Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 1 gün qaldı…

1 gün qaldı…

13.05.2023 [10:20]

Türkiyə gələcək beş il üçün prezidentini və parlamentini seçəcək

Sabah Türkiyədə qarşıdakı 5 ildə fəaliyyət göstərəcək prezident və yeni parlament üzvlərinin seçimi baş tutacaq. Ölkə başçısı olmaq uğrunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Məhərrəm İncə (namzədliyini geri götürüb), Kamal Kılıçdaroğlu və Sinan Oğan mübarizə aparacaqlar. Türkiyə üzrə ümumi parlament seçkilərinə isə 24 siyasi partiya və 151 müstəqil deputat namizədi qatılıb. Türkiyə üzrə 973 mahal və 1094 dairə seçki komissiyasında 191 min 884 seçki qutusu qurulacaq. Ölkə daxilində və xaricdə ümumilikdə 64 milyon 113 min 941 seçici səs verəcək. 4 milyon 904 min 672 seçici ilk dəfə səs verəcək. Cəzaçəkmə müəssisələrində cəza çəkən və azadlığı qismən məhdudlaşdırılan seçicilərin sayı isə 53 172 nəfərdir.

Zəlzələ bölgəsindən olan təxminən 133 min seçici...

Qeyd edək ki, fevralın 6-da mərkəzi Kahramanmaraş olan 11 vilayətdə baş verən zəlzələlər səbəbindən həmin regionlarda keçiriləcək seçkilərdə bir sıra yeniliklərin şahidi olacağıq. Belə ki, zəlzələdən zərər çəkmiş vilayətlərdən köçən seçicilər səslərini ünvan qeydləri götürüldükləri yerdə verəcəklər və səslər həmin seçki dairəsi üzrə hesablanacaq. Zəlzələ bölgəsindən olan təxminən 133 min seçicinin qeydiyyatı başqa əyalətlərdə aparılıb. Zəlzələ regionunda baş tutacaq seçkilərlə bağlı isə Yüksək Seçki Qurumunun (YSK) həyata keçirdiyi işlər yekunlaşıb, buradakı seçicilərin təhlükəsiz səs vermələri üçün konteyner sahələri yaradılıb.

Seçicilərə iki bülleten veriləcək...

Səsvermə saatları bütün ölkə üzrə 08.00-17.00 kimi tətbiq olunacaq. Səsvermə müddəti başa çatan zaman seçki qutusunda səs vermək üçün gözləyən seçicilər varsa komissiya sədri həmin seçicilərin sayını hesablayacaq və şəxsiyyət vəsiqələrini yoxlayacaq. Saat 17:00-dan sonra gələn seçicilər səs verə bilməyəcəklər. Seçicinin harada səs verəcəyini göstərən seçici məlumat vərəqinin gətirilməsi isə məcburi deyil. Seçici məlumat vərəqini almayanlar YSK-nın internet saytından harada və hansı qutuda səs verəcəklərini öyrənə və səsdən istifadə edə biləcəklər.

Seçicilərə iki seçki bülleteni veriləcək. Prezident və deputat seçkiləri üçün iki seçki bülleteni bir zərfə qoyulacaq. Səhv səs verdiyini düşünən və yeni bülleten istəyən seçicilərə yeni bülleten verilməyəcək.

Seçki bülletenlərində göz yaşı, iz və yazı olmamasına diqqət yetiriləcək. “Seçimim” və ya “HƏ” möhürü istisna olmaqla, seçki bülleteninin hər hansı yerində hər hansı işarə qoyularsa, bülleten etibarsız sayılacaq. Zərfə seçki bülletenlərindən başqa heç nə qoyulmamalıdır, əks halda səs etibarsız kimi qeydə alınacaq. Birdən çox alyansa, partiyaya və ya eyni alyansda olmayan namizədin qarşısına “HƏ” və ya “SEÇİMİM” möhürü vurmaq qadağandır.

Vurğulayaq ki, seçkilərdə səslərin hesablanması və qeydə alınmasına 5-i siyasi partiya nümayəndəsi olmaqla 7 nəfərdən ibarət seçki komissiyası cavabdehlik daşıyır. Seçki günü saat 17.00-da səsvermə müddəti başa çatdıqda, qutular seçki komissiyasının sədri tərəfindən açılır və səslərin hesablanmasına başlanır.

Prezident seçkilərinin ilkin nəticələri seçki günü saat 23:59-a qədər açıqlanır.

Muharrem İncə geri çəkildi...

Bu arada Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İncə namizədlikdən geri çəkilib. O, “şantaj” olunduğunu iddia edərək yarışdan kənarlaşdığını bəyan edib. Bununla belə İncənin adı 14 may seçkisinin bülletenlərində yer alacaq, lakin ona verilən səslər sayılmayacaq. Çünki mövcud qanunvericiliyə görə, prezidentliyə namizədlərdən birinin seçkidən geri çəkildiyi halda seçki bülletenləri dəyişdirilmir. Namizədin aldığı səslər etibarsız sayılmır. Səslərin etibarsız olması üçün namizəd YSK-ya rəsmi olaraq “namizədlikdən istefa” ərizəsi təqdim etməlidir.

Ərdoğan sosial hesabında müraciət edib...

Mayın 12-də Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edib. Son 21 ildə bütün sahələr üzrə Türkiyənin gələcək yüzil üçün infrastrukturunu hazırladıqlarını qeyd edən Prezident Ərdoğan xalqa xitabən mayın 14-dən sonra Türkiyə Əsrini birgə quracaqlarını bildirib: “Sevgimiz də, mübarizəmiz də sevimli millətimiz üçündür. Biz özümüz üçün heç kimlə döyüşmərik, mövzu millətimiz olunca heç kimi tanımırıq. Millətə xidməti özümüzə borc bilərik. Layihələri inkişaf etdirir, əsərlər yaradır, ürəkləri şad edəcək siyasət apararıq. Bizə hansı tələ qurulsa da, vətənimizə xidmətdən əl çəkməyəcəyik. Sərmayələrlə ölkəmizi, şəhərlərimizi böyütməkdən geri çəkilmərik. Hansı hücumlara məruz qalmağımızdan asılı olmayaraq millətin iradəsinə, demokratiyaya kölgə salmarıq. Lazım olanda 15 iyul gecəsində olduğu kimi canımız bahasına müstəqilliyimizə, gələcəyimizə sahib çıxarıq. Çünki biz üzvü və xidmətçisi olmaqdan şərəf duyduğumuz bu millət üçün varıq. Biz 85 milyon insana heç bir ayrı-seçkilik etmədən sevgi ilə xidmət etmək üçün varıq”.

Prezident Ərdoğan vurğulayıb ki, son 21 ildə hər sahədə Türk Əsrinin təməli qurulub və onun hazırlıqları tamamlanıb. 14 May ilə Türk Əsrinin inşasına başlayacağıq. “Biz buna 21 ildir etdiyimiz kimi Sizin sarsılmaz dəstəyiniz və səmimi dualarınızla nail olacağıq. Biz fitnə tacirlərinə və aramızda fitnə salmağa çalışanlara rəğmən qardaşlığımızı qoruyacağıq. Biz bir olacaq, böyük olacaq, yaşayacaq, qardaş olacaq, birlikdə Türkiyə olacağıq!”

Dövlət başçısı sosial media hesabında Türkiyədə yaşayan etnik azlıq olan kürdlərə də müraciət ünvanlayıb. Bildirib ki, anaların ağlamaması, ürəklərin od tutmaması üçün çox səy göstərdik. Terror təhdidi altında köhnə Türkiyəni diriltməyə çalışan hər kəs qarşısında bizi tapacaq: “Siz bizim səmimi səylərimizin ən yaxın şahidlərisiniz. Siz çox yaxşı bilirsiniz ki, biz hansı çətinlikləri aşmışıq, qarşımızda hansı tələlər qurulmuşdur.

Kim köhnə Türkiyəni terror təhlükəsi altında diriltməyə çalışsa, qarşısında bizi görəcək. Kim kürd uşaqlarının əlinə silah verib əsgərlərə, polisə və xalqımıza qarşı güllə atdırmağa çalışsa qarşısında bizi görəcək. Kim imperialist güclərin adından sülhə qəsd edərsə bizi onların qarşısında görəcək. Kim sənin haqqını tapdalamağa çalışsa qarşısında Tayyib Ərdoğanı və Cumhur İttifaqını görəcək”.

Dövlət başçısı əlavə edib ki, Türkiyənin 85 milyonluq xalqının hər bir nümayəndəsi üçün daha azad, dinc və firavan bir yerə çevrilənə qədər çalışacaq.

Kılıçdaroğluna sərt reaksiya - Azərbaycanla nə problemi var...

Cümhuriyyət Xalq Partiyasının sədri, müxalifətin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun “Türk Yolu” adlandırılan layihəsi ilə bağlı açıqlama Türkiyə ictimaiyyətinin sərt tənqidi ilə üzləşib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Kılıçdaroğlunun, digər bəzi siyasətçilərin Azərbaycana qarşı qərəzli və əsassız mövqeyi var: “Biz qardaşlarımızla bərabər Şərq-Qərb Orta dəhlizindən bəhs edirik. Yəni türk dövlətlərindən gələn Xəzərdən keçən dəhliz. Onlar bütün bunlardan yan keçir, tamam başqa bir marşrut yaradırlar”.

“Azərbaycanla nə dərdləri var, anlaya bilmirəm. Tarixdən bu yana CHP-li zehniyyətin azərbaycanlı qardaşlarımızla bir dərdi var. Boraltan körpüsü hadisələrini xatırlayın. Bunlar Azərbaycan Qarabağı azad etmək üçün mübarizə aparanda “təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” dedilər”, - Çavuşoğlu deyib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Binəli Yıldırım isə bildirib ki, Türk dünyasını Azərbaycansız düşünmək olmaz. “Kamal Kılıçdaroğlu çox çaşqındır, prioritetimizin Qərb olacağını dedi, bir gün sonra da dedi ki, bu, əsrin layihəsidir, böyük kəşf kimi. Nə Qərb, nə də Şərq türkün yoludur. Türk yoluna baxırıq, Azərbaycan yoxdur. Onun göstərdiyi isə əsrlər boyu mövcud olan marşrutdur”.

B.Yıldırım qeyd edib ki, Orta Dəhliz canlanıb: “Cənub dəhlizi İran vasitəsilə Çinə gedir, Ermənistanla sərhədlərimiz bağlı olduğundan Orta Dəhlizdə Gürcüstanla razılaşdıq, Tbilisidən Bakıya dəmir yolu xətti çəkdik, Orta Dəhlizi canlandırdıq. Türk dövlətlərini İpək yoluna daxil etdik, şimal yolu Qazaxıstandan keçərək cənuba aparır. Bunlar yeni deyil, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Çinə gedən marşrut Bakı-Tbilisi-Qars yoludur və fəal şəkildə istifadə olunur”“.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31