Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beşinci görüş

Beşinci görüş

04.07.2023 [10:44]

Sülhə nail olmaq üçün beynəlxalq vasitəçilər Ermənistana ciddi təzyiqlər göstərməlidirlər

İyunun 27-29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb. Vaşinqtonda olarkən nazirlər ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib. Hər iki nazir Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər.

Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Antoni Blinkenlə görüşündə sülh sazişinin layihəsində əhatə olunmuş məsələlərlə bağlı Azərbaycanın mövqeyini və yanaşmalarını, Ermənistan tərəfindən sülh prosesinə maneçilik cəhdlərini, bir sıra təhrikçi addımları diqqətə çatdırıb. Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacibliyi bildirilib.

Azərbaycanın XİN rəhbərinin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşündə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə, eyni zamanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət haqqında qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsinin, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmamasının, hərbi-siyasi təxribatların davam etdirməsinin sülh səylərinə xələl gətirdiyini bildirib. Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycanın normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.

Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb. Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsusda səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Nazirlərlə keçirdiyi yekun görüşdən sonra ABŞ Dövlət katibi Blinken isə deyib ki, bölgədə sülhün əldə olunması istiqamətində daha da irəliləyiş var: “Bu ortaq məqsədə uyğun olaraq bəzi əlavə maddələrin razılaşmaya daxil edilməsi, eləcə də digər həll edilməmiş məsələlər üzrə mövqelərin dərinləşdirilməsi istiqamətində danışıqlar davam edir. Yekun razılığa gəlmək üçün danışıqlar davam edəcək. Qarşıdakı həftələr və aylar ərzində ümumi və yekun razılığa gəlinməsi nəzərdə tutulub”. Dövlət katibinin sözlərinə görə, Avropa İttifaqının ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir. “Razılığa nail olmaq nə qədər yaxın olsa, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır”, - deyə dövlət katibi vurğulayıb.

Qeyd edək ki, budəfəki görüş nəticəsində tərəflər arasında sülh sazişi ilə bağlı danışıqların beş  raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Lakin bu ilin 1-4 may tarxilərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşü keçirildi ki, bu da üçüncü raund oldu. Həm də bu görüş tərəflərin masaya qayıtmasının təsdiqi oldu. Bu görüşdə tərəflər bir sıra məslələr üzrə razılığa gəldilər. Ceyhun Bayramovla Ararat Mirzoyanın dördüncü görüşü isə mayın 19-da Moskvada baş tutdu.

Bütün bunlar onu göstərir ki, tərəflər vasitəçilərin iştirakı ilə sülh sazişinin üzərində intensiv şəkildə işləyirlər. Prosesdə ABŞ-ın vasitəçiliyi isə daha çox diqqəti çəlb edir. Təsadüfi deyil ki, sülh sazişi üzrə XİN başçılarının dörd görüşündən üçü məhz ABŞ-da keçirilib. Ümumiyyətlə, ABŞ dəfələrlə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu və bu prosesə töhfə verməyə hazır olduğunu bəyan edib. Son dövrlər isə Birləşmiş Ştatlar bu istiqamətdə diplomatik fəallığını xeyli artırıb.

Lakin bütün vacib danışıqlar zamanı erməni tərəfi təxribatlar törədir.   İyunun 28-də - ABŞ-da sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda Rusiya sülhməramlılarının məsuliyyət zonasında mövcud olan qanunsuz erməni silahlı dəstələrinin ordumuzun Ağdam istiqamətindəki mövqelərini atəşə tutdu. Ordumuz qarşı tərəfin layiqli cavabını verdi. “Qisas-2” əməliyatı nəticəsində dörd erməni silahlısı öldürüldü. Amma belə faktlar erməni tərəfinin sülh prosesini pozmağa cəhd etdiyini bir daha göstərir. Ona görə  də, ABŞ və digər beynəlxalq vasitəçilər Ermənistana sülhə gəlmək üçün ciddi təzyiqlər göstərməlidir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31