Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyənin uğurlu inkişaf yolu...

Türkiyənin uğurlu inkişaf yolu...

03.05.2023 [10:30]

Prezident Ərdoğanın liderliyi altında beynəlxalq münasibətlər sistemində qətiyyətli mövqe ortaya qoyulur

Son illərdə dünyanın siyasi və hərbi mənzərəsi getdikcə daha qatı rəng almaqdadır - siyasi və hərbi qarşıdurmalar  artır, eskalasiyalar meydana çıxır. Belə bir şəraitdə qlobal siyasi oyunçu, regional güc mərkəzi funksiyasına malik çox az dövlət tapılır ki, sülh uğrunda, haqq və ədalət uğrunda mübarizə aparsın. Həmin ölkələrdən biri və bəlkə də birincisi Türkiyədir. Bu il quruluşunun 100-cü ildönümünü qeyd edən Türkiyə Respublikasının son 20 ilə yaxın zaman kəsiyində əldə etdiyi nailiyyətlər xüsusilə yadda qalmaqdadır. Bu dövr ərzində Türkiyə özünün iqtisadi- siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başladı. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avroasiya məkanında yaşanan kataklizmlərin aradan qaldırılmasında Türkiyənin rolu, hərbi və müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan müasir tipli silahların hazırlanması, mühüm bir coğrafiyada siyasi liderlik statusunu möhkəmləndirməsi gələcək üçün daha ümidverici perspektivlər formalaşdırır.

Türkiyənin Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda apardığı siyasətin daha da möhkəmlənməsi yolunda da mühüm təməllər atılmaqdadır. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadağı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri Türkiyənin siyasi və hərbi müstəvidə müəyyənləşdirdiyi hədəflərin əsas ştrixləridir.

Türkiyə olmadan hansısa proses baş verə bilməz...

Yeri gəlmişkən, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə keçirdiyi görüşdə bildirib ki, Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qaradənizdə Türkiyə olmadan hansısa proses baş verə bilməz. O qeyd edib ki, Türkiyə Prezidentı Rəcəb Tayyib Ərdoğanın liderliyi altında beynəlxalq münasibətlər sistemində konkret mövqe ortaya qoyur: “Müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və sosial sahədəki uğurlarımız buna imkan verir. Daha da irəli getməyimiz üçün fəaliyyətimizi davam etdirəcəyik”.

Nazir son dövrdə görülən işlərdən də danışıb: “Bəziləri “TCG Anadolu” desant gəmisini, “Togg” milli avtomobilimizi tənqid edir. Bu, səhv yanaşmadır. Əlbəttə, işlərimiz davam edəcək. “ATAK-1” helikopterini istehsal etmişdik. İndi “ATAK-3”- ə keçmişik. Hər versiya əvvəlkindən daha təkmildir. Biz öz istehsalımız olan silahlara, texnologiyaya sahib çıxmalıyıq”.

Türkiyənin dövlət siyasətinin hədəfləri konkretləşdirilib...

Bəli, qardaş Türkiyədə mühüm siyasi, iqtisadi addımlar atılır - bunun nəticəsində də əsaslı inkişafa nail olunub, Türkiyənin ümumi daxili məhsulu bir neçə dəfə artıb. Qarşılığında isə xarici borcları demək olar ki, ən minimal səviyyəyə enib. Artıq bir neçə ildir ki, Türkiyənin siyasi rəhbərliyi 2023-cü il ilə bağlı strateji planlar haqqında mühüm mesajlar səsləndirirdi. Aparılan islahatlar, atılan addımlar 2023-cü ili Türkiyə tarixində yeni bir mərhələnin başlanğıcı kimi müəyyənləşdirir. Artıq Türkiyənin dövlət siyasətinin hədəfləri, istiqamətləri konkretləşdirilib:

- Qardaş ölkə regional proseslərdə aktiv rol alır;

- Qlobal proseslərdə mühüm iştirakçı qismində çıxış edir;

- İstər Yaxın Şərq problemi, istər Qarabağ məsələsi, istərsə də Ukrayna ilə bağlı gərginliklərdə Türkiyənin tutduğu mövqe bu dövlətin regional güc mərkəzinə çevrildiyini sübuta yetirir”.

Eyni zamanda, Türkiyə özünün iqtisadiyyatının daha da şaxələndirilməsi, milli müdafiə sənayesinin inkişafı, Avropa və Asiya ilə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması kimi məsələləri əsas prioritet olaraq müəyyənləşdirir.

Ən mühü faktorlardan biri isə bütövlükdə Türk dünyasının vahid masa və vahid maraq ətrafında birləşməsinə nail olunmasıdır. Artıq bütün dünya bu faktı dəqiqləşdirdi - Azərbaycanın və Türkiyənin rəhbərliyi, müəyyənləşdirdiyi yol xəritəsinə əsasən, Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələr arasında inteqrasiya daha da güclənəcək.  

Milli müdafiə sənayesində fantastik uğurlar...

Son dövrlərdə Türkiyənin milli müdafiə sənayesi sahəsində inqilabi nailiyyətləri isə göz önündədir - Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik uçuş aparatları, qırıcılar, helikopterlər və avtomobillər istahsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri olacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Gələcəyin Əsri” Təşviq Proqramının rəsmi açılışında bildirib. O qeyd edib ki, “Hürjet” Türk Silahlı Qüvvələri üçün mövcud “F-16”ları da əvəz edəcək. Onun sözlərinə görə, “KAAN” yerli sursatla təchiz ediləcək.

Mərasimdə çıxış edən Ərdoğan bildirib ki, müdafiə və aviasiya sahəsində tarixi günlərimizdən birini yaşayırıq. Son aylarda müdafiə sənayesində bir-birinin ardınca xalqımızı sevindirən müjdələr verdik. Bunlar TCG Anadolu gəmimizin donanmaya qoşulması, ilk yerli müşahidə peykimiz olan İMECE-nin uğurla kosmosa buraxılması, Altay tankımızın sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi, yerli mühərriklə uçan Gökbey vertolyotu pilotsuz dəniz vasitəsi və başqa müjdələrdir: “İndi biz quruda, dənizdə və dənizin altında, havada, kosmosda hər sahədə varıq”.

“KAAN” yeni nəsil döyüş təyyarələri - səsdən yüksək sürət, dəqiq atəş...

Vurğulayaq ki, “KAAN” döyüş şəraitində radarlara görünməməsi ilə seçilir. Bununla da Türkiyə dünyada bu tip 5-ci nəsil döyüş təyyarəsi istehsal edən 5 ölkədən biri olacağıq.

“KAAN”ın texniki xüsusiyytlərinə gəldikdə isə, Türk Təyyarə Sənayesi Şirkətinin (TUSAŞ) yerli və milli imkanlarla inkişaf etdirdiyi milli döyüş təyyarəsi Pilotsuz Uçuş Aparatlarının hava xəbərdarlıqları, nəzarəti kimi funksiyalarını özündə cəmləşdirir. Yeni nəsil silahlarının vasitəsilə havadan havaya döyüş aparmaq qabiliyyətinə malik təyyarə daxili silah yuvalarından səsdən yüksək sürətlə dəqiq zərbələr endirmək iqtidarındadır. Onun döyüş gücü  süni intellekt və neyron şəbəkə dəstəyi ilə artırılıb. “KAAN”aın 2070-ci ilə qədər Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının inventarına daxil ediləcəyi gözlənilir.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31