Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İran kimin “dostu”dur?

İran kimin “dostu”dur?

13.06.2023 [10:51]

Vahidinin ritorikası rejimin daxili iflasından xəbər verir

Azərbaycanda möhkəm dayaqlar üzərində bərqərar olan siyasi sabitlik, dini tolerantlıq mühiti bir sıra xarici dairələrin - ən əsası isə qonşu İranın zaman-zaman yuxusuna haram qatıb. 2020-ci ildə regionda yaratdığımız yeni siyasi reallıqlar 30 ilə yaxın “gizli” saxlanılmasına çalışılmış bir sıra məsələləri ortaya çıxardı - məlum oldu ki, İranın Azərbaycana münasibətdə tutduğu mövqe heç də onların iddia etdikləri kimi “din qardaşlığı” və ya dostluq kontekstində deyilmiş. Müharibədən az sonra əsl siması ortaya çıxan rəsmi Tehranın Ermənistanla “qardaş” münasibəti, hətta Ermənistanın “maraqlarının” Tehran üçün “qırmızı xətt” kimi dəyərləndirilməsi bunun bariz sübutuna çevrildi. Ümumiyyətlə, İranda baş verən son proseslər molla rejiminin apardığı siyasətin qeyri-səmimiliyini də ifşa etdi. Maraqlı cəhət orasındadır ki, hər zaman dini əlində “bayraq” edən İran Ermənistana münasibətdə bu amillə bağlı tamamilə sükuta qərq olur - “din təəssübkeşliyi” adı altında günahsız insanları edam edən, qatı radikal qərarlar verən, hüquq və azadlıqları tanımayan İran rejiminin Azərbaycan - Ermənistan məsələsindəki davranışları heç də bir “İslam dövləti”nə yaraşan davranışlar deyil. Məsələn, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarındakı məscidləri dağıdan, təhqir edən, həmin məscidlərdə donuz bəsləyən ermənilərə qarşı nümayiş etdirdiyi “qardaşlıq nümunəsi” İranın din pərdəsi altında gizləndiyindən xəbər verir.

Vahidinin “təhdidi”...

Bəzi hallarda isə İran Ermənistanın “himayədarı” qismində çıxış etməklə guya Azərbaycanı “qorxutduğunu” düşünür. Bu kimi yanlış mövqe molla rejiminin bəzi üzvlərinin ritorikasında daha açıq şəkildə ifadə olunur - onlar hansısa “identik üstünlüklərinə güvənib” guya regionda əsas “söz sahibi” olduqlarını iddia edirlər. Məsələn, İranın Daxili İşlər naziri Əhməd Vahidi kimi... Bu şəxs Azərbaycan Respublikası sərhədində ölkəmizə qarşı təhdid və istehzalar səsləndirib - “Azərbaycan Respublikasının İran hökumətindən yaxşı dostu olmayacaq. İslam Respublikası ilə düşmənçilik edən hər kəs uduzmuş olar”.

Bir “dövlət rəsmisi”nin bu qədər səbatsız və ucuz ritorikaya müracət etməsi ilk növbədə molla rejiminin daxili iflasından xəbər verir. Bütün “tərəzilərə” daşı öz ölçüsü ilə yığan İran rəsmisinin belə bir düşüncə sərgiləməsi isə Tehran hakimiyyətinin idarəçilik mexanizminin acınacaqlı vəziyyətini üzə çıxarır. İran öz qonşularına qarşı illərlə terror təhlükəsi yaşatdığı, “casus xidməti” formalaşdırdığı üçün səmimi qonşuluq və ya dövlətlərarası münasibət anlayışında kasaddır - Vahidinin fikirləri bunu bariz şəkildə isbatlayır...

Bakı yaxın qonşuluq və səmimi tərəfdaşlıq nümunəsidir...

Yeni dünya nizamının formalaşdığı hazırki zamanda dövlətlər üçün ən mühüm götərici regional sabitliyə, inkişafa və əməkdaşlığa verdiyi töhfələr sayılır. Bu mənada, qlobal dünyanın diqqət mərkəzində olan regionlardan biri də məhz Cənubi Qafqazdır. Azərbaycan isə bu qlobal prosesdə mühüm siyasəti ilə seçilir:

- Beynəlxalq əməkdaşlıq platformalarında uğurla təmsil olunur;

- Strateji tərəfdaş kimi qəbul edilir;

- Beynəlxalq hüquq müstəvisində demokratik inkişaf yoluna sadiqlik nümayiş etdirir;

 - Yaxın qonşuluq və səmimi tərəfdaşlıq siyasəti yürüdür;

- Regional və qlobal təhlükəsizliyin təmini üçün bütün gücünü səfərbər edir.

Azərbaycan bu uğurlu siyasəti nəticəsində qısa zaman kəsiyində olduqca mühüm nailiyyətlər əldə edib:

- Qərb dünyası ilə yüksək əməkdaşlıq əlaqələrinə malikdir - Aİ və digər qərbyönümlü platformalar müstəvisində milli maraqlar çərçivəsində mühüm münasibətlər formalaşdırıb;

- Paralel olaraq Şərq ölkələri ilə yaxın dostluq münasibətlərinə malikdir - Azərbaycan Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı kimi müsəlman dövlətləri birliyinin ən yaxın müttəfiqi sayılır.

Beləliklə, Azərbaycan əməkdaşlıq, tərəfdaşlıq və təhlükəsizlik seqmenti üzrə ən yüksək göstəricilərə malikdir. Azərbaycanın neçə illərdir uğurla Qoşulmama Hərəkatına liderlik etməsi, qlobal çağırışlara uğurla cavab verməsi, ən mühüm anlarda beynəlxalq aləm üçün vacib olan qərarların verilməsində mühüm rol oynaması faktlarla sübut olunub. Bu kimi faktlar isə Azərbaycanın qlobal miqyasda imicinin yüksəldiyini, ölkəmizin təhlükəsiz məkan kimi səciyyələndirildiyini göstərir. Azərbaycan Prezidentinin apardığı uğurlu və çoxvektorlu xarici siyasət kursu bu amilin reallaşmasında ən mühüm şərt kimi çıxış etməkdədir. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət əməkdaşlığa, qarşılıqlı milli maraqların qorunmasına, yüksək səviyyəli tərəfdaşlığa əsaslandığı üçün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərir. Bir sözlə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasi kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.

Tehran terrorun “özü”dür...

Bunun qarşılığında isə İran bu gün bütün dünyada  - həm Qərb, həm də Şərq regionunda yalnız təhlükə, təhdid və terrorla asossasiya olunur. İran

SEPAH-ın əli ilə yerləşdiyi bölgədə hansı terrora əl atmayıb? Onlarla xarici diplomata qarşı sui-qəsdlər təşkil edən İran açıq şəkildə xarici dövlətlərin daxili işlərinə də soxulub, təcavüz edib:

- SEPAH dünyanın bir sıra ölkələrində hərbi toqquşmalarda da iştirak edib;

-SEPAH Suriya vətəndaş müharibəsində tərəfə çevrilib;

- SEPAH İraqda hərbi qarşıdurmanın körüklənməsində “mühüm rol” oynayıb;

- SEPAH Yəməndə vətəndaş qarşıdurmasının yaranmasına milyardlarla pul xərcləyib;

- İran mütəmadi olaraq Səudiyyə Ərəbistanına qarşı hərbi iddialar səsləndirir.

İranın Qərb regionuna təhdidi haqda isə saatlarla danışmaq olar. Onların Qərb ölkələrində təşkil etdikləri terror aktlarının siyahısı çox uzundur.

İranın qonşularına münasibətində də fərqli bir hal müşahidə olunmur - 30 il ərzində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi Ermənistanın işğalı altında idi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama vermədi. Əksinə, bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da gücləndi. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır. Şanlı Azərbaycan Ordusuna qarşı min bir yalan ittihamı səsləndirən İran bununla öz mövqeyini ortaya qoymuş oldu - səslənən ittihamların məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlət tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur.

Azərbaycan regional inkişafda,  İran isə...

Bir sözlə, İranın özündən “dost” obrazı yaratmaq cəhdləri də özü kimi qeyri-səmimidir. Azərbaycan isə geniş bir coğrafiyada yeni əməkdaşlıq konfiqurasiyaları formalaşdırmaqda davam edir - regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə olunur. Başqa sözlə, müasir çağırışların əməkdaşlığı vacib şərt olaraq müəyyənləşdirdiyi zamanda yeni dövrün səlnaməsini yaradır. Azərbaycanın formalaşdırdığı dostluq və əməkdaşlıq platformaları həm də region üçün təhdid təhlükəsi yaradan qüvvələrin zərərsizləşdirilməsinə mühüm töhfələr verir. İranın, Ermənistanın timsalında regional təhlükəsizliyə nail olunmasına maneçilik törədən bəzi qüvvələr ölkəmizin bu kimi uğurlarından narahatdırlar - qonşuluq münasibətlərində “destruktiv ritorikaya” üstünlük verən İran yeni reallıqlarla “barışa bilmir”. Yeni dünya düzəni isə yalnız və yalnız yaxın əməkdaşlığa, bütün sahələr üzrə tərəfdaşlığa əsaslanır.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31