Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tovuz döyüşləri...

Tovuz döyüşləri...

12.07.2023 [10:08]

Müxalifətin tezisləri ermənilərdən gəlirdi

Mübariz ABDULLAYEV

Bu gün 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin başlamasından üç il ötür. Müzəffər Ordumuzun 44 günlük müharibədə qazandığı böyük Qələbəyədək keçdiyi yol bir neçə uğurlu döyüş əməliyyatlarından keçib. 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından sonra  2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşləri bu yolda çox mühüm bir mərhələni təşkil edir.

Cəmiyyətin həmrəyliyi və müxalifətin isterikası

Sadalanan uğurlu əməliyyatlarda Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığı və əzm nümayiş etdirməsi, qazandığı qələbələr düşmənin “yenilməz ordu” mifini tarixin zibilliyinə atdı. Əvvəlki uğurlu əməliyyatlar zamanı olduğu kimi, Tovuz döyüşləri zamanı da biz qarşımızda pis təchiz olunmuş və şəxsi heyətin döyüş ruhu aşağı düşmüş hərbi birləşmələr gördük. Azərbaycan Ordusuna gəldikdə isə əsgər və zabitlərimizə Vətən yanğısı, işğal altındakı torpaqları geri qaytarmaq təşnəsi hakim kəsilmişdi. Onlar hər an Ali Baş Komandanın “İrəli!” əmrinə hazır idilər. Döyüşlərdə general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər igidlərimizin  qəhrəmanlığı, şücaəti Azərbaycan hərbiçilərinin Vətənə, Ali Baş Komandana sadiqliyini və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu bir daha göstərdi ki, düşmənin istənilən təxribatlarının qarşısını almağa və torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir.

Eyni zamanda, Tovuz döyüşlərinin getdiyi günlərdə düşmənə mərdliklə müqavimət göstərən ordu ilə cəmiyyətimizin sıx həmrəyliyini müşahidə etdik. Qürur hissi ilə xatırlayırıq: İyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərdi. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.

Bütövlükdə, Tovuz döyüşləri Azərbaycan cəmiyyətinin monolitliyini, nə ilə nəfəs aldığını, düşüncələrdə hansı amalları daşıdığını ortaya qoydu. Göstərdi ki, bizim üçün milli maraqlar, ərazi bütövlüyümüz keçilməz qırmızı xəttdir.

Ancaq həmin günlərdə özünü müxalifət adlandıran kiçik bir kəsim, sözün əsl mənasında, isterika yaşayırdı. Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Tofiq Yaqublu kimilərinin yer aldığı həmin düşərgənin təmsilçiləri Azərbaycan Ordusunun və cəmiyyətinin ovqatına, əzminə daban-dabana ziddiyyət təşkil edən açıqlamalar verirdilər. Elə təəssürat yaranırdı ki, bu cızmaqaraların tezisləri ermənilərdən gəlib. Buna deyərlər, ermənilərdən artıq ermənilik etmək. Beləliklə, marginal müxalifət kəsiminin dövriyyəyə buraxdığı üç “tezisə” diqqət yetirək.

Əli Kərimli, Sevinc Osmanqızı: “Azərbaycan ordusu bir qarış torpaq azad etmədən şəhid   verib”...

Bu “tezis” okeanın o tayında oturub internet kanalında Azərbaycanın ünvanına hədyanlar yağdıran Sevinc Osmanqızı ilə daim onun efirində yer alan AXCP sədri Əli Kərimlinin müştərək müəllifliyi ilə dövriyyəyə buraxıldı. Bəli, Tovuz döyüşləri 12 hərçimizin, o cümlədən də general Polad Həşimovun həyatını aldı. Şəhidlər verməyimiz kədər yerimiz olduğu kimi, həm də qürur yerimiz idi. Azərbaycan gənclərinin hansı biri istəməzdi ki, şəhidlik məqamına çatsın, əbədiyyətə belə şərəflə qovuşsun? Əli Kərimli və Sevinc Osmanqızının məntiqinin isə (Oxu: məntiqsizliyinin) heç bir əsası yoxdur.

İstehza ilə “Azərbaycan ordusu bir qarış torpaq azad etmədən şəhid verib” demək əslində, şəhidlərimizin ruhuna hörmətsizlikdir. Tovuz döyüşlərində hərbçilərimiz öz əcəli ilə, elə belə, hansısa bir təsadüf nəticəsində həyatlarını itirməmişdilər. Bəhs olunan döyüşlərdə Ordumuz irəliləmədi, ərazilər ələ keçirmədi. Qarşıya belə bir məqsəd, vəzifə də qoyulmamışdı. Tovuz döyüşləri onunla əlamətdar və  əhəmiyyətlidir ki, igid hərbçilərimiz “yeni ərazilər uğrunda yeni müharibə” iddiasndan çıxış edən düşmənin qarşısını kəsmişdilər. Əli Kərimli unutqanlıq edə bilər, ancaq biz yaxşı xatırlayırıq ki, ermənilər torpaqlarımızın böyük hissəsini məhz onun da təmsil olunduğu iqtidarın ölkəyə rəhbərlik etdiyi dövrdə öz nəzarətləri altına almışdılar. Düşmən Tovuz təxribatına məhz yeni ərazilər tutmaq istəyi ilə əl atmışdı. Hərbçilərimiz onların bu istəyini gözlərində qoydular. Düşmən dayandırıldı! İgid hərbçilərimizin həyatı bahasına olsa da! Ağır döyüşlərdə ərazi itkisinə yol verilməməsi də bir qəhrəmanlıq dastanıdır.

Əli Kərimli: “Azərbaycan Müdafiə Nazirliyindən ermənilərin verdiyi itkilərlə bağlı deyilən   rəqəmlər şişirtmədir, həqiqətə uyğun deyil...”

AXCP sədri Əli Kərimlinin Tovuz döyüşləri ilə bağlı zamanında dövriyyəyə buraxdığı növbəti “tezis” belədir: “Azərbaycan Müdafiə Nazirliyindən ermənilərin verdiyi itkilərlə bağlı deyilən   rəqəmlər şişirtmədir, həqiqətə uyğun deyil...”

Tovuz döyüşlərində düşmən böyük itkilərə məruz qalıb. Qarşı tərəfin canlı itkilərinin təxminən 100 hərbçi olduğu bildirlib. Daxili auditoriya yeni torpaqlar ələ keçirmədən bu qədər itki verilməsinin hesabını soruşurdu Ermənistan iqtidarından. Əgər Ermənistan cəmiyyətinin öyrəşdiyi qələbə olmayacaqdısa, onda Tovuz istiqamətində hücuma niyə cəhd göstərilib? Təbii ki, Ermənistan iqtidarı, bu ölkənin müdafiə nazirliyi belə suallara cavab tapa bilmirdi və bir növ çıxılmaz durumda qalmışdı. Bu yerdə Əli Kərimli Ermənistan Müdafiə Nazirliyinin, necə deyərlər, imdadına catdı. Ermənistan iqtidarı məhz azərbaycanlı “mənbədən” gələn açıqlamanı əsas tutaraq Azərbaycan Müdafiə Nazirliyinin qarşı tərəfin böyük itkilər verməsi barədə xəbərlərini təkzib etməyə başladı. Beləliklə də, azərbaycanlı soyadı daşıyan Əli Kərimli Ermənistan Silahlı Qüvvələrinin mafiopz rəhbərliyinin xilaskarına çevrildi.

Gültəkin Hacıbəyli: “Azərbaycan ordusunun silahları köhnədir, mərmilər hücum əməliyyatlarına yaramır...”

Tovuz döyüşləri ərəfəsində radikal müxalifət düşərgəsindən erməni dəyirmanına su tökən simalardan biri də Gültəkin Hacıbəyli oldu. O, Tovuz döyüşləri ərəfəsində “Azərbaycan ordusunun silahları köhnədir, mərmilər hücum  əməliyyatlarına yaramır...” açıqlamasını səsləndirdi. Ermənistan iqtidarı üçün Azərbaycan “mənbəsindən” belə bir iddianın səsləndirilməsi, bəlkə də, hava, su kimi zəruri idi. Bu açıqlama ilə Gültəkin Hacıbəyli Ermənistan hakimiyyətinin əlinə oynadı. Bundan sonra Ermənistanın siyasi hakimiyyəti daxili auditoriya qarşısında “qüdrətli, üstün ordu” quruculuğu ilə qürrələnə bilərdi. Erməni “tezisi”nin alt qatındakı məkrli niyyət həm də Azərbaycan cəmiyyətində orduya inamı sarsıtmaq, Silahlı Qüvvələrin şəxsi heyətinin özünəinam hissini zəiflətmək idi. Alınmadı. Ordumuz və cəmiyyətimiz sarsılmadı, əksinə, düşmən hücumunun qarşısını mərdliklə alaraq Ermənistana böyük məyusluq, məğlubiyyət acısı yaşatdı.

Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31