Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransanın Natali Luazosu...

Fransanın Natali Luazosu...

24.06.2023 [10:30]

Onun Laçın-Xankəndi yolunda nə işi var?

Nardar BAYRAMLI

Ermənistan və onun xarici havadarları Laçın yolu ilə bağlı beynəlxalq ictimaiyyətə yanlış məlumatlar verməkdə davam edirlər. Buna nümunə kimi Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri, fransız  Natali Luazonun Ermənistana səfəri çərçivəsində Laçın dəhlizi haqqında fikirlərini göstərmək olar. Belə ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter və Aİ-nın Ermənistandakı səfiri Andrea Viktorin  Natali Luazonun başçılıq etdiyi nümayəndə heyətini Zəngəzurun Qarakilsə şəhəri yaxınlığındakı hava limanında qarşılayıb. Onların məqsədi Aİ missiyasının müşahidəçiləri ilə birlikdə Laçın dəhlizi istiqamətindəki patrul missiyasını “ziyarət” etməkdir. Ermənistana səfəri zamanı keçirilən mətbuat konfransında Natali Luazo iddia edib ki, Laçın dəhlizinin “bağlanması” qanunsuzdur və buna son qoyulmalıdır.

Erməni lobbisinin fəal üzvü

Qeyd edək ki, Natali Luazonun erməni canfəşanlığı onun Fransanın Avropa Parlamentindəki təmsilçisi olması ilə bağlıdır. Avropa Parlamentində erməni lobbisinin əsas nümayəndələrindən biri Luazo əvvəllər Fransa Xarici İşlər Nazirliyində mühüm postlarda çalışıb. 2019-cu ildə bu postu tərk edən Luazo Avropa Parlamentinə üzv seçilib. Luazo Avropa Parlamentində Azərbaycanın əleyhinə kəskin bəyanatları və ermənilərin müdafiəçisi kimi etdiyi çıxışları ilə tanınıb. Bu dəfə də fransalı deputat yenidən ermənilərə dəstək vermək üçün Ermənistana gəlib. O, İrəvanda Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşlərdə Laçın-Xankəndi yolunun “bağlanması” ilə əlaqədar yaranmış vəziyyəti müzakirə edib. Erməni lobbisinin təmsilçisi olan Natali Luazonun təcili İrəvana səfəri də məhz bu məqsədə xidmət edir. Hətta Luazo vəziyyəti “yerində öyrənmək” üçün Laçın dəhlizinə səfər etmək iddiasına düşüb. Amma Natali Luazo Laçın-Xankəndi yolunda vəziyyəti öyrənmək üçün həmin bölgəyə yalnız Azərbaycan ərazisindən keçib gedə bilər. Bundan başqa, o, səfərinin məqsədilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə, Azərbaycan Dövlət Sərhəd Xidmətinə və digər rəsmi orqanlara müraciət etməlidir. O, bunu edəcəkmi? Yəqin ki, yox. Ona görə də, fransız Luazonun Laçın-Xankəndi yoluna daxil ola bilməsi mümkünsüzdür. Fransız xanım digər əcnəbilər kimi Azərbaycanın Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinə uzaq məsafədən baxmaqla kifayətlənəcək.

Bütün bunların fonunda Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağda humanitar vəziyyətin “pisləşməkdə” davam etdiyini iddia edib. Paşinyan əssassız olaraq deyib ki, “Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilməməsi və məhkəmənin qərarının icrasının təmin edilməsi beynəlxalq gündəm məsələsidir və problemə bu məntiqlə yanaşmaq lazımdır. Qeyd etmək lazımdır ki, bu qərarın yerinə yetirilməməsi və ona məhəl qoyulmaması humanitar böhrana gətirib çıxarıb”.

Səbəbkar bəllidir

Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq Nikol Paşinyanın Azərbaycanın Laçın yolunda guya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq “qeyri-qanuni blokada” tətbiq etməsinə dair cəfəng fikirlərini rədd edib: “Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinlərinin şəffaf və təhlükəsiz şəkildə hər iki istiqamətdə keçidi üçün müvafiq şərait yaradılmasına, məntəqə yaradılandan yüzlərlə erməni sakinin buradan keçməsinə baxmayaraq, məhz iyunun 15-də Ermənistan silahlı qüvvələrinin təxribatı Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib. Görünən odur ki, Ermənistan tərəfi 2020-ci ildən sonra Laçın yolu vasitəsilə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətdən məhrum olduğu, habelə erməni sakinlərin məntəqədən keçid zamanı Azərbaycan tərəfindən göstərilən müsbət yanaşmadan narahat olduğu üçün bu kimi təxribatlara əl atmaqdadır. Ərazidə “humanitar böhran” olduğu barədə Ermənistan tərəfindən aparılan propaqandanın heç bir əsası yoxdur”.

Ermənistan-Fransa cütlüyü məqsədinə çatmayacaq

Otuz ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə alan, bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, kütləvi qırğınlar törədən, onların torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə hərbi təxribatları ilə maneçilik törədən Ermənistanın Azərbaycanı “etnik təmizləmə” həyata keçirməkdə ittiham etməsi riyakarlıq nümunəsidir. Bu prosesdə Fransanın erməni tərəfinə dəstək verməsi isə yolverilməzdir. Məlumdur ki, Ermənistan-Fransa cütlüyü Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda “beynəlxalq mexanizm”in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin “hüquqları və təhlükəsizliyi” məsələlərini gündəmdə saxlamağa çalışır. Amma erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir. Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır.

Natali Luazonun timsalında Fransanın qeyd edilən məsələdən ənənəvi qərəzli siyasətinin bir elementi kimi manipulyasiya məqsədilə istifadəsi və sülh prosesinə maneçilik törətməsi qəbuledilməzdir. Fransa və onun bacısı olan Ermənistan tərəfindən səsləndirilən, Azərbaycanın suverenliyini hədəf alan fikirlər yolverilməzdir. Məlumdur ki, Fransa Ermənistanın vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Amma nəzərə almaq lazımdır ki, bu ölkənin regionla bağlı mövqeyi  sülh və əməkdaşlığa deyil, daha çox Türkiyə və Azərbaycana qarşı yönəlib. Fransanın Laçın yolu ilə bağlı yanaşması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlib. Bu isə bölgədə sülhün təmin olunmasına xidmət etmir.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31