Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan mövqeyində qətidir

Azərbaycan mövqeyində qətidir

25.06.2023 [10:35]

AŞPA-nın qərəzli qətnaməsi, Zaxarovanın “iddiası”...

Avropa Şurası Parlament Assambleyasında iyunun 22-də “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” haqqında debatların sonunda qətnamə qəbul edilib və 2020-ci ilin noyabr razılaşmasından sonra baş verən hadisələrdən “dərin narahatlıq” ifadə olunub. Avropa Şurasının saytında dərc olunmuş məlumatda iddia edilir ki, “hadisələr xüsusilə də 2022-ci ilin 12 dekabrında Laçın dəhlizi ilə keçid əngəlləndikdən sonra kulminasiya nöqtəsinə çatıb”. Qətnamədə Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın adamların Laçın dəhlizi ilə hər iki tərəfə əngəlsiz hərəkətinin təmin etməli olduğuna dair “qərar”ı xatırladılır və qərarın “təcili icrasına” çağırış edilir. AŞPA Azərbaycanı fakttoplama missiyası və vəziyyətin yerində öyrənilməsi məqsədilə Avropa Şurası nümayəndə heyətini Laçın dəhlizinə və Qarabağa dəvət etməyə də “çağırıb”. Sənəddə Qarabağda yaşayan ermənilərin guya humanitar böhran yaşadığı iddia olunub.

AŞPA müəyyən dairələrin əlində alətə çevrilib

Əslində, AŞPA-nın bu addımı Azərbaycana qarşı növbəti qərəzin göstəricisidir. Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra dəfələrlə ölkəmiz haqqında qeyri-obyektiv sənədlər qəbul olunub. Hətta Azərbaycan əraziləri 30 il işğal altında olduğu dövrdə belə insan haqlarını fəaliyyətinin ali prinsipi elan edən bu təşkilat Azərbaycanın 1 milyon qaçqın və köçkünün vəziyyəti ilə bağlı susurdu. Bunda Avropadakı erməni lobbisinin təsiri böyük idi. Azərbaycan öz torpaqlrını işğaldan azad, ərazi bütövlüyünü bərpa etdikdən sonra isə AŞPA-dakı ermənipərəst qüvvələr ölkəmizi “işğalçı tərəf” kimi təqdim etməyə çalışıb. Bütün bunlar qurumun daxilində bəşəri dəyərlərin pərdə arxasına saxlanıldığını və Avropa Şurasının müəyyən dairələrin əlində alətə çevrildiyini təsdiqləyir.

Maraqlıdır ki, 30 ildən çoxdur Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bütün kommunikasiyanı dağıdıb, Naxçıvanı blokadada saxladığı halda nə üçün AŞPA bu məsələyə münasibət bildirmədi? Amma təşkilat niyə Azərbaycanın öz ərazisində, Laçın yolunun bağlanğıcında - Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratmasını yolun bağlanması kimi təqdim edir? Halbuki, Ermənistan Laçın sərhəd nəzarət-buraxılış məntəqəsini atəşə tutana qədər Qarabağdakı erməni sakinlərimiz sərbəst şəkildə həmin yoldan istifadə edirdi. Qarabağdakı separatçı rejim dinc əhalinin bu yoldan gediş-gəlişinə mane olmağa çalışırdı ki, bundan ölkəmizə qarşı istifdaə etsinlər. Amma bu məqsədlərinə nail olmayanda Ermənistan tərəfi Laçın postunda məlum hərbi təxribatı törətdi və nəticədə bir hərbi qulluqçumuz yaralandı. Hazırda hadisə ilə bağlı istintaq tədbirləri aparıldığı üçün Laçın postunda gediş-gəliş məhdudlaşdırılıb. Amma nədənsə, AŞPA-da sözügedən məruzəni hazırlayanlar bu hadisəni görməzdən gəldilər. Səbəb aydındır: onlar erməni lobbisinə və erməni maraqlarına xidmət edirlər.  

Sülhü çətinləşdirirlər...

Məsələ ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bildirib ki,  “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” adlı məruzənin qərəzli və siyasi xarakter daşıdığı aydın görünür. Ölkəmizin AŞPA-dakı nümayəndə heyəti məruzədə olan yanlış və qeyri -obyektiv məlumatlara bənd-bənd etirazlarını bildirdilər. “İlk dəfədir ki, iki xalq sülhə çox yaxındır. İki dövlət sülh axtarır və əslində, onlar sülhə nail olmaq üçün çox işlər görüblər. Bu cür müzakirələrlə sülh o qədər asan olmayacaq”, - deyən  S.Seyidovun fikrincə, bu qətnamə regionumuz üçün faydalı deyil.

Məruzəçi Paul Qavanın qərəzli mövqeyinə toxunan S.Seyidov qeyd edib: “Məruzə siyasi məqamlarla başlayıb. Məruzədə “Dağlıq Qarabağ” terminindən istifadə edilib ki, bu da məhz siyasi amildir. Çünki “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Azərbaycanın Qarabağ bölgəsi var, ölkəmiz müstəqil dövlət kimi Avropa Şurasına məhz belə qəbul olunub. Bu termin ölkənin ərazi bütövlüyünü şübhə altına almaqdır”.

Rubinyanın saxta təbliğatı

Millət vəkli avropalı deputatların bəzilərinin elə ilk olaraq özlərinin dediklərini təkzib etdiklərini diqqətə çatdırıb. Avropalı parlamentarilərə müraciət edən S.Seyidov deyib: “Azərbaycana qarşı çoxlu ittihamlar eşitmisiniz. Heç Qarabağda aclıq çəkən uşaqların bircə şəklini görmüsünüzmü? Yox! Bu, mümkün deyil. Çünki belə saxta ittihamlar  Ruben Rubinyanın təbliğatıdır. Heç görmüsünüzmü ki, Qırmızı Xaç Komitəsinin nümayəndələrinin əraziyə girişinə maneə olunsun? Heç vaxt! Qarabağda və ya Azərbaycanın digər rayonlarında yaşayan ermənilərin danışıqlara qarşı çıxdıqlarını eşitmisinizmi? Yox! Azərbaycan ermənilərlə əlaqə saxlamaq üçün nümayəndə müəyyənləşdirib. Onlar bizim vətəndaşlarımızdır. Buradakı erməni nümayəndəsi Azərbaycanı ittiham etməklə, Avropa Şurasına şikayət etməklə, beynəlxalq təşkilatlara yalvarmaqla danışıqlardan qaçırlar. Bilirsiniz niyə? Cavab aydındır. Onlar sülhdən danışsalar da, amma sülhə nail olmaq istəmirlər. Sadəcə olaraq, burada məsələ ilə bağlı öz niyyətlərini nümayiş etdirmək istəyirlər”.

S.Seyidov diqqətə çatdırıb ki, məruzəçi Paul Qavan səmimi deyil: “O, 2021-ci ildə Azərbaycanda olanda Qarabağa getdi, Ağdam rayonunda oldu, Ermənistanın azərbaycanlılara qarşı etdiyi vəhşilikləri öz gözləri ilə gördü. Azərbaycana səfəri zamanı Gəncənin erməni raketləri ilə dağıdılmasını məruzəsində əks etdirməsi xahiş olundu”. Azərbaycan nümayəndə heyətinin rəhbəri üzünü müəllifə tutaraq bildirib: “Qəbul edin ki, Bərdə şəhəri müharibə zamanı ermənilər tərəfindən raket hücumuna məruz qalıb. Söz vermişdiniz ki, bunu məruzədə əks etdirəcəksiniz. Sonra dediniz ki, yox, bunu bacarmıram. Sonra bütün bu məlumatlarla məruzəçi oldunuz və Azərbaycanı belə təqdim etməyə çalışdınız. Bu ədalətli deyil. Biz sülh tərəfdarıyıq və bu cür ittihamlara baxmayaraq sülhə nail olacağıq”. O, məruzənin bəndlərində olan səhv və qərəzli siyasi məlumatlara etirazlarını əsaslandırdıqlarını, bəzi dəyişikliklərə nail olduqlarını bildirib.

Məruzəçilər gördüklərini deyil, tapşırılanları səsləndirirlər

Laçın dəhlizi ilə bağlı məruzənin müəllifi olan Paul Qavanın Ağdama, Gəncəyə səfərləri zamanı canlı şahidi olduğu erməni vəhşiliyinin sənədə daxil etməyi “bacarmaması” bir müddət öncə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Ağdama səfərini yada salır. Belə ki, həmməruzəçilər Ağdamda erməni vandalizmini öz gözləri ilə görsələr də, bu haqda heç bir açıqlama vermədilər. Əksinə, onlar səfərin yekunları barədə səsləndirdikləri bəyanatda Laçın dəhlizinin “açılmasına” çağırış etdilər. Bütün bunlar göstərir ki, AŞPA sanki eyni mərkəzdən idarə olunur. Bu səbəbdən də, qurumun məruzəçiləri gözləri ilə gördüklərini deyil, kənardan verilən tapşırıqları müvafiq sənədlərdə əks etdirirlər. Lakin unutmamalıdırlar ki, qərəzə, ədalətsizliyə əsaslanan hər hansı sənəd Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil.

Zaxarovanın “iddiası”...

Yeri gəlmişkən, AŞPA-nın bu qətnaməni qəbul etməsindən bir gün sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Azərbaycanı Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətini “tamamilə açmağa”  çağırıb. Onun iddiasına görə, “Azərbaycan tərəfindən Laçın dəhlizinə girişin bağlanması Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının müddəalarını pozur”. Zaxarova hesab edir ki, bu cür addımlar guya gərginliyin artmasına gətirib çıxarır, Rusiyanın yardımı ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi ətrafında normal atmosferin saxlanmasına kömək etmir. Amma nədənsə xanım Zaxarova da Ermənistanın təxribatlarından söz açmır, problemlərin yaranmasının əsas səbəbkarının rəsmi İrəvan olduğunu etiraf etmir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz mövqeyində haqlıdır və öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Dövlətimizin bütün addımları beynəlxalq hüquqa və qanunvericiliyə əsaslanır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31