. Əgər təşkilat öz mövqeyində beynəlxalq hüquq normalarını əsas tutarsa, o zaman ATƏT sədrinin məlum səfərinin regional əməkdaşlığa müəyyən təsiri ola bilər.

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31