Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Niyə və niyə indi?

Niyə və niyə indi?

23.06.2023 [23:11]

Mübariz ABDULLAYEV

Gədəbəyin Söyüdlü kəndində iyunun 20-də baş vermiş hadisələr ictimaiyyətin müzakirəsinə səbəb olub. Xatırladaq ki, həmin gün Söyüdlünün bir qrup sakini kənd ərazisində süni gölün tikintisinə etiraz əlaməti olaraq aksiya keçirib. Aksiyanın dağıdılmasına polis qüvvələri cəlb olunub və bu zaman insident yaşanıb. Təqdim olunan foto və video materiallardan görünür ki, aksiyaya qoşulan sakinlər polisin qanuni çağırışlarına məhəl qoymayaraq vəzifə borcunu yerinə yetirən asayiş keşikçilərinə daş atıblar. Eyni zamanda, polis qüvvələrinin də bəzi məqamlarda etikadan kənar davrandıqları, yaşlı qadının üzünə gözyaşardıcı qaz sıx?ldığı müşahidə edilir. İnsidentlə bağlı 5 nəfər saxlanılıb. Hazırda kəndin ərazisində postlar qurulub. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, bu, ictimai təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Kəndə giriş-çıxış orada qeydiyyatda olan sakinlərdən başqa vətəndaşlar üçün məhdudlaşdırılıb.

Qeyd edək ki, KİV-də, sosial şəbəkələrdə Söyüdlüdə baş verənlərlə bağlı aktiv müzakirələr aparılır və müxtəlif baxış bucaqlarından dəyərləndirmələr edilir. Bizim sualımız isə başqadır: Söyüdlü hadisəsi niyə baş verdi və yaxud niyə indi baş verdi?

Qalib dövlət olmağın öz çətinlikləri

Son iki il yarımda biz müşahidə edirik ki, qalib dövlət kimi yaşamaq qürurverici olduğu qədər də məsuliyyətlidir və bunun da öz çətinlikləri var. 44 günlük müharibədə qazanılan böyük Zəfər son 200 illik tariximizdə əldə etdiyimiz ən böyük qələbədir və xalqımız bununla fəxr edir. Qələbəmiz cəmiyyətimizdə, dostlarımızda böyük sevinc, inam yaradıb. Bunlar yaxşıdır. Ancaq biz görürük ki, qonşu və uzaq coğrafiyalarda, elə ölkəmizin öz daxilində də haqq etdiyimiz Zəfərə bu Qələbənin özü qədər böyük qısqanclıqla, paxıllıqla yanaşan qüvvələr var. Ölkəmizin uğurlarını, yaratdığı yeni reallıqları sinirə bilməyən, bundan çatlayan, partlayan, yuxusu ərşə çəkilən məkrli qüvvələr öz mətbəxlərində regional güc mərkəzinə çevrilən Azərbaycanı dayandırmaq, permanent uğurlardan geri çəkməklə bağlı çirkin ssenarilər hazırlayırlar. Azərbaycanı iqtidar və cəmiyyət olaraq  toplum halda bir zəhmətkeş arı ailəsinə bənzədə bilərik. Daim çalışır, bəhrə verməyə can atır. Ortada Qələbə, dinamik iqtisadi inkişaf, dünyaya uğurlu inteqrasiya kimi bəhrələr də var. Ancaq yaxın və uzaq məkanlardan arı pətəyinə çubuq uzadırlar. Gəlin, xatırlayaq, təkcə son vaxtlarda dövriyyəyə dövlətimizin, xalqımızın ali məqsədlərinə qarşı yönələn nə qədər dezinformasiyalar buraxılıb: Xankəndi sakinlərinə Rusiya pasportu paylanılacaq. Qarabağda erməni əhalinin hüquqlarını təmin etmək üçün beynəlxalq mexanizmlər tətbiq olunacaq. Xankəndidə humanitar böhran yaşanır, ermənilər buradakı evlərini satmaq məcburiyyətində qalıblar və s. Bu qəbildən olan dezinformasiyaların yayılması bir növ psixoloji müharibə səciyyəsi daşıyır. Ssenari müəllifləri bununla həm Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirmək, həm də insanlarımızın qələbə sevincini əllərindən almaq, onlara psixoloji travmalar vurmaqdan, daim gərginlik içində saxlamaqdan ibarətdir. İgidlərimizin canı, qanı hesabına qazanılan Qələbəmizin bütövlüyünə, tamlığına məqsədli şəkildə şübhələr yaradılmasına, cəmiyyəti inamsızlığa sürükləməyə cəhdlər göstərilir.

Hesab edirik ki, Söyüdlü hadisələri üçün zaman da təsadüfən seçilməyib. Son vaxtlarda Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində mübət irəliləyişlər müşahidə edilməkdədir. Məğlub Ermənistanın əvvəlki radikal mövqeyindən geri çəkilməsi ilə bağlı müəyyən siqnallar gəlir. Bu ölkənin baş naziri Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıdığını bəyan edib. Sərhədlərin delimitasiya və demarkasiya olunması, kommunikasiyaların açılması ilə bağlı mövqelər uzlaşdırılır. Azərbaycan suveren hüququndan istifadə etməklə Həkəri çayı üzərində “Laçın” nəzarət-buraxılış məntəqəsi qurub. Bütövlükdə, sülhyaratma prosesi ilə bağlı müxtəlif formatlarda danışıqlar intensivləşib. Təbii ki, proseslərin belə müsbət məcrada inkişafı regionda maraqları olan ayrı-ayrı qüvvələri narahat edir. Söyüdlüdə baş verənlərin də həmin qüvvələrin sülhyaratma prosesindəki müsbət irəliləyişləri sıfırlamaq, geridönüş etmək planlarına daxil olduğu aydın şəkildə sezilir. Necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün deyil.

İnsanların saflığı üzərində qurulan çirkin oyunlar

Biz Söyüdlü hadisələrini də eyni mərkəz(lər)də cızılan ssenarinin tərkib hissəsi kimi dəyərləndiririk. Bəhs etdiyimiz mərkəzlər qulaqlarını şəkləyərək Azərbaycanda iqtisadi, sosial, milli, dini, mədəni zəminlərdə hansısa boşluqlar sorağını gözləyirlər. Bu dəfə ünvan kimi ucqar Gədəbəyin Söyüdlü kəndinin seçilməsi təsadüfi deyil. Söyüdlü bir dağ kəndidir. Azərbaycan cəmiyyətinin mental dəyərlərinə bələd olan hər kəs dağlıq regionlarda yaşayanların saf qəlbli insanlar olduqlarını təsdiqləyər. Bu insanlar məkrdən, hiylədən uzaqdırlar, zəhmətləri ilə həyatlarını qururlar. Bəli, Söyüdlüdə də problemlər yox deyil. Bədxahlar bu dəfə dağ kəndində problemlərin olmasından və insanların saflığından fürsət kimi istifadə etməyə qərar veriblər. Təqdim olunan foto və videolardakı görüntülər aksiyaya əvvəlcədən mütəşəkkil halda hazırlaşıldığı və idarə edildiyi qənaəti formalaşdırır. Dağ kəndinin insanlarının gündəlik məşğuliyyəti var. Onlarda işin-gücün indiki qızğın çağında, necə deyərlər, ütülü plakatlar hazırlamağa vaxtları haradandır? Aksiya zamanı isə belə plakatlar kifayət qədər çox göründü. İstər-istəməz suallar yaranır və proseslərin hansısa qüvvələr tərəfindən əvvəlcədən planlaşdırılaraq idarə edildiyi qənaəti möhkəmlənir.

Səs yazısı yayılıb...

Yeri gəlmişkən, Söyüdlüdə baş verən aksiyanın ipucu da artıq tapılıb. Belə ki, etirazların əvvəlcədən təşkil edilməsi və təşkilatçılardan biri olduğu deyilən şəxsin səs yazısı sosial şəbəkələrdə yayılıb. Təqdim edilən səs yazısından aydın şəkildə anlamaq olur ki, dinc sakinlər üzərində manipulyasiyalar qurulub, onların planlı şəkildə təxribat törədilən əraziyə getmələrinə çağırışlar edilib.  Törədilmiş təxribatın əsas təşkilatçılarından birinin Afiq Allahverdiyev adlı şəxsin olduğu iddia edilir. Rusiyada yaşadığı deyilən bu şəxs təxribatı bir müddət əvvəl planlaşdırıb. Səs yazısından belə aydın olur ki, bu işdə ona müəyyən köməkliyi isə Etibar Cabbarov və Dadaş Şirinov adlı şəxslər göstəriblər. Kənd sakinləri 400 nəfərlik  “WhatsApp” qrupu vasitəsilə idarə ediliblər. Afiq Allahverdiyev həmin qrupa atdığı səslərdən birində deyir ki, sözügedən əraziyə təşkilatlanmış, hazırlıqlı vəziyyətdə çıxmaq lazımdır. O, həmçinin aksiyadan çəkilmiş görüntülərin sosial şəbəkələrdə geniş yayılmasını da təmin edib. Qarşıdurma zamanı da Afiq Allahverdiyev kənd sakinlərini aqressiv tərzdə istiqamətləndirərək onları icra hakimiyyətinin və digər qurumların nümayəndələrinə qarşı etiraz etməyə çağırıb.

Bəlli mərkəzlərdə hazırlanan ssenarinin xorunda “beşinci kolon” təmsilçilərinin - sapı özümüzdən olan baltaların da səsinin eşidilməsi acı təəssüf doğurur. Söyüdlü hadisələri fonunda Azərbaycandakı marginal radikal düşərgə təmsilçilərinin fəallaşmaları nəzərdən qaçmır. Özünü radikal düşərgənin əsas siması kimi təqdim edən AXCP sədri Əli Kərimlinin “fəallığını” xüsusi qeyd edə bilərik. O, dil ağıza qoymadan danışır, faktları, baş verənlərin mahiyyətini bütünlüklə təhrif etməkdən çəkinmir və hadisəyə siyasi məzmun verməyə uğursuz cəhdlər göstərir. Bütün bunlarla AXCP sədri iz azdırmaq məqsədi güdür. Aydın şəkildə görünür ki, o, etirazların genişlənməməsindən, əksinə, bu qədər tez səngiməsindən bərk məyusluq hissi keçirir. Biz əvvəllər də Əli Kərimlinin belə canfəşanlığının şahidi olmuşuq. Ancaq onun “qəhrəmana” çevrilmək arzusu hər dəfə gözündə qalır.

Problemlər araşdırılacaq və tədbirlər görüləcək

Azərbaycan hüquqi dövlətdir. Söyüdlüdə baş verənlər də müvafiq qaydada araşdırılaraq tədbirlər görüləcək.  DİN-də aksiya zamanı polis əməkdaşının kobud davranışı etiraf olunub və bildirilib ki, o, kənd sakininə qarşı ciddi qəbahətə yol verib. “Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək”, - deyə DİN-in əməkdaşı Elşad Hacıyev bildirib.

Eyni zamanda, Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi Komissiyaya Söyüdlüdə tullantıxana sahəsində monitorinqlər aparmaq və mövcud vəziyyəti qiymətləndirmək, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmaq, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Artıq Komissiya fəaliyyətə başlayıb. “Söyüdlü kəndində sakinlərlə görüşdük. Narazılıq yaradan bütün məsələlər yoxlanılacaq və aydınlıq gətiriləcək”. Bu fikirləri Muxtar Babayev Söyüdlüdə sakinlərlə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. Komissiya sədri vurğulayıb ki, artıq kənddə bu istiqamətdə monitorinq işlərinə başlanılıb və nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31